Azərbaycan-Koreya əməkdaşlığı
möhkəm zəminə əsaslanır
Müasir dünyamızda elə ölkələr və xalqlar var ki, onları bir-birilə siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, həm də tarixin dərinliklərinə gedən mənəvi tellər də birləşdirir. Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk günlərdən sıx münasibətlər qurduğu qardaş ölkələrdən biri də Koreya Respublikasıdır. Digər tərəfdən müasir dünya iqtisadiyyatından, elm tutumlu sahələrdən söhbət düşəndə də ilk olaraq gözlərimiz önündə həm də dünya bazarında mühüm yer tutan Koreya canlanır.
Müstəqilliyinin yeni ildönümünü yeni uğurlarla qeyd edən Koreya Respublikası bu gün nəinki Şərqi Asiya regionunda, eyni zamanda bütün dünyada qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Modern iqtisadiyyat yaratmış bu ölkə elektron texnologiyalar, bilgisayarlar sahəsində üstünlüyünü neçə illərdir ki, qoruyub saxlayır. Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xalqımızın yaxın dostu, təcrübəli diplomat Kim Tonq Op müsahibələrinin birində qeyd etmişdi ki, Koreyaya səyahət edən hər bir şəxs dünya irsinin 13 obyektinin, dünya mirasının 19 qeyri-maddi mədəni irsinin, UNESCO-nun Yaddaş İrsinə daxil olan 16 sənədli irsin şahidi ola bilər. Bəşər mədəniyyəti xəzinəsinə məgər bundan gözəl töhfə ola bilərmi?
Bu gün Koreya Respublikası dünyanın inkişaf etmiş ən qabaqcıl ölkələri arasında yer tutur. Vaxtilə digər ölkələrdən yardım alan bu ölkə hazırda iqtisadi baxımdan zəif ölkələrə qrantlar ayırır, kreditlər verir, maliyyə yardımları göstərir.
Koreyanın iqtisadi inkişafının təməlində təhsilə olan ali münasibət durur. Təsadüfi deyil ki, dövlət siyasətinin mühüm tərkib hissəsi kimi bu sahəyə ciddi fikir verilir. Bunun məntiqi nəticəsi olaraq bu gün Koreya Respublikası, iqtisadiyyatı ən iti sürətlə inkişaf edən ölkələrdən biridir. “Samsung Electronics” və dövlətin dəstəyi ilə fəaliyyət göstərən digər nəhəng şirkətlər texnologiya sahəsində bir çox yeniliyə və kəşflərə imza atmışlar.
Azərbaycan Respublikasını Koreya ilə həm tarixi, həm də müasir və qarşılıqlı maraqlara əsaslanan faydalı əməkdaşlıq telləri bağlayır. Digər tərəfdən mənəvi telləri də qeyd etmək lazımdır. Belə ki, hər iki xalq Altay qrupuna aid olan dillərdə danışır. Qonaqpərvərlik, böyüklərə sayğı, ailə dəyərləri də bir-birimizə çox doğmadır.
Azərbaycan ilə Koreya arasında diplomatik əlaqələr 1992-ci ilin
martında qurulub. Hər iki
ölkə Asiyada Qarşılıqlı Fəaliyyət
və İnam Tədbirləri üzrə
Müşavirə çərçivəsində
münasibətləri inkişaf
etdirirlər. Ötən dövr
göstərdi ki, Koreya Cənubi Qafqaz bölgəsində Azərbaycana, onun yeritdiyi daxili və xarici siyasətə böyük
əhəmiyyət verir.
Təsadüfi deyil ki, bu ölkənin Cənubi Qafqaz regionunda ilk səfirliyi məhz Azərbaycanda açılmışdır.
Azərbaycan və Koreya arasında əlaqələri
daha da möhkəmləndirmək
üçün hər
iki ölkə prezidentlərinin qarşılıqlı
səfərləri mühüm
əhəmiyyət kəsb
etmişdir. Hələ 2006-cı ilin mayında
Koreya Respublikasının
Prezidenti Roh Mu Hyunun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyev ilə iki ölkə
arasında əməkdaşlıq
və qarşılıqlı
əlaqələrin prinsipləri
haqqında bəyannamə
imzalaması münasibətlərin
inkişafında yeni səhifə açdı.
Bunun ardınca Azərbaycan Prezidenti
İlham Əliyev 2007-ci ilin aprelində ilk rəsmi səfərlə Koreyada oldu. Səfər çərçivəsində
həmçinin Prezident
İlham Əliyevə
xoş məram nümayiş etdirilərək
Kyunq He Universitetinin fəxri doktoru adı verildi. Prezident İlham Əliyevin 2012-ci ildə Koreyaya növbəti səfəri
də qarşılıqlı
əməkdaşlığın güclənməsinə müsbət
təsir göstərdi.
Koreya həmişə
Azərbaycanın haqq
işini beynəlxalq forumlarda birmənalı şəkildə dəstəkləmişdir. O, Azərbaycanın
ərazi bütövlüyünü
beynəlxalq forumlarda daim müdafiə etmişdir.
İki ölkə
parlamentləri arasında
əlaqələr də
getdikcə yeni məzmun kəsb edir. Bu, özünü beynəlxalq tədbirlər
zamanı da büruzə verir. 2021-ci ilin yayında
Koreya Respublikasının
Milli Assambleyasının
sədri Pak Byon Sokun başçılıq
etdiyi nümayəndə
heyəti Bakıda səfərdə olmuş
və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
qəbul edilmişdir.
İki ölkə
arasında iqtisadi-ticarət
münasibətləri durmadan
inkişaf edir. Azərbaycan tərəfi
yüksək keyfiyyətli,
rəqabətə davamlı
məhsullara böyük
maraq göstərdiyinə
görə Koreya ilə bu sahədə
əməkdaşlığa xüsusi diqqət yetirir. Təsadüfi deyil ki,
2020-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət
dövriyyəsinin həcmi
179 milyon dollar olmuşdur.
2020-ci ildə pandemiya şəraitinə
baxmayaraq, Azərbaycan
ilə Koreya Respublikası arasında ticarət dövriyyəsi
2019-cu illə müqayisədə
10 faiz artıb.
Son illər Azərbaycanın
idxal etdiyi Koreya məhsullarının
çeşidi çoxalmışdır. Onların
sırasına əsasən
dərman preparatları,
ölçü, nəzarət,
tibbi və cərrahiyə alətləri
və aparatları, rentgen avadanlıqları, polietilen, propilen, neft-qaz kəmərləri
üçün borular,
boyanmış, laklanmış
və ya plastiklə örtülmüş,
eni 600 mm-dən çox olan yastı polad prokatı, məişət
cihazları, optik və fotoqrafika, elektrik və elektronika avadanlıqları,
radioelektronika, nəqliyyat
vasitələri və
digər məhsullar daxildir.
Öz növbəsində Azərbaycan
tərəfi Koreyaya xam neft, neft
emalı məhsulları,
kimya məhsulları,
əlvan metallar, qara metallar və
məhsulları, kənd
təsərrüfatı emalı
məhsulları, elektrik
mühərrikləri ilə
təchiz edilmiş digər məişət maşınları, yataq ləvazimatları və sairə ixrac edir.
Hazırda Azərbaycan kənd təsərrüfatı məhsullarını
Koraya bazarına çıxarmaq üçün
ciddi hazırlıqlar
görür. Bununla əlaqədar artıq Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondu
(AZPROMO) ilə birgə
iş başlanıb.
Bu gün Koreya innovasiyaları Bakı şəhərinin idarəetmə
sferasında, ali təhsil müəssisələri sistemlərində
və əqli mülkiyyətin idarə olunmasında, eləcə
də yüksək texnologiyaların tətbiq
olunduğu bir sıra digər sahələrdə tətbiq
olunur.
Ölkəmizdə yaradılmış əlverişli
şərait Koreya şirkətlərinin fəaliyyəti
üçün də
geniş imkanlar açır. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda 74 Koreya şirkəti fəaliyyət
göstərir. Son vaxtlar Azərbaycan ilə Koreya arasında qarşılıqlı
maraq doğuran layihələr işlənib
həyata keçirilməkdədir.
Bakı şəhərində
Koreya Ticarətin və İnvestisiyaların
Təşviqi Agentliyi
(KOTRA) və Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin (KOICA) nümayəndəliklərindən
əlavə, “SK C&C”, “Heerim”,
“Ultra Construction”, “Pyunghwa”, “Samsung
Electronics” “Samsung Engineering”, “Daewoo” “Kolon”,
“Koreya Torpaq Korporasiyası”, “Ecovise” “Kukdong” və “Halla Construction” kimi Koreya şirkətləri fəaliyyət göstərir.
Azərbaycanda daimi nümayəndəliyi
olan KOICA əsasən
təhsil, insan resurslarının inkişafı,
həmçinin infrastruktur
layihələrinə böyük
əhəmiyyət verir.
Bu günədək Azərbaycanda Koreya şirkətləri iki milyard dollara yaxın məbləğdə
layihəni reallaşdırıb
və maliyyələşdirib.
Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun
bərpasına dair layihələrdə, xüsusilə
də “Yaşıl enerji zolağı” layihəsində iştirak
etmək istəyən
bir sıra Koreya şirkətləri ölkəmizin Energetika Nazirliyinə müraciət
ediblər. Bu məsələyə
ciddi əhəmiyyət
verən səfir Kim Tonq Op 2021-ci ilin iyul ayının əvvəlində Şuşaya
səfər etmişdir.
Nəticədə Azərbaycan ilə
Koreya arasında azad edilmiş ərazilərdə şirkətlərin
iştirakı ilə
bağlı bir sıra razılaşmalar əldə olunmuşdur.
İki ölkə
arasında kənd təsərrüfatı sahəsində
əməkdaşlıq genişləndirilir. Ölkəmizin tədarük və təchizat sisteminin daha da təkmilləşdirilməsi
sahəsində Koreya təcrübəsinin öyrənilməsi
və tətbiqi mühüm əhəmiyyət
kəsb edir. Çünki Koreyanın aqrar
sahədə zəngin
təcrübəsindən bəhrələnmək
müsbət nəticələr
verə bilər.
Koreyanın “Farmconnect” şirkəti Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin
nəzdindəki Tərəvəzçilik
Elmi Tədqiqat İnstutu ilə “Smart
Farming” (“ağıllı əkinçilik”)
texnologiyasının tətbiqi
sahəsində əməkdaşlığa
dair 2021-ci ilin iyulunda anlaşma imzalayıb. Anlaşmaya əsasən, Koreya
tərəfi suni intellekt (Aİ) vasitəsi
ilə məlumatların
təhlili və məhsuldarlığın artırılması
sahəsində Koreya texnologiyaları və təcrübələrinin ötürülməsini
həyata keçirəcəkdir.
Son illər hər
iki ölkədə biznes forumlarının keçirilməsi səmərəli
xarakter almışdır. Adətən forumların işində hər iki ölkədən
qida sənayesi, kimya, toxuculuq, kosmetik məhsullar və digər sahələrdə fəaliyyət
göstərən onlarca
sahibkar iştirak edir. Bütün bunlar Koreya tərəfinin Azərbaycan
ilə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu göstərir.
Mədəniyyətin müxtəlif sahələrində əlaqələr getdikcə inkişaf edir. Pandemiya turizmə ciddi zərbə vursa da, bu sahə perspektivli hesab olunur. İki ölkə arasında mədəniyyət və incəsənət sahəsində əlaqələr də inkişaf edir. Koreya mədəniyyəti, dili və musiqisinin Azərbaycanda tanıdılıması məqsədilə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi və səyləri ilə hər il milli və müasir musiqi konsertləri, K-pop yarışları, kino festivallar, nitq və bilik müsabiqələri, taekvondo yarışları təşkil edilir. Mütəmadi olaraq Azərbaycan telekanallarında Koreya filmləri, animasiyaları və musiqiləri yayımlanır.
Təhsil sahəsində əlaqələr durmadan güclənir. Dünyada ən çox mütaliə edənlərin koreyalı gənclər olduğunu düşünəndə bu ölkədə elmə, təhsilə marağın həm əhali arasında, həm də dövlət siyasətində böyük olduğunu görmək olar. 1994-cü ildən bəri Azərbaycan Dillər Universitetində Koreya dili tədris edilir, 2011-ci ildən isə Naxçıvan Dövlət Universitetində Koreya Mərkəzi fəaliyyət göstərir.
Bakı Dövlət Universitetinin bu sahədə fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Şərqşünaslıq fakültəsində koreyaşünaslıq ixtisası hələ 2007-ci ildən fəaliyyət göstərir və artıq bu ixtisas üzrə 70-dən çox məzun var. Burada tədris yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən də aparılır. Əlavə edək ki, BDU Koreyanın bir neçə ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalayıb, Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə universitetdə Koreya dili, natiqlik, yaradıcılıq müsabiqəsi, pop musiqi festivalı keçirilib, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə olaraq 2018-ci ildə əsası qoyulan Koreya Fondu, Bakı Dövlət Universitetində Sejong Hagdang məktəbi fəaliyyət göstərir. Müntəzəm olaraq azərbaycanlı tələbələrə Koreya səfirliyi tərəfindən sertifikatlar təqdim edilir.
Azərbaycanda 2 universitetdə (BDU və ADU) ixtisas olaraq, 3 universitetdə isə xarici dil olaraq Koreya dili tədris olunur. Koreyanın Seconq İnstitutu da iki universitetdə (BDU və BMU) dil kursu olaraq fəaliyyət göstərməkdədir. Həmçinin Azərbaycan universitetlərinin Koreya universitetləri ilə tələbə mübadilə proqramları, BMU-nun isə İnha Universiteti ilə ikili diplom proqramı mövcuddur. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Koreya hökumətinin texniki dəstəyi ilə Koreya tədris planına əsasən qurulmuşdur.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan və Koreya dövlətlərini həyatın bütün sahələrində bir-birinə bağlayan dostluq tellərinin kökündə hər iki xalqın mənəvi tellərlə sıx bağlı olması ilə yanaşı, indiki dövrdə iqtisadi tərəqqi səyləri də durur. Hər iki qardaş ölkənin və xalqın malik olduğu maddi və mənəvi potensiallardan maksimum istifadə edilməsi isə yaxın gələcəkdə qarşılıqlı münasibətlərin daha da yüksəlməsinə möhkəm zəmin yaradacaq.
Gələn il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Möhkəm əminliklə qeyd etmək olar ki, bu otuz illik münasibətlər tarixi digər ölkələrlə qarşılıqlı əlaqələr üçün də nümunə olacaqdır.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti
Azərbaycan.-2021.- 3 oktyabr.- S.6.