Biləsuvarda keçirilən bu festival fərqli bir tədbir idi

 

 

Səhər saat 9 radələridir. Payızın küləkli, yağışlı-çiskinli havasından sonra doğan günəş öz zərrin şüalarını ətrafa səpələyir. Havanın belə ürəyəyatan olması insanlarda xoş ovqat, yüksək əhvali-ruhiyyə yaratmışdır.

 

Biləsuvar şəhərindən, rayonun qəsəbə kəndlərindən adamlar axın-axın Heydər Əliyev parkına gəlirlər. Burada isə hər kəs öz işi ilə məşğuldur. Hamı birazdan başlanacaq tədbirdə milli mətbəximizin dadlı-ləzzətli nümunələrini təqdim etmək üçün hazırlıq görür. Kişilər samovara od salır, kabab çəkmək üçün manqaldakı kömürü yandırır, hindquşu ətini kəsib-doğrayaraq şişə çəkir, qadınlar isə yaydıqları yuxaları bişirmək üçün sacın altını qalayırlar. Rayon musiqi kollektivlərinin Qarabağ, Qələbə, vətənpərvərlik haqqında ifa etdikləri nəğmələr ətrafa yayılır. Bakıdan gələn bir neçə şirkət öz məhsullarını, eləcə yerli qadınlar hazırladıqları salat xörəkləri nümayiş etdirirlər. Məktəbyaşlı uşaqlara şirin içkilər, döş nişanları, şirniyyatlar, Amerika guşəsində isə qələmlər paylanır. Aznar” QSC-nin məhsulları qonaqların diqqətini daha çox cəlb edir. Şirkətin nümayəndəsi İlqar Quliyev maraqlananlara məlumat verir ki, guşədəki şirələr, mürəbbələr, narşərablar hamısı Göyçayın meyvələrindən hazırlanıb.

 

Tədbirin başlanmasına müəyyən qədər vaxt qaldığını bildikdə festivalın keçirilməsi haqqında məlumat əldə etmək istədik. Bir xanımı işarə verdilər. Həmin xanım isə ərazi boyu çalışan adamlara göstərişlər verirdi. Özümüzü təqdim edərək festival haqqında məlumat almaq istədiyimizi bildirdik. İndi açılış olacaq. Birazdan boş vaxt tapan kimi mən özüm sizə yaxınlaşaram”, - dedi.

 

Bir neçə dəqiqədən sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov həmin xanım - Turizmə Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyinin yaradıcısı Fəxrəndə Həsənzadə festivalı açaraq qonaqlara xoş istirahət arzuladılar. Açılışdan sonra F.Həsənzadə işlərinin çox olmasına baxmayaraq, bizə ətraflı məlumat verdi. Öyrəndik ki, Bakıdan festivala 50 həvəskar aşpaz gəlib.

 

Fəxrəndə xanım dedi ki, təşkilat 2017-ci ildə yaranmışdır düz bir il öncə təsis etdiyi təşkilatın rəhbəri kimi Biləsuvar rayonuna gəlib, Vətən müharibəsində həlak olan şəhid ailələri, habelə qazilərlə görüşüb, onlara imkanı daxilində kömək etməyə çalışıb: “Burada olarkən rayon rəhbərliyi ilə söhbət zamanı Biləsuvarda yetişdirilən hindquşuların dadlı-ləzzətli olduğu barədə eşitdim. Rayon rəhbərliyinə təklif etdim ki, növbəti il noyabr ayının sonunda hindquşu festivalı keçirək. Rayon icra hakimiyyətinin başçısı da etiraz etmədi. Bu gün həmin tədbirimizi reallaşdırırıq. Bakıdan gələn həvəskar aşpazlar, habelə şirkətin nümayəndələri hindquşundan hazırlanmış müxtəlif xörəklər təqdim edirlər. Bildiyimiz kimi, digər yayonlarda da milli mətbəximizlə əlaqədar belə festivallar keçirilir. Biləsuvardakı bugünkü festival isə sırf hindquşundan hazırlanan yeməklərin nümayiş etdirilməsi məqsədilə təşkil olunub. Yeri gəlmişkən bildirim ki, tədbirimizə ABŞ-ın Azərbaycandakı səfirliyi sponsorluq edir”.

 

Fəxrəndə xanım onu da vurğuladı ki, hər il noyabrın sonuncu həftəsinin cümə axşamı Amerikada Şükranlıq bayramı qeyd olunur həmin bayramda 47 milyon hindquşu kəsilir.

 

Orta yaşlı bir qadın bizə yaxınlaşır. Fəxrəndə xanıma: “Çox yaxşı tədbirdir. Minnətdaram ki, məni də dəvət etmisiniz. Mən də Biləsuvardan olan şəhid ailələrinə, qazilərə təmənnasız xidmət etməyə həmişə hazıram”, - deyir. Tanış oluruq. Məlum olur ki, İradə xanım Abdullayeva həkim-oftalmoloqdur.

 

Bu arada Bakıdan gələn evdar qadınlardan Yuliya Əsgərova və Rəna Səlimova Fəxrəndə xanıma hindquşu ətindən hazırlayıb gətirdikləri yeməklər barədə məlumat verirlər.

 

Saat 12 radələridir. Qonaqlar musiqi sədaları altında rəqs edir, şənlənir, deyib-gülürlər. Yerli həvəskar aşpazların bişirdikləri hindquşu kababının qoxusu ətrafı bürüyüb. Festivala gələnlər kababdan götürüb parkdakı ağacların altında qoyulmuş masaların arxasında əyləşir, şirin söhbət edə-edə kababdan dadırlar.

 

İki azyaşlı oğlan uşağı diqqətimizi cəlb edir. Onlara yaxınlaşırıq. Ataları da yanlarındadır. Öyrənirik ki, Nəsimikənd sakini Elnur Kazımdır. Vətən müharibəsi iştirakçısıdır. Hər iki oğlunun gələcəkdə Azərbaycan Ordusunda xidmət etməsini görmək arzusundadır.

 

Parkın bir tərəfində nərd yarışı keçirilir. Başqa bir tərəfdə isə kənd adamları ev təsərrüfatlarında bəslədikləri hindquşlarını nümayiş etdirirlər.

 

Axşamacan davam edən festival onu göstərdi ki, başa çatmaqda olan 2021-ci ili uğurla yola salan biləsuvarlılar yaxşı işləməklə yanaşı, yaxşı istirahət etməyi də bacarırlar.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2021.- 30 noyabr.- S.9.