“30 il kor olmuşuq, indi gözümüz
açılır”
Ermənilər Zəngəzur dəhlizini
özlərinin xilas yolu
olaraq görürlər
Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh və əməkdaşlıq üçün irəli sürdüyü təkliflər artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir.
Elə
bunun nəticəsidir ki, Zəngəzur dəhlizinin
açılmasına, sərhədlərin müəyyən
edilməsinə dair Azərbaycanın təkliflərinə
çoxsaylı ölkələr, o cümlədən Cənubi
Qafqazda nüfuz sahibi olan dövlətlər tərəfindən
tam dəstək ifadə olunur.
Ermənistan buna əvvəllər müqavimət göstərməyə çalışsa da dünya dövlətlərinin yanaşması onların Azərbaycanı dəstəklədiyini, Ermənistanın yalnız qaldığını göstərir. Bu səbəbdən Zəngəzur dəhlizi, digər istiqamətlər üzrə kommunikasiyaların bərpası ilə bağlı İrəvan mövqeyini dəyişməyə məcburdur.
Noyabrın 26-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin üçətərəfli Soçi görüşü də İrəvanda böyük reaksiyaya səbəb olub. Ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri göstərir ki, onlar ölkələrinin məhvə doğru getməsi, İlham Əliyevin və Azərbaycanın üstünlüyünün artması barədə ortaq rəydədirlər. Bu fonda kommunikasiyaların bərpasının Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracağını da anlamağa başlayıblar.
Erməni siyasi ekspert Qeqam Livonisyan
deyib ki, Soçidəki
üçtərəfli görüşdə qəbul edilən
qərarlar Ermənistanın xilası olacaq:
“Bir neçə gündür
Zəngəzurdayıq. İnsanlarla
söhbətləri, Soçidəki görüş
ətrafındakı mövcud xəbərləri
nəzərə alaraq deyə bilərik ki, Zəngəzur bu anda regionun geosiyasi
mərkəzidir. Dəhlizin açılmasını ermənilər
çox böyük
səbirsizliklə gözləyirlər. Bu
dəhliz sayəsində iqtisadi tərəqqinin
şahidi olacağıq”.
“İravnuk” qəzeti yazır ki, Soçidə dövlət başçılarının iştirakı ilə keçirilən görüşdən sonra Ermənistanda qarşıdurmanın davam etməsini istəyən və Zəngəzur dəhlizinin işə salınmasını “xəyanət” kimi qəbul edən siyasətçilər var: “Ən başlıca problem də məhz budur. İqtisadi baxımdan regionda problemlərin həlli yolları göz qabağında olsa da, siyasi intriqalar bu məsələləri həll etməyə imkan vermir”.
Qeyd olunur ki, Zəngəzur dəhlizi həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyət daşıyır: “İqtisadi baxımdan Zəngəzur dəhlizi Ermənistana lazımdır. Dəhliz investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına, sənaye müəssisələrinin bərpasına imkan yaradacaq. Xüsusilə də Ermənistanın regional iqtisadiyyata inteqrasiyasına kömək edəcək”.
Armen Minosyan adlı istifadəçinin “VKontakte” sosial şəbəkəsində Prezident İlham Əliyev və baş nazir Paşinyanın şəkillərini yanaşı paylaşaraq “Zəngəzur dəhlizini açmaqla Ermənistanı işıqlı günə çıxaran şəxsiyyətlər” yazması maraqlı rəylərlə qarşılanıb. Vazgen Papinyan adlı istifadəçinin bu fotoya şərhi çoxlu bəyənmə toplayıb: “İndi başa düşürük ki, illərimizi boşa vermişik. Sarkisyan-Koçaryan hakimiyyətdə olduqları müddətdə biz erməniləri dərin uçuruma yuvarladıblar. Yalançı vədlər, Qarabağ müharibəsinin yaratdığı problemlər bizi çox geri salıb. 30 il kor olmuşuq, indi gözümüz açılır, reallıqları görürük. Soçidəki görüş, Zəngəzur dəhlizinin açılması gələcəyimizi xilas edəcək, xoş gün görəcəyik”.
“Facebook” sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr “Soçidə üçtərəfli görüş” xəbərini paylaşaraq “Müharibədən sonra Azərbaycanın getdikcə daha da güclənməsi, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nələr vəd edir” sualını ünvanlayıblar. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazaraq müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, idmançı rəylərinə belə rast gəlmək mümkündür. Məsələn, ixtisasca iqtisadçı olan Stepan Balosyan adlı biri yazır: “Acı həqiqət olsa da, demək lazımdır. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan çox öndədir. İnvestorlar Ermənistandan qaçdığı halda Azərbaycana pul qoymaq üçün axın edirlər. Bu da Azərbaycanı daha da gücləndirir və belə vəziyyət Zəngəzur dəhlizinin açılması ilə Ermənistan iqtisadiyyatına mütləq şəkildə öz müsbət təsirini göstərəcək”.
Henrix Aramyan adlı biri isə çox maraqlı “tweet” yazıb: “Zəngəzur dəhlizinin açılması ilə nəhayət üzümüz güləcək, iqtisadiyyatımız dirçələcək”.
Son günlərdə İrəvanda belə etiraflara daha çox rast gəlmək mümkündür. İndi anlamağa başlayıblar ki, Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbləri 30 ilə yaxın davam edən işğalçılıq siyasəti və buna görə Azərbaycanın gördüyü adekvat tədbirlər idi.
Elçin CƏFƏROV,
Azərbaycan.-2021.- 30 noyabr.- S.7.