Bir il əvvəl Gəncə müdhiş günlər yaşadı

 

Ermənistanın Gəncəyə oktyabrın 4-dən başlayan raket hücumları bütün bəşəriyyətə qarşı törədilən cinayət idi

 

 

 

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında uzun illər Zəfərin başlanğıcı kimi qalacaq. Həmin gün başlanan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı.

 

30 ilin həsrətinə son qoyan 44 günlük müharibənin əks-sədası bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu qısa vaxt ərzində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixinə əsl qəhrəmanlıq dastanı yazdı.

 

Ermənistan 30 il idi ki, Azərbaycana qarşı təhdidlərlə çıxış edirdi. Düşmən ölkə “yeni ərazilər uğrunda yeni müharibə” aparmaq iddiasında idi. Amma işğalçılar bilmirdilər ki, ölkəmiz artıq 90-cı illərdəki Azərbaycan deyil.

 

Artıq bizim qətiyyətli Ali Baş Komandanımız, güclü Ordumuz, etibarlı müttəfiqlərimiz vardır. Bunlarınsa nə demək olduğunu Ermənistan 44 gün ərzində gördü. Cəmi 44 gün davam edən Vətən savaşında əsgər və zabitlərimiz təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri düşməndən azad etdilər. Noyabrın 10-da imzalanmış üçtərəfli sazişlə isə Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan, bir şəhid verilmədən Azərbaycana qaytarıldı.

 

Lakin düşmən müharibə günlərində hər cür çirkin əməllərə əl atdı - mülki əhalini atəşə tutdu, insan tələfatı ilə nəticələnən terror aktları törətdi, yaşayış yerlərinə bombalar və hətta qadağan olunmuş raketlər atdı. Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi. Azərbaycan isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək öz torpaqları uğrunda yalnız cəbhədə savaş aparırdı.

 

Həmin dövrlər Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni 5 dəfə ayrı-ayrı vaxtlarda raket atəşinə tutdu.

 

Birinci hücum: Oktyabrın 4-də birinci dəfə atılan raketlərin törətdiyi dağıntılara görə Azərbaycan tərəfi məsuliyyəti Ermənistanın daşıdığını bildirsə də, qarşı tərəf bu ittihamı rədd etdi. Hücuma görə məsuliyyəti keçmiş Dağlıq Qarabağın rəsmiləri öz üzərlərinə götürdülər. Onlar hədəfin insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Hava Limanı olduğunu bildirdilər. Halbuki Gəncədə ümumiyyətlə, hərbi təyinatlı binalar yox idibu günyoxdur.

 

Qeyd edək ki, həmin gün atılan üç raket zərbəsi nəticəsində bir nəfər həlak olmuş, 36 nəfər müxtəlif bədən xəsarətləri almışdır. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən evlər tamamilə dağılmış, nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdir.

 

İkinci hücum: Oktyabrın 5-də Ermənistan tərəfindən atılan növbəti raketlər Gəncənin “Grand Qafqaz” Ticarət Kompleksinə düşdü. Səhər saatlarında atılan 3 raket zərbəsi nəticəsində 3 nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirildi. Şah İsmayıl Xətai prospektində yerləşən ticarət mərkəzinə külli miqdarda ziyan dəydi. Bundan başqa, “İmamzadə” dini kompleksində də dağıntılar oldu.

 

Üçüncü hücum: Oktyabrın 8-də ermənilər Gəncəyə üçüncü raketi atdılar. İnsanların şirin yuxuda olduğu vaxt endirilən zərbə nəticəsində ölən və yaralanan olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Gecə saat 3 radələrində atılan raket Həsən Əliyev və Pərviz Səmədov küçələrində yerləşən qeyri-yaşayış sahəsində xeyli dağıntı törətdi, bir avtomobil tamamilə yararsız hala düşdü. Bundan başqa, 1887-ci ildə xeyriyyə vəsaiti ilə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə də ziyan dəydi.

 

Dördüncü hücum: Oktyabrın 11-də yerli vaxtla saat 02:00-da atılan raketlər şəhərdə böyük dağıntılar törətdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, şəhər Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələri tərəfindən “Skadtipli ballistik raketlərlə atəşə tutulmuşdur. Raketlər yaşayış ərazisinə düşmüş və ətrafda olan bütün binaları dağıtmışdır. Böyük dağıntılar törədən raket 31 mənzili tamamilə uçurmuş, hadisə yerində və onun yaxınlığındakı obyektlərə ciddi ziyan vurmuşdur. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşmüşdür. 10 nəfər həlak olmuş, 34 nəfər yaralanmışdır.

 

Beşinci hücum: 17 oktyabrda, təxminən yerl vaxtla 01:00-da ermənilər yenə “Skadballistik raketləri ilə Gəncəni atəşə tutdular. Aida İmanquliyevaSamir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində böyük dağıntı oldu. Çünki raketlər əhalinin sıx yaşadığı əraziyə düşmüşdü. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan gördü. Hadisə zamanı 20 ev dağılmış, xeyli sayda mülki şəxs dağıntının altında qalmışdır. Hücum nəticəsində 15 nəfər həlak olmuş, 54 nəfər yaralanmışdır.

 

Beləliklə, Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olmuş, 29-u uşaq olmaqla, ümumilikdə 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirmişdir.

 

Bəli, erməni faşistləri insanlığa sığmayan bu cür əməlləri ilə beynəlxalq norma və prinsipləri kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri törətmişdir.

 

Buna baxmayaraq, tutduğu cinayət hadisələrini ört-basdır etməyə çalışan Ermənistan KİV-də, eləcə də sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərlər yaymağa başlaşdı. Lakin hadisə yerlərindən yerlixarici medianın yaydığı foto və videogörüntülər bu yalanları ifşa etdi.

 

Bütün xalqımız, o cümlədən gəncəlilər də yaxşı başa düşürdülər ki, Azərbaycanın haqq davasında ermənilərin törətdikləri bu cinayətlər suda boğulanın saman çöpündən yapışmasıdır. Məhz buna görə Ermənistanın Gəncəni raket atəşinə tutması sakinlər arasında ruh düşgünlüyü yaratmadı. Əksinə, gəncəlilər bir daha əmin oldular ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tezliklə düşmən üzərində qəti qələbə qazanacaq.

 

Qeyd etdiyimiz kimi, Gəncəyə atılan raketlər nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Onların arasında məktəblilər də var idi. Həlak olmuş 35 nəfərdən 10 nəfəri məktəbli idi. 32 nömrəli məktəbin 2-ci sinif şagirdləri Ömər Mehdiyev və Dinarə Muradova, 3-cü sinif şagirdləri Murad CavadovHüseyn Əliyev, 6-cı sinif şagirdi Sevinc Rəhimova, 11-ci sinif şagirdi Səlim Mustafazadə,

 

20 nömrəli məktəbin 10-cu sinif şagirdi Arzu Əliyeva, 25 nömrəli məktəbin 6-cı snif şagirdi Şəfa Şirinova və 7-ci sinif şagirdi Şəmiddin Şirinov isə yaralanmışdılar. Raket atəşi nəticəsində dağılan evlərdə 29 nömrəli məktəbin 4 şagirdi həlak olmuş, 9-cu sinif şagirdi Amin Əsgərov isə ağır yaralanmışdır. Ermənilərin törətdikləri vandalizm aktı nəticəsində Gəncədə 3 uşaq hər iki valideynini itirmişdir.

 

Gəncədə dinc sakinlərin raket atəşinə tutularaq qətlə yetirilməsi düşmənin nə qədər qəddar və məkrli olduğunu bir daha sübut etdi. İşğalçılar beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozmaqla dinc əhalini hədəfə almış, yaşlılara və azyaşlı uşaqlara qarşı soyqırımı törətmişlər. Humanitar atəşkəsin imzalandığı vaxtdan cəmi

 

14 gün sonra Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə uzaqvuran ballistik raketlərin atılması nə müharibə qanunlarına, nə də insanlığa sığan bir cinayət idi. Amma o da məlum idi ki, Ermənistanın bu əməlləri cəbhədəki uğursuzluqlarının nəticəsidir. 44 gündə müzəffər Azərbaycan Ordusu irəlilədikcə, döyüşlərdə qələbələr qazandıqca düşmən öz məkrli niyyətini bu yolla həyata keçirməklə məğlubiyyətlərini ört-basdır etməyə çalışırdı.

 

Bu cinayətə xarici jurnalistlər susmadı. Ukraynalı jurnalist Yuri Butusov dağılmış evləri görərkən demişdir ki, bu, çox təsiredicidir: “Mən burada gördüklərimi ömrüm boyu unutmayacağam”. Ukraynalı digər jurnalist Taras Berezovets isə bildirmişdir ki, işğalçı ermənilərin Qarabağdakı cinayətlərinin sübutlarını toplamaq çox vacibdir: “44 günlük müharibə haqqında çox oxumuşam. Elə mən özüm bu barədə dəfələrlə yazmışam. Ancaq burada gördüklərim məni heyrətə gətirdi”.

 

Rusiyalı siyasətçi jurnalist Maksim Şevçenko da Gəncəyə səfəri çəçivəsində ermənilərin atdıqları ballistik raketlərin dağıtdıqları ərazilərdə olarkən dinc əhaliyə raket hücumunu terrorun qatı nümunəsi kimi dəyərləndirmişdir: “Bu əməllərin məqsədi mülki sakinlərin öldürülməsi şəhərdə miqyaslı dağıntılar törədilməsi yolu ilə kütləvi vahimə yaratmaq olub. Lakin bu xain hücumlar əks nəticə verdi. Azərbaycanlılar bunun cavabını öz doğma torpaqlarını qaytarmaq üçün açdıqları hərb meydanında verdilər, terror hücumlarından ölənlərin əvəzinə vuruşub, onların da qisasını aldılar”.

 

İtaliyanın nüfuzlu xəbər agentliklərinin əməkdaşları da Gəncədə gördüklərindən heyrətə gəlmişdilər. Bu ölkənin televiziya kanalları, xəbər agentlikləri, o cümlədənRai”, “Mediaset”, “Ansa”, “Agi”, “La7”, “İl Sole 24 Ore”, “İl Giornale”, “Adnkronos”, “Notizie Tiscali”, “Notizie Yahoo” digər kütləvi informasiya vasitələri Ermənistanın törətdiyi vəhşiliklər haqqında çoxsaylı materiallar hazırlayıb yaymışlar.

 

Ümumiyyətlə, 44 günlük müharibə haqqında dünyanın bir çox nüfuzlu KİV-i Azərbaycanın haqq işi ilə əlaqədar çoxsaylı məqalələrlə çıxış etmişlər. Türkiyə, Argentina, Xorvatiya, İsrail, Malayziya, İndoneziya, Pakistan s. ölkələrin kütləvi informasiya vasitələrində Qarabağın işğaldan azad olunmasında Azərbaycan Ordusunun qazandığı uğurlardan, eləcə Ermənistanın dinc əhaliyə qarşı apardığı terror aktlarından bəhs edən materiallar verilmişdir.

 

Artıq neçə vaxtdır Gəncədə erməni terroru nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına başlanılmışdır. Bu ziyanlar isə az deyil. Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnmiş ya tamamilə dağılmışdır.

 

Bu gün qismən ziyan dəymiş 253 evin təmiri başa çatdırılmışdir. 893 evdə isə işlər davam edir. Bununla yanaşı, 24 qəzalı evdən 10-nunun tikintisi aparılır, 14 evin fərdi layihəsi hazırlanır. 10 ailə isə yeni tikilmiş çoxmərtəbəli binalarda evlə təmin edilmişdir.

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2021.- 3 oktyabr.- S.1;7.