Ermənistan ordusunda həbs
dalğası genişlənir
İrəvanda vəziyyət yenə qarışa bilər
Son günlər Ermənistanda orduya bağlı şəxslərin həbsi ölkədə yeni daxili qarşıdurmaya gətirib çıxarır.
Ermənistanın “Qraparak” nəşri yazır ki, baş verənlər hakimiyyət və müxalifət arasında, eləcə də, iqtidarın öz daxilində çəkişmələrə səbəb olub.
Qəzet xatırladır ki, Ermənistanda silah tədarükü ilə bağlı açılmış cinayət işi çərçivəsində artıq 4 nəfər - keçmiş müdafiə naziri David Tonoyan, silah tədarükçüsü David Qalstyan, keçmiş aviasiya rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs olunub.
O da diqqətə çatdırılır ki, David Qalstyanın David Tonoyanla yaxın dost münasibəti var. Onlar orduya silah tədarükü məsələsində 2 milyard dramdan çox sui-istifadələr işi üzrə həbs ediliblər: “Bir neçə gün bundan öncə məlum oldu ki, Silahlı Qüvvələrin Aviasiya İdarəsinin rəisi də bu iş üzrə ittiham edilir. Söhbət ondan gedir ki, yararsız raketlər özü də baha qiymətə tədarük edilib. Müharibə zamanı onların istifadəyə yararsız olduğu üzə çıxıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasına görə, cinayət işi çərçivəsində Silahlı Qüvvələrin bir sıra başqa yüksəkrütbəli hərbçilərinə qarşı da ittiham irəli sürülür”.
Vurğulanır ki, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan da bu sıradadır. O, 2008-ci ildən 2016-cı ilədək müdafiə naziri vəzifəsini tutub. Yeri gəlmişkən, David Tonoyan onun birinci müavini olub. Cinayət işi necə gedəcək və sonda nə olacaq, eləcə də kimə qarşı ittiham irəli sürüləcək? İndi bu suallara cavablar axtarılır. Amma bunsuz da demək olar ki, iş təkcə hüquqi-ictimai deyil, həm də siyasi tona malik olacaq, üstəlik, siyasi təqibin baş verdiyi barədə bəyanatlar da səslənəcək.
Baş
verənlər erməni ordusunda yüksəkrütbəli
hərbçilər arasında ciddi təşvişə
yol açıb. Ermənistan Müdafiə
Nazirliyinin generallarından və yüksəkdərəcəli
rəsmilərindən hələlik Movses
Akobyan baş verənlərin
orduya ciddi zərbə
olacağını qeyd edir.
Bildirir ki, ordudan əsasən Rusiyaya, eləcə də keçmiş
hərbi xuntaya bağlı zabitlər
sıxışdırılıb
çıxarılır. İndiki erməni
generaliteti hesab edir ki, bu
proseslərdə Ermənistan
ordusu itirəcək. İddia olunur ki, uzun illər
böyük təcrübəyə
malik hərbçilər artıq həmin
postları tutmayacaq, əvəzinə mövcud
siyasi hakimiyyətə
bağlı olan şəxslər hərbi
qurumlarda yüksək
vəzifəyə gətiriləcəklər
və nəticədə
ordu daha da zəifləyəcək.
Amma kiçik Ermənistanın
ordusunun general yetişdirmək
imkanları sonsuz deyil. Bəzən eyni şəxs
bir neçə dəfə vəzifədən
atılıb, sonra isə kadr çatışmazlığı
səbəbindən yenidən
vəzifəyə təyin
edilib. Bunlardan biri də Ermənistanın hazırkı
müdafiə naziri Arşak Karapetyandır.
Ermənistanın sabiq prezidenti
Serjik Sarkisyan
2016-cı ilin aprelindən
sonra müdafiə nazirinin müavinləri ilə bərabər bir neçə idarə rəisini, o cümlədən Ermənistan
silahlı qüvvələri
Baş Qərargahı
Kəşfiyyat İdarəsinin
rəisi Arşak Karapetyanı vəzifədən
azad etmişdi. 2016-cı ilin mayın
sonunda isə Arşak ilə yaxın münasibətlərdə
olan general Mels Çilingəryan, polkovnik
Mqer Papyan və Armen Marqaryan
həbs edildilər.
Həmin
vaxt A.Karapetyanın da açılan iki müxtəlif cinayət işindən biri üzrə saxlanılması nəzərdə
tutulurdu. Söhbət alınan aşağı keyfiyyətli texniki kəşfiyyat vasitələrinin
baha qiymətə rəsmiləşdirilməsindən getdiyi ehtimal olunurdu. Lakin hansısa qüvvə
o zaman Arşak Karapetyanı cinayət məsuliyyətindən azad
edə bildi.
2018-ci ildə hakimiyyətə
gələn Nikol Paşinyan həmin ilin dekabrında Arşak Karapetyanın 1 mart 2008-ci il
hadisələri ilə
bağlı ifadə verməyə razılaşdığını
nəzərə alaraq
onu özünə müşavir təyin etdi. Ardınca isə Paşinyan Karapetyanı Ermənistan Silahlı Qüvvələrinin
Baş Qərargah rəisinin birinci müavini təyin etməklə ordu karyerasına yenidən təkan verdi.
Bu ilin iyulunda
baş nazir vəzifəsini icra edən Nikol Paşinyan müdafiə nazirinin müavini Suren Saakyanı vəzifəsindən azad edərək Arşak Karapetyanı birinci müavin təyin etdi. Paşinyan baş nazir olduqdan sonra Karapetyanı müdafiə
naziri vəzifəsinə
gətirdi. İndi Paşinyan
Karapetyanın ona tam itaət etməsini istəyir. Əks halda o da həbsə atılacaq.
Bunun üçün məlum köhnə cinayət işləri də var.
Müxalifət isə indiki halda həbsə
atılanları müdafiə
etməyə çalışır,
baxmayaraq ki, . hadisələrin
gedişi müxalifətin
həbsə atılanlara
hansısa formada kömək etməsini mümkünsüz edir. Amma müxalifət də dinc durmur. Artıq məlumdur ki, “Daşnaksütyun” partiyası
İrəvanda kütləvi
etiraz aksiyalarına başlayacaq. Partiyanın
rəsmi nümayəndəsi
Baqrat Yesayan qeyd edib ki,
mitinqlər gələn
ay olacaq: “Əminəm
ki, mitinqlər noyabrda olacaq. Erməni xalqı təhlükədə
olduğunu anlamalıdır,
başa düşməlidir
ki, hakimiyyət orqanları dağıdıcı
yol seçib. Siyasi elitanın vəzifəsi insanlara səy göstərmək və mesajlar verməkdir. Ermənistan dövlətinin taleyi təhlükədədir”.
Elçin CƏFƏROV
Azərbaycan.- 2021.-7 oktyabr.- S.1; 7.