“QARABAĞ” yeni qələbəyə
doğru
Bu gün milyonların qəlbi Ağdam komandası ilə döyünəcək
UEFA Konfrans Liqası
H qrupu, 5-ci tur
21:45 “Qarabağ”
(Azərbaycan) -
“Omoniya” (Kipr)
Baş hakim: Morten
Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika Stadionu.
Bu gün diqqətlər yenə Tofiq Bəhramov adına Respublika
Stadionuna yönələcək.
UEFA Konfrans Liqasında
“H” qrupunun hazırkı
lideri Ağdamın “Qarabağ” klubu evdə Kipr təmsilçisi “Omoniya”nı qəbul edəcək. Tribunalarda anşlaq olacaq,
ekran qarşısında
milyonların qəlbi
“Qarabağ”la döyünəcək.
Bugünkü tarix həm də onunla əlamətdardır
ki, 2020-ci ilin 25 noyabrında Azərbaycan Ordusu bir güllə
belə atmadan, itki vermədən Ermənistanı kapitulyasiyaya
məcbur etməklə
Kəlbəcəri işğaldan
azad edib. Bu da Qurban Qurbanovun komandasının
Zəfərə daha bir zəfər əlavə etməsi üçün motivasiya yarada bilər.
Pley-off mərhələsinə
vəsiqəni vaxtından
əvvəl təmin edən komandamız “Omoniya” ilə matçda avrokubokların
əsas mərhələsində
10-cu qələbəsini qazanmaq
şansına malikdir.
Belə ki, təmsilçimiz indiyədək qrup mərhələlərində 9 dəfə qalib gəlib. Ağdamlılar qitəmiqyaslı turnirlərdə təsnifat
mərhələləri nəzərə
alınmadan qələbə
qazanan yeganə Azərbaycan klubudur.
“Qarabağ” UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə
8-ci dəfə qrupda mübarizə aparır. Əvvəlki 46 görüşdə təmsilçimiz 9 dəfə
üç xala sevinib. Bu görüşdəki
məhsuldarlıq da uğurlar vəd edir. “Qarabağ”
2 qol vursa, qrup mərhələlərində
40-cı dəfə fərqlənəcək.
Böyükhesablı qələbəyə
nail olacağı halda
isə ümumi qol sayında 150-yə çatacaq. Hazırda ağdamlıların hesabında 38-i qrupda olmaqla 146 avrokubok qolu var.
Çox güman ki, 4-3-3 oyun formatı ilə meydançaya çıxacağı gözlənilən
Ağdam klubu müdafiənin arxasına
atılan toplarda və standart vəziyyətlərdə daha
çox diqqətli olmalıdır. Qrupda “Omoniya” ilə
səfərdə keçirilən
matçda birinci hissənin yarıdan çoxunu təzyiq altında olan meydan sahibləri arabir əks-hücumlara atılsa da, futbolçularımız onlara
təhlükəli epizod
yaratmağa imkan vermirdi və üstünlük “Qarabağ”da
qalırdı. Bu oyun planını doğma meydan amilini də nəzərə alaraq ilk yarım saat ərzində tətbiq edərək daha erkən qol vurmaq lazımdır ki, qarşılaşmaya nəzarəti tam ələ
almaq imkanı yaransın. Bunun öhdəsindən gəlmək üçün
isə mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı,
ötürmələrdə daha sürətli olmaq lazımdır.
Əvvəlki qarşılaşmalardan gördüklərimizi
təhlil edərək
belə qənaətə
gəlmək olar ki, qonaqlar topu
Ağdam təmsilçisinə
verərək daha çox qaçmağa çalışacaqlar. “Qarabağ” isə müdafiə xəttini daha çox meydançanın mərkəzinə
çəkərək rəqibə
boş zona yaratmamağa çalışmalıdır.
Bu oyun planı
işə düşərsə,
komandamız rəqibə
qarşı üstünlük
əldə edə biləcək. Abdulla Zubirin
isə tez-tez cinahları dəyişməsi
“Omoniya”nın müdafiə xəttində
balansın pozulmasına
səbəb ola bilər.
Müdafiənin mərkəzində daha sayıq görünən
Kipr təmsilçisi
cinahlarda heç də uğurlu deyil. Çünki matçın müəyyən
hissələrində bəzən
sağ və ya sol cinah müdafiəçiləri
hücuma qoşularkən
itirilən toplardan sonra geriyə qayıtmaqda ciddi problem yaşayırlar. Belə
ki, hücumda çoxalarkən, müdafiə
olunmaqda say baxımından
geri qalan “Omoniya”nı komandamız səbirli, həyəcana yol vermədən məğlub
edib qrup liderliyini davam etdirərək daha bir zəfərə imza ata bilər.
Qrupun digər matçı isə Qazaxıstanda keçiriləcək. “Kayrat” İsveçrə
“Bazel”ini qəbul edəcək.
Vurduğun qol olsun, “Qarabağ”!
Elçin CƏFƏROV
Azərbaycan.- 2021.-25 noyabr.- S.1; 8.