Azərbaycanda  milli ruhda gənc nəsil yetişib

 

 

Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycan gəncliyinin həyatında yeni bir mərhələ başladı. Bir il əvvəl apardığımız savaşda əldə etdiyimiz şanlı qələbədə ölkəmizin haqq işinə bacardığı töhfələri vermiş hər kəsin fədakar  əməyi var. Amma bu, daha çox Ulu Öndər Heydər Əliyevin milli inkişaf kursunu gənclər siyasəti sahəsində davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin respublikaya rəhbərliyi dövründə yetişmiş formalaşmış gəncliyin qazandığı Zəfərdir.

 

Vətən, dövlət bu gənclik üçün sadəcə söz deyil, sarsılmaz inamdır, arzulara çatmaq üçün mənəvi maddi güc mənbəyidir, böyük bir dayaqdır. Daim vətəndaşlarının yanında olan, onların rifahı, xoşbəxtliyi üçün çalışan birlikdir, xüsusi bir təsisatdır. Hər şeydən əvvəl qürur mənbəyidir, Vətən evinin abadlığıdır, inkişafdır, dünyaya qovuşmaqdır, qlobal proseslərin güclü bir hissəsi olmaqdır. Azərbaycan gəncliyi bu dövlətdə, bu Vətəndə öz gələcəyini aydın görə bilir. Ona görə respublikanın inkişafına töhfə verməyə, Vətən naminə misilsiz fədakarlıqlar göstərməyə hər zaman hazırdır. İşğal altındakı torpaqlarımız bu vətənpərvər gəncliyin gücü ilə azad edildi.  Bununla da Azərbaycan  gəncliyinin həyatında yeni bir dönəm başlandı.

 

Tarixi Qələbəmizdən sonra Şuşaya ilk səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlığını  nəzərdə tutaraq demişdir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.

 

 

 

Vətənpərvərlik əzmi, Azərbaycançılıq ruhu

 

 

 

Vətən müharibəsi Azərbaycan gəncliyini dünyaya tanıtdı. Elə özümüz son onilliklərdə cəmiyyətimizdə necə vətənpərvər, cəsur, qəhrəmanlıq ruhu ilə dolu, bir o qədər savadlı, sağlam düşüncəli nəslin yetişdiyinə bir daha şahid olduq. Dövlət müstəqilliyimizin həyatımıza bəxş etdiyi ən böyük nailiyyətlərdən biri onların milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir.

 

Bu gün gənc nəsil cəmiyyət həyatının bütün sahələrində mühüm rol oynayır. Eyni zamanda nəsillərarası rabitə, ulularımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərimizə hörmət ruhu da uğurla davam etdirilir. Dövlət rəhbərimizin bəyan etdiyi kimi, nəsillərarası münasibət, qırılmaz bağlılıq, təcrübə ilə dinamizmin, çevikliyin vəhdəti Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşdırır. Vətən müharibəsindəki qələbəmiz bunun tarixi sübutu, Lider uzaqgörənliyinin daha bir təcəssümüdür. Hazırda Azərbaycanda vətənpərvər, savadlı, milli-mənəvi dəyərlərimizə sevgi dolu gəncliyin formalaşmasında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da mühüm rolu var. Öz fəaliyyəti ilə yaratdığı örnəklər Azərbaycan gəncliyinə düzgün istiqamət verir, onların sağlam mühitdə inkişaf imkanlarını daha da genişləndirir.

 

Azərbaycan gəncliyi səngərlərdə olduğu kimi, informasiya savaşında da böyük üstünlüyə malikdir. Mənfur düşmənlərimizin illərdən bəri dünyaya danışdıqları nağılların, yaratdıqları saxta miflərin ifşasında mühüm rol oynayırlar. Bir neçə xarici dildə özünüifadə bacarıqları, müasir  kommunikasiya vasitələri ilə fəal vərdişləri, geniş əlaqələr bu sahədə gənclərimizin imkanlarını genişləndirir.

 

 

 

Sabaha baxış: gənclər üçün əsas istiqamət təhsildir

 

 

 

Gələcəyə doğru yolumuzda bizim əsas gücümüz qüdrətli Ordumuzda Vətənə xidmət edən qəhrəman əsgər və zabitlərimiz, eləcə də cəmiyyət həyatının digər sahələrində yüksək bilik və bacarıqları ilə Azərbaycana faydalı olmağa çalışan, müasir dünyamızın çağırışlarına sürətlə uyğunlaşmağı bacaran gəncliyimizdir. Ordunun qazandığı zəfəri daim bilik, quruculuq əzmi davam etdirir, möhkəmləndirir və əbədi edir. Azərbaycan Prezidentinin gənclərimizə ən əsas çağırışlarından biri də vətənpərvər olmaq, mümkün qədər çox biliklərə yiyələnmək, müasir dünyamızın çağırışlarına uyğunlaşmaq, amma bütün bunlarla yanaşı, milli köklərdən də heç zaman qopmamaq, Azərbaycanın  maraqlarını qorumaqdır. Dövlət rəhbərimiz bu xüsusda demişdir: “Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar... Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlərboyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq... Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

 

Azərbaycan gəncliyi ilə bağlı 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən dövlət proqramlarının qəbulu, uğurla icrası Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrünün mühüm tarixi nailiyyətlərindəndir. Bu dövlət proqramlarının həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərimizin dəstəklənməsi üçünPrezident Mükafatı”nın təsis edilməsi, mütəmadi şəkildə gənclər forumlarının və digər tədbirlərin təşkili, Azərbaycanda könüllülük hərəkatının geniş yayılması gənc nəslin hərtərəfli inkişafını stimullaşdırır.

 

Azərbaycan Prezidenti gənclərə böyük etimad göstərir. Mühüm dövlət vəzifələrində onları irəli çəkir, idarəetmədə geniş iştirak imkanları yaradır. Gənclərimiz beynəlxalq miqyaslı tədbirlərdə, eləcə də idman yarışlarında ölkəmizi ləyaqətlə təmsil edir, öz nailiyyətləri ilə Azərbaycanın adını daha da ucaldırlar. Prezident İlham Əliyevin 2015-ci ilin 26 yanvarında təsdiqlədiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də 2017-ci ilin 15 sentyabrında qəbul olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da ölkə gəncliyinə göstərilən diqqət və qayğının bariz ifadəsidir.

 

Vətənə böyük Zəfər qazandırmış Azərbaycan gəncliyi bundan sonra da ölkəmizin möhtəşəm nailiyyətləri ilə tariximizin yeni şanlı səhifələrini yaradacaq.

 

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2021.- 30 noyabr.- S.8.