Zəngilanın
elektrik enerjisi infrastrukturu da zəngin olacaq
Şuşada, Suqovuşanda, Cəbrayılda, Füzulidə,
işğaldan azad edilmiş digər ərazilərimizdə
qısa müddətdə bir-birinin ardınca enerji obyektləri
istifadəyə verilib və onların sayı getdikcə
artır. Prezident İlham Əliyev Zəngilan rayonuna növbəti
səfəri zamanı burada 110/35/10 kV-luq “Zəngilan”
yarımstansiyasının açılışını
edib, Rəqəmsal Yarımstansiyanın təməlini qoyub.
Bütün bunlar sürətlə gedən yenidənqurma
işləri sırasında kənd və şəhərlərin
elektrik enerjisi ilə təchizatının xüsusi önəm
kəsb etdiyini bir daha təsdiqləyir. Elektrik
enerjisi, ümumiyyətlə, bir çox digər sahələrin
inkişafını təmin edir. Qarabağda
və Şərqi Zəngəzurda qurulan enerji infrastrukturu isə,
üstəlik, neçə illərdir yurd həsrəti
çəkən insanların doğma torpaqlarına
qayıtmasını tezləşdirir.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzur
getdikcə daha çox nura boyanır. Prezident İlham
Əliyev regiona hər səfəri zamanı yeni enerji obyektlərinin
açılışını edir. “Azərenerji”
ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası bunlardan
biridir.
Vətən müharibəsindən sonra Zəngilanın
enerji təchizatının yenidən qurulması
üçün genişmiqyaslı işlər həyata
keçirilib.
Belə ki, elektroenergetika infrastrukturu tamamilə
dağıdılmış rayona Füzulidəki
“Şükürbəyli” yarımstansiyasından ümumi
uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik
verilişi xətti çəkilib. Hava xəttinin
ildırımdan mühafizəsi və
yarımstansiyalararası siqnalların ötürülməsi
üçün zəruri işlər görülüb.
Yarımstansiya binası müasir avadanlıqla təchiz
olunub, 25 MVA gücündə 2 transformator
quraşdırılıb. Gələcəkdə
şəbəkənin genişləndirilməsi nəzərə
alınaraq lazımi infrastruktur yaradılıb. Burada
mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub ki, bu da
yarımstansiyanın iş rejiminə real zamanda nəzarət
olunmasına və göstəricilərin “Azərenerji” ASC-nin
SCADA sisteminə ötürülməsinə imkan verir.
İşğala qədər 40 min nəfərdən
çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələbatı
orta hesabla 7 MVt olub. Hazırda ərazisində hava limanı, qızıl,
mis yataqları, dağ-eko, aqro və mədəni turizm,
“ağıllı şəhər”, “ağıllı kənd”
də daxil olmaqla, qeyri-əhali abonentlərin və 50 mindən
çox əhalinin məskunlaşması
proqnozlaşdırılan Zəngilanda 2040-cı il
üçün elektrik enerjisi tələbatının 40
MVt-dan çox təşkil edəcəyi gözlənilir. Məhz bu səbəbdən də Zəngilan
rayonunun və ümumilikdə Şərqi Zəngəzur
iqtisadi rayonunun gələcək inkişaf istiqamətləri
nəzərə alınaraq artacaq güc tələbatlarının
qarşılanması məqsədilə yeni çəkilən
110 kV-luq ikidövrəli elektrik verilişi xəttinin
gücötürmə qabiliyyəti 150-160 MVt-dır.
“Zəngilan” yarımstansiyası, ilk növbədə, Zəngilan
rayonunda yerləşən hərbi hissələri, sərhəd
xidməti obyektlərini, bir sıra infrastruktur layihələri
həyata keçirən müxtəlif dövlət
strukturlarının, yol-tikinti şirkətlərinin obyektlərini
elektrik enerjisi ilə təmin edəcək.
Prezident
İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşündə həmin vacib infrastrukturun əhəmiyyətini
qeyd edərək dedi: “Bu gün yarımstansiyanın da
açılışını etdik. Mənə
məlumat verildi ki, sovet vaxtında Zəngilan rayonunun ümumi
enerji tələbatı cəmi 7 meqavat idi, çünki əhali
o qədər də çox deyildi. İndi
isə biz gələcək inkişafı nəzərə
almaq şərti ilə yarımstansiyanı 50 meqavatlıq
etdik. Bir də ki, əhali artıb. İşğala qədər Zəngilan rayonunun əhalisi
təqribən 30 mindən bir qədər çox idi. İndi 45 minə çatıb və əminəm
ki, zəngilanlıların hamısı gəlib burada, belə
bir gözəl yerdə, doğma vətəndə yerləşəcək”.
Dövlət
başçısının xeyir-duası ilə Zəngilan
rayonunda Rəqəmsal Yarımstansiyanın qurulmasına da
start verilib. Rayonda 35/10 kV-luq 240 kilometrlik və 0,4 kV-luq 1050
kilometrlik elektrik veriliş xətti tamamilə yenidən
qurulacaq. Ənənəvi təchizat sxemindən
fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi
baxımdan daha səmərəlidir. Yeni
qurulacaq şəbəkədə “ağıllı şəhər”,
“ağıllı kənd” layihələrinin infrastrukturu
üçün bütün imkanlar mövcud olacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamında qarşıya qoyulan vəzifələrin icrası məqsədilə “Azərişıq” tərəfindən Paylayıcı Şəbəkələrin Yaşıl Enerji Zonası tələbləri üzərində qurulmasına başlanıb və “ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası, “yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.
Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimi zamanı qeyd edilib ki, Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək, 42 kilometrlik xətt isə bərpa olunacaq. Hazırda bu istiqamətdə işlər davam edir. Deməli, Qarabağın və Şərqi Zəngəzurun işığı gündən-günə artır.
Flora SADIQLI,
Azərbaycan.- 2021.- 24
oktyabr. S. 1; 4.