Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq

 

Bu barədə  imzalanan saziş üçtərəfli əməkdaşlıq üçün  möhkəm zəmin yaradır

 

 

 

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti - XV Zirvə Toplantısı bu il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində  keçirilmişdir. Prezident İlham Əliyev  bu toplantıda  iştirak etmişdir.

Tədbirdəki çıxışında dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının son 18 il ərzindəki sürətli inkişafından,  Vətən müharibəsindəki şanlı qələbəmizdən, ölkədə aparılan hərtərəfli islahatlardan,  koronavirus pandemiyası ilə mübarizədən və digər vacib məsələlərdən bəhs etmişdir. Prezidentimiz  Aşqabadda  eləcə də Zirvə Toplantısında iştirak edən bir sıra dövlətlərin başçıları ilə  görüşmüşdür.

Əvvəla xatırladaq ki, hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 1964-cü ildə Türkiyə, Pakistanİran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İƏT olaraq yenidən qurulmuşdur. Hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Azərbaycan təşkilata 1992-ci ildə üzv olmuşdur. İƏT-in katibliyi Tehranda yerləşir. Baş katib Xusrav Noziridir (Tacikistan).

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısına evsahibliyi edən Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov  təşkilatın üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə  yeni töhfə verəcəyini vurğuladı. Ayrı-ayrı dövlətlərin  toplantıda iştirak  edən  başçılarının  görüşləri də məhz bu məqsədə xidmət etmişdir. Aşqabadda Azərbaycan və   İran  prezidentlərinin də görüşü olmuşdur. İran İslam Respublikasının  Prezidenti Seyid İbrahim Rəisi demişdir:  “Sizinlə İƏT dövlət başçılarının sammitində görüşümdən çox xoşhalam. İƏT-ə üzv ölkələrin dövlət başçılarının sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, Sizinlə də görüş imkanı yarandı. Sizin rəsmi şəxslərin, həm Baş nazirin müavininin, həm də xarici işlər nazirinin İranın xarici işlər nazirinin müavini ilə çox yaxşı təmasları oldu, Baş nazirin müavininin Tehrana çox uğurlu səfəri baş tutdu. Mənə verilən məlumata görə, bu görüşlərdə çox müsbət müzakirələr aparılıb. Mən əminəm ki, belə əlaqələr, təmaslar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər. Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarixsivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər”.

 

Dövlət başçısı İran Prezidentini salamlayaraq bildirmişdir: “Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu, bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir. İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər-boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq”.

 

Söhbət zamanı Azərbaycan ilə İran arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanmışdır. Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiyaİran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilmişdir. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulanmışdır.

 

Həmin gün Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Sazişin  imzalanması deyilənlərin daha bir təsdiqinə və təntənəsinə çevrildi. Sazişin imzalanmasından sonra dövlət başçılarının İranın kütləvi informasiya vasitələrinə verdiyi  müsahibədə Prezident İlham Əliyev   bunun  böyük əhəmiyyəti  olduğunu  vurgulamışdır: “Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadienerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”.

 

İran Prezidenti  Seyid İbrahim Rəisi də sənədin vacibliyini qeyd etmişdir: “Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, ikiüç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir”.

 

 

Flora  SADIQLI,

Azərbaycan.-2021.- 30 noyabr.- S.7.