Ağır məğlubiyyətin sağalmaz yaraları, tənəzzüldə olan iqtisadiyyat, kütləvi köç

 

Bugünkü Ermənistanı başqa cür təsvir etmək mümkün deyil

 

 

 

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan iqtisadiyyatının tənəzzülü daha da sürətlənib. Bu səbəbdən ölkənin xaricdən maliyyə asılılığı da artır. Yeri gəlmişkən, Ermənistanın dövlət borcu artıq 9 milyard ABŞ dollarını ötüb. Onun 1 milyardı cari ilin yanvarından iyulunadək yaranıb.

 

Qeyd edək ki, avqustun 23-də Beynəlxalq Valyuta Fondunun Ermənistana 175 milyon dollar məbləğində kreditin verilməsi haqqında qərarı qüvvəyə minib.

 

Məsələ iə bağlı “Nyus.am” portalı yazır: “Borc məbləğinin artmasının səbəbi Ermənistanın 2020-ci il iqtisadi böhranından tam çıxa bilməməsi və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlərə ehtiyacın olmasıdır. Dünyanın bütün ölkələrinin dövlət borcu var. Problem bunda yox, onun sürətli artım tempində və vəsaitlərdən effektiv istifadədədir. Xüsusi halda cari ilin 7 ayı ərzində hökumət dövlət borcunu 12,6 faiz artırıb, halbuki 2021-ci ilin yanvar-iyul aylarında Ermənistanda iqtisadi fəallıq 5,2 faiz təşkil edirdi. Hazırda Ermənistanın hər bir vətəndaşına 3032 ABŞ dolları borc düşür. Hökumət daha əvvəl elan etmişdi ki, vergi daxilolmaları 52,5 milyard dramya 7,5 faiz artıqlaması ilə yerinə yetirilib. Yəni bir tərəfdən əsasən inflyasiyanın hesabına vergi daxilolmaları artıb, digər tərəfdən, hökumət dövlət borcunu sürətlə artırır”.

 

Bu vəziyyətdə yerlərinin bağlanması və artan inflyasiya əhalinin ölkədən yeni köçünə rəvac verir. Belə bir vaxtda aparılan hesablamalar göstərir ki, bu ilin yanvar-iyul aylarında Ermənistanda əhalinin təbii artımı cəmi 1252 nəfər olub. Ermənistan Milli Statistika Xidmətinin məlumatında bildirilir ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 1,8, 2019-cu illə müqayisədə isə 2,9 dəfə azdır. Müqayisələr göstərir ki, ölkədə təbii artım dinamikasındakı tendensiyalar pisləşməyə doğru gedir. Bunda Ermənistanda koronavirusdan ölənlərin sayının kəskin artması da rol oynayıb. Belə ki, yanvar-iyul aylarında koronavirusdan 2,3 mindən çox ölüm qeydə alınıb. Bu rəqəm ötən ilin analoji dövründə 800 nəfər olmuşdur.

 

Təbii artımın azalmasına ermənilərin kütləvi şəkildə ölkəni tərk etməsi də ciddi təsir göstərir. 2018-2020-ci illərdə və bu ilin yanvar-iyun aylarında 103.6 min erməni Rusiya vətəndaşlığını qəbul edib. Onlardan 21,9 mini cari ilin yanvar-iyun aylarının payına düşür. Ötən il isə bu rəqəm 30,5 min olmuşdu. Göründüyü kimi, proses artıq dönməz xarakter alıb.

 

Çünki miqrasiya prosesi təkcə Rusiya ilə məhdudlaşmır. Əsasən reproduktiv yaşda olan kişilər və qadınlar da daxil olmaqla daha çox gənc ailələr başqa ölkələrə də köçürlər. “News.am” portalı yazır: “Miqrasiya sahəsində ötənilki rekordun bu il artacağı tamamilə mümkündür. Emiqrasiya prosesinin yalnız Rusiya ilə məhdudlaşmadığı məlumdur. Həm də aydındır ki, reproduktiv yaşda kişilər və qadınlar da daxil olmaqla, əsasən gənc ailələr mühacirət edirlər. Bu, artıq qısa müddətdə ölkənin demoqrafiyasını aradan qaldırıla bilməyən mənfi nəticələrlə təhdid edir”.

 

Ölkədə ötən illərə nisbətən xeyli pisləşən sosial-iqtisadi vəziyyət, yaxın perspektivdə həlli görünməyən siyasi böhran əhalinin gələcəklə bağlı bütün ümidlərini məhv edib. Elə bu səbəbdən həyatını Ermənistandan  kənarda davam etdirmək istəyənlərin sayı artır. Rəsmi rəqəmlərə əsasən, Ermənistanda əhalinin sayı 2,9 milyon nəfərdir. Lakin ermənilərin özləri etiraf edirlər ki, reallıqda bu göstərici xeyli azdır. Çünki rəsmi qeydiyyatda olan əhalinin tərkibinə xaricdə yaşayan, ancaq Ermənistan vətəndaşlığından çıxarılmayan şəxslər də daxildir. Ermənistan hökumətinin demoqrafiya probleminin həlli üçün həyata keçirdiyi siyasət, o cümlədən əhali artımını stimullaşdırmaq üçün qəbul etdiyi proqramlar faktiki olaraq iflasa uğrayıb.

 

44 günlük müharibədə xeyli sayda gəncin ölməsi də vəziyyəti gərginləşdirib. Statistik məlumatlardan belə aydın olur ki, Ermənistan əhalisinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Cins quruluşu arasındakı fərq getdikcə artır və  bu da demoqrafik problemi daha kəskin hala gətirir. Belə disbalansın əsas səbəblərindən biri miqrasiyadırsa, digəri Ermənistanın 44 günlük Qarabağ savaşında canlı qüvvə sarıdan kütləvi itkiyə məruz qalmasıdır.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 11 sentyabr.- S.1;6.