Fransa sülh prosesinə maneçilik
törətməyə çalışır
Bu ölkənin siyasi dairələri
Azərbaycanın ədalət yolu ilə
həll etdiyi keçmiş
problemi süni yolla canlandırmağa uğursuz
cəhdlər göstərirlər
Vətən müharibəsi günlərində bitərəfliyi tamamilə kənara qoyaraq Ermənistanın müdafiəsinə qalxan Fransanın siyasi dairələri sülh prosesinə zidd hərəkətlərini davam etdirməkdədirlər.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçıların bir neçə gün öncə Fransa senatında bəzi rəsmilər səviyyəsində “rəsmi qonaq - nazir və parlament spikeri” kimi qəbul edilməsi bir daha göstərir ki, bu ölkənin siyasi dairələri Azərbaycanın ədalət yolu il həll etdiyi keçmiş problemi süni yolla canlandırmağa uğursuz cəhdlər göstərirlər.
Heç bir siyasi
qüvvə və təzyiq Azərbaycanı yolundan
döndərə bilməz
ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral qalmalı olduğu halda Vətən müharibəsinin ilk günündən Fransa bütün siyasi etiketləri kənara qoyaraq Ermənistanın müdafiəsinə qalxmışdı. Prezident Makron erməni sevgisindən irəli gələn bəyanatları ilə öncə onu təsdiq etdi ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların baş tutmamasının səbəbkarı elə Fransanın özüdür. Fransanın dövlət başçısı öz açıqlamaları, telefon zəngləri, digər ölkələrin rəhbərləri ilə apardığı danışıqları ilə Azərbaycana qarşı təzyiq yolunu tutdu. Lakin Prezident İlham Əliyev həmin günlərdə bir daha sübut etdi ki, heç bir siyasi qüvvə və təzyiq Azərbaycanı yolundan döndərə və torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını ala bilməz.
Hətta o zaman Fransa prezidenti Azərbaycanı Qarabağı fəth etməkdə ittiham etmişdi. 2020-ci il oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bu ittihamı cavablandıraraq demişdi: “...Ondan sonra bir açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”.
Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerləyeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizim yarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görmürlərmi bunu? Ona görə “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik”.
Azərbaycana qarşı təzyiqlərin mümkünsüz olduğunu görən Fransa ötən ilin oktyabr ayında təşəbbüslə çıxış edərək BMT Təhlükəsizlik Şurasının prezidenti adından Dağlıq Qarabağda başlanmış müharibə ilə bağlı Ermənistanın maraqlarına cavab verən qətnamənin qəbuluna da cəhd etmişdi. Hansı ki, bu qətnamədə BMT-nin 1993-cü ildə qəbul etdiyi, Fransanın özünün də lehinə səs verdiyi 4 qətnaməyə, ümumiyyətlə, istinad edilmirdi. Ona görə Prezident İlham Əliyevin sədri olduğu Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən həmin qərəzli qətnamənin qəbulunun qarşısı alındı və Fransa layihəni geri götürməli oldu. Həm Makronun, həm də digər fransız siyasi dairələrin niyyətləri baş tutmadı və Azərbaycan işğal altındakı torpaqlarını azad edərək, Ermənistanın kapitulyasiyasına nail oldu.
Fransa məqsədli şəkildə yeni
reallıqları düzgün qiymətləndirmək
istəmir
Ötən il noyabrın 25-də Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu isə bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübutu oldu. Bütün bunlar bir daha təsdiq etdi ki, əslində, ATƏT-in Minsk qrupunun danışıqlar prosesində heç bir müsbət nəticə əldə edə bilməməsinin səbəbi məhz Fransanın tutduğu ədalətsiz mövqe, Ermənistanın işğal siyasətini dəstəkləməsi olub.
Vətən müharibəsindəki qələbə ilə Azərbaycan regionda yeni reallıqlar yaradıb. Əsas reallıqlar torpaqlarımızın işğaldan azad edilməsi, Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması cəhdlərinin qarşısının birdəfəlik alınmasıdır. Bu müharibənin digər reallıqları Azərbaycanın erməni vəhşiliyini dünyaya çatdırması, işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa edilərək yenidən qurulması, kommunikasiyaların açılmasıdır.
Bu proseslərdə
Fransa iştirak etmir. Çünki erməni
sevgisini gizlətməyən
bir dövlət vaxtilə Qarabağ münaqişəsinin ədalətli
həllinə razı
ola bilmədiyi kimi, yeni reallıqlara
da xoşməramlı
dəstək verə bilməz. Ona görə bu
ölkənin siyasi dairələri zaman-zaman Azərbaycanla Ermənistan
arasında yarana biləcək sülhün
qarşısını almaq,
əngəlləmək üçün
proseslərə zidd fəaliyyətlə məşğul
olublar. İstər Ermənistan hakimiyyəti
ilə təmaslar zamanı, istər Rusiya sülməramlılarının
nəzarəti altında
olan Azərbaycan ərazilərinə səfərlərlə
sülhün qarşısını
almağa çalışıblar.
Azərbaycan ərazilərindəki separatçı
rejimin Fransa senatında rəsmilər
səviyyəsində qəbul
edilməsi göstərdi
ki, bu ölkə
qətiyyən yeni reallıqları düzgün
qiymətləndirmək istəmir. Bu, həm də Fransa siyasi dairələrinin
qərəzli olduğunu,
regionda sülhün əldə olunmasına qarşı çıxdığını
təsdiq edir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2021.-25 noyabr.- S.1; 7.