Azərbaycan Milli
Olimpiya Komitəsinin üç
üzvü AOK-un
müxtəlif komissiyalarının üzvü
seçilib
Avropa Olimpiya Komitələrinin (AOK) Slovakiyanın Şamorin şəhərində keçirilən 41-ci seminarında bir sıra mühüm məsələlər müzakirə edilib.
Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildiriblər ki, MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimovun iştirak etdiyi seminarda AOK-un icraiyyə komitəsinin iclası da keçirilib. Belə ki, icraiyyə komitəsi növbəti dövr üçün doqquz komissiya və iki işçi qrupun yeni tərkibini təsdiqləyib. Qərara əsasən, Azərbaycan Milli Olimpiya Komitəsinin üç əməkdaşı – Azər Əliyev Avropa Gənclər Yay Olimpiya Festivalının, Mehman Kərimov marketinq, Anar Bağırov isə Avropa İttifaqı və Beynəlxalq Əlaqələr komissiyalarının yeni üzvləri olaraq təsdiq ediliblər. MOK-un üç üzvünün AOK-un müxtəlif komissiyalarına üzv seçilməsi qurumun son 29 illik tarixində bir ilkdir.
Seminar müddətində qitə ölkələrinin MOK-ları Tokio Yay Olimpiya Oyunlarının yekunları haqqında təqdimatı dinləyib, “Pekin-2022” Qış Olimpiya Oyunları, “Vuokatti-2022” Avropa Gənclər Olimpiya Festivalı, “Banska Bıstrısa-2022” Avropa Gənclər Yay Olimpiya Festivalı və “Krakov-2023” Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olaraq bir sıra vacib məsələlərə dair qeyd və təkliflərini veriblər.
Seminarda müzakirə olan mühüm sənədlərdən biri də AOK-un 2030-cu il üçün hazırladığı Strateji Gündəliyi olub. Bununla yanaşı, MOK-lar Avropa İttifaqının qrant proqramlarına müraciət, marketinq və sosial media texnikası, bu sahədə strateji planlaşdırma və uyğun mövzular üzrə maraqlı təqdimatlarla tanış olublar.
Seminarın ənənəvi tədbirlərindən
biri 2021-ci il üçün qitənin ən güclü yay idmanı
üzrə atletinin müəyyən edilməsi
olub. Beləliklə, beş
finalçı arasından rumıniyalı David
Popovici “Avropanın ən güclü
gənc atleti” seçilərək 10-cu “Pyotr Nurovski”
mükafatına layiq görülüb.
Azərbaycan.-2021.- 28 noyabr.- S.8.