Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla bağlı əsassız məlumatlar yayan şəxslər barəsində araşdırmalar başlanıb

 

Azərbaycan Respublikası Baş Prokurorluğunda Ermənistanın noyabrın 15-də və 16-da Kəlbəcər və Laçın rayonları ilə sərhədboyu ərazilərdə törətdiyi silahlı təxribatla əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, 4 nəfər – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman SüleymanovNadir Vəliyev həmin hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən, süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar paylaşıb.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Aqil Ələkbərov, Mehman SüleymanovNadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu bildirir ki, bu istiqamətdə işlər davam etdirilir. Süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.

 

Azərbaycan.- 2021.-25 noyabr.- S.4.