İspandilli mətbuat
Azərbaycan Prezidentinin İspaniyanın
EFE informasiya agentliyinə müsahibəsini
geniş işıqlandırır
Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi ispandilli KİV-lərin diqqət mərkəzindədir.
AZƏRTAC
xəbər verir ki, İspaniyanın EFE informasiya agentliyi,
İsveçrənin ictimai teleradio yayım korporasiyası
beynəlxalq onlayn-platformasının (SRG SSR) ispandilli SWI
swissinfo.ch versiyası, aparıcı xəbər portalları
(eldiario.es, timepost.es, spain.shafaqna.com, andaluciainformacion.es)
Prezident İlham Əliyevin müsahibəsi haqqında
materiallar dərc edib, müsahibədən sitatlar gətiriblər.
“İlham
Əliyev Ermənistan ilə sülh sazişi üzərində
işləməyə hazırdır”, “Azərbaycan Avropaya qaz
tədarükü həcmini artırmağa hazırdır” sərlövhəli
məqalələrdə oxucuların diqqətinə
çatdırılır ki, Azərbaycan Prezidenti İlham
Əliyev 44 günlük müharibədən sonra Ermənistan
ilə “normal münasibətlər yaratmaq” və “sülh
sazişi üzərində işləmək”
üçün Ermənistanın baş naziri Nikol
Paşinyanla danışıqlar masası arxasında əyləşməyə
hazır olduğunu bildirib.
Azərbaycan
dövlətinin başçısı EFE agentliyinə
müsahibəsində deyib: “Bizim mövqeyimiz müharibə
bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki
ölkənin ərazi bütövlüyünün
qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq
istəyirik. Biz dərhal sərhədlərimizin
delimitasiyasına və əlbəttə ki,
bu proses bitəndən
sonra demarkasiyasına başlamağa
hazırıq”.
EFE
agentliyi yazır ki, 2020-ci ilin sentyabr-noyabr aylarında
Qarabağ ətrafında aparılmış müharibədə
qalib gəlmiş ölkə olan Azərbaycanın Prezidenti Azərbaycan
tərəfin bu təşəbbüslərini dəfələrlə
xatırlatmasını, lakin təəssüf ki, hələlik
Ermənistandan müsbət cavab almadığını
bildirib.
İspandilli
mətbuatda qeyd edilir ki, Azərbaycan dövlətinin
başçısı müharibənin başa
çatmasını və tarixin bu fəslinin
bağlandığını, buna görə də Ermənistanın
siyasi dairələri arasında hələ də eşidilən
qisas və ya işğaldan azad edilən ərazilərin
qaytarılması planları barədə bəyanatlara yer
olmadığını vurğulayıb. Məqalələrdə
Azərbaycan Prezidentinin müsahibəsindən
bu sözlər sitat gətirilir:
“Demək olar ki, 30 illik danışıqlar prosesi
ərzində Azərbaycanın mövqeyi
çox konstruktiv olmuşdur. Biz Azərbaycanda
yaşayan ermənilərə müəyyən
səviyyədə özünüidarəetmə verməyə
hazır idik”.
İspan
mətbuatı yazır ki, Azərbaycan gələn il Cənub
Qaz Dəhlizi vasitəsilə Avropaya əlavə qaz tədarük
edilməsi barədə danışıqlar aparmağa
hazırdır.
Prezident
İlham Əliyev deyib: “Biz təbii qazımızı Avropaya
ixrac etməyə 2020-ci il dekabrın 31-də başladıq. Həmin
vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində
Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər
hansı fasilə olmayıb. İndi isə
təbii qazın etibarlı təchizatçısı kimi biz öz
rolumuzu oynayırıq”.
Azərbaycan.-2021.- 3 oktyabr.- S.2.