“Dəmir yumruğ”un SUQOVUŞAN zərbəsi

 

Bir il öncə azad edilən Suqovuşan indi sürətlə dirçəlir, yenidən qurulur

 

 

 

44 günlük müharibədə mövqelərimizdən geri çəkildiyimiz bircə gün belə olmadı, hər gün cəsarətlə daha irəliyə gedirdik. Prezident İlham Əliyevin də dediyi kimi, artıq hər kəs Azərbaycan Ordusunun yalnız irəliyə getməsinə adət etmişdi: “Cəmiyyət praktiki olaraq hər gün mənim “Twitter” səhifəmdə yeni məlumatlar, yaxud xalqa müraciətlərimi gözləyirdi. Bir neçə gün bunlar olmayanda fikirləşirdilər ki, görəsən nə olub? Artıq hamı adət etmişdi ki, biz irəliyə gedirik”.

 

Budur, artıq şanlı Vətən müharibəsinin yeddinci günüdür - 2020-ci il 3 oktyabr...

 

Ötən günlər ərzində cəbhədən ancaq Zəfər səsi eşidən, xoş müjdələr alan Azərbaycan xalqına Ali Baş Komandan İlham Əliyev daha bir qələbə xəbəri verir: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”

 

Döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi üçün 1-ci Ordu Korpusunun bütün şəxsi heyətini təbrik edən Prezident İlham Əliyev həmin gün daha bir ədalətsizliyi aradan qaldıraraq Madagizin tarixi adını bərpa etdiyini açıqlayır: “Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”.

 

 

 

Ermənistanın ən güclü hərbi hissələrindən biri Suqovuşanda idi

 

 

 

Suqovuşan sovet dövründə - 1923-cü ildə Ağdərə rayonunun inzibati ərazisinə kənd kimi daxil edilib. 1943-cü ildə şəhər tipli qəsəbə statusu alıb. 1992-ci ildə Ağdərə rayonu ləğv edildiyindən onun ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həmin zaman Suqovuşan da Tərtər rayonuna birləşdirilib.

 

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Sonradan Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib.

 

Ermənilər işğal dövründə - 2014-cü ildə Suqovuşanda balıqartırma zavodu tikiblər. Təcavüzkar siyasətlərinin ömürlük olacağını düşünən işğalçılar bu kənddə balıqartırma zavodu tikməklə ixracla bağlı da müəyyən xəyallar qurmuşdular.

 

Onlar tikdikləri zavodda yetişdirilən balıq və istehsal edilən qara kürünü xarici ölkələrə ixrac etməyi planlaşdırırdılar.

 

Suqovuşanda yerləşən hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən güclü, hazırlıqlı birləşmələrindən biri hesab olunurdu.

 

Düz bir il əvvəl rəşadətli ordumuz Tərtərin Talış kəndi, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Füzulinin Aşağı Əbdürrəhmanlı kəndləri ilə yanaşı, Suqovuşanı da erməni əsarətindən xilas edib.

 

Azərbaycan Prezidenti İlham Əliyev Suqovuşan əməliyyatına xüsusi diqqət yetirdiyi üçün müharibədən sonra bu əməliyyatda iştirak edən hərbi qulluqçuları da xüsusi olaraq mükafatlandırıb. Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncamına uyğun olaraq, Suqovuşan kəndinin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş 3500-dən çox hərbi qulluqçu adıçəkilən medala layiq görülüb.

 

Dövlət başçısının bu il iyunun 24-də imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 mindən çox hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

 

Suqovuşan döyüşü Azərbaycanın şimal istiqamətdə irəliləməsində mühüm rol oynadı

 

 

 

Suqovuşan Azərbaycan Ordusu üçün çox strateji əhəmiyyətə malik ərazilərdən idi. Uğurlu Suqovuşan döyüşü Silahlı Qüvvələrimizin şimal istiqamətində irəliləməsi baxımından mühüm rol oynayıb. Suqovuşanın azad edilməsi ilə Ağdərə və Ağdamı birləşdirən əsas təminat yolu Azərbaycan nəzarətinə keçib, düşmənin buradan Tərtər rayonuna zərbələr endirməsinə son qoyulub. Olduqca gərgin keçən bu döyüşdə Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirib.

 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyir ki, Suqovuşanın işğaldan azad edilməsi Azərbaycana strateji baxımdan üstünlük verməklə yanaşı, hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün də əlverişli imkan yaradıb. Bu yaşayış məntəqəsinə nəzarət həmin istiqamətdə irəliləmək, başqa istiqamətlərə zərbə endirmək imkanlarını olduqca genişləndirirdi: “Suqovuşan həmin dağlıq bölgədə nəzarət altına alınan ilk yaşayış məntəqəsi idi. Suqovuşanın azad edilməsi Ağdərəyə gedən yola nəzarətin təmin edilməsi demək idi. Bu yaşayış məntəqəsinin azad edilməsi Ağdərəyə gedən yolu demək olar ki, tam şəkildə bağladı”.

 

Ekspert bildirir ki, Suqovuşanın işğaldan qurtulması qarşı tərəfin hərbi imkanlarını məhdudlaşdırdı. Suqovuşan o istiqamətdə olan erməni qüvvələrinin idarə məntəqəsi olduğundan həmin ərazinin işğaldan azad edilməsi düşməni çox çıxılmaz vəziyyətə saldı. Uğurlu Suqovuşan əməliyyatı düşmənin öz qüvvələrini oradan çıxararaq başqa yerə apara bilməsinə imkan vermədi. Digər tərəfdən, Suqovuşandakı yüksəkliklərin hamısı strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi.

 

Ş.Ramaldanov əlavə edir ki, Azərbaycan müharibədən əvvəl digər istiqamətlərlə yanaşı, Suqovuşan üzrə də irimiqyaslı təlimlər keçib. Elə təlimlər zamanı döyüşlər üçün bütün hesablamalar dəqiqliklə aparılıb. Bu isə müharibədə bütün istiqamətlər üzrə hərbi planları çox asanlıqla icra etməyə imkan verib.

 

Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, Suqovuşan işğalçının 4 əsas möhkəmləndirilmiş hərbi-strateji əhəmiyyətli dayaq məntəqələrindən biri idi. 2016-cı ilin Aprel döyüşlərinin getdiyi əsas yerlərdən biri də məhz Suqovuşan olduğundan son dörd ildə düşmən orada mövqelərini daha da möhkəmlətmişdi. Ermənistan onlara havadarlıq edənlərin mütəxəssislərini də cəlb etməklə Suqovuşandakı mühəndis-istehkam qurğularını daha da təkmilləşdirmiş, yeni vizual izləmə sistemi, radioelektron kəşfiyyat vasitələri, zenit raket kompleksi, başqa hərbi texnikalar yerləşdirməklə buranı bir növ alınmaz qalaya çevirmişdi: “Yeri gəlmişkən, zamanında Sərsəng su anbarıyla Suqovuşanı da düşmən özü təkcə deyil, xarici  desantçıların gücüylə işğal etmişdi. Bu mənada Suqovuşanın azad edilməsi təkcə düşmənə deyil, ona havadarlıq edənlərə də ağır dərs oldu. Məhz Suqovuşanın azad edilməsi ardınca Horadiz dəhlizinin açılması nəticəsində Azərbaycan Ordusunun qarşısının kəsilməsi artıq tam mümkünsüzləşdi. Suqovuşanın azad edilməsinin hərbi-strateji önəmi məhz bunda idi”.

 

 

 

Ekoloji terror da aradan qaldırıldı

 

 

 

Suqovuşanın işğal edilməsi 1976-cı ildə istismara verilmiş eyniadlı su anbarının da ermənilərin əlinə keçməsinə səbəb olmuşdu. Bu isə Azərbaycanın su təchizatı imkanlarının məhdudlaşdırılması, ölkəmizin ekoloji terrorla üzləşməsi ilə nəticələnmişdi. Tərtərçay və Turaqaçay çaylarından daxil olan sular hesabına formalaşan, ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar (ha) olan torpaq sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub.

 

Lakin işğal amili Tərtər rayonunun 24 481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6 938 ha, Yevlax rayonunun 5 912 ha, Bərdə rayonunun 12 620 ha, Ağdam rayonunun 29 886 ha və Ağcabədi rayonunun 2 000 ha torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Suqovuşan su anbarının uzun illər işğal altında olması səbəbindən alternativ mənbə kimi subartezian quyularından istifadə edilib.

 

Azərbaycanın əkin sahələrinin Suqovuşan su anbarının suyu ilə suvarılmasına imkan verməyən Ermənistan üçün bu anbar həm də ekoloji terror silahı olub. Bunu Prezident İlham Əliyev bu ilin aprelində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovu qəbul edərkən də xatırladıb: “Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tikdirmişdi ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın”.

 

Prezident elə həmin görüşdə o rayonlara gedən kanalların uzun illər ərzində istifadəsiz qaldığını xatırladaraq vətəndaşların su ilə qısa zaman ərzində təmin oluna bilməsi üçün işlərin görülməsini də zəruri sayıb: “Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir. Təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək”.

 

Suqovuşanın işğaldan azad edilməsi ekoloji problemləri aradan qaldırmaqla yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsinə, burada gələcəkdə əkinlərin davamlı aparılmasına təminat verəcək. Su qıtlığının aradan qaldırılması kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə imkan yaradacaq.

 

Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətindən sorğumuza verilən cavabda bildirilib ki, ərazisi minalardan və digər partlamamış sursatlardan təmizlənən Suqovuşan su anbarında artıq təmir-bərpa işlərinə başlanılıb. Bu işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Təmir-bərpa nəticəsində ümumilikdə 96 min 200 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq. Bununla yanaşı, Suqovuşan hidroqovşağının və ondan su götürən uzunluğu 5,2 km olan magistral beton kanalın layihə sənədləri Fövqəladə Hallar Nazirliyi tərəfindən ekspertiza olunur. Tərtərçay Sol Sahil kanallarının təmir və yenidən qurulması üçün texniki iqtisadi əsaslandırılma və layihə sənədləri hazırlanaraq aidiyyəti təşkilatlara təqdim olunub.

 

Deputat Sahib Alıyev Suqovuşanın azad edilməsi ilə ermənilərin əlindən ekoloji terror silahının çıxdığını söyləyir: “Suqovuşan su qovşağı olmasına baxmayaraq,

 

30 ilə yaxın işğalçının və onun yaratdığı qondarma separatçı rejimin əlində ekoloji terror silahına çevrilmişdi. Yayda Tərtərdə və ətraf rayonlarda suya böyük ehtiyac yaranan vaxt Qarabağdakı qondarma rejim oradan bir damla belə çıxmağa qoymur, payızda və qışda isə çoxlu miqdarda su buraxmaqla daşqınlar yaradırdı. Suqovuşanın azad edilməsiylə bu ekoloji terror silahı düşmənin əlindən çıxmış oldu”.

 

 

 

Suqovuşan turizm məkanına çevriləcək

 

 

 

Suqovuşan həm də Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli ərazilərdəndir. Erməni işğalı Azərbaycanın Suqovuşanda yerləşən, enerji təchizatında əhəmiyyətli rol oynayan, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarından da istifadə imkanlarını əlindən almışdı. Lakin işğaldan azad edildikdən sonra həmin stansiyaların əsaslı təmirə ehtiyacının olduğu üzə çıxdı. Ərazini işğal etməklə kifayətlənməyən erməni qəsbkarları Suqovuşandakı 4, 8 və 3 MVt gücündə olan kiçik elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıblar, apara bilmədiklərini isə dağıdıblar. Döyüşlər zamanı stansiyalara ciddi ziyan dəydiyindən bu SES-lərin təmirinə ehtiyac yaranmışdı.

 

Bu ilin yanvar ayından stansiyada sazlanma işlərinə başlanılıb və iyunun əvvəlindən “Suqovuşan - 1” və “Suqovuşan - 2” stansiyaları istismara verilib.

 

Lakin Suqovuşanın Azərbaycan iqtisadiyyatı üçün verə biləcəyi töhfə bundan ibarət deyil. Əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarət olan kəndin ərazisindən Tərtər çayının axması buranı turizm baxımından olduqca cəlbedici edir. Suqovuşanın turizm məkanlarından birinə çevrilməsi Azərbaycanın gələcək hədəflərindəndir.

 

Azərbaycan Prezidenti İlham Əliyev artıq Suqovuşanın turizm potensialının inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Azərbaycan Televiziyasına bu ilin iyul ayında müsahibə verən dövlət başçısı Suqovuşanın turistlər üçün maraqlı olacağını söyləyib: “İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm turistlər üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir. Naftalana gələn qonaqların, - istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun”.

 

 

 

Qədim Alban məbədi - Müqəddəs Yelisey monastırı da azad olundu

 

 

 

İşğal dövründə ermənilər Suqovuşanın yalnız iqtisadi imkanlarından faydalanmağa çalışmayıblar. Onlar buradakı dəyərli abidələri də erməniləşdirməyə cəhd göstəriblər.

 

Azərbaycanın ən qədim tarixə malik olan ərazilərindən olan Suqovuşan qədim Alban dövlətinin izlərini yaşadan məkanlardandır. Tərtər rayonunun Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən, tarixi-memarlıq abidəsi olan Müqəddəs Yelisey kompleksinə daxil olan ilk tikililərin inşası Qafqaz Albaniyasının Arşakilər sülaləsindən olan hökmdar III Mömin Vaçaqanın adı ilə bağlıdır. Albaniyanın qüdrətli hökmdarı Cavanşirin sifarişi ilə “Alban ölkəsinin tarixi”ni yazan tarixçi-salnaməçi Moisey Kalankatlı da bu əsərində monastır haqqında məlumat verir.

 

Azərbaycan SSR Elmlər Akademiyasının 1970-ci ildə Müqəddəs Yelisey monastırında apardığı ekspedisiyaya rəhbərlik edən arxeoloq Rəşid Göyüşov yazırdı ki, bu məbəd Albaniyada xristianlığın ilk təbliğatçısı Yeliseyin şərəfinə tikilib, alban çarı mömin Vaçaqan burada dəfn edilib. Aparılan tədqiqatlar göstərdi ki, məbəd IX-X əsrlərdə dağıdılıb. XI əsrdə burada dağıntılar üzərində yeni monastır kompleksi inşa olunub.

 

Ermənilər işğal dövründə məhz Vaçaqanın qəbrini hədəf götürməklə Müqəddəs Yelisey kompleksini də siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstəriblər. Uzun illər işğal altında olan Müqəddəs Yelisey monastırını erməniləşdirməyə səy göstərən düşmən bu niyyətinə nail ola bilməyib. Vətən müharibəsində işğaldan azad olunan torpaqlarımız, o cümlədən bir çox tarixi-dini tikililərimiz kimi, Azərbaycan dövləti bu monastırı da əsaslı şəkildə bərpa edəcək.

 

 

 

Suqovuşan tarixi adının qaytarılması Azərbaycanın ədalətə qovuşacağının rəmzi ifadəsi idi

 

 

 

Azərbaycan tarixinin izlərini tam silməyə çalışan ermənilər Qərbi Azərbaycanda və Qarabağda təxminən 700-dən çox toponimi saxtalaşdıraraq onları süni şəkildə erməniləşdiriblər. Həmin yer adlarının 200-dən çoxu Qarabağ ərazisindədir. Erməniləşdirilmiş adların sırasında yalnız yaşayış məntəqələrinin deyil, dağ, dərə, bulaq və s. adları da var. Erməniləşdirilmiş adlardan biri də Madagiz olub.

 

Milli Məclis yanında Toponomiya Komissiyasının sədri, deputat, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, son zamanlar alimlər Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin tarixi torpaqlarımızdakı Azərbaycan toponimlərinin dəyişdirilməsi haqqında verdiyi qərarları üzə çıxarıblar. Məlum olub ki, bəzən bir iclasda verilən qərarla bir necə kəndin adının dəyişdirilməsinə qərar verilib.

 

Ermənilərin toponimlərimizə qarşı terror həyata keçirdiyini vurğulayan akademik bildirir ki, müharibənin yeni başlandığı dövrdə Qarabağdan axan bir necə çayın qovuşduğu əraziyə Suqovuşan adının verilməsi Azərbaycanın öz ədalətinə qovuşacağının rəmzi ifadəsi idi. Bu, müharibənin qələbə ilə başa çatacağının işarəsi idi: “Həqiqətən də, bu döyüşdən sonra Azərbaycan Ordusu hər gün yeni əraziləri işğaldan azad edərək bizi böyük qələbəyə çatdırdı. Suqovuşan eyni zamanda Qarabağın yeni həyata qovuşmasını da səciyyələndirirdi”.

 

Akademik qeyd edir ki, hələ müharibə dövründə Prezident İlham Əliyev tərəfindən bir necə toponimin dəyişdirilməsi təklif edildi. Bu təklifə uyğun olaraq, Toponomiya Komissiyası Madagiz də daxil olmaqla, bir necə adın dəyişdirilməsi haqqında qərar qəbul etdi. Lakin hazırkı mərhələdə azad edilmiş ərazilərdə minalardan təmizlənmə işləri başa çatmadığından erməniləşdirilmiş digər toponimlərin, ərazilərin coğrafi xüsusiyyətlərinin öyrənilməsi məsələsində çətinliklər yaranır. Hazırda isə Qarabağdakı erməniləşdirilmiş toponimlərin yaxın gələcəkdə müzakirə olunması üçün elmi cəhətdən hazırlıq işləri aparılır.

 

Minalardan təmizlənmə işləri başa çatandan, əhali həmin ərazilərə köçürüləndən sonra həm xalq yaddaşı, həm xəritələr, həm də yerli toponimlərin coğrafi şəraitinin öyrənilməsi əsasında erməniləşdirilmiş toponimlərin milliləşdirilməsi istiqamətində işlər davam etdiriləcək. Hazırda bu istiqamətdə elmi cəhətdən hazırlıq işləri aparılır. Tarixi torpaqlarımızda toponimlərimizin süni şəkildə erməniləşdirilməsinin aradan qaldırılması məqsədilə Ermənistanda dəyişdirilmiş Azərbaycan toponimləri ilə bağlı vaxtilə akademik Budaq Budaqov və tarix elmləri doktoru Qiyasəddin Qeybullayevin hazırladığı kitab təkrar çapa hazırlanır.

 

 

 

Suqovuşanın yaratdığı reallıqlar

 

 

 

2020-ci il oktyabrın 3-də öz kökünə qayıdan, tarixin ədalətinə qovuşan Suqovuşan Azərbaycan Ordusunun qazandığı strateji əhəmiyyətli ilk qələbələrdən idi. Lakin 44 günlük müharibənin Zəfər yolu hələ bundan sonra 37 gün də davam edəcək.

 

Ali Baş Komandan İlham Əliyevin cızdığı zəfərin izi ilə gedən Azərbaycan əsgəri alınmaz Şuşa qalasının sədlərini də inanılmaz cəsarəti ilə adlayıb keçərək Azərbaycan xalqını illərlə həsrət qaldığı möhtəşəm qələbəyə qovuşduracaq. Bu qələbə sayəsində 10 Noyabr təqvimizə vüqarla, qürurla qeyd edə biləcəyimiz Zəfər Günü kimi daxil edildi.

 

Azərbaycan bu zəfəri daha tez - əvvəlki illərdə də əldə edə bilərdi. Lakin müharibə üçün tələsməyən Azərbaycan lazım gələrsə, torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini dəfələrlə xatırlatmışdı. Prezident İlham Əliyevin dediyi kimi: “Biz sadəcə olaraq qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı”.

 

Elə buna inanmaq da Ermənistanın fəlakətinin səbəbi oldu. Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxarmadığı üçün bu gün Ermənistan saysız-hesabsız itkilərinə görə 44 günlük müharibəni kədər, Azərbaycan isə 200 ildən sonra tarixinə yazılan qalibiyyətə görə sevinc hissi ilə yad edir.

 

İkinci Qarabağ müharibəsinin ildönümü ilə əlaqədar keçirilən sorğuda iştirak edən Ermənistan vətəndaşları bu müharibədə bütöv bir gənc nəsli itirdikləri üçün hələ də kədər hissi keçirdiklərini etiraf edirlər: “Azərbaycan “bunu edəcəm” (torpaqların azad edilməsi) deyirdi və etdi də. İndi bizim yaralarımızı zaman da sağaltmaz. Ancaq görünür ki, bu müharibədən hələ hər kəs nəticə çıxarmayıb”.

 

Lakin onlardan fərqli olaraq, Azərbaycan Prezidenti, Azərbaycan xalqı yenidən müharibə istəmir. “Mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa” deyən dövlət başçısı ermənilərə növbəti mesajını da göndərib.

 

Ermənistanın 10 noyabr bəyanatının şərtlərini kobudcasına pozduğunu xatırladan Ali Baş Komandan bunu da nəzərə çatdırıb ki, biz hələlik səbirli, təmkinli davranırıq: “Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”.

 

Müharibədən sonra Ermənistan tərəfdə yenidən revanşist qüvvələrin baş qaldırması bir daha təsdiqləyir ki, ermənilər, özlərinin də etiraf etdiyi kimi, hələ bu müharibədən nəticə çıxarmayıblar. Belə görünür ki, düşmən 1 il əvvəl Azərbaycanın onun başına vurduğu “dəmir yumruğ”un gücünü unudur, yenidən müharibə istəyir. Ancaq kimin qalib gələcəyi indidən bəlli olan bu müharibə hələ də matəm içində olan Ermənistana lazımdırmı?!

 

 

 

İlhamə İSABALAYEVA,

Azərbaycan.-2021.- 3 oktyabr.- S.1;4.