İşıqlı gələcəyə
yol açan Qələbə
Qafqaz tarixən igid, mərd insanların məskəni olub. Bu torpaqlarda hətta yeri gələndə düşmənə də alicənab münasibət göstərilib. Onun ləyaqəti alçaldılmayıb. Savaşı, adətən, döyüş meydanında aparmağa üstünlük verilib. Düşmənin tökdüyü nahaq qanın qisası meydanda alınıb. Mərd sərkərdələr həmişə çalışıblar ki, orduların üz-üzə gəlməsindən günahsız insanlara, qadınlara, uşaqlara, yaşlılara xətər dəyməsin. Silahını atıb aman istəyən düşmən əsgərinin belə həyatı bağışlansın.
Müharibənin aparılması qaydaları ilə bağlı indi beynəlxalq konvensiyalarda müvafiq müddəalar təsbit olunub. Dövlətlər, ordular qarşısında müəyyən şərtlər müəyyənləşdirilib. Bütün bunların çoxu iki dünya müharibəsinin baş verdiyi ötən əsrdə bəşəriyyətin ümumi narahatlığı kimi formalaşıb. Amma bu müddəaların formalaşmasından yüz illər əvvəl də Azərbaycan sərkərdələri, Qafqazda hökmranlıq edən əcdadlarımız hərbi bu qaydalarla, əxlaq çərçivəsində aparardılar. Ən kəskin döyüşlərdə belə şərəf və ləyaqəti, comərdlik prinsipini öndə tutardılar.
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində də Azərbaycan ulularımızın bu mənəvi mirasına sadiqlik göstərdi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq düşmənin heç bir mülki obyekti hədəfə alınmadı. Ölkəmiz tətbiq etdiyi innovativ silahlarla XXI əsrin müharibəsini apardı və hərbi əməliyyatları dinc əhaliyə, mülki insanlara ziyan vurmadan necə həyata keçirməyin mümkünlüyünü bütün dünyaya göstərdi. Gəncəni, Tərtəri, Bərdəni, Goranboyu, Mingəçeviri, Naftalanı və cəbhə xəttindən xeyli uzaq digər yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutan düşməndən fərqli olaraq eyni cür davranmadı. Halbuki ordumuzdakı müasir silahlarla bundan qat-qat artığını edə bilərdik. Bununla belə, Azərbaycan bu cür namərd davranışı özünə əsla rəva görmədi. İtkilərimizin qisası savaş meydanında alındı. Ordumuzun gücü qarşısında qaçıb canını qurtarmağa çalışan, silahını atıb təslim olan, əsir götürülən erməni hərbçilərinə də yaşamaq, öz yanlışlarını anlamaq şansı verildi. 44 günlük müharibə gedişində Ermənistan ordusunda on mindən çox fərarinin olması erməni cəmiyyətindəki, düşmən ölkənin ordusundakı dərin mənəvi-psixoloji sarsıntını göstərirdi. “Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir.
Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi” - Azərbaycan Prezidenti İlham Əliyev müzəffər ordumuzun Vətən müharibəsinin ilk günlərində azad etdiyi Suqovuşandakı çıxışı zamanı belə dedi və Ermənistanın müharibə canilərini sərt şəkildə ifşa etdi. Vurğuladı ki, şanlı Azərbaycan Ordusu hərbi cinayətkarların qurduğu ordunu diz çökdürdü. Xaraktercə də, həyata keçirdiyi siyasətin dürüstlüyü, prinsiplərinə sadiqliyi etibarilə də əsl Qafqaz sərkərdəsinin ən gözəl xüsusiyyətlərini şəxsiyyətində bir araya gətirən Prezident İlham Əliyev Ermənistandakı bütün ünsürlərə üz tutaraq onları ağıllarını başlarına yığmağa, revanşist düşüncələrdən əl çəkməyə, özlərini yaxşı aparmağa çağırdı. Bununla da Ermənistanın keçmiş prezidenti Sarkisyan kimilərə ərənlik dərsi keçdi, uzun illər ərzində öz siyasi ambisiyaları üzündən milyonlarla insana olmazın iztirablar yaşatmış erməni cəlladlarının mənfur xislətini bir daha ortaya qoydu.
Yalnız irəli
Sentyarın 27-də Ali Baş Komandanın Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi zamanı hərbi əməliyyatların elə ilk günündə əldə edilmiş nəticələr barədə bəzi təfərrüatları bölüşmüşdü: “Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik”.
Prezident İlham Əliyevin həmin müsahibəsində toxunduğu bəzi məqamlar Azərbaycan Ordusunun müharibənin başlanması gününə nə qədər yüksək peşəkarlıqla hazırlaşdığını, əməliyyat planının zərgər dəqiqliyi ilə idarə olunduğunu göstərir. Bu dövrdə döyüş əməliyyatları zonası yetərincə məhdud olduğundan hərbi əməliyyatların ümumən harada keçiriləcəyinin mütəxəssislər tərəfindən asanlıqla müəyyən edilməsi ehtimalı nəzərə alınıb və aparılan əməliyyatlar planına demək olar ki, hər gün düzəlişlər edilib. “... Çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, - hərbi əməliyyatların gedişi indi artıq məlumdur, - bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu”, - deyə dövlət başçısı müsahibəsində bildirirdi.
44 günlük Vətən müharibəsi gedişində Azərbaycan daha bir ordu korpusu formalaşdırmağa müvəffəq olub. Cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edilib, bütün zəruri silahlar və texniki vasitələrlə yüksək səviyyədə təminat aparılıb. Səfərbər edilmiş texniki imkanlar əks-hücum fəaliyyətinin daha səmərəli şəkildə həyata keçirilməsinə böyük kömək göstərib. Müharibənin ilk günlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları qarşısında yaşanan qələbəliklər hamımızın yaxşı yadındadır. Bu, bir qürur mənzərəsi idi. Bütün Azərbaycan Vətən müharibəsi ovqatında idi. Zəfər ümidi, 30 illik münaqişənin donunun açılması, nisgilli yurdlarımızın azadlığına yolun görünməsi itkilərin ağrılarını ovundururdu. Azərbaycan insanı döyüş meydanında canını qurban vermiş hər şəhidimizin itkisinin bağrımızda açdığı yaralara daş basıb Qələbəyə doğru irəliləyirdi. Şəhidlərimizin qisasını döyüş meydanında almağa can atırdı.
“Dəmir yumruq” yerindədir
Həmin günlərdə amansız düşmən bir vaxtlar Xocalıda mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətləri yenə davam etdirməkdə idi. 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayon və şəhərlərimizi - Ağdamı, Ağcabədini, Beyləqanı, Daşkəsəni, Füzulini, Goranboyu, Tərtəri ağır silahlardan intensiv atəşə tuturdu. Cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər rayonlarımız, şəhərlərimiz atilleriya atəşinə məruz qalmışdı. Raketlərdən birinin Bakının yaxınlığında yerləşən Xızı rayonu üzərində zərərsizləşdirilməsi o demək idi ki, Ermənistan paytaxtımızı da raket hücumlarının hədəfi kimi götürübmüş.
Amma bütün bunlara baxmayaraq, vətəndaşlarımız Ali Baş Komandanı, Ordumuzu bir an da olsun dayanmamağa, düşməni torpaqlarımızdan çıxarmağa, şəhidlərimizin qanını döyüş meydanlarında almağa çağırırdılar. Ermənistanın heç bir beynəlxalq norma tanımayan azğınlığına, mülki əhaliyə qarşı törətdiyi ağır hərbi cinayətlərə rəğmən Azərbaycan Vətən Müharibəsi döyüşlərində heç zaman mülki əhalini, onların yaşadığı obyektləri hədəfə almadı, beynəlxalq humanitar hüququn fundamental prinsiplərini ciddi şəkildə qorudu.
Azərbaycan Vətən müharibəsində tətbiq etdiyi innovativ silahlarla dünyanın hərb tarixində də yeni bir səhifə açdı. Düşmənin yalnız hərbi hədəflərini məhv etməklə müharibəyə də humanizm gətirdi. Müasir silahların verdiyi imkanlarla cəmi bir neçə günün içində müharibənin taleyini həll etdi. “Dəmir yumruğ”un sərrast zərbələri ilə düşmənin zəhərli başını əzdi. Erməni qəsbkarlarının torpaqlarımızdan qaçıb getməkdən başqa əlacı qalmadı. Ermənistanın illərlə qurduğu istehkamlar, xaricdən cəlb etdiyi muzdlu əcnəbi döyüşçülər bir kara gəlmədi. Azərbaycan Ordusunun gücü qarşısında düşmən darmadağın oldu. Onun döyüş meydanına göndərdiyi hərbi texnikanın son dayanacaq yeri Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı oldu.
Ermənistan 44 günlük Vətən
müharibəsi nəticəsində, demək olar ki, ordusuz
qaldı. Ən əsası illərlə Ermənistan cəmiyyətində
sabun köpüyü kimi şişirdilmiş saxta miflər
havaya uçdu. Müharibə zamanı Ermənistan ordusunda on mindən
çox əsgər fərarilik etdi. Əslində, onlar ən
düzgün addımı atdılar. Öz
siyasi ambisiyalarını təmin etməkdən ötrü hərbçiləri
labüd ölümə göndərənlərin iradəsinə
tabe olmaq istəmədilər. Azərbaycan
Ordusunda isə 44 günlük Vətən müharibəsi
gedişində bir nəfər də olsun fərarilik etmədi.
Azərbaycanın hər bir əsgər və zabiti sona qədər
şərəflə vuruşaraq tarixi qələbəyə
canı-qanı ilə töhfələrini verdi.
Bu da Azərbaycanda nə qədər yüksək
vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini
göstərir.
Tarixi
haqlarımıza nail olmuşuq
Dünyanın müxtəlif ölkələrində
xeyli sayda münaqişə ocaqları var. Bu ocaqların
olması kimlərəsə sərf edir. Hansısa
xarici qüvvələr müəyyən maraqlarını təmin
etməkdən ötrü bu münaqişə
ocaqlarını yaradır və idarə edirlər. Bütün bunlar bəşəriyyətin əsrlərcə
görə-görə gəldiyi acı reallıqdır.
Dünyanın böyük güc mərkəzləri
üçün kifayət qədər əhəmiyyətli
bölgə olan Cənubi Qafqaz da bu bəladan xali deyil. İmperiyalar dağılanda, əfsus ki, onların
ağır miraslarından biri məhz bu cür münaqişə
ocaqları olur. Keçmiş SSRİ
imperiyasının belə “qalıqları” ilə Azərbaycan
da üzləşmişdi. On illər boyu
danışıqlar aparılır, guya həll yolları
axtarılırdı. Amma bütün
bunların sadəcə baş qatmaqdan başqa bir şey
olmadığını zaman sübuta yetirdi. İtirilən illərin əziyyətini sadə
insanlar çəkdi. Təxminən 30 il
sürən, sülh danışıqları ilə bu qədər
müddətdə həll olunmayan münaqişəyə 44
günlük Vətən müharibəsi ilə yekun vuruldu. Bütün dünya gördü ki, qələbə
arzusuna çatmaq üçün həm də güclü,
qüdrətli olmalısan. Yeri gələndə,
vuran əlinin zorunu da göstərməlisən.
Düşmən “dəmir yumruğ”un
gücünü duymalıdır. Anlamalıdır
ki, rəqibi ondan daha güclüdür. Havadarlarının
köməyi, güvəndiyi lobbi alverçilərinin dəstəyi
onu bu zərbədən xilas etməyəcək.
Bu günlərdə
İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində
Prezident İlham Əliyev Azərbaycanla barışıq,
bütün qonşularla xoş münasibət tərəfdarı
olanlara, Cənubi Qafqazda sülh, davamlı inkişaf,
qarşılıqlı əməkdaşıq arzulayanlara
ölkəmizin mövqeyini bir daha çatdırdı. Dövlət rəhbərimiz qeyd etdi ki, biz Ermənistanla
hər iki ölkənin ərazi bütövlüyünün
qarşılıqlı tanınması əsasında normal
münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin
delimitasiyasına və bu proses bitəndən sonra
demarkasiyasına başlamağa hazırıq: “Həmçinin
biz gələcək sülh sazişi üzərində Ermənistanla
işləməyə başlamağa hazır olduğumuzu
bildirmişik. Bütün bu təşəbbüslər
tərəfimdən və digər Azərbaycan rəsmiləri
tərəfindən dəfələrlə
vurğulanmışdır. Lakin əfsuslar
olsun ki, Ermənistan hələ də buna müsbət cavab
verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz
olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm
ki, biz bu il ərzində daha çox irəliləyişə
nail ola bilərdik”.
Status
yoxdur və hər kəs bu məsələni
unutmalıdır
Prezident
İlham Əliyev müsahibəsində Ermənistan rəhbərləri
ilə danışıqlara, müzakirələrə
açıq olduğunu vurğulayaraq bunun, müharibənin
bitdiyinin və həmin səhifənin çevrildiyinin
yaxşı göstəricisi ola biləcəyini
qeyd etdi: “Bu, çox vacibdir. Çünki biz hələ
də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini
nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq
hüquq əsasında bizə məxsus olan əraziləri təkrar
ələ keçirmək üçün gələcək
planların qurulması cəhdlərini görür və
eşidirik. Buna görə, Ermənistan
hökumətinin iradəsi, ciddi iradəsi, təkcə
sözlər, bəyanatlar yox, əməllər müharibənin
bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi
nümayiş etdirəcək”.
Azərbaycan Prezidenti ara-sıra müəyyən dairələr
tərəfindən gündəmə gətirilən status məsələsi
barədə də bir daha öz qəti möveyini bildirdi. Artıq Dağlıq
Qarabağ adlı inzibati vahidin mövcud
olmadığını, bu il iyulun 7-də Azərbaycanın
iqtisadi zonalarının yeni konfiqurasiyası ilə
bağlı fərman imzaladığını və burada iki
iqtisadi zonanın - Qarabağ və Şərqi Zəngəzur
iqtisadi zonalarının yaradıldığını,
onların bütün bu ərazini əhatə etdiyini
xatırlatdı. Vurğuladı ki, bu gün Rusiya sülhməramlılarının
məsuliyyət daşıdığı ərazidə -
Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan
vətəndaşlardır: “Onların fərqli dini və ya
etnik mənşəyi olan istənilən digər Azərbaycan
vətəndaşı kimi eyni hüquqları, imtiyazları və
öhdəlikləri olacaq. Qısaca desək,
status məsələsinə qayıtmaq mümkün deyil,
status yoxdur və hər kəs bu məsələni
unutmalıdır”.
Əgər Ermənistan tarixi səhvlərindən nəticə
çıxarıb heç olmasa bundan sonra konstruktiv mövqe
tutarsa, regionun təhlükəsizliyinə əsas təhdid mənbələrindən
biri olaraq qalmazsa, Cənubi Qafqazı gözəl bir gələcək
gözləyir.
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın irəli
sürdüyü və Azərbaycanın da fəal şəkildə
dəstəkləyərək reallaşmasına
çalışdığı regional əməkdaşlıq
platforması bunun təminatçısıdır.
Dövlətimizin rəhbəri İlham Əliyev hesab edir ki,
belə bir platforma nəinki müharibədən sonrakı məsələlərə,
eləcə də, ümumilikdə bölgədə regional
inkişafa xidmət edəcək: “Çünki əgər
biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq
formatını yaratmağa müvəffəq olsaq, bu, hər
hansı yeni düşmənçilik hərəkətlərinə
qarşı əsas zəmanət olacaq. Bu,
regional əməkdaşlığın mühüm amilinə
çevriləcək və çox fayda gətirəcək.
Təkcə, Azərbaycanın güclü təşviq etdiyi
kommunikasiyaların açılması sayəsində biz
region ölkələri arasında dərhal ticarət
dövriyyəsini artıra, on minlərlə iş yeri
aça bilərik. Bu, yalnız
kommunikasiyaların açılması sayəsində olacaq.
Bununla belə, qarşılıqlı ticarəti
gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək,
regionumuz gərginlik məkanından sabitlik və sülh
regionuna çevriləcək”.
Beləliklə, Azərbaycan Vətən müharibəsindəki
parlaq qələbəsi ilə yaratdığı
reallıqları daha da möhkəmləndirir. Bu
reallığı düzgün qiymətləndirənlər
ondan böyük faydalar qazanacaqlar. Müxtəlif
pozucu əməllərlə regionun inkişafına mane olmaq
istəyən bədxahlar isə, tarixi fürsətləri
itirməklə ən böyük ziyanı özlərinə
vurmuş olacaqlar.
İradə ƏLİYEVA,
Azərbaycan.- 2021.- 24
oktyabr. S. 1;3.