Milli Məclisin
deputatları MDB Parlamentlərarası Assambleyasının “Parlament əməkdaşlığının
möhkəmləndirilməsi” medalı ilə təltif olunublar
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Müstəqil Dövlət Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Sankt-Peterburqda səfərdə olan parlament nümayəndə heyətinin üzvləri “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri” mövzusunda beynəlxalq konfransın işində, qurumun daimi komissiyalarının iclaslarında iştirak ediblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı Nizami Səfərov beynəlxalq konfransın panel diskussiyalarına qatılıb, MDB PA-nın plenar iclasında bir sıra model qanunlar haqqında məruzə ilə çıxış edib, qurumun Sosial siyasət və insan hüquqları daimi komissiyasının işində iştirak edib. Deputatlardan Anatoliy Rafailov yuxarıda adı çəkilən komissiyanın, Rüfət Quliyev, Anar Məmmədov, İltizam Yusifov (onlayn formatda) təşkilatın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının, Rasim Musabəyov, Tamam Cəfərova, Emin Hacıyev (onlayn formatda) MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclaslarında gündəlikdə olan məsələlərin müzakirəsində yaxından iştirak ediblər. Deputatlarımız müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirib, öz qeyd və təkliflərini veriblər.
MDB PA-nın plenar iclası çərçivəsində Milli Məclisin deputatları Nizami Səfərov və Tamam Cəfərova Assambleyanın “Parlament əməkdaşlığının möhkəmləndirilməsi” medalı ilə təltif olunublar.
Sankt-Peterburqda keçirilən
tədbirlərdə Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev və MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi
nümayəndəsi – Baş katibin müavini Aydın Cəfərov
iştirak ediblər.
Azərbaycan.-2021.- 27 noyabr.- S.4.