Milli Məclisdə büdcə zərfindəki qanun layihələrinin ikinci oxunuşda müzakirəsi başa çatdı

 

Milli Məclisin iclasında

      

Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə büdcə zərfini ikinci oxunuşda müzakirə edən parlamentin plenar iclası hökumət üzvlərinin iştirakı ilə işini davam etdirib.

İclasda müzakirə edilən qanun layihələrinə ikinci oxunuşun prosedur qaydalarına uyğun surətdə baxılıb. Məsələlər barədə təqdimatlar dinlənildikdən sonra həmin qanun layihələrinin müzakirə olunduğu  digər komitələrin də rəyi öyrənilib.

Gündəlikdəki 4-cü məsələ – “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata qaldırılması nəzərdə tutulur.

Müzakirə zamanı deputat Etibar Əliyev qanun layihəsinə dair rəyini və təkliflərini diqqətə çatdırıb. İclasda “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi səsə qoyulubikinci oxunuşda  qəbul edilib.

Milli Məclisdə “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini (ikinci oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Bildirib ki, 2022-ci ildə ehtiyac meyarı 200 manat məbləğində müəyyən olunub. Bu, cari ildəkinə nisbətən 30 manatya 17,6 faiz artım deməkdir.

Təqdimatdan sonra ehtiyac meyarının həddi haqqında qanun layihəsi ikinci oxunuşda dəstəklənib.

Plenar iclasda büdcə zərfindəki növbəti qanun layihəsini şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik (ikinci oxunuş) vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi daşıyır. Məlumat verib ki, bu qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflər müvafiq qurumlarla birlikdə baxılıb, təkliflərin əksəriyyəti müvafiq qaydada nəzərə alınıb və hazırkı layihədə öz əksini tapıb.

Komitə sədri həmin dəyişikliklər barədə parlamentə ətraflı məlumat verdikdən sonra müzakirələr başlanıb. Deputatlar Eldar QuliyevinSiyavuş Novruzovun fikirləri dinlənilib. Məsələ səsə qoyulub və “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda  qəbul edilib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş)  qanun layihəsini təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyin növbəti 10 məsələsi Vergi Məcəlləsində edilən dəyişikliyə uyğunlaşdırma xarakteri daşıyır, İnzibati Xətalar Məcəlləsində isə həmin dəyişiklikdən irəli gələn inzibati məsuliyyət nəzərdə tutulur.

Deputatlar İnzibati Xətalar Məcəlləsindəki bu dəyişikliyə ikinci oxunuşda  müsbət münasibət bildiriblər.

İclasdaYerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsi barədə komitə sədri Tahir Mirkişilinin məlumatı dinlənilib. Müzakirələrdə deputatlar Razi Nurullayev, Siyavuş Novruzov, Kamran Bayramov, Fazil Mustafa və Hikmət Məmmədov rəy və təkliflərini bildiriblər.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxışlarda səslənən bəzi təkliflərlə əlaqədar arayış verib. Qanun layihəsi ikinci oxunuşda  qəbul edilib.

Sonra gündəlikdəki növbəti məsələni təqdim edən birinci vitse-spiker, komitə sədri Əli Hüseynli nəzərə çatdırıb ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə vəkillik fəaliyyəti üzrə vergitutma məsələsini dəqiqləşdirir. Birinci oxunuş zamanı deputatlar da bu sənədi pozitiv layihə kimi dəyərləndiriblər.

İclasda deputat Bəhruz Məhərrəmovun layihəyə dair təklifləri dinlənilib. Parlament bu qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. 

Milli Məclisdə “Sosial sığorta haqqında”,  İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə komitə sədrləri Musa Quliyev, Əli HüseynliTahir Mirkişilinin təqdimatları  dinlənilib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verən komitə sədri Tahir Mirkişili bildirib ki, dəyişiklik qanunun 3.4-cü maddəsinə 5 yeni maddənin əlavə olunması ilə əlaqədardır. Birinci oxunuş zamanı deputat Qüdrət Həsənquliyevin həmin maddələrə dair iradları nəzərə alınıb və qanuna yeni redaksiya verilib. Deputatlara təqdim olunmuş yeni layihədə həmin məsələ öz əksini tapıb.

Parlament səsvermə zamanı bu qanunu da ikinci oxunuşda dəstəkləyib.

İclasda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsinə dair layihənin təqdimatından sonra deputat Sabir Rüstəmxanlının fikirləri dinlənilib. Səsvermə zamanı qanun layihəsi ikinci oxunuşda razılıqla qarşılanıb.

Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini təqdim edib.

Layihə ikinci oxunuşda qəbul olunub.

Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni şərh edən birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu və gündəlikdəki növbəti 5 qanun layihəsi sığorta məsələlərinə həsr olunub. Qanun layihələri faktiki olaraq deputatların, hərbçilərin, hakimlərin, hüquq-mühafizə orqanları işçilərinin, diplomatların dövlət icbari şəxsi sığorta məsələlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentdə ikinci oxunuşda qəbul olunub.

İclasda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda edilən dəyişiklikdən danışan Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, əsas məqsəd hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsidir.

Təqdimatdan sonra layihə ikinci oxunuşda qəbul edilib.

Deputatlar “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda, həmçinin  “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinə də ikinci oxunuşda müsbət münasibət bildiriblər.

Plenar iclasda “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”  qanunda dəyişiklik edilməsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib.

Müzakirədə qanun layihəsinə münasibət bildirən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov diplomatların icbari şəxsi sığortasının vacibliyindən danışıb, 44 günlük Vətən müharibəsindən sonra onların öhdəsinə çox böyük vəzifələr düşdüyünü qeyd edib, xarici ölkələrdə Azərbaycanın milli maraqlarının qorunması sahəsində operativ fəallıq göstərmələrinin, Milli Məclisin deputatları ilə sıx əməkdaşlıq etmələrinin zərurətini vurğulayıb.

Çıxışa münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, hazırda Milli Məclis ilə Xarici İşlər Nazirliyi arasında mütəmadi əlaqələr var və sıx əməkdaşlıq şəraitində ciddi aparılır.

Fikir mübadiləsinin yekununda sözü gedən qanun layihəsi  ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında” məsələlər barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib. Həmin qanun layihələri növbəti iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə səsə qoyulacaq.

Bununla da Milli Məclis gündəlikdəki qanun layihələrinin ikinci oxunuşda müzakirəsini başa çatdırıb.

 

Rəşad  CƏFƏRLİ

 

Aydan XƏLİLOVA

 

Azərbaycan.- 2021.-25 noyabr.- S.1-2.