İdmançı Elnurun dastana dönən döyüş yolunun bəzi anları

 

 

Hələ 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi özünün bir neçə mərhələsini keçib. Öncə “daş-qalaq”, sonra açıq-gizli terror hadisələri, soyqırımı olan ayrı-ayrı faciələr silsiləsi, nəhayət, dövlət sərhədlərimizin pozulması ilə başlayan savaşlar.

 

1991-1993-cü illərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə təcavüz edəndə onların qarşısına əliyalın çıxan (adicə quş tüfəngini də əlimizdən almışdılar) igidlərimizi həmin savaşda məğlub edən şovinistlər  elə düşünürdülər ki, bununla hər şey bitdi. Atalar yaxşı deyib: “Sən saydığını say...”

 

Hər müşkül işin çözülməsinə, düyünün açılmasına zamanimkan lazımdır. Bunu 44 günlük Vətən müharibəsi əsaslı şəkildə  təsdiqlədi. Havadarlarının siyasi, hərbi dəstəyi və maddi təminatı ilə özlərini “yenilməz” ordu kimi göstərən daşnakların hansı güc-qüvvəyə malik olmasını dünya öz gözləri ilə gördü: onların miflərini darmadağın etdik!

 

Bu qələbəni bizə qazandıran Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını özlərinin qısa, lakin şərəfli ömür yollarındakı vətənsevərlikləri ilə təsdiqləyən qazi və şəhidlərimiz düşmənə gərəkli cavabı verdilər. Qarabağın azadlığı uğrunda canlarından keçən belə igid oğullarımız hər zaman xalqımızın yaddaşında qalacaq. Dövlətimiz isə onların ailələrinə diqqət və qayğısını yüksək səviyyədə həyata keçirməkdədir.

 

Bəli, qalır belə igid oğulların tarixdə əbədi yaşamasına, o da qələm və söz əhlinin mənəvi, həm də vətəndaşlıq borcudur.

 

Belə oğullarımızdan biriElnur Nəcəf oğlu Mustafayevdir ki, 9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdu. Atası Kəlbəcərin Ağcakənd, anası isə qonşu Oruclu kəndindəndir. Elnurun ata babası Abbas Mustafayev Kəlbəcər elinin tanınmış söz ustadlarından biri olub. “Dəmirçi” təxəllüsü ilə yazıb-yaradan şairin bir neçə kitabı da işıq üzü görüb.

 

Elnur Mustafayevin ana babası Zakir Rüstəmov uzun illər Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin direktoru, həmçinin ingilis dili müəllimi olub.

 

Valideynlərinin, qohumlarının erməni terrorçularının işğalı nəticəsində öz yurdlarından məcburi köçkün düşməsi Elnurun həyatında iz qoymaya bilməzdi. Uşaq vaxtlarından valideynlərindən, qohumlarından, xüsusilə də Füruzə nənəsinin dilindən düşməyən, işğalçı tapdağı altında qalan yurdu barədə xoş xatirələri dinləyərək böyüyürdü.

 

Bütün bunlar, həmçinin kiçik yaşlarından onun ailəsinə, vətəninə, dininə və mənəvi dəyərlərinə olan bağlarını daha da qüvvətləndirir, qəhrəmanlarımıza olan sevgisinin formalaşmasında xüsusi rol oynayırdı.

 

Elnur kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olmağa başlayıb. Güclü bədən quruluşu ona bu sahədə  qısa zamanda uğurlar qazanmağa imkan verib. O, yerli, həmçinin xarici ölkələrdə (Türkiyə, İran, Rusiya, Gürcüstan) keçirilən  beynəlxalq yarışlarda iştirak edərək yüksək nailiyyətlər  qazanıb. İran İslam Respublikasında 2016-cı ilin Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə 1-ci yerə layiq görülüb. O, evə gələrək böyük sevinc hissi ilə anasına deyib ki, “ana, mən bu medalı şəhidlərimizin şərəfinə döyüşüb qazandım...”.

 

Elnur xasiyyətcə çox mehriban, gülərüz və dostcanlı idi. 18 yaşı tamam olduqdan sonra, 2020-ci il mayın 7-də hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə xain düşmənin növbəti təxribatından sonra şanlı Azərbaycan Ordusu yağılara qarşı genişmiqyaslı əməliyyata başlayanda Elnur da ilk gündən müharibədə iştirak etdi. Cəsarət və şücaəti ilə seçilən Elnur Mustafayev Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətində gedən döyüşlərdə vətənpərvər igidlərlə çiyin-çiyinə olub. Ən ağır əməliyyatlardan cəsarətlə çıxıblar. Atası ilə telefon danışıqlarının birində içərisi düşmənlə dolu olan 2 maşını məhv etdiyinideyib...

 

Sanki o, şəhid olacağını çox-çox əvvəldən hiss edirmiş. Atası deyir ki, hər fürsətdə ailəsini buna hazırlayırdı. 2020-ci il oktyabrın 30-da Qırmızı Bazar istiqamətindəki şiddətli döyüşlərə qatılır. Şəhid silahdaşının döyüş meydanında qalan nəşini çıxararkən xain düşmənin gülləsinə tuş gəlir. Şəhidlik zirvəsinə ucalan Elnur 31 oktyabr 2020-ci ildə böyük izdiham ilə Bakı şəhərinin Binəqədi rayonundakı Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılır.

 

Elnur Mustafayev Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ata-anasının doğma Kəlbəcərə qayıtması uğrunda canından keçən Elnur Mustafayev kimi şərəfli ömürdöyüş yolu keçən şəhidlərimiz heç zaman unudulmayacaq. Axı, illərin həsrətinə son qoyan Zəfərimizin qazanılmasında onlar şirin candan keçdilər, xalqımızın alnıaçıq, üzüağ yaşaması, müstəqil dövlətimizin daha da inkişafı naminə...

 

 Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.- 30 noyabr.- S.8.