Xatirəsi qəlbimizdədir

 

 

Xeyirxahlığı, dürüstlüyü,  bacarığı və zəhmətsevərliyi ilə tanınan, çoxlarına ümid yeri olan insanların ən böyük mükafatı unudulmazlıqdır. Dünya fani olsa da, ömür bitsə də, xoş əməlləri onları daim yaddaşlarda yaşadır. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyev də belə unudulmaz şəxsiyyətlərdəndir.

O, 1921-ci il oktyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində dünyaya gəlmişdir. Atası görkəmli alim, ictimai-siyasi xadim və dövlət adamı Əziz Məmmədkərim oğlu Əliyev həyatı və fəaliyyəti boyu doğma vətəni Azərbaycana böyük qürur və təəssübkeşliklə xidmət etmişdir.  Xalqının adına daim şərəf gətirmiş, mərhəməti, xeyirxahlığı, humanizmi ilə hər kəsin yaddaşında dərin iz qoymuşdur. Bu görkəmli şəxsiyyətin ömrü dövrün təlatümlərində keçmişdir. Qarşılaşdığı çətinliklərə, ağrı-acılara rəğmən böyük uğurlar qazanmışdır. Alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə almış övladları da ataları kimi şərəfli ömür yaşamışlar. Qızı, böyük alim Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminə dünya şöhrəti gətirmişdir. Oğlu Tamerlan Əliyev şəfqətli həkim, bacarıqlı səhiyyə təşkilatçısı kimi tanınmış, tükənməz irsi, etik dəyərləri ilə gələcək nəsillərə əsl örnək olmuşdur.

T.Əliyev 1929-cu ildə Bakı şəhəri 3 saylı ibtidai məktəbə getmiş, sonra  176 nömrəli orta ümumtəhsil məktəbində təhsilini davam etdirmişdir. 1940-cı ildə  Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yüksək fəallığı ilə seçilən gənc Tamerlan dərslərini əla qiymətlərlə oxumaqla yanaşı, institutun bütün ictimai işlərində fəal iştirak etmişdir. Həmin illərdə fakültə divar qəzetinin redaktoru, institut tələbə həmkarlar təşkilatının büro üzvü olmuş, təhsildə əldə etdiyi uğurlara görə o dövrün ən yüksək tələbə mükafatı olan Stalin təqaüdünə layiq görülmüşdür. Tamerlan Əliyev 1943-cü ildə hələ tələbə ikən təhsildə və ictimai işlərdə fərqləndiyinə görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Böyük Vətən müharibəsi illərində o, dərsdənkənar vaxtlarında hərbi hospitalda işləyir, yaralı əsgərlərə tibbi xidmət göstərirdi. Azərbaycan Dövlət Tibb İnstitutunu 1944-cü ildə bitirən gənc həkim Tamerlan Əliyev bir müddət Azərbaycan Elmi-Tədqiqat EpidemiologiyaMikrobiologiya İnstitutundasonradan Azərbaycan Tibb İnstitutunun mikrobiologiya kafedrasında çalışmışdır.

1945-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrasında (indiki Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrası) işə başlamış və  ömrünü bu kafedranın fəaliyyətinə həsr etmişdir. 1945-ci ildən ordinator, 1948-1969-cu illərdə assistent, 1969-cu ildə dosent vəzifələrində, 1970-1990-cı illərdə kafedranın müdiri və 1990-cı ildən ömrünün sonunadək kafedranın professoru vəzifəsində çalışmışdır.

Onun çoxcəhətli elmi tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patogenezinin klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemində normalpatoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil etmişdir. Tamerlan Əliyev həkimlik fəaliyyətinin ilk illərində Naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf etmişdi. O, 1954-cü ildə “Naftalan neftinin təsiri altında heyvan orqanizminin immunoloji reaktivliyinin xarakteristikasına dair materiallarmövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonrakı illərdə isə Tamerlan müəllim respublikamızda əsası fakültə terapiyası kafedrasının professorları K.H.Jeqorovİ.M.Orucov tərəfindən qoyulmuş tibbi problem-endokrinologiya sahəsində elmi tədqiqatlar aparmış və çoxillik gərgin əməyinin bəhrəsi olaraq 1969-cu ildə “Müxtəlif formalı şəkərli diabeti olan xəstəliklərdə periferik damarların vəziyyəti; metabolizm və qanın koaqulyasiyasının bəzi göstəriciləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

 

Respublikamızda endokrinologiyaterapiya üzrə elmi-tədqiqat aparan alimlərə professor Tamerlan Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Moskvanın, Tbilisininkeçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq aparmaq üçün geniş şərait yaradılmışdır. Endokrinoloqların Ümumittifaq Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü kimi o, dəfələrlə cəmiyyətin iclaslarında maraqlı məruzələrlə çıxış etmiş, səyyar elmi seminar və sessiyaların keçirilməsinin təşkilatçısı olmuşdur. Professor Tamerlan Əliyevin böyük səyi nəticəsində 1981-ci ildə Endokrinoloqların Ümumittifaq Cəmiyyətinin endokrin sistem patologiyasına dair səyyar elmi sessiyası Bakıda təşkil olunmuş və müvəffəqiyyətlə keçirilmişdir. Beləliklə, pofessor Tamerlan Əliyevin geniş fəaliyyəti respublikamızda endokrinologiyakardiologiya elminin inkişafına təkan vermişdir. Tamerlan müəllim 10 ilə yaxın respublika Endokrinologiya Cəmiyyətinin sədri olmuşdur.

 

1975-ci ildə 4 nömrəli klinik xəstəxananın bazası əsasında 90 çarpayılıq endokrinoloji şöbə Tamerlan müəllimin təşəbbüsü və şəxsi iştirakı sayəsində yaradılmışdır. Həmin vaxtdan bu şöbədə fakültə terapiyası kafedrasının əməkdaşları 4 nömrəli xəstəxananın həkimləri ilə birlikdə şəkərli diabeti olan xəstələrin mərkəzləşdirilmiş formada müalicə və profilaktikasına dair əsaslı elmi işlər aparmışdır. Professor Tamerlan Əliyevin fakültə terapiyası kafedrasına rəhbərlik etdiyi dövrdə Bakı şəhərinin müxtəlif klinika və poliklinikalarından, respublikanın rayonlarından və hətta bəzi xarici ölkələrdən (İran, Suriya, Türkiyə) endokrinologiya sahəsində təkmilləşmə məqsədilə bu kafedraya həkimlər ezam olunurdu. Həmçinin kafedranın yerləşdiyi F.Ə.Əfəndiyev adına 4 nömrəli Bakı Klinik Xəstəxanasının müxtəlif şöbələrində və 1, 2, 10 nömrəli şəhər poliklinikalarında endokrinoloji xəstələrə bu kafedrada hazırlanan proqram üzrə məsləhətlər verilir, diaqnostik və müalicəvi yardımlar edilirdi.

 

Tamerlan Əliyevin şəxsi təşəbbüsü nəticəsində kafedranın bazasında respublikada ilk intensiv kardioloji yardım şöbəsi təşkil edilmiş, xəstəxanada müasir cihaz və avadanlıqlarla (elektrokardioqraf, kardiomonitor, exokardioqraf, veloerqometr, süni tənəffüs aparatı) təmin edilmiş reanimasiyaintensiv terapiya bloku, funksional diaqnostika şöbəsi yaradılmışdır.

 

Keçmiş SSRİ-nin bir çox regionlarında kardioloji xidmətin inkişafına başlandığı dövrdə Bakıda 4 nömrəli xəstəxananın bazasında miokard infarktı və şəkərli diabet kimi qarşılıqlı ağırlaşdırıcı xəstəlikləri olan şəxslərin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, intensiv terapiyası təşkil olunmuşdur. Orada xəstələrə ardıcıl reanimasion, terapevtik, funksional bərpa və nəhayət, “Bilgəh” kardioloji sanatoriyasında fərdi müalicə planı əsasında aktiv reabilitasiya tədbirləri həyata keçirilirdi. Keçmiş ittifaq üzrə bu növ xidmət ilk dəfə Azərbaycanda yaradılmış, səhiyyə təşkilatçıları tərəfindən yüksək qiymətləndirilmiş və respublikamızda xəstələr arasında ölüm faizinin keçmiş SSRİ üzrə orta göstəricilərdən aşağı düşməsinə kömək etmişdir.

 

Səhiyyənin belə mühüm problemlərinin həlli elmi-tədqiqat axtarışlarını genişləndirməyə, ürəyin işemik xəstəlikləri, hipertoniya, ürək çatışmazlığı, ürək aritmiyaları, şəkərli diabetonun bir sıra ağır fəsadlarının öyrənilməsinə, diaqnostikasına və müalicəsinin təşkilinə yardım etmişdir. Görkəmli alim və həkim Tamerlan Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin elmi təşkili və bu sahələrdə kadrların hazırlanması istiqamətində əvəzsiz xidmət göstərmişdir. İndiyədək fəaliyyətdə olan akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu da professor Tamerlan Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmışdır. Yüksək elmi potensialı sayəsində qısa müddətə böyük alimin rəhbərliyi altında 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır. Onlar bu gün müxtəlif kafedraların rəhbərləri, endokrinologiyakardiologiya sahəsində aparıcı mütəxəssis kimi çalışırlar. Professor Tamerlan Əliyev 250-dən artıq elmi əsərin, 12 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onlardan “Şəkərli diabet” (1979), “Klinik laborator-diaqnostik tədqiqat üsulları” (1974), “Prediabet” (1982), “Şəkərli diabet haqqında ətraflı məlumat”, “Biokimyəvi tədqiqat üsulları”, “Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi” (1979), “Endokrinologiya” (1993), “Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi” (1983) və başqaları həkimlərimizin stolüstü kitablarıdır. Həmin monoqrafiyaların bir neçəsi xalq təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalı ilə təltif edilmişdir, aliminEndokrinologiya” əsəri bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik idi. Professor Tamerlan Əliyev Azərbaycanda tibb elminin və səhiyyənin inkişafı sahəsində apardığı uzunmüddətli səmərəli işlərinə görə “Şərəf nişanı” və “Oktyabr inqilabı” ordenləri ilə, Azərbaycan Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı və fəxri fərmanları ilə təltif olunmuşdur. O, 1981-ci ildə “Klinik laborator-diaqnostik tədqiqat üsulları” monoqrafiyasına görə Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

 

Həkim, alim və müəllim keyfiyyətlərini özündə yüksək səviyyədə birləşdirən Tamerlan Əliyev respublika Səhiyyə Nazirliyinin baş terapevti idi, uzun illər Azərbaycanın tibb jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Dövlət Tibb İnstitutunun doktorluq dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi Şurasının sədri vəzifələrində çalışmışdır. Görkəmli alim elmi-metodik işlərin nəticəsinə görə, elmi kəşflər üzrə SSRİ Dövlət Komitəsinin üç şəhadətnaməsini almışdır. 1985-ci ildə Tamerlan Əziz oğlu Əliyevə respublikada elmi kadrların hazırlanmasında və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

 

Görkəmli alim Tamerlan Əliyev tərəfindən araşdırılan şəkərli diabetin bütün aspektlərinin öyrənilməsi problemi kafedranın son 15 illik fəaliyyətində elmi-tədqiqatların əsas istiqamətlərini əhatə etmişdir. İndikafedrada Tamerlan müəllimin bir çox yetirmələri - onun işinin davamçıları fəaliyyət göstərirlər. Onlar şəkərli diabetin damar ağırlaşmalarının öyrənilməsi üzrə əsası professor T.Əliyev tərəfindən qoyulan tədqiqatları uğurla davam etdirirlər.

 

Elm xadimi, professor Tamerlan Əliyevin yetirmələri Avropa Endokrinoloqlar Assosiasiyasının üzvləri, şəkərli diabet problemi üzrə dünya forumlarının, simpoziumlarının iştirakçıları, məruzəçiləri olmaqla yanaşı, digər tibb müəssisələrinin işçilərinə elmi məsləhətlərlə yardım göstərir, şəkərli diabetin müalicəsinin dünya standartları səviyyəsində yeni aspektlərini hazırlayırlar.

 

Tamerlan müəllim xatirələrdə olduqca xeyirxah insan kimi qalmışdır. Professor T.Əliyev Moskvadakı elmi məsləhətçimlə xarici ölkədə bir yerdə konqresdə olmuş, mənə lazım olan köməyi etməyi ondan xahiş etmişdi. Moskvadan Bakıya qayıtdıqdan sonra Tamerlan müəllim tez-tez məni öz evinə dəvət edər, nəinki tibb sahəsində, bütün məsələlərdə öz dəyərli tövsiyələrini verərdi. Bizim müəllim-tələbə münasibətlərimiz dostluğa çevrilmişdi. Həyat yoldaşı, intellektual mədəniyyətə malik Tamella xanım, qızları TamfiraNigar çox alicənab insanlardır, məni həmişə doğmalarından biri hesab edirdilər. Nigar xanımın görkəmli musiqiçilər haqqında televiziyada çıxışı olanda Tamerlan müəllim məni xəbərdar edərdi ki, baxım. Ertəsi gün veriliş haqqında təəssüratımı, rəyimi soruşardı. Mənə göstərdiyi qardaşlıq dəstəyinin müqabilində mən də öz növbəmdə çalışıb xeyirxahıma - böyük ziyalı alimə lazımi qayğı göstərməyə can atırdım. Lakin onun bu təmənnasız qayğılarının əvəzini qaytarmaq mümkün deyildi! Əldə etdiyim bütün nailiyyətlərimə görə həmişə özümü Tamerlan Əliyevə minnətdar bilmişəm.

 

1990-cı ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib Bakıya - Tibb Universitetinə qayıdandan bir müddət sonra mənə kafedra müdiri olmağı təklif etdi. Bu zaman etirazımı bildirdim... Sonra Tamerlan müəllim məni inandırdı ki, “artıq yorulmuşam (o zaman Tamerlan müəllimin 67 yaşı var idi) və kafedra müdirliyini ürəkdən sənə məsləhət görürəm”. Tamerlan Əliyevin xeyir-duası ilə mən kafedra müdiri seçildim.

 

O xeyirxah insan haqqında saatlarla, günlərlə danışmaq olar. Tamerlan müəllim kafedramızın bütün əməkdaşlarına, 4 nömrəli xəstəxananın bütün həkimlərinə, ehtiyacı olanlaraona müraciət edənlərin hamısına həmişə yardım etmişdir. Allah ona dərin zəka, müdriklik, uzaqgörənlik, insanı yaxşı tanımaq qabiliyyəti vermişdi. Tamerlan müəllim  insanları, belə demək olarsa, intuisiya ilə tanıyırdı və yaxşını pisdən seçirdi. O, insanları sevirdi, yaxşılıq onun əsas qayəsi idi.

 

Səhiyyə Nazirliyinin indiki Kardiologiya İnstitutunun təşkil olunmasında müstəsna xidməti olsa da, o, institutda heç bir vəzifə təmənnasında olmadı. O, yorulmaq bilmədən insanlar üçün, doğma xalqı üçün çalışırdı.

 

Tamerlan müəllim yaddaşımda yüksək mədəniyyətli, təvazökar, xeyirxah, qayğıkeş, səmimi, yaxşı həkim və gözəl insan kimi yaşayır. Onun sadəliyində bir böyüklük, müdriklik var idi. Hər kəslə öz dilində danışmağı bacarırdı. Bunu isə böyük Yaradan hər kəsə nəsib etmir.

 

Tələbələri tərəfindən professorun əməli işləri bu gün davam etdirilir. Qayğıkeş həkim, istedadlı alim, gözəl insan olan Tamerlan Əziz oğlu Əliyev 1997-ci ildə vəfat etmişdir. Ulu Öndər Heydər Əliyev və hökumət üzvləri tərəfindən imzalanmış nekroloqda alimin həyat yolu bir daha nəzərdən keçirilmiş, elmi-pedaqoji fəaliyyəti yüksək dəyərləndirilmişdir.

 

Ümummilli Lider Heydər Əliyev görkəmli alim, həkim, professor Tamerlan Əliyevlə vida mərasimində demişdi: “Əlli il müddətində mən Tamerlanı yaxşı tanımışam, onun həyatını, fəaliyyətini həmişə müşahidə etmişəm. Alicənablığı, yüksək mədəniyyəti, ziyalılığı, fədakarlığı, sadəliyi, insanpərvərliyi ilə həqiqətən o, atasının - mərhum Əziz Əliyevin xüsusiyyətlərinin əksəriyyətini özündə əks etdirirdi. Mənim üçün isə onun bütün xüsusiyyətlərindən başqa ən dəyərlisi dostluğa sədaqətli olması idi. Sədaqətli insan idi. Tamerlan bütün mərhələlərdə mərd, sədaqətli dost olubdur. Hesab edirəm ki, insan mənəviyyatının ən yüksək keyfiyyəti, ən yüksək göstəricisi səmimilikdir, sədaqətlilikdir. Tamerlan bu keyfiyyətlərə malik bir adam idi. Hətta deyə bilərəm ki, bu keyfiyyətlərə görə nümunə idi. Ona görə də Tamerlanın xatirəsi heç vaxt unudulmayacaq. O, tələbələrinin, onu tanıyanların, onunla bir yerdə işləyənlərin, şəxsən mənim qəlbimdə daim yaşayacaqdır”.

 

Tələbkar müəllim, sadiq dost, alicənab, işıqlı insan Tamerlan Əliyevin unudulmaz xatirəsi hər zaman qəlbimizdədir.

 

 

 

Rafiq MƏMMƏDHƏSƏNOV,

professor,  Əməkdar elm xadimi

Azərbaycan.-2021.- 3 oktyabr.- S.6.