Xocavəndlilər xilaskarları İlham Əliyevə əbədi
minnətdardırlar
Onlar Müzəffər Ali Baş Komandanın bu yurdu da
cənnətə çevirəcəyinə tam əmindirlər
Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa və yenidənqurma işləri Azərbaycanın möhtəşəm Zəfərinin, xalqımızın öz torpaqlarını işğaldan azad etməsinin ifadəsidir.
Eləcə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan rayonlarımıza səfərləri və ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlər qələbəmizi dünyaya bəyan edir.
İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza növbəti səfərini oktyabrın 9-da Xocavənd rayonuna etdi. Qeyd edək ki, Vətən müharibəsində Xocavənd istiqamətində də ağır döyüşlər gedib. Hadrut qəsəbəsinin 2020-ci il oktyabrın 9-da işğaldan azad edilməsi Azərbaycan Ordusunun bu savaşdakı əsas uğurlarından biri oldu.
Hadrutun işğaldan azad edildiyi gün reallaşan səfər zamanı dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” Qovşaq yarımstansiyasının təməlini qoydu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu.
Səfərin ən əlamətdar məqamları isə dövlət başçısının Hadrutda Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə olduqca səmimi şəraitdə keçirdiyi görüş və onlarla birlikdə Tuğ kəndinə getməsi oldu.
Xocavənd rayon ictimaiyyətinin nümayəndələrinin bu görüşlə bağlı təəssüratları olduqca zəngin və maraqlıdır.
Bizi Vətənə İlham Əliyev qaytardı
Prezidentlə görüşün iştirakçılarından biri olan Azərbaycan Respublikası Milli Teleradio Şurasının üzvü, yazıçı-publisist Bəxtiyar QARACA deyir ki, bu səfər onun üçün gözlənilməz olub. “Fikrim-xəyalım burda, özüm uzaqlarda... Aeroportdaca zəng gəldi: “Xocavəndə-Hadruta gedirik...” Bir gün sonra artıq bir qrup həmyerlimlə, həmdərdlimlə illərdir görmədiyimiz, suyuna, havasına həsrət qaldığımız torpaqlara üz tutduq. Füzulidən Hadrut istiqamətində təzə bir yolla gedirdik”, - deyir yazıçı...
Bəxtiyar Qaraca ətrafda gördükləri mənzərələrin onları həm üzdüyünü, həm də sevindirdiyini qeyd edir. Vurğulayır ki, azad torpaqlarda həyat qaynayır, yollar çəkilir, insanlar çalışırdı: “Yüzillər boyu şəhid qanıyla boyanıb pirə, ziyarət yerinə dönən, bayrağa çevrilən Vətən torpaqları! Taleyimiz, tariximiz olan torpaqlar! Səni candan sevərək böyüməyi, qoruyaraq şəhid, qazi, qəhrəman olmağı öyrəndik! Hadrutda, Tuğda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə görüşümüz bu səfərin ən unudulmaz, təkrarsız anları idi. Bu görüşdən öyrəndiyimiz çox şey oldu. Burda da şəhidlərimiz, qazilərimiz ehtiramla anıldı”.
Həmsöhbətimiz Ali Baş Komandanın bu fikrini - “Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”- xatırladaraq qeyd edir ki, bu xoşbəxtliyi onlara bağışlayanların haqqını bu sözlərdən daha gözəl ifadə etmək mümkün deyil.
“Hadrutda dalğalanan Azərbaycan bayrağını gördük, əsgərlərimizlə tanış olduq. Başqa bir hissdir onları bu azad torpaqlarda, özümüzü də onların yanında görmək, Qarabağın düz ortasında qürurla dayanıb uca həqiqətlərdən danışan Müzəffər Ali Baş Komandanı dinləmək... Biz qayıtmışıq, Vətən! Artıq hamımız bu böyük qələbədən sonra bir daha əminik ki, müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də ən yüksək səviyyədə keşiyində durmaq, onu bəlalardan qorumaq, sərhədlərini keçilməz, sarsılmaz etmək üçün iradəli, sarsılmaz rəhbərə, güclü orduya ehtiyacımız həmişə olacaq. Bunu əsrlər boyu yaşadığımız faciələr, tarixi yaddaşımız da tələb edir” söyləyən Bəxtiyar Qaraca 100 il əvvəl Üzeyir bəy Hacıbəylinin andranikləri, njdeləri nəzərdə tutaraq yazdığı bir fikri yada salır: “Biz bundan sonra sərhədlərimizi elə qorumalı, elə möhkəmlətməliyik ki, yerindən qalxan hər hansı dəli, qudurmuş istənilən vaxt torpaqlarımıza soxulub insanlarımızı qətlə yetirə bilməsin”.
Gənclər daim Prezidentin yanındadır
Oktay ƏMRAHOV da Prezidentlə görüşün iştirakçılarındandır. 2003-cü ildə Bakı şəhərində anadan olub, bu il 647 balla Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Deyir ki, doğmalarımın yaşadığı və oradan məcburi köçkün olduğu Xocavənd rayonunu heç vaxt görməsəm də, orada olmağa həmişə can atmışam: “Bu şans mənə ikiqat sevinc yaşatdı. Həmin gündə həm doğma torpaqlarımızı gördük, həm də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevlə xoş görüş mənə də qismət oldu. Şəhidlərimiz, qazilərimiz, qəhrəman Azərbaycan Ordusunun və Ali Baş Komandanın sayəsində biz düşmənin belini qırdıq”.
Cənab Prezidentlə görüşərkən çox həyəcanlı olduğunu söyləyən Oktay bunu təbii bir hal hesab edir: “Mən cənab Prezidentin səmimi, ünsiyyətcil insan olduğunu bilirdim və bu görüşün təəssüratı hətta gözlədiyimdən də artıq oldu. Belə ki, Prezident hər bir vətəndaşla ayrı-ayrı söhbətlər edir, onlarla yaxından maraqlanırdı. Gördüm ki, o, hər bir vətəndaşın fikirlərini, təkliflərini dinləyirdi. Bu, həqiqətən onun xalqına olan sevgisinin bariz nümunəsidir. Hətta onu deyim ki, mən Prezidentlə selfi çəkmək istədiyimi bildirdim. O, gülümsəyərək razı oldu və səmimi bir görüş alındı”.
Oktay Əmrahov söyləyir ki, doğma torpaqlarını, görkəmli eloğlularını gördüyünə, başlıcası isə, Prezidentlə şəxsən tanış olduğuna görə qürur hissi duyur və bir gənc olaraq daim dövlət başçısının kursunu dəstəkləməyi özünə mənəvi borc kimi qəbul edir.
Ən böyük arzuma çatdım
Əməkdar müəllim Gültəkin AĞAYEVA Prezidentlə görüşdə çıxış da edib. Lakin hesab edir ki, nə qədər danışsa da, bütün duyğularını, minnətdarlığını, sevincini tam ifadə edə bilməz: “Neçə illərdi qəlbimdə gəzdirdiyim nisgil, həsrət, kədər bir ildir ki, vüsallanıb, şənlənib, sevincə bələnib. Doğma yurdum, səfalı, laləzar Hadrutum düşmən caynağından xilas olub. İnsanı heyran qoyan gözəlliklər, dumana bələnən dağlar, dərələr, qoz ağacları ilə çətirlənən yollar bizləri görüb bir başqa aləmə düşüblər”.
Gültəkin xanım deyir ki, 30 il ərzində bir fikir beynini elə hey deşərdi: “Görəsən, o yerlərə yaz gəlirmi?” Tez öz-özümə deyərdim ki, gəlməz, gələ bilməz. O yerlərdə həyat olmazdı bizsiz. Təbiət də, torpaq da, yer də, göy də qan ağlayıb illərdi. Bir il bundan əvvələ kimi. Şəhid qanı ilə suvarılan torpaqlar, “Vətən!” hayqırtısı ilə oyanan dağlar, doğma addım səslərini eşidən yollar sevincdən qürurlandı, vüqarlandı yenidən. Həyat özünə gəldi bu həsrətlə yüklənmiş yerlərdə. Möhtəşəm köçünü gözləyir qurban olduğum yerlər. İnşallah, yenə həmişəki kimi həyat qaynayacaq Hadrutda.
1987-ci ildə Xankəndi Pedaqoji İnstitutunu bitirib Hadrutun Salakətin kənd məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunan həmsöhbətimizin Hadrutla ilk tanışlığı o vaxtdan başlayıb. İlk müəllimliyi, eyni zamanda ailə qurmağı da Hadrutla bağlı olub: “Mənim qəlbimdə o yerlərə qayıdacağımıza böyük ümid var idi. Amma bəzən bu ümid, bu inam gözümüzün yuxusu kimi ərşə çəkilirdi. 1991-ci ildə bizim kənd işğal olundu. O gündən Hadrut azad olan günə qədər mən o yerlərin, o gözəlliklərin həsrətini çəkdim. Həsrət çəkə-çəkə də illəri başa vurub yaşlandıq. Yaşlandıq, amma nağılların, dastanların sonuna bənzədi taleyimiz. Hər şey bir andaca axarına düşdü. 44 günlük savaşın sonu möhtəşəm Zəfərlə sonlandı. Bu Zəfər dərdimizə dərman oldu. Həsrətimizə qılınc çəkdi. Başımızı dik tutdu. Acımıza bal qatdı. Qalib ölkənin vətəndaşları idik. Bu möhtəşəm Zəfəri bizə yaşadan Ali Baş Komandana, cənab İlham Əliyevə təşəkkürlər edirik. Cənab Prezidentin apardığı uğurlu siyasətin uğurlu nəticəsidir torpaqlarımızın işğaldan azad olması. 1 il bundan əvvəl Ali Baş Komandan “Hadrutu azad etdik” xəbərini xalqa çatdıranda inanın ki, sevincdən ürəyim partlayırdı”.
Artıq azad olunan Hadruta gəlişi ilə ən böyük arzusuna çatdığını deyən Gültəkin Ağayeva buna görə canını torpaq uğrunda fəda edən şəhidlərimiz qarşısında baş əydiyini vurğulayır: “Mən çıxışımda möhtərəm Prezidentə öz minnətdarlığımı bildirdim. Dedim ki, bu zəfər Sizin möhtəşəmliyinizdir. Bu zəfər Azərbaycan Ordusundan layiqli cavabını alan Ermənistanın “Dəmir yumruq” qarşısında nə qədər aciz oldiğunu və acı məğlubiyyəti qəbul etməsidir. Doğma xalqına bağlı, dövlətini sevən, ürəyi Vətən eşqi, vətənpərvərlik ruhu, qəlbi azərbaycançılıq sevgisi ilə döyünən, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən dövlət başçısı! Hər kəsin qürur duyduğu dahi insan! Allaha min dəfə şükürlər olsun ki, biz arzumuza çatdıq. Eşq olsun ordumuza! Yaşasın Azərbaycan Prezidenti!”
Prezident bizi heyran etdi
Xocavənd rayon Mədəniyyət evinin metodisti Lüdmila HƏSƏNOVA deyir ki, oktyabrın 9-u - doğma yurd-yuvamızın işğaldan azad olunduğu gün artıq onun həyatının ən mühüm tarixinə çevrilib: “Bizim çoxdan səbirsizliklə gözlədiyimiz, illərlə həsrətində olduğumuz bu yurda səfər etdiyimizi eşidəndə sevincim yerə-göyə sığmadı. Özümü dünyanın ən xoşbəxti hesab etdim. Bir vaxtlar qəlbim sızıldayır, burnumun ucu goynəyirdi o yerlər üçün. Bir vaxtlar əlim çatmırdı, ünüm yetmirdi. Yamyaşıl çəmənlər, uca dağlar, dişgöynədən bulaqlar bizi haraylayırdı”.
Artıq 30 illik həsrətə son qoyulduğundan böyük sevinc yaşayan Lüdmila Həsənova qeyd edir ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi: “Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan
İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirərək bizi doğma yurd yerimizə qovuşdurdu. Artıq biz doğma torpağımızdayıq. O torpağın havasını udub, suyunu içirik. Çox sevinirik, qürur hissi keçiririk ki, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bəşəriyyətə haqqın, ədalətin, böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik”.
Prezident İlham Əliyevin Hadrut qəsəbəsinin işğaldan azad olunmasının ildönümünü onlarla birlikdə öz torpaqlarında qeyd etməsindən qürur duyduqlarını söyləyən Lüdmila Həsənova dövlət başçısının ünsiyyətinə heyran olduğunu deyir: “O qədər səmimi, mehriban idi ki... Şirin danışığı, diqqət və qayğısı hamımızı heyran etdi. Biz çox xoşbəxtik ki, İlham Əliyev kimi Liderimiz, Prezidentimiz var. “Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır” dedi Prezidentimiz. Gəlişilə Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkilməsinin, “Hadrut” yarımstansiyasının tikilməsinin təməli qoyuldu və Hadrutda məscidin tikintisinə start verildi. Bu, böyük bir tarixi hadisədir”.
Bütün
keçmiş məcburi köçkünlər kimi
Lüdmila Həsənova da öz ev-eşiyinə
qayıdacağı günü səbirsizliklə gözləyir.
İnanır ki, cənab Prezidentin diqqət və
qayğısı ilə düşmənin
işğalından azad olunmuş doğma Hadrut qəsəbəsi
əvvəlkindən də gözəl olacaq: “Hadrut qəsəbəsinə
çəkilən avtomobil yolu, təməli qoyulan məscid qəsəbəmizin
gələcək xoş günlərindən xəbər
verir. Ali Baş Komandanın rəhbərliyi altında Milli
Ordumuzun bizə bəxş etdiyi zəfər günü həsrətimizə
son qoydu. Uzun illər həsrəti ilə
yaşadığımız doğma ocağımızın
işğaldan azad edildiyinə görə Ali Baş Komandana
minnətdarıq. İnanırıq ki, tezliklə səmimi
ürək sözlərimizi doğma yurdumuzdan dilə gətirəcəyik”.
Prezident şəhid analarını dərdinə məlhəm
oldu
Adilə ABDULLAYEVA şəhid
Tural Abdullayevin anasıdır. Xocavəndin fəxri,
qüruru olan igid yetişdirdiyinə görə elə
özü də rayon sakinlərinin iftixarıdır.
Prezidentin Xocavəndə səfəri
onu da hədsiz sevindirib, duyğulandırıb: “Mən şəhid
anasıyam. Övladım millətimizin haqq
savaşında canından keçərək əbədiyyətə
ucalıb. Onun qəhrəmanlıqla
döyüşdüyü, şəhid olduğu ərazilərdə
indi Azərbaycan bayrağı dalğalanır. Övladım bayrağı çox sevərdi, onu
qürur rəmzi görərdi. Azad olunan ərazilərdəki
Azərbaycan bayrağına baxanda mənə elə gəlir
ki, oğlumun ruhu şaddır və o, sevinir. Biz də sevinirik. Cənab
Prezident İlham Əliyev hər dəfə Qarabağın
müxtəlif şəhərlərini, kəndlərini gəzəndə
fəxarət hissi keçirirəm. İllərlə
məcburi köçkünlük dərdi ilə
üz-üzə qaldığımızı
xatırlayıram və məhrumiyyətlər gəlib
gözlərimin önündə dayanır. Bu illər ərzində
biz Azərbaycanın inkişafını öz həyatımızda
hiss etmişik. Müstəqilliyin ilk illərində
zəif dövlətimiz var idi. Ancaq zamanla
Ulu Öndər Heydər Əliyev inkişafın təməlini
qoydu və cənab Prezident İlham Əliyev həmin təmələ
sədaqət göstərdi, o yolda uğurla addımladı.
Hər bir il öncəkindən gözəl
oldu. Ancaq bu illər ərzində bizim ürəyimiz
yenə qubar bağlamışdı. Əlbəttə,
ölkəmizin inkişafı bizi sevindirirdi, ancaq
torpaqlarımız düşmən tapdağı altında
idi. O torpaqlar qayıdacaqdı, bəs biz o günü
görə biləcəkmiydik?”
Adilə xanımın buna əsla
şübhəsi olmayıb. Daim inanıb və
indi cənab Prezidentin düşməndən təmizlənmiş
ərazilərə səfərlərini izləyəndə,
onun sözlərinə diqqət kəsiləndə həmin
günlərdəki inamını xatırlayıb kövrəlir.
Çünki kim təsəvvür edərdi
qısa zamanda bu qədər iş görülər: “Cənab
Prezident İlham Əliyev Hadrut qəsəbəsində səfərdə
oldu. O, bu qəsəbədə bir çox quruculuq işlərinin
əsasını qoydu. Bizim ailə bu
kadrları həvəslə izləyirdi, çünki o,
bütün söhbətlərində şəhidlərin
ruhuna minnətdarlıq ifadə edirdi, onların ailələrini
hər zaman diqqətdə saxladığını söyləyirdi
və bu, bizim qəlbimizdəki övlad həsrətini bir qədər
soyudur. Övladımız bu günlərin
memarlarından biri oldu və bununla əbədilik qazandı.
Cənab Prezident İlham Əliyev eyni zamanda səfərləri
zamanı səmimiyyəti ilə bizi sevindirir. O, rayon
sakinləri ilə sevgiylə, sevinclə danışır,
onların söhbətlərini diqqətlə dinləyir,
problemləri ilə maraqlanır. Cənab
Prezident illər öncə Xocavənd rayonunun kəndlərindən
məcburi köçkün kimi çıxan ziyalılarla
söhbəti zamanı evlərin dağıdılmasına,
yandırılmasına, talan olunmasına üzülsə də,
vətəndaşları gələcək günlərdə
şəhər və kəndlərimizin yenidən
qurulacağına əmin etdi. Mən bir
şəhid anası kimi diqqətlə izlədiyim Hadrut səfərindən
xeyli duyğulandım. Vətən
övladlarının qanları bahasına aldıqları
torpaqlarda bayrağımız əbədi dalğalanacaqdır
və dalğalandıqca da şəhidlərimizin ruhu şad
olacaqdır!”
Dünyanın ən
xoşbəxt insanı idim...
Xocavənd rayon Salakətin kənd tam orta məktəbin
müəllimi Telli ALIYEVA əməkdar müəllimdir.
O da Hadrut qəsəbəsinin azad
olunmasının birinci ildönümü münasibətilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
keçirilən görüşdə iştirak edib.
Bu görüş onun
üçün çox əlamətdar olub: “Birinci ona
görə ki, mən Qarabağın zəfər tarixini yazan
bir sərkərdə, müzəffər Ali Baş Komandan,
qüdrətli dövlət başçısı İlham
Əliyev kimi bir şəxsiyyətlə
görüşdüm.
İkincisi ona görə ki, 30 il həsrətində
qaldığım Qarabağ torpağına ayaq basırdım.
Bu hissləri sözlə ifadə edə bilmərəm. Görüşdə Prezident
İlham Əliyev 44 günlük müharibənin başlanma
səbəbləri, Hadrutun çətinliklə
alınmasından, qəhrəman əsgər və zabitlərimizin
necə qəhrəmanlıq göstərdiklərindən ətraflı
danışdı və bildirdi ki, tezliklə bu ərazinin yeni
baş planı hazırlanacaq, burada turizm məkanı
yaradılacaq. Bu torpağın gözəl
havası və zəngin bitki örtüyü var. Bu səfər
zamanı Prezident bildirdi ki, Hadrud ərazisində yeni məscidin,
yarımstansiyanın və Hadrut-Füzuli-Cəbrayıl yolunun
təməlini qoyduq”.
Prezidentlə Tuğ kəndinə gedən Telli Alıyevanı doğma yurdunda gördüyü mənzərə çox sarsıdıb: “Azərbaycanlıların evləri tamamilə dağıdılmış, məktəb və abidələr yararsız hala salınmışdır. Bizimlə söhbət zamanı Prezident bildirdi ki, mən bir neçə dəfə bu yerlərdə olmuşam, bu vəhşilikləri görmüşəm, 30 il ərzində hayların yaşadığı evlərə baxanda gördüm ki, burada heç kəs yaşamaz. Amma biz tezliklə gördüyümüz bu dağıntıları bərpa edəcəyik, yeni yaşayış binaları inşa ediləcək, abidələr olduğu kimi bərpa ediləcək. Bu diyarı gülüstana döndərəcəyik. Beləliklə, mən bu görüşdən xoş təəssüratla ayrıldım. Dünyanın ən xoşbəxt insanı saydım özümü, ona görə ki, mən Qarabağın xilaskarı ilə üzbəüz görüşdüm, əlini sıxaraq minnətdarlığımı bildirdim. Bundan gözəl nə ola bilər”.
Bakı Musiqi Akademiyasının professoru Tamilla KƏNGƏRLİNSKAYA deyir ki, onun da Prezidentlə görüş təəssüratları çox zəngindir: “İlk öncə cənab Prezidentin çıxışı, onun güclü şəxsiyyəti, vətənə, doğma təbiətə bağlılığı və xalqına qarşı dərin qayğılıq hissləri, eyni zamanda Xocavəndin gözəl təbiəti, bu gözəlliyə uyğun olan zəhmətkeş və mərd insanları, onlara xas olan səmimilik, sadəlik və qonaqpərvərlik... - bütün bunlar olduqca möhtəşəm hisslər yaradır. Ətrafdakı kontrastlı, bir-birini əks etdirən görüntülər də məni çox təsirləndirdi, çünki burada bir tərəfdən müharibənin dəhşətli kadrları, digər tərəfdən isə bu müqəddəs torpağı qısa bir zamanda bərpa edən, yeni həyat verən insanlar canlanırdı. Mən əminəm ki, cənab Prezidentimizin Xocavənd rayonunu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək məqsədi və arzusu yaxın zamanda reallaşacaq”.
Torpaqlarımızın işğal altında olduğu illərdə Xocavənd ictimaiyyəti heç vaxt ümidini itirmədi. Torpaqlarımızın günlərin birində azad olunacağı ilə bağlı inamları gündən-günə böyüdü. Onların inamını daha da gücləndirən isə Prezident İlham Əliyevin yürütdüyü siyasət idi. Çünki bu siyasət torpaqlarımızın işğaldan azad olunacağı tarixi hər gün yaxınlaşdırırdı. Ötən ilin Vətən müharibəsində qazanılan qələbə bu inamın əbəs olmadığını göstərdi. 44 günlük savaşda xocavəndlilər də qəhrəmancasına iştirak edərək, böyük şücaətlər göstərdilər, tarixi qələbəmizin qazanılmasına özlərinin layiqli töhfələrini verdilər.
Bu gün xocavəndlilər ikiqat sevinc yaşayırlar. Çünki doğma torpaqları sürətlə azad olunduğu kimi, sürətlə də bərpa edilir. İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə işğaldan azad olunmuş digər rayonlar kimi, Xocavənddə də hərtərəfli quruculuq işləri aparılır və erməni vandalizminin vurduğu yaralar tədricən sağalır. Dövlət başçısının, Müzəffər Ali Baş Komandanın Xocavəndə səfəri təsdiq etdi ki, Qarabağın bu dilbər və füsunkar guşəsi də tarixi şöhrətini tezliklə özünə qaytaracaq. Xocavəndlilər əmindirlər ki,
İlham Əliyev bu yurdu da cənnətə çevirəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2021.- 15 oktyabr.- S.1; 10.