Azərbaycan-Rusiya
münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Prezident
İlham Əliyevin Soçi şəhərinə
işgüzar səfəri
Noyabrın
26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin arasında ikitərəfli görüş olub.
Prezident
İlham Əliyevi salamlayan Prezident Vladimir
Putin dedi:
- Hər vaxtınız xeyir, hörmətli İlham Heydər oğlu. Sağ olun ki, gəlməyə
razılıq verdiniz.
Çoxlu suallar yığılıb
qalıb. Əlbəttə, Dağlıq Qarabağ probleminin nizamlaması ilə əlaqədar bizim üçtərəfli
görüşümüz diqqət mərkəzində
olacaq. Mən indicə öz həmkarlarımla - Sizin yaxşı tanıdığınız
və iqtisadiyyat problemləri, nəqliyyat dəhlizlərinin açılması
məsələləri ilə
məşğul olan Rusiya hökumətinin Baş nazirinin müavini, müdafiə naziri, məlum olduğu kimi nizamlanma işinə əhəmiyyətli töhfə
verən Sərhəd
Xidmətinin tabe olduğu Federal Təhlükəsizlik
Xidmətinin direktoru ilə söhbət edirdim.
Ümumiyyətlə, orada suallar çoxdur, lakin hər halda bizim ikitərəfli
görüşümüzü ondan başlamaq istərdim ki, gələn il
ölkələrimiz arasında
diplomatik münasibətlər
yaradılmasının 30 illiyi
tamam olur. Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafiq
şəkildə qeyd
etməli olacağıq.
Bununla əlaqədar demək istərdim ki, bizim strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Bunu demək kifayətdir ki, pandemiya ilə
bağlı bütün
məsələlərə və bununla əlaqədar iqtisadiyyatda
məhdudiyyətlərə baxmayaraq, hər halda bu ilin
9 ayı ərzində
bizdə əmtəə
dövriyyəsinin həcmi
11 faiz artıb. Bu, yaxşı göstəricidir.
Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir.
Azərbaycan iqtisadiyyatına
Rusiya tərəfindən
4,5 milyard birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari
tərəfdaşlarından biridir. Əlbəttə,
humanitar əlaqələr
bu fonda
davam edir. Mən bizim görüşlərimizdə
həmişə ilk növbədə
bu barədə danışıram. Rus dilinin
inkişafına, dəstəklənməsinə
göstərdiyiniz diqqətə
görə Sizə təşəkkür etmək
istəyirəm. Sizdə
304, hətta mən bilən daha çox - 340 məktəbdə
rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi
bu və ya digər şəkildə
rus dilində oxuyur və bu dili öyrənilirlər.
Bu da yaxşı
göstəricidir, Azərbaycan
rəhbərliyinin, Azərbaycan
xalqının yaxın
və çoxtərəfli
əlaqələr saxlamaq
cəhdinə dəlalət
edir. Bu əlaqələr
həqiqətən çoxtərəfli
xarakter daşıyır.
Humanitar sahədə münasibətlər
də, gənclərin
əlaqələri də
inkişaf edir. Bizdə bu cür ümumbəşəri
səviyyədə dəstəklənən
tədbirlər çoxdur.
Bu, gələcəkdə münasibətlərimizin inkişafı
üçün yaxşı
şərait yaradır.
Dağlıq Qarabağ məsələsinin
nizamlanmasına gəldikdə
isə, bu barədə üçtərəfli
formatda danışarıq. Bir azdan
Ermənistanın baş
naziri bizə qoşulacaq və biz bu diskussiyanı davam etdirəcəyik.
Lakin mənə belə gəlir ki, burada bizim sülhməramlılar
da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət
üzrə Rusiya-Türkiyə
mərkəzi fəal
iş aparır. Təəssüf ki, problemlər,
insidentlər var. Təəssüf
ki, hələ də insan tələfatı
olur. Biz də bundan ötrü toplaşmışıq
ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin
sakitləşməsi və
regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf
etməsinə imkan verəcək şərait
yaradılması üçün
nə edilib və hamı nə etməlidir.
Sizi görməyimə
çox şadam. Xoş gəlmisiniz.
X X X
Prezident
İlham Əliyev dedi:
- Çox sağ
olun, hörmətli
Vladimir Vladimiroviç.
İlk növbədə
dəvətə görə
sağ olun. Yenidən görüşməyimizə
şadam. Bu il ərzində biz çox fəal dialoq aparmışıq –
həm görüşmüşük,
həm də tez-tez telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin inkişaf
dinamikası bizi çox sevindirir. Lakin mən əvvəlcə Kemerova vilayətində kömür şaxtasında
baş vermiş faciə ilə əlaqədar Sizə şəxsən başsağlığı
vermək istərdim.
Təəssüf ki, xeyli insan həlak olub. Dünən Sizə teleqram
göndərmişəm. Bu gün Azərbaycan
xalqı adından bir daha Sizə,
bütün Rusiya xalqına başsağlığı
vermək istəyirəm.
Biz ikitərəfli formatda
çox məsələləri
həll etmişik və bu gün
münasibətlərimizi strateji
tərəfdaşların münasibətləri
kimi səciyyələndiririk. Bu, sadəcə söz birləşməsi deyil, həqiqətən belədir
və bütün istiqamətlər üzrə
qarşılıqlı münasibətlərimizin
səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd
etdiyiniz kimi, əmtəə dövriyyəsi
artır. İqtisadi sahədə
əməkdaşlığa, o cümlədən biznes dairələri arasında
qarşılıqlı maraq
çox güclüdür.
Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər
sahələrinə, humanitar
əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.
Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanması üzrə bizim fəaliyyətimizi qiymətləndirdiyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır.
Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik. Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq.
Dəvət üçün bir daha çox sağ olun, təkcə Rusiyanın deyil, bütün dünyanın incisi olan bu diyarın gözəl təbiətinə heyran olduğumu bir daha bildirmək istərdim.
Vladimir
Putin: Çox sağ olun.
Azərbaycan.-2021.- 27 noyabr.- S.1-2.