"Artıq
mövcud olmayan qurumun statusu haqqında
danışmağın yeri yoxdur"
Fərqli
dini və ya etnik mənşəyi olan istənilən digər
Azərbaycan vətəndaşı kimi, ermənilərin də
eyni hüquqları, imtiyazları və öhdəlikləri
olacaq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
İspaniyanın EFE informasiya agentliyinə müsahibə
verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Sabahınız xeyir, cənab Prezident.
- Sabahınız xeyir.
- Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm.
- Təşəkkür edirəm. Sizi görməyə çox şadam.
- Mən həqiqətən buna görə Sizə minnətdaram.
- Təşəkkür edirəm. Auditoriyanız qarşınızda çıxış etmək imkanına görə sizə təşəkkür edirəm.
- Dərhal
suallara keçəkmi?
- Bəli,
necə istəyirsiniz.
- Cənab
Prezident, bir il bundan əvvəl
Dağlıq Qarabağda müharibə
başlamışdır və Siz əksər ərazilər
üzərində nəzarətə təkrarən yiyələndiniz.
Noyabrda Siz mənə dediniz ki, müharibədən
sonra bir araya gəlməyə və ya danışıqlar
masasına qayıtmağa razı olacaqsınız. Siz
indi baş nazir Paşinyanla birbaşa bir araya gəlməyə
hazırsınızmı və əgər cavabınız “bəli”dirsə,
bu, nə zaman baş verəcək və hansı formatda?
- Bəli,
sizə keçən dəfə dediyim kimi biz hazırıq. Əslində, danışıqlar və təmaslar
başlamışdır. Azərbaycan, Ermənistan
və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində
əməkdaşlığın formatı mövcuddur və
bu format kommunikasiyaların açılması məsələsinə
həsr olunub. Həmçinin bu
yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin
görüşü baş tutub. Bu,
müharibə bitəndən sonra birinci dəfə baş
vermişdir. Bizim nazirin mənə verdiyi məlumata
görə hesab edirəm ki, görüş konstruktiv və
ümidverici olmuşdur. Bizim mövqeyimiz
müharibə bitəndən sonra dəyişməz olaraq
qalır. Biz Ermənistanla hər iki
ölkənin ərazi bütövlüyünün
qarşılıqlı tanınması əsasında normal
münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin
delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən
sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi
üzərində Ermənistanla işləməyə
başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən
və digər Azərbaycan rəsmiləri tərəfindən
dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də
buna müsbət cavab verməyib. Beləliklə, bizim
mövqeyimiz dəyişməz olaraq qalır və bəzi
addımlar var, lakin hesab edirəm ki, biz bu il
ərzində daha çox irəliləyişə nail ola bilərdik.
- Lakin Sizin bu gün baş nazir Paşinyanla bir araya gəlməyə
heç bir niyyətiniz yoxdur?
- Mən
hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də
hazıram. Bizim bir
görüşümüz olmuşdur və o, Rusiya Prezidenti
Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində
üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən
zaman danışmağa hazıram. Beləliklə, mən
bu müzakirələrə açığam və hesab edirəm
ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin
çevrildiyinin yaxşı göstəricisi ola
bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi
isteblişmentində revanşizm cəhdlərini
nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq
hüquq əsasında bizə məxsus olan əraziləri təkrar
ələ keçirmək üçün gələcək
planların qurulması cəhdlərini görür və
eşidirik. Buna görə, Ermənistan
hökumətinin iradəsi, ciddi iradəsi, təkcə
sözlər, bəyanatlar yox, əməllər müharibənin
bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi
nümayiş etdirəcək.
- Lakin Ermənistan üçün hələ
Dağlıq Qarabağın statusu məsələsi var və
keçmişdə Siz onlara qismən muxtariyyət kimi imkanlar
təklif etmişdiniz. Bu, hələ də qüvvədədirmi,
yoxsa artıq müzakirə predmeti deyil?
- Səmimi
desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin
statusu ilə bağlı heç bir bəyanat eşitməmişik.
Əfsuslar olsun ki, bu fikirlər bəzi digər
ölkələr, onların yüksək səviyyəli
nümayəndələri tərəfindən səslənir.
Bizim mövqeyimizə gəldikdə, mən bunu
dəfələrlə bildirmişəm. Demək
olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın
mövqeyi çox konstruktiv olmuşdur. Biz
deyirdik ki, - Minsk qrupunun həmsədrləri bunu çox
yaxşı bilirlər, - Azərbaycanda yaşayan ermənilərə
müəyyən səviyyədə özünüidarəetmə
verməyə hazır idik. Lakin bu
mövqeyi Ermənistan tərəfi həmişə rədd
etmişdir və onlar həmişə “Dağlıq
Qarabağ” adlandırdıqları ərazi üçün
müstəqillik tələb edirdilər. Lakin bu gün,
müharibə bitəndən və münaqişə öz həllini
tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu,
dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin
mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu
haqqında danışmağın yeri yoxdur. Çünki
Dağlıq Qarabağ mövcud deyil. Bizim
ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi
zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman
imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və
Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq
və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət
daşıdığı ərazidə - Qarabağda
yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır.
Onların fərqli dini və ya etnik mənşəyi
olan istənilən digər Azərbaycan vətəndaşı
kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri
olacaq. Qısaca desək, status məsələsinə
qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs
bu məsələni unutmalıdır.
- Sizin
dediyiniz kimi, sərhədlərin delimitasiyası, hərbi əsirlər,
minalardan təmizləmə kimi müzakirə
olunası bir çox başqa məsələlər var. Bu məsələlər
üzərində iş necə gedir? İrəliləyiş
varmı, yoxsa hər şey dayanıb?
-
Dırnaqarası müharibə əsirlərinə gəldikdə,
mən sizin tamaşaçılarınız üçün
bu məsələyə aydınlıq gətirmək istəyirəm.
Mən dəfələrlə beynəlxalq
hüququn normalarına və beynəlxalq konvensiyalara istinad edərək,
hansı şəxslərin müharibə əsirləri hesab
oluna biləcəyi ilə bağlı
danışmışam. Beynəlxalq
konvensiyalara əsasən, belə şəxslər müharibə
zamanı saxlanılmış və ya əsir
götürülmüş insanlardır. Müharibə
zamanı saxlanılmış bütün şəxslər
müharibə başa çatan kimi tərəfimizdən dərhal
qaytarılıb. Əslində, biz
onları Ermənistan bizim əsirləri qaytarmamış geri
vermişik. Ermənistan və bəziləri
tərəfindən “müharibə əsirləri”
adlandırılan sonra saxlanılmış və artıq həbsdə
olanlar bu kateqoriyaya daxil deyillər. Bu
adamlar işğaldan azad olunmuş ərazilərə
noyabrın sonunda - müharibənin başa çatmasından
və Ermənistanın kapitulyasiya aktını
imzalamasından iki həftə sonra göndərilənlərdir.
Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində
saxlanılıblar. Bunlar 62 nəfərdən
ibarət olub və onların bəziləri cinayətlər
törədiblər. Onlar bizim hərbçilərimizə
hücum edib və dörd nəfəri qətlə yetiriblər.
Yəni, bunlar müharibə əsirləri
deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə
hücum etmək məqsədilə göndərilmiş
terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində
onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın
göstəricisi idi.
Ermənistan tərəfindən işğal altında
olmuş keçmiş ərazilərdə
basdırılmış minaların xəritələrinə
gəldikdə, burada söhbət yüz minlərlə minadan
gedir. İlkin olaraq, minalanmış ərazilərin xəritələri
tərəfimizdən tələb edildikdə, Ermənistan
hökuməti ən yüksək səviyyədə bəyan
edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə
Ermənistanın xəritələri bizə verməməsi
nəticəsində mülki vətəndaş və hərbçilərimiz
arasında 150 nəfər həlak olmuş və ya
ağır yaralanmışdır. Bu
yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin
xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir
ki, Ermənistan bizə dəqiq xəritələr təqdim
etsin. Həmin xəritələrdə
minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə
mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin.
Belə xəritələr onlarda var. Bunu etsələr,
xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat
cavab verəcəyik.
- Minsk
qrupu vasitəçiliklə məşğuldur, ancaq kömək
təklif edən digərləri də var. Məsələn,
Avropa İttifaqı minaların təmizlənməsi və sərhədlərin
delimitasiyasında yardım göstərməyi təklif edib. Bu məsələ tərəfinizdən nəzərdən
keçirilirmi? Postmüharibə
dövründə Avropa İttifaqı hər hansı bir rol
oynaya bilərmi?
- Bəli,
biz bu təşəbbüsləri dəstəkləyirik. Bu mövzular bizim rəsmilər və Avropa
İttifaqı nümayəndələri arasında
çoxsaylı təmaslarda müzakirə edilir. Bundan əlavə, cari ilin yayında Avropa İttifaqı
Şurasının prezidenti cənab Şarl Mişelin Azərbaycana
səfəri zamanı biz vəziyyəti geniş müzakirə
etdik və fəal şəkildə çalışmaqla
bağlı birgə niyyətimizi ifadə etdik. Avropa İttifaqı yenidənqurma və dinc
mühitin yaradılması kimi müxtəlif sahələrdə
təcrübəyə malikdir. Beləliklə,
Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək
və hər iki tərəfi razılığa gətirməklə
bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri
dəstəkləyirik. Lakin bildiyimə
görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul
edib-etməyəcəyi ilə bağlı qərar verməyib.
Azərbaycanın mövqeyi isə olduqca
açıqdır. Biz işləməyə
hazırıq və müxtəlif səviyyəli dövlət
rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar.
Avropa İttifaqı bizə delimitasiya,
kommunikasiyaların açılması və postmüharibə
dövründə inkişaf məsələlərində
yardım edə bilər. Biz, həmçinin
Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi
ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan
üçün 2.6 milyard avro həcmində iqtisadi yardım
paketinin hazırlanması prosesindədir. Bu proses
artıq başa çatmış da ola
bilər. Əlbəttə, bizim gözləntimiz
ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni
şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik
olmalıdır. Çünki
işğaldan əziyyət çəkmiş olan ölkə
bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə
dağıdılmış ərazimiz, yüzlərlə
şəhər və kəndlərimiz var. Bu səbəbdən
biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin
qeyri-balanslı olmasına dair öz narahatlığımızı
ifadə etdik. Hazırda biz Avropa İttifaqı
ilə təmaslarımızı davam etdiririk və onlardan bizə
iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik.
Avropa İttifaqı çox iş görə
bilər. Biz bu imkanlardan istifadə etməyə
hazırıq və Avropa İttifaqına dürüst vasitəçi
kimi etibar edirik.
-
Mülki əhalinin işğaldan azad olunan ərazilərə
nə zaman qayıda biləcəyini təxmin edirsiniz?
- Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər
minalardan təmizlənməyincə biz insanları geri qaytara,
həyatlarını təhlükə altında qoya bilmərik.
Dəfələrlə dediyim kimi, bu işdə
bizim əsas rəqibimiz zamandır. Biz
minalardan təmizləmə işini özümüz həyata
keçiririk. Biz Minatəmizləmə
Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin
də sayı artırılıb. Lakin bu,
vaxt tələb edir. Bununla belə,
minaları təmizlədiyimiz yerlərə gəldikdə,
biz mülki əhali üçün artıq qəsəbələri,
şəhərləri və kəndləri tikməyə
başlamışıq. Birinci gördüyümüz
iş tələbatların və infrastrukturun tam nəzərdən
keçirilməsi oldu. Elektrik enerjisi
infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam
hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına
aid olan məsələlər də vacibdir. Biz artıq
bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən
birinə sərmayə qoymağa başlamışıq və
ola bilsin, bu ilin sonuna və ya gələn
ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul
edə biləcək. Bu proses artıq gedir. Bütün
şəhərlər üçün baş planlar
hazırlayırıq. Sonra isə kəndlər
üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin
yenidən qurulmasına yalnız bu il
üçün 1 milyard 300 milyon dollar həcmində vəsait
ayırmışıq.
Beləliklə, bunun başlamasının dəqiq
vaxtını söyləmək çətindir. Lakin proses mərhələli
şəkildə başlayacaq. Qeyd etdiyim kimi,
birinci mərhələ bir neçə ay davam edəcək.
-
Müharibə zamanı Türkiyə sizə dəstək verdi. Rusiya atəşkəs
üçün vasitəçi kimi çıxış
etdi və sülhməramlıları göndərdi. Fikrinizcə, müharibə regionda güclər
balansını dəyişdimi?
- Bəli,
Türkiyə lap başlanğıcdan bizə dəstək verdi. Biz müharibənin ilk
günlərindən verdiyi siyasi və mənəvi dəstəyə
görə Türkiyə hökumətinə çox minnətdarıq.
İndi isə, müharibə bitdikdən sonra
Türkiyə, o cümlədən Rusiya gələcək
regional inkişafda və sabitlikdə çox mühüm rol
oynayırlar. Bildiyiniz kimi, Rusiya və
Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə
monitorinq mərkəzini yaradıblar. Eyni
zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin
yaşadığı yerlərdə sülhün mühafizəsi
tədbirlərini görürlər. Beləliklə,
artıq yeni reallıqlar yaranıb. Hər
bir ölkə həmin reallıqları nəzərə
almalıdır. Azərbaycan ilə Ermənistan
arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişdi. Biz öz potensialımızı, Ermənistanın
potensialını bilirdik. Ola bilsin, erməni
hökuməti Azərbaycan qarşısında şanssız
olduğunu, əraziləri dinc yolla boşaltmadığı
təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini
real şəkildə qiymətləndirə bilmədi. Düşünürəm ki, bu gün Türkiyə
və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən,
onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik
və gələcək inkişaf sahəsində çox
mühüm rol oynayırlar. Yəqin
bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin
görüşü oldu. Digər məsələlərlə
yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti
müzakirə etdilər. Biz hər iki
ölkənin rolunu çox müsbət, sabitləşdirici
rol kimi dəyərləndiririk. Fikrimcə,
bu, yeni regional əməkdaşlıq düsturunun özəyini
təşkil edir.
- Elə
mən də dəqiqliklə onu soruşmaq istəyirdim. Yəni,
sabitlik, eləcə də Cənubi Qafqazın üç
dövləti arasında və onların qonşuları –
Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq...
- Bəli, biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Lakin biz bu təklifi tam dəstəkləyirik. Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Təkcə Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək.
- Sonuncu sualım. Əməkdaşlıq haqqında danışdıqda, Azərbaycan ötən ilin sonunda Cənubi Avropa ölkələrinə təbii qazı nəql etməyə başlayıb. Hazırda Avropanın qaz bazarında ehtiyatda saxlanılan qazın həcmi çox aşağı düşüb. Qiymətlər isə sürətlə qalxır. Bu halda Sizin ixracı artırmaq niyyətiniz varmı? Avropaya əlavə nə qədər qaz nəql edə bilərsiniz?
- Haqlısınız. Biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü - dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki siz əvvəlcə qazı satmalısınız, sonra onu hasil etməlisiniz. Adətən qaz biznesində fəaliyyətin ardıcıllığı belədir.
Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq.
- Lakin bu qış üçün o, mümkün deyil, düzdür?
- Texniki və kommersiya baxımından mümkün deyil. Cəmi bir və ya iki ay qalır. Lakin əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var və üstəgəl, biz özümüz və xarici investorlar hazırda bərpa olunan enerjiyə sərmayə yatırırıq. Bu səbəbdən, özümüz istehlak etdiyimiz təbii qazı ixraca yönəldə biləcəyik, çünki bunu günəş və külək enerjisi ilə əvəz edəcəyik. Beləliklə, qeyd etdiyim kimi, bu halda potensial çox böyükdür. Boru kəməri istismar edilir. Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı.
- Cənab
Prezident, çox sağ olun. Çox təşəkkür
edirəm.
- Sağ
olun, çox sağ olun. Sizə uğurlar arzu
edirəm. Sağ olun.
Azərbaycan.-2021.- 3 oktyabr.- S.1-2.