Babək hünərli igid

 

 

Düşmənin yerləşdiyi strateji məkan - Xocavəndin Hadrut qəsəbəsi uğrunda şiddətli döyüşlər gedir...

Döyüşçü yoldaşları kimi, Babək də var gücü ilə düşmənlə savaşaraq, snayper silahı ilə onları bir-bir “dənləyirdi”. Çox keçmədən qəhrəman oğullar bu qədim Azərbaycan yurdunu da işğaldan azad edərək üçrəngli bayrağımızı Hadrutda dalğalandırıb Zəfər sevincinə daha bir fəxarətli səhifə əlavə edirlər...

İşğal altında qalan torpaqlarımızın hər bir qarışı azad edildikcə Babək evlərinə zəng edir, ata-anasına xoş xəbərlər çatdırırdı. Cəbrayıl da, Zəngilan da, Qubadlı da işğaldan qurtulanda yerə-göyə sığmayan sevincini onlarla bölüşürdü.

Bu dəfə də ənənəni pozmamış, Xocavənddə düşmən üzərində qazandıqları qəti qələbədən sonra atasına zəng edərək onu muştuluqlamışdı. Daha sonra düşmən duyuq düşməsin deyə üstüörtülüolsa, şadlıqla söyləmişdi ki, indi də Şuşanı azad etməyə gedirik. Lakin birdən Süleyman kişi telefonun digər ucunda ani səssizlik hiss etmiş, qısa aradan sonra isə oğlu Babəkin toxtaq səslə və aramla söylədiyi bu son sözlərini eşitmişdi...

 

- “Ata, oğlunla fəxr elə. Birsöz ver ki, şəhid olsam, ağlamayacaqsan...”

 

 

 

89 düşmən əsgərini “İstiqlal”ı ilə məhv edən cəngavər

 

 

 

1995-ci il noyabrın 27-də Biləsuvar şəhərində anadan olan Babək Süleyman oğlu Mahmudlu ailənin yeganə oğul övladı idi. Hələ kiçik yaşlarından Babəkdə döyüşçü olmaq arzusu oyanmışdı. O, hər zaman Birinci Qarabağ müharibəsində iştirak etmiş qazi atasının şəkillərinə baxır, onun döyüş söhbətlərinə qulaq asır və böyüyəndə özünün də mütləq döyüşçü olacağıni söyləyirdi. Bir də hər zaman deyərdi ki, “ata, söz verirəm, bir gün mütləq torpaqlarımızı azad edib, bayrağımızı Şuşada dalğalandıracağıq”.

 

O, 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinfini başa vuraraq, Sumqayıt Texniki Kollecinə yol hərəkətinin təşkili ixtisası üzrə daxil olur və oranı bitirdikdən sonra hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə keçir. Hərbi xidməti bitirdikdən bir il sonra Babək döyüşçü olmaq arzusunun arxasınca gedərək yenidən hərbi sahəyə üz tutur.

 

O, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətini davam etdirir. Manqa komandiri Babək Mahmudluİstiqlalsnayper kursunu da müvəffəqiyyətlə başa vurur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respublikasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik qazanır.

 

27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribat zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Naxçıvandan döyüş meydanına könüllü yollanan qəhrəman oğullarımızdan biri də Babək olur.

 

Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşçü əfsanəvi polkovnik Tehran Mənsimovun komandanlığı altında həyata keçirilən çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, 89 düşmən əsgər və zabitini “İstiqlal”ı ilə məhv edir. Ən böyük arzusu Şuşada bayrağımızı dalğalandırmaq olan peşəkar snayperçi Qarabağın taclı qalası uğrunda çətin döyüşlərə də böyük ruh yüksəkliyi, düşmənə qəzəb hissi ilə qatılır.

 

Babək Mahmudlu 31 oktyabr 2020-ci ildə Şuşa ətrafında gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.

 

Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın igid övladı “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilir.

 

 

 

Babəkə söz vermişəm,  ağlamayacam...

 

 

 

Babək şərəfli döyüş yolu keçir. O və döyüşçü yoldaşları Şuşanı azad etmək üçün kilometrlərlə dağlardan, dərələrdən, meşələrdən keçən çətin yolları qət edirlər. Ağır yüklə sıldırım qayalara dırmaşırlar, addımbaşı düşmən təhlükəsi ilə qarşılaşırlar, amma bütün maneələri dəf edərək qətiyyətlə irəliləyirlər. Hətta onlar Şuşa ətrafında 5 gün mühasirədə qalsalar da, düşmənə sinə gərib bu mühasirəni də uğurla yarıb çıxırlar. Lakin oktyabrın 31-də zirehli maşına oturub irəliləyərkən düşmən raketi ilə vurulurlar və Babək də orada şəhidlik zirvəsinə ucalır.

 

O, şəhid olanda polkovnik Tehran Mənsimov deyir ki, “mən sağ qolumu itirdim...”

 

Atası Süleyman kişi oğluna verdiyi sözünü tutur: “Babəklə son dəfə danışdıqdan sonra 6 gün ona zəng çatmadı. Qulağım səsdə idi, televizorun qarşısından çəkilmirdim. Bir gün rayona şəhid gəlmişdi, onu dəfn edirdik, bayrağımızı məzarın üzərinə sərmək istəyəndə gördüm ki, ürəyim möhkəm sancdı. Oradan çıxıb birbaşa evə gəldim. Bu vaxt bir neçə tanışım dalbadal zəng vurub məndən Babəki soruşdular. Ürəyimə nəsə damdı, həyətə çıxdım ki, bütün el-oba qapıya yığılıb...

 

Demə, oğlumun şəhidliyindən hamının xəbəri var imiş, təkcə mən bilmirmişəm...

 

Dağ boyda oğul itirən ata bu dərdə necə dözə bilər? Heç cür təsəllim yoxdur. Babək öz yoxluğu ilə sinəmə çalın-çarpaz dağ çəkib, qəlbimi yandırıb, amma ağlamıram, göz yaşlarımı ürəyimə axıdıram, axı balama söz vermişəm...”

 

 

 

Ana, haqqını halal et, birdən şəhid olsam, qoy haqqın boynumda qalmasın...”

 

 

 

“1983-cü ildə və 1986-cı ildə Şuşaya sanatoriyaya getmişdim. Şuşanı qarış-qarış gəzmişdim, Cıdır düzündə olmuşdum, Vaqifin məqbərəsinə, Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə baş çəkmişdim. Amma illər əvvəl xoş əhvalla gəzdiyim o torpaqda Babəkin şəhid olması məni yandırıb-tökür”, - qəhrəman şəhidimiz Babəkin anası Dürdanə xanım deyir bu sözləri və əlavə edir:

 

- Babək, döyüş meydanından mənə zəng vuranda deyirdi ki, “ana, haqqını halal et, birdən şəhid olsam, qoy haqqın boynumda qalmasın”. Bir də hər zaman deyirdi ki, “ana, söz verirəm, gəlib səni Kərbəla ziyarətinə aparacam...”

 

O, ömrünün bahar çağında cəbhəyə yollandı. Gənc ürəyindəki bütün istəklərini, niyyətlərini, ana-ata qarşısındakı övlad borclunu, könül yarı ilə bağlı arzularını ertələyərək döyüşlərə atıldı...

 

O, gələcək bütün arzularını yalnız müharibə bitəndən, torpaqlarımız azadlığına qovuşandan sonra gerçəkləşdirməyi düşünürdü...

 

Çünki Babək üçün öncə Vətən gəlirdi...

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2021.- 27 noyabr.- S.7