Azərbaycan ötən il ərzində maksimum konstruktivlik nümayiş etdirib
Soçidə
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan arasında
üçtərəfli görüş keçirilib
Prezident
İlham Əliyevin Soçi şəhərinə
işgüzar səfəri
Noyabrın 26-da
Soçidə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir
Putin və Ermənistan Respublikasının baş naziri Nikol
Paşinyan arasında üçtərəfli
görüş keçirilib.
Görüşdə
çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:
-Hörmətli həmkarlar,
dostlar.
İlk növbədə,
sizə təşəkkür etmək istərdim ki, mənim
dəvətimə cavab verməyi və atəşkəs
haqqında bəyanat qəbul ediləndən sonra bir il ərzində
görülmüş işə müəyyən yekun vurmaq
üçün Rusiyaya gəlməyi mümkün hesab
etmisiniz. Sonra biz artıq cari ilin yanvarında atəşkəs
və normal həyatın bərpa edilməsi haqqında
razılaşmalarımızı təsdiq etdik. Bu müddətdə
həqiqətən az iş görülməyib.
Əfsuslar olsun ki, məsələlərin
hamısı hələ də nizamlanmayıb. Sərhəddə
baş verən insidentlərdən, faciəli insidentlərdən,
hər iki tərəfdən insanların həlak olmasından
və yaralanmasından xəbərim var. Bütün bunlar
bizim tərəfimizdən xüsusi diqqət tələb edir.
Əslində, biz sizinlə bu gün onun üçün
toplaşmışıq ki, gələcəkdə buna bənzər
insidentlər baş verməsin.
Lakin
bütövlükdə il ərzində az iş görülməyib.
Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları
baş vermir, bu da özlüyündə çox yaxşı
haldır. Bu müddət ərzində və bizim tərəfin
köməyi ilə qaçqınların qaytarılması
ilə bağlı böyük iş aparılıb, 53 min
insan daimi yaşayış yerlərinə qayıdıb.
Yaxşı monitorinq qrupu yaradılıb, bizim kontingent fəaliyyət
göstərir, hər iki tərəfin dəyərləndirməsindən
belə başa düşürəm ki, layiqincə işləyir,
insanların həyatı üçün təhlükəsiz
şərait təmin edir. Atəşkəsə nəzarət
üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət
göstərir. Ən əsası odur ki, gələcəkdə
normal dinc həyat üçün şərait
yaradılır. Bu, çox vacibdir.
Ermənistan, Azərbaycan
və Rusiya hökumətlərinin Baş nazirlərinin
müavinləri səviyyəsində üçtərəfli
komissiya yaradılıb. Mənim həmkarlarım işin necə
getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin
buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir
və elə düşünməyə əsas var ki,
yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə
salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək,
həm də hamı üçün uyğun zəruri tədbirlər
görəcəyik.
Mənə elə gəlir
ki, bütün səylərimizin məqsədi bundan ibarətdir,
yəni regionun dirçəldilməsi üçün şəraitin
yaradılması, insanların orada özlərini təhlükəsiz
hiss etmələri və təsərrüfat fəaliyyəti
ilə normal məşğul olmaları, iqtisadiyyatı
inkişaf etdirə bilmələri üçün
bütün bunlar, sözsüz ki, hər iki ölkənin vətəndaşlarının
həyat səviyyəsində ən əlverişli şəkildə
əksini tapmalıdır.
Ermənistan və Azərbaycan
ilə münasibətlərin xüsusi xarakterini nəzərə
alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət
kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində
olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz
var. Bu əlaqələrin kəsilməsini istəməzdik.
Əksinə, biz onları bərpa etməyə və gələcəkdə
də dəstəkləməyə səy göstərməliyik.
Əvvəldə mənim
demək istədiklərim bunlardır.
Biz indi İlham Heydər
oğlu ilə birgə işlərin gedişində
razılaşdırmalı olacağımız məsələləri
qabaqcadan müzakirə etdik. Ermənistan tərəfi ilə
biz bunu qabaqcadan, vaxtında etmişik, Ermənistanın
baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə
danışmışıq. İndi, görüş yerinə
gələndə də bu barədə fikirlərimizi
bölüşdük. Bizim üçtərəfli
görüşümüzdən sonra Nikol Vovayeviç
qalacaq, biz hələ onunla ikitərəfli görüş də
keçirəcəyik.
Görüşümüzün
əvvəlində mənim demək istədiklərim
bunlardır. Əgər görüşümüzün əvvəlində
həmkarlarımın deməyə sözü və istəyi
varsa, buyursunlar.
X X X
Azərbaycan Prezidenti
İlham Əliyev: Dəvət üçün çox
sağ olun, Vladimir Vladimiroviç. Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin nizamlanması məsələsində
Sizin şəxsi iştirakınızı və əlbəttə,
keçən il Bəyanatın mətninin
razılaşdırılması işində fəal
iştirakınızı Azərbaycanda yüksək qiymətləndiririk.
Siz qeyd etdiyiniz kimi, biz ilin əvvəlində bu formatda
görüşmüşdük, indi artıq ilin sonunda
görüşürük. Yekun vurmaq olar. Əlbəttə,
Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti
zonasında vəziyyət bütövlükdə sabitdir.
Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş
təxribatlar olmayıb. Müşahidə olunan
ayrı-ayrı hallar sistemli xarakter daşımırdı.
Buna görə də Rusiya sülhməramlı kontingentinin
yaxşı xidmətinə görə, uzun illər boyu
dondurulmuş münaqişə, keçən il tammiqyaslı
müharibə vəziyyətində olan regionda təhlükəsizliyi
təmin etmələrinə görə təşəkkürümü
bildirmək istərdim.
Bu il ərzində Azərbaycan
müharibənin nəticələrinin aradan
qaldırılması və kommunikasiyaların bərpası
işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm
ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən
biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul
edilmiş və imzalanmış üçtərəfli Bəyanatın
praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna
görə düşünürəm ki, - bu gün biz Sizinlə
təbii ki, bu barədə əvvəlcə söhbət
etmişik, - bu mövzu, həmçinin Azərbaycan ilə
Ermənistan arasında sərhədlərin müəyyən
edilməsi mövzusu müzakirə ediləcək. Biz, bu məsələdə
Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət
dəstəyini də çox yüksək qiymətləndiririk.
Ermənistan ilə Azərbaycan
arasında sərhəd delimitasiya edilməyib. Buna görə
biz dəfələrlə açıq bildirmişik ki,
delimitasiya prosesinə təxirə salınmadan
başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə
açıq təklif etmişik ki, qarşıdurmaya son
qoymaq, bir-birinin ərazi bütövlüyünü,
suverenliyini tanımaq və gələcəkdə qonşular
kimi yaşamağı, yenidən qonşular kimi
yaşamağı təşviq etmək üçün
sülh müqaviləsi üzərində işə
başlayaq.
Əlbəttə, bir
sıra başqa məsələlər də qarşıya
çıxır, lakin onlar operativ şəkildə, o
cümlədən Rusiya tərəfinin, şəxsən
Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə
Nazirliyinin, hökumətin və digər strukturların fəal
iştirakı ilə həll edilir.
Dəvət
üçün, yenidən belə bir görüş
keçirmək imkanı üçün bir daha təşəkkür
edirəm.
X X X
Ermənistanın
baş naziri Nikol Paşinyan: Vladimir Vladimiroviç, icazə
verin, əvvəlcə dəvətə, bu
görüşün təşkilinə görə Sizə təşəkkür
edim. Bugünkü görüşün gündəliyinə
keçməzdən əvvəl icazə verin, Kuzbasda
çoxsaylı insanın həlak olması ilə nəticələnmiş
partlayışla əlaqədar öz adımdan, erməni
xalqı adından Sizə başsağlığı verim. Həlak
olmuş şaxtaçıların bütün
doğmalarına və yaxınlarına
başsağlığı vermək istəyirəm.
Prezident Vladimir Putin:
Sağ olun.
Nikol Paşinyan:
Keçən il müharibənin dayandırılmasında
Sizin rolunuz və Rusiya Federasiyasının rolu aşkardır.
Noyabrın 9-dan sonra Dağlıq Qarabağda, Laçın dəhlizi
boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.
Aşkardır ki, Dağlıq Qarabağda və regionda vəziyyətin
sabitləşməsində Rusiya sülhməramlıları,
Rusiya Federasiyası mühüm rol oynayır. Lakin təəssüflə
vurğulamaq istəyirəm ki, vəziyyət istənilən
qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər
iki tərəfdən onlarca insan həlak olub və hadisələr
Dağlıq Qarabağda da baş verir. Bu il mayın 12-dən
bəri Ermənistan-Azərbaycan sərhədində faktiki
olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir
ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə
soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan
arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib,
lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan
Respublikasının suveren ərazisidir.
Mən Azərbaycan
Prezidentinin bu fikri ilə razılaşmıram ki,
kommunikasiyaların bərpasından başqa Bəyanatın
faktiki olaraq bütün bəndləri yerinə yetirilib.
Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə,
həm əyani şəkildə, həm də telefonla
müzakirə etmişik ki, girovlar və digər saxlanılan
şəxslər, hərbi əsirlər problemi də var. Bu,
çox mühüm humanitar məsələdir. Lakin demək
istəyirəm ki, mənim fikrimcə bu gün biz təkcə
problemləri səsləndirmək üçün deyil,
söhbət etmək, məsələləri müzakirə
etmək və mövcud problemləri həll etmək
üçün toplaşmışıq. Mən də dəfələrlə
elan etmişəm ki, Ermənistan sərhədlərin
demarkasiyası və delimitasiyası prosesinə
başlamağa hazırdır. Bütün nəqliyyat və
iqtisadi kommunikasiyaların açılması, blokadadan
çıxarılması mövzusu da bizim üçün
çox vacibdir. Biz bu məsələlərin həll edilməsində
həqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu
gün biz bütün bu məsələləri müzakirə
edəcəyik. Mən gördüm, Siz Azərbaycan Prezidenti
ilə ikitərəfli görüş zamanı Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması problemini də
xatırlatdınız. Azərbaycan Prezidenti də indicə
Ermənistan ilə Azərbaycan arasında sülh
danışıqları məsələsini xatırlatdı.
Əlbəttə, biz də bunda maraqlıyıq və hesab
edirik ki, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində
aparılmalıdır. Düşünürəm ki, çox
məsələləri üçtərəfli formatda, ikitərəfli
formatda müzakirə və həll etmək lazımdır və
mümkündür.
Deməliyəm ki, Azərbaycanın
və Ermənistanın rəsmi şəxsləri arasında
birbaşa əlaqələr də nəzərdə tutulur. Mənim
fikrimcə, o qədər də yaxşı və pozitiv
olmayan nüanslar fonunda bu müsbət nüansları da
vurğulamaq lazımdır. Ən başlıcası, təkrar
etmək istəyirəm, üzr istəyirəm,
düşünürəm ki, bugünkü görüşün
əsas mənası hansısa problemlərin mövcud
olmasını və ya mövcud olmamasını, sadəcə,
səsləndirmək deyil. Əsas odur ki, bu gün biz regionda,
Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə
dair konkret və ya mümkün qədər konkret qərarlara
gələ bilək. Buna görə bizim məsuliyyətimiz,
sülh, sabitlik və insanların təhlükəsizliyidir.
Sağ olun.
X X X
Prezident Vladimir Putin: Mənə
belə gəlir ki, sizin indicə dedikləriniz - həm Azərbaycan
Prezidenti tərəfindən, həm də Ermənistanın
baş naziri tərəfindən deyilənlər, əslində,
çox vacibdir. Vəziyyətin
normallaşdırılmasının inkişafında, vəziyyətin
müsbət həllinin inkişafında hər iki tərəfin
marağı var. Siz indicə kommunikasiyalar barədə,
kommunikasiyaların açılması barədə
xatırlatdınız. İlham Heydər oğlu da bu barədə
danışıb. Bu məsələdə hamı
maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə
tuturam ki, biz bütün yaxın ölkələr, - biz
qonşuyuq, biz böyük əmtəə dövriyyəsinə
malikik, - hamımız bu məsələdə
maraqlıyıq. Birincisi də, ikincisi də, biz yenə də
o barədə razılığa gəlirik ki, yaxın
vaxtlarda sərhədlərin demarkasiyası və
delimitasiyası üzrə işləri, əvvəlcə
delimitasiya, daha sonra demarkasiya işlərini sahmana salaq. Əlbəttə,
biz bu barədə də bu gün danışacağıq.
Baxmayaraq ki, məsələnin mürəkkəb olması
aydındır. O, hələ Sovet İttifaqından qalıb.
Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün
bunlar barədə danışmaq imkanı var. Həmkarlarımla
razıyam ki, nə qədər çox əlaqə, o
cümlədən birbaşa əlaqələr olarsa, daha
yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr
ümumiyyətlə prioritetdir. Mən bilirəm ki, yaxın
vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə
tutulub. Siz oraya getməyə və orada görüş
keçirməyə razılıq vermisiniz. Biz bunu da
alqışlayırıq. Nə qədər birbaşa
ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən
bu yaxınlarda bu barədə Avropa İttifaqı
Şurasının Prezidenti cənab Mişellə də
danışmışam. O, sizi gözləyir. Ümidvaram ki,
biz irəliyə doğru hansısa addım atacağıq.
Bundan sonrakı addımları digər platformalarda da atmaq
mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın
bu dialoqa cəlb edilməsini biz yalnız
alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı
olsun. Çox sağ olun.
Azərbaycan.-2021.-
27 noyabr.- S.1-2.