“Şəhid olsam,
özümü xoşbəxt sayaram”
Fərid Dursunov
son məktubunda belə
yazmışdı
Fərid hələ uşaqkən atasının medallarını döşünə taxıb, taxtadan düzəltdiyi avtomatı çiyninə keçirib qonşu uşaqları ilə “müharibə” meydanında “vuruşmağı” çox sevərdi. Atası Fazil Dursunov Sovet qoşunlarının tərkibində Əfqanıstanda döyüşmüşdü. Ata müharibənin nə olduğunu hamıdan yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, hərbi biliklərə yiyələnmək hər bir oğulun borcudur. Elə buna görə də gözünün ilk nuru Fəridin hərbçi olmaq istəyini dəstəkləyirdi.
Fərid 1986-cı il iyulun 26-da dünyaya göz açmışdı. 2003-cü il kənd orta məktəbini bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdu. Hərbi məktəbi 2008-ci ildə bitirib xarici dövlətlərin birinə qısamüddətli hərbi təlimə göndərilmişdi. Fərid düz 12 il ön cəbhədə, düşmənlə üz-üzə xidməti vəzifəsini şərəflə yerinə yetirmişdi. Azərbaycan Silahlı Qüvvələrin Quru Qoşunlarının kapitanı Fərid Dursunov şərəfli zabit adını həmişə uca tutmuşdu. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrin üç yubiley medalı, “Qüsursuz xidmətə görə” III dərəcəli medalla təltif olunmuşdu.
Kapitan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Vətən müharibəsi zamanı Kəlbəcər döyüşlərində savaşıb. Sentyabrın 28-də isə Şəhidlik şərbətini içib. Doğma kəndində dəfn olunub.
Fərid Vətənini çox sevən, uğrunda can verməyə hazır olan oğullardan idi. O, bu sevgini özündən kiçik iki qardaşına da ötürə bilmişdi.
Fazil Dursunov
oğulları ilə haqlı olaraq fəxr
edir: “Nə yaxşı ki,
onları belə, Vətənini uğrunda
can verəcək qədər sevən
igidlər kimi böyüdə bilmişəm.
“Hərbçi olmaq istəyirəm” dediyi gündən onunla fəxr
etmişəm. Hər dəfə oğlumu
hərbi formada görəndə qürurla dayanıb onu xeyli süzərdim. Kiçik
oğullarım da bunu
yaxşı bilirdilər. Onlar hərbi məktəbdə
oxumamışdılar. Amma hiss edirdim ki, Vasif və
Röyal da bu yolu seçəcəklər.
Hər ikisi həqiqi hərbi xidmətdən qayıdandan sonra Milli Orduya qayıdacaqlarına
qərar verdilər.
Vətənə döyüşən oğullar gərəkdir.
Doğrusu, anaları Mirvari
bir qədər narazı idi. Deyirdi ki, heç olmasa biri yanımızda
qalsın”.
Müharibə başlamamışdan bir neçə gün əvvəl Fərid kiçik qardaşına bərk-bərk tapşırır
ki, döyüş başlanan gün, çayda dəstənamazını
alsın, namazını
qılsın, əyləşsin
texnikasına. Heç nə fikirləşməsin.
Ancaq düşmənin üstünə
irəliləsin. Qarabağda görüşərik.
Bu onun kiçik
qardaşına son vəsiyyəti
olur.
Fərid evli idi. Qonşu kənddən
- Şotavardan sevib-seçmişdi.
Məryəmlə xoşbəxt idilər.
İki oğul - İsa və Öməri böyüdürdülər. Çox sevərdi oğullarını.
Boş vaxt tapan kimi
onlarla futbol oynayardı. Fərid hələ
uşaqlığından “Qalatasaray”lı
idi. Arzusu Türkiyəyə getmək, “Qalatasaray” komandasının oyununu canlı-canlı seyr etmək olub. Bu sevgini həyat
yoldaşı Məryəmlə,
oğulları ilə
bölüşürdü Fərid.
Fərid yoldaşlarına bərk-bərk
tapşırmışdı ki, işdir şəhid olsa, məzarı üstündə
Azərbaycan bayrağı
ilə yanaşı “Qalatasaray”ın bayrağını
da ucaltsınlar. Dəfn mərasimində
iştirak edən dostları onun bu vəsiyyətinə əməl etmişlər.
İndi Fəridin məzarı üstündə üçrəngli
müqəddəs bayrağımızla
yanaşı onun sevimli komandasının bayrağı da dalğalanır.
Fəridin bu sevgisindən xəbər tutan “Qalatasaray” İdman Klubu rəsmi tvitter hesabında şəhidimiz Fərid Dursunovun məzarının
fotosunu paylaşmış,
ailəsinə və Azərbaycana başsağlığı
mesajını yayımlamışdır.
“Qalatasaray” Futbol
Klubunun başqan yardımçısı Yusif
Günay şəhidin
atası ilə telefonla danışmış,
Fərid kimi igid Azərbaycan oğulları ilə fəxr etdiklərini bildirmiş, başsağlığı
vermişdir.
- Adəti idi, həmişə işə
gedəndə mənimlə,
uşaqlarla sağollaşardı.
Bu dəfə əvvəl İsanı, Öməri bərk-bərk
qucaqlayıb öpdü.
Sonra əllərimdən
tutub, mənim alnımdan öpdü və bircə bunu dedi: “Uşaqlardan
muğayat ol”. O gedəndən bir neçə saat sonra yazdığı məktubu tapdım. Çox qısa idi məktubu: “Məndən narahat olmayın. Şəhid olsam, özümü
xoşbəxt sayaram”.
Əlimdə məktub donub
qalmışdım. O, bizimlə vidalaşırdımı?!
İçimdən elə bil nə isə qırılıb düşdü.
Telefon zənginə cavab almadım... Bilirdim ki, gec-tez torpaqlarımızı
azad etmək üçün müharibə
olacaq. Öndə Milli Ordunun zabitləri dayanacaqlar.
10 illik ailəlik
həyatımda özümü
müharibənin gətirəcəyi
acılara alışdırmağa
çalışsam da,
müharibə xəbəri
məni sarsıtmışdı.
Sanki nə isə pis bir xəbər
alacağam kimi ürəyim yerindən çıxırdı...
Məryəm danışdıqca göz
yaşları sel olub axırdı. Balaca Ömər isə hey içini çəkib: “Ağlama, ana”, - deyirdi.
Fəridin doğum günündə
onun ailəsinə baş çəkdim. Üç igidin
anası Mirvari Dursunova ilə ilk görüşüm idi.
Özümü bu ailənin
yaxını bildiyim üçün çox səmimi keçdi ilk görüşüm. Fazilin rəhmətlik
anası - Fəridin nənəsi Babbalı ilə mən xala nəvələri idik. Söhbət bizi çox uzaqlara apardı...
Mirvari anaya səbr dilədim. “Vətən
üçün belə
igidlər böyütməyin
özü ən böyük səadətdir”,
- dedim. Oğul evləndirib, ev-eşik,
oğul-uşaq sahibi etmək valideyn üçün şərəfdir.
Hələ bu oğullar
Vətən üçün
sinəsini sipər edərsə, bir dünya xoşbəxtlik qürurdur. Mirvari ana belə xoşbəxt analardandır.
Üç oğlu torpaqlarımız
üçün ön
cəbhədə düşmənlə
vuruşub. Tanrı onlardan
birini seçdi.
Onu Şəhidlik zirvəsinə
qaldırdı.
Ölümündən sonra Fərid Dursunov Prezident İlham Əliyevin sərəncamı ilə
“Vətən uğrunda”,
“Kəlbəcərin azad
olunmasına görə”
medalları ilə təltif olunub. Fəridin
dəfnindən bir il keçir.
Anım gününə döyüş
dostları, rayon rəhbərləri,
kənd camaatı,
rayon gəncləri toplaşmışdı.
Məzarı üstə ruhuna
dualar oxunmuş, igidliyindən söz açılmışdı.
Noyabrın 8-də Qələbə gününü
qeyd edəcəyik. Qələbəni
doğma xalqımıza
bəxş edən, bu yolda şəhid
olan oğullarımızın
ruhları qarşısında
baş əyirik və deyirik: “Qələbə gününüz
mübarək!, Şəhid oğullarımız!”
Xavər ƏFƏNDİYEVA,
Azərbaycan.- 2021.- 24
oktyabr. S. 5.