Uca amallarla yaşayan ziyalı

 

O, hər zaman inanıb ki, bütün uğurların açarı zəhmətlə istedadın vəhdətindədir. Bir də böyük məqsəd və uca amallarla yaşayan insan nə qədər çətinliklərlə qarşılaşsa da, ruhdan düşməməlidir. Doğma vətəninin və millətinin tərəqqisi naminə çalışmağı ən böyük amalı hesab edən ziyalılarımızdan biri, elmi potensialı, tədqiqatçılıq bacarığı, intellekti, güclü məntiqi, alicənablığı, xeyirxahlığı ilə elmi ictimaiyyətə yaxşı tanış olan Əməkdar elm xadimi, professor Rafiq Hüseynovun həyatı və fəaliyyəti çoxlarına nümunədir.

 

O, 1946-cı il oktyabrın 22-də zəngin tarixi, əsrarəngiz təbiəti olan Şəki şəhərində dünyaya gəlib. Atası Qurban Hüseynov dövrünün tanınmış ziyalılarından olub.

Kiçik yaşlarından oxuyub öyrənməyə maraq göstərən Rafiq Hüseynov ilk təhsilini Şəkidə alıb. O, Şəkidə ibtidai, Bakıda isə orta məktəbi əla qiymətlərlə başa vurub. 1963-cü ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) “Mühəndis - metallurq” ixtisası üzrə daxil olub. İnstitutun əlaçı tələbələrindən olub. Çalışqanlığı yalnız dərslərini yaxşı oxuması ilə yekunlaşmayıb. O, həm də fəallığı ilə həmyaşıdlarına nümunə olub. Respublika miqyaslı müşavirələrdə, toplantı və yığıncaqlardakı çıxışlarında irəli sürdüyü maraqlı təklifləri ilə diqqəti cəlb edib.

1968-ci ildə ali məktəbi uğurla başa vurub. Təyinatla Rusiya Federasiyasının Novokuznetsk Metallurgiya zavoduna işləməyə göndərilib. Zavodda mühəndis-metallurq kimi ilk əmək fəaliyyətinə başlayıb. Bir müddət sonra vətənə dönüb. Əmək fəaliyyətini Bakı Əlvan Metalların Emalı Zavodunda davam etdirib. Həmin zavodda baş usta-texnoloq, sex rəisi vəzifələrində çalışıb. Hər zaman işlərinə məsuliyyətlə yanaşan Rafiq Hüseynovun iş təcrübəsi ildən-ilə zənginləşib.

O, hələ tələbəlikdən elmi araşdırmalara böyük maraq göstərib. Rafiq Hüseynovun elm sahəsində səmərəli işlər görə biləcəyini, uğur qazanacağını düşünən müəllimləri onu təhsil aldığı ali məktəbə işləməyə dəvət ediblər. 1969-cu ildə o, Azərbaycan Politexnik İnstitutunun “Metallar texnologiyası və metalşünaslıq” kafedrasında fəaliyyətə başlayıb, laborant, assistent vəzifələrində çalışıb.

 1971-1974-cü illərdə Moskva Kimya Maşınqayırma İnstitutunda əyani aspiranturada təhsil alıb. Namizədlik dissertasiyasını müdafiə edib. Vətəninə qayıdan gənc alim yenidən doğma institutunda fəaliyyət göstərib. 1974-1981-ci illərdə Azərbaycan Politexnik İnstitutunda baş müəllim, dosent vəzifələrində işləyib. O, bir müddət sonra dekan müavini, fakültə partiya təşkilatı katibi vəzifələrində çalışıb.

1976-1981-ci illərdə Respublika Gənc Alimlər Şurasının sədri vəzifəsini tutan alim hərbi, kosmik, neft-qaz-kimya sənaye sahələrində geniş tətbiq olunmuş zireh poladlarının və xüsusi təyinatlı ovuntu-kompozisiya materiallarının yaradıcılarından, həmçinin Xəzər dənizində quraşdırılmış stasionar platformaların hazırlanmasında istifadə olunan poladların hazırlanmasının müəlliflərindən biridir.

Rafiq Hüseynov 1981-1982-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində fransız dili kurslarında da oxuyub. Həmin kursu və sonradan Fransa Respublikasında fransız dilinin təkmilləşdirilməsi kurslarını da əla qiymətlərlə başa vurub. O, 1985-1988-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasına ezam edilib. Bumerdes şəhərində fəaliyyət göstərən Yüngül Sənaye İnstitutunda “Metallar texnologiyası və maşınqayırma texnologiyası” kafedrasının müdiri və həmin şəhərdə çalışan sovet mütəxəsislərinin partiya komitəsi katibinin müavini vəzifəsində çalışıb.

O, harada fəaliyyət göstərirsə-göstərsin, hər zaman zəhmətsevərliyi, savadı ilə fərqlənməyi, hörmət qazanmağı bacarıb. Aydın, elmi əsaslara söykənən fikirləri, şərh tələb edən problemlərin yığcam şəkildə izahını vermək qabiliyyəti ilə tədqiqatçı alimlərin diqqətini cəlb edib.

1992-ci ildə o, Moskva Avtomobil Yolları İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru elmi dərəcəsini alıb və professor adına layiq görülüb. Rafiq Hüseynovun həm namizədlik, həm də doktorluq dissertasiyalarının mövzuları hərbi və kosmik sənaye sahələrində istifadə olunan xüsusi təyinatlı zireh poladlarının və xüsusi tərkibli ərintilərin yaradılmasına və hərbi-kosmik sənayesində istifadəsinə həsr olunub.

Onun Moskva şəhərində elmi fəaliyyəti illərində kosmosun tədqiqi sahəsində əvəzsiz xidmətləri olan məşhur azərbaycanlı Kərim Kərimovla və akademik Tofiq İsmayılovla birgə geniş elmi yaradıcılıq əlaqələri olub.

Rafiq Hüseynov 1996-cı ilin yanvarından 2015-ci ilədək Azərbaycan Texniki Universitetində “Konstruksiya və kompozisiya materiallarının texnologiyası” kafedrasının müdiri olub. Hazırda həmin ali təhsil ocağında “Metallurgiya və metallar texnologiyası” kafedrasında professor vəzifəsində çalışır. Rafiq Hüseynov həm də Müdafiə Nazirliyində və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən fəlsəfə və elmlər doktorlarının müdafiəsi üzrə xüsusiləşdirilmiş Elmi-Şuraların üzvüdür.

O, 2007-2016 illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Elm, İnnovasiya və İnformasiya Texnologiyaları” şöbəsinin müdiri vəzifəsində işləyib.

Professor Rafiq Hüseynovun elmi-tədqiqatlar sahəsindəki məhsuldar fəaliyyəti diqqətdən kənarda qalmayıb. O, fəxri adlara və mükafatlara layiq görülüb. Rafiq Hüseynov Komsomol mükafatı, Z.A.Tağıyev adına Respublika mükafatı laureatıdır. İki dəfə Ümumittifaq komsomolunun “Əmək rəşadəti” medalları ilə, kosmik və hərbi sənaye sahələrində geniş tətbiq olunmuş zireh poladları və kompozisiya materiallarının yaradıcısı kimi SSRİ Elmlər Akademiyasının xüsusi medalı ilə təltif olunub. Moskvada, Kremlin Qurultaylar Sarayında keçirilmiş Ümumittifaq Komsomolunun XVIII qurultayına Azərbaycandan nümayəndə seçilib.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə respublika müdafiə sənayesinin inkişafında xüsusi xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Professor Rafiq Hüseynov hərbi, kosmik, neft-qaz və digər xüsusi sənaye sahələrində tətbiq olunmuş və indi də tətbiq olunan 20-yədək patentin, 14 elmi ixtiranın, 180-dən yuxarı elmi məqalənin, 8 dərsliyin (3-ü fransız dilində çapdan çıxıb), çoxsaylı dərs vəsaitlərinin, tədris proqramlarının müəllifidir. Onun elmi məqalələrinin əksəriyyəti Amerika, Fransa, Əlcəzair, Türkiyə, Rusiya, Ukrayna, İran, Avstriya, Birləşmiş Ərəb Respublikası və digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında işıq üzü görüb.

2015-ci ilin oktyabrında Moskva şəhərində “Kosmosdan sülh məqsədləri üçün istifadə”yə həsr olunan beynəlxalq konfransda Rafiq Hüseynovun bu sahədəki fəaliyyəti geniş müzakirə edilib və o, xüsusi mükafatla, kosmosda olmuş qızıl qol saatı ilə mükafatlandırılıb.

Professor 2007-2016-cı illərdə “Kosmosdan sülh məqsədləri üçün istifadə” üzrə beynəlxalq təşkilatın və “Azərkosmos” SC-nin işçi qrupunun Azərbaycandan nümayəndəsi seçilib. Həmin təşkilatın üzvü olan dövlətlərin elmlər akademiyalarının və Kosmik Tədqiqat akademiyalarının prezidentləri (Rusiya Federasiyası, Ukrayna, Belarus, Tacikistan, Qazaxıstan və s.) və hərbi sənaye institutlarının tanınmış akademikləri Moskva şəhərində düzənlənən beynəlxalq konfrans zamanı Rafiq Hüseynovun bu sahədəki fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycan Elmlər Akademiyasına bu barədə məlumat veriblər.

Gənc mütəxəssislərin yetişdirilməsində də professor Rafiq Hüseynovun xidmətləri əvəzsizdir. Tanınmış alim fəaliyyəti dövründə çoxsaylı mühəndis, magistr, bakalavr kadrlarının diplom, buraxılış işlərinə rəhbərlik edib, səkkiz doktorantın elmi rəhbəri və bir neçə elmlər doktoru dissertasiyalarının elmi məsləhətçisi olub. Rafiq Hüseynov bu gün də müdafiə sənayesi sahəsində dissertasiya işini yerinə yetirən doktorantların elmi rəhbəridir. Gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasına, onların yaxşı tədqiqatçı kimi yetişməsinə səy göstərir. Professor Rafiq Hüseynov öz yetirmələrinə hər zaman böyük qayğı və inamla yanaşır. Müəllimlərinin bu münasibəti onlara həm də elmi problemlərin həllində, qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında mənəvi kömək olur, daha həvəslə, inamla çalışmalarına yol açır.

Professor Rafiq Hüseynov həm də xeyirxah ziyalılarımızdan biri kimi tanınır. O, “Şəki Ziyalılar və Xeyriyyə Cəmiyyəti”nin sədri kimi həmyerlilərinin sosial-iqtisadi problemlərinin həllində də öz köməyini əsirgəmir. Həyata keçirdiyi təqdirəlayiq işlərdən biri də onun təşəbbüsü və yaxından iştirakı ilə görkəmli şəkili alim və ziyalıların, dövlət xadimlərinin tərcümeyi-halları və onlar haqqında bioqrafik materialların toplanaraq iki cilddə nəfis şəkildə çap edilməsidir.

Bütün vətənsevər ziyalılarımız kimi Rafiq Hüseynovun da ən böyük dərdi Azərbaycan torpaqlarının otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalması, bir milyondan artıq soydaşımızın öz evindən, ocağından ayrı düşərək məcburi köçkün həyatı yaşaması idi. Müdafiə sənayesinin inkişafına bir alim kimi Rafiq Hüseynov da töhfə vermişdir.

Onun yüksək səviyyədə yerinə yetirdiyi dissertasiya işinin aktuallığı xüsusi qeyd olunmalıdır. Rafiq Hüseynovun doktorluq dissertasiyasının müzakirəsi zamanı akademik A.Qulyayev Rafiq Hüseynovla iyirmi illik birgə fəaliyyətini təhlil edərək, onu hərbi və xüsusi maşınqayırma sənaye sahələrində perspektivli və geniş diapazonlu milli kadr kimi dəyərləndirmişdir. Texnika elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı M.Laxtin isə Rafiq Hüseynovun nəinki Azərbaycanda, həmçinin Zaqafqaziyada görkəmli materialşünas alim olduğunu vurğulayıb.

Professor Rafiq Hüseynov təkcə respublikamızda deyil, xarici ölklələrdə də yaxşı tanınır, materialşünaslıq sahəsində apardığı tədqiqatlar yüksək qiymətləndirilir. Hələ keçmiş SSRİ-də ilk dəfə zireh poladlarının işlənib hazırlanmasında yeni bir istiqamət seçən, bu poladlarda çox baha başa gələn defisit legirləyici elementləri daha ucuz və asan tapılan mikrolegirləyici elementlərlə əvəz edən Rafiq Hüseynovun haqqında hərbi sənaye sahəsində tanınmış professor U.Başnin və başqaları da yüksək fikirlər bildiriblər.

Rusiyada, Ukraynada, Əlcəzairdə də çalışan professor Rafiq Hüseynov öz vətənini layiqincə təmsil etmək üçün öz gücünü, biliyini və bacarığını əsirgəməyib.

Alimin səmərəli fəaliyyətinin, gərgin əməyinin əsasında xalqına bağlılıq var. Zəngin həyat təcrübəsinə malik, geniş elmi potensiallı professor Rafiq Hüseynov daim axtarışdadır. Doğma vətənimizin və xalqımızın adını hər zaman uca tutan, elmimizi inkişaf etdirən, öz fəaliyyəti və işgüzarlığı ilə nümunəyə çevrilən 75 yaşlı alim, inanırıq ki, bundan sonra da elmdə yüksək zirvələr fəth edəcək.

 

Arif HƏŞİMOV,

Azərbaycan.- 2021.- 24 oktyabr. S. 6.