Zəfərin keşikçiləri
Azərbaycan əsgərinin Şuşadakı addım
səsləri bütün Qarabağa yayılır
Şuşadayıq...
Hər qarışı qanla yoğrulan Zəfər qalamızda...
O qala ki, 28 il öncə xəyanət nəticəsində düşmənin əlinə keçib əsarət altına düşsə də, qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki misli görünməmiş əməliyyatı ilə azadlığına qovuşub qəhrəmanlıq simvoluna çevrildi. İgidlərimiz sinələrini qayalara sipər edib sıldırımlara dırmaşmaqla, yarğanlardan keçib şəhərdə küçə-küçə döyüşməklə uğrunda qan tökülüb, can verildi.
Bu gün isə azad Şuşada Azərbaycan əsgərinin ayaq səsləri, Yuxarı Gövhər ağa məscidinin minarəsindən ucalan azan səsi həm şəhidlərimizin ruhunu şad edir, həm də düşmənin bağrını yarır.
Artıq 11 aydır ki, Şuşa azadlıqdadır və qəhrəman oğulların böyük şücaəti sayəsində azad edilən şəhər mükəmməl səviyyədə müdafiə olunur. Biz də böyük maraqla yolumuzu Şuşanı qoruyan hərbi hissədən saldıq.
Yüksək səviyyəli hazırlıq, hərtərəfli təchizat
Qarşılaşdığımız ilk məqam elə ilk andan ovqatımızı yüksəldir. Hərbi hissənin qarşısına çatarkən məğrur Azərbaycan əsgərinin ritmik ayaq səsləri ilə bərabər, xorla oxuduğu hərbi nəğmənin qürurverici avazı eşidilir:
Qorxu nədir bilmərik, biz dağların ərləri.
Yuva etdik göyləri, baş döndərən yerləri.
Əngəl bilməyib aşarıq uca, hündür dağları,
Əl
verib uzanarıq o mavi buludlara...
Mən Azərbaycan
əsgəriyəm!
Düşməni bütöv, pəncəmlə əzərəm.
Hər
yerdə mən varam...
Getdikcə səsləri
daha da ucalır və sanki şəhərin hər tərəfindən
eşidilir. Böyük maraqla binaya daxil
olub öncə komandanlıqla görüşürük.
Bəlli olur ki, Vətən müharibəsində
şanlı döyüş yolu keçən hərbi hissəyə
çox böyük missiya həvalə olunub -
Şuşanın təhlükəsizliyini, müdafiəsini
yüksək səviyyətə təmin etmək.
Ali
Baş Komandan İlham Əliyev bu il yanvar
ayının 15-də Şuşaya səfəri çərçivəsində
hərbçilərlə görüşüb, onların
qarşısında böyük məsuliyyət qoyub. Azərbaycan əsgəri Şuşanı və azad
edilmiş bütün torpaqlarımızı göz bəbəyi
kimi qorumalı, müdafiə etməlidir. Ona
görə də hərbi hissənin bütün şəxsi
heyəti üzərinə düşən məsuliyyəti dərk
edərək bu tapşırığı şərəflə
yerinə yetirir.
Hərbi hissə ilə tanışlıq zamanı buna
bir daha şahidlik etdik. Əsgər yataqxanasındakı səliqə-sahmana, təmizliyə
söz ola bilməz. Burada hərbi
qulluqçuların istirahəti üçün lazımi
şərait yaradılıb. Otaqlarda
istilik sistemi quraşdırılıb. Əsgər
çarpayıları isə əvvəlkilərdən fərqli
olaraq, daha yüksək keyfiyyətli döşəklərlə
və yastıqlarla təchiz olunub. Silah və
texnikanın payız-qış mövsümünə
keçidi, hərbi hissənin qışa
hazırlığı prosesi də yüksək səviyyədə
aparılıb. Hərbi
qulluqçuların ərzaq və isti geyimlə təminatı
normaya uyğun şəkildə icra edilib.
Müdafiə nazirinin göstərişi ilə
dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə
dislokasiya olunan bölmələrə normadan əlavə təminat
və təchizat vasitələri ayrılıb. Sərt iqlim
şəraitində, dağlıq-düzənlik ərazidə,
gecə və gündüz rejimində fasiləsiz xidmət
aparmaq üçün hərbi hissələrin
döyüş qabiliyyətinin daha da artırılması, eləcə
də döyüşə hazırlığın yüksək
səviyyədə saxlanılması üçün
planlı şəkildə bütün zəruri tədbirlər
həyata keçirilir. Bütün bunlar
isə Azərbaycan əsgərinin döyüş ruhunu daha
da yüksəldir.
“Şuşa
etibarlı əllərdədir, şəhəri göz bəbəyimiz
kimi qoruyuruq”
Hərbi hissədə
görülən işlərlə tanışlıqdan sonra
həyətə çıxıb hərbi
qulluçuların gündəlik fəaliyyəti ilə
maraqlanırıq. Şəxsi heyətin hərbi
hissənin ərazisində və təyin olunmuş yerlərdə
dərslərlə məşğul olduğunun şahidi
oluruq. Meydanda bir qrup şəxsi heyət plana
uyğun olaraq sıra hazırlığı keçir. Sıra hazırlığının elementlərini
icra edən əsgərlərin ayaq səsləri hər kəsin
diqqətini çəkir. Diqqətimizi
daha çox çəkən isə artilleriya
batareyasının şəxsi heyəti ilə aparılan təlimat
olur. Əsgərlər istirahət
üçün yaradılan dairəvi masalarda əyləşib
diqqətlə komandirlərin təlimatlarına qulaq
asırlar.
Onlara mane olmadan müşahidə aparırıq. Bir qədər sonra bizə
yaxınlaşan Şuşa şəhərinin
mühafizə və müdafiəsinin təşkilində
xidmətləri olan zabit Namiq Abdullayevlə söhbətləşirik.
O, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən igidlərdən biridir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən zəfərədək üzərinə düşən vəzifəni uğurla icra edərək nümunəvi döyüş yolu keçib. Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Keçdiyi döyüş yolundan da danışan zabit deyir ki, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan haqq savaşının hər anı şərəfli tarixdir. Onun fikrincə, çətin və asan döyüş olmur: “Biz haqq savaşı aparırdıq. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə başlamışdıq. Üzərimizə düşən tapşırıqları uğurla yerinə yetirməliydik. Axı illərlə bu gün üçün hazırlaşmışdıq. And içmişdik ki, torpağımızın hər qarışı üçün canımızı, qanımızı əsirgəməyəcəyik. Belə də oldu. Azərbaycan Ordusu nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanımızın illərlə ordu quruculuğu sahəsində apardığı islahatlar, Silahlı Qüvvələrimizin modernləşməsi istiqamətində atdığı addımlar öz uğurlu nəticəsini verdi. Düşmən Azərbaycan Ordusunun gücünə bələd idi. Müharibədən öncə Aprel, Günnüt zəfərlərində düşmən nəyə qadir olduğumuzu görmüşdü. Ona görə də 2016-cı ildən başlayaraq daha güclü müdafiə istehkamları yaratmağa başlamışdılar. Amma biz istehkamları darmadağın etdik, “keçilməz” adlandırdıqları sədləri elə sürətlə adladıq ki, düşmən qaçmağa belə macal tapmadı”.
Zabit deyir ki, ən ağır döyüşləri Cəbrayılda, Hadrut istiqamətində baş verib. Topxana meşəsi ətrafında gedən döyüşlərdə yaralanıb, ilkin tibbi yardımdan sonra təxliyə edilməsi barədə göstəriş verilsə də, buna etiraz edib və döyüşə atılıb: “Ağır döyüşlər gedirdi. Topxana meşəsi uğrunda döyüşdə mərmi yaxınlığımıza düşdü və yaralandım. İlkin tibbi yardımdan sonra dedilər ki, geri çəkil. Amma savaşan Azərbaycan əsgərini orada komandirsiz qoyub geriyə qayıtmaq zabitə yaraşmazdı. Bunu mənəviyyatıma sığışdırmadım və ayağım sarğılı şəkildə döyüşü davam etdirdim. İkinci dəfə Çanaqçı kəndi istiqamətində gedən döyüşlərdə yaralandım. Yenə də döyüşü davam etdirdim. Amma getdikcə halım pisləşirdi. Kürəyim, ayaqlarım, qollarım bərk əzilmişdi. Təxliyə olundum və 3 gün hospitalda müalicə aldıqdan sonra yenidən geri qayıdıb Şuşa əməliyyatlarında iştirak etdim”.
Namiq Abdullayev öndə savaşan əsgərlə birlikdə hərəkət edərək Şuşaya qədər döyüş yolu keçib. Sözlərinə görə, elə ən çətin, amma şərəfli döyüşlər Şuşa uğrunda aparılan əməliyyatlar olub. Bu əməliyyatların bir özəlliyi də o idi ki, əsgər və komandir heyəti çiyin-çiyinə savaşırdı. Şuşanın ətrafı dağlıq ərazi olduğu üçün orada pilotsuz uçuş aparatlarının imkanlarından yararlanmaq qeyri-mümkün idi. Lakin Azərbaycan Ordusunun xüsusi təyinatlı bölmələrinin və digər birləşmələrin çevik dəstələrinin birlikdə həyata keçirdiyi əməliyyatlar dünyaya səs saldı. Azərbaycanın igid oğulları elə bir qəhrəmanlıq nümayiş etdirdilər ki, düşmən uzun müddət onun şokundan ayılmadı və bu gün də həmin əməliyyatlar müzakirə mövzusu olaraq qalır.
Qəhrəman zabit bu gün Şuşada xidmət etməyi həm də məsuliyyətli vəzifə adlandırır: “Bir gün Şuşada xidmət edəcəyimizi ağlımıza gətirmirdik. Amma bu gün qürurla, fəxrlə Şuşamızın mühafizə və müdafiəsindəyik. Burada xidmət etmək şərəflidir, həm də üzərimizdə böyük məsuliyyət var. Müzəffər Ali Baş Komandanımız bu şəhərin yüksək səviyyədə qorunması üçün tapşırıqlar verib. Biz də həmin tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışırıq. Zəfər qalamızı göz bəbəyimiz kimi qoruyuruq. Şəxsi heyətin də döyüş ruhu çox yüksəkdir və xalqımız da arxayın ola bilər ki, Şuşa etibarlı əllərdədir”.
Qeyd edək ki, Namiq Abdullayev döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən 3 medalla - “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
“Həyatımızın ən qürurlu, şərəfli anlarını yaşayırıq”
Zabit Hüseyn Zeynalov da Vətən müharibəsi iştirakçısıdır. O, Şuşaya zəfərlə daxil olan qəhrəman hərbçilərimizdən biridr. Bu müqəddəs məkana dağlarda, dərələrdə, qayalarda döyüşə-döyüşə “Zəfər yolu” ilə gəlib. İndi isə Şuşanın müdafiə və mühafizəsində igid Azərbaycan zabiti kimi fəxarətlə xidmət edir.
Hüseyn Zeynalov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunudur. Ötən il sentyabr ayının 27-də başlanan Vətən müharibəsində batareyası ilə çətin, ağır, həm də şərəfli döyüş yolu keçib. Torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan haqq savaşında imzasının olduğu üçün özünü xoşbəxt sayır: “Vətən müharibəsi bizim şərəf tariximiz oldu. Həm tarix yazdıq, həm də tarixə yazıldıq. Hərbçi olmağı özümə peşə seçəndə inanırdım ki, nə zamansa savaş olacaq və mən də bu müharibədə silahdaşlarım, əsgərlərimlə birgə Vətənə olan borcumu şərəflə yerinə yetirəcəm. Bu, sadəcə Allahın qisməti idi ki, mənim də taleyimdə belə xoşbəxt günlər yaşandı. Döyüş yolum Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərindən keçib. Bu döyüşlərdə bir daha Azərbaycan hərbçisinin qəhrəmanlığının şahidi oldum. Bu savaşda Azərbaycan Ordusu nəyə qadir olduğunu tək düşmənə yox, dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin yaratdığı müasir Silahlı Qüvvələr Azərbaycan tarixinə xilaskar, müzəffər Ordu kimi yazıldı. Onu da etiraf etməliyik ki, bu ordu şanlı zəfəri Ali Baş Komandanın əsl sərkərdə qətiyyəti sayəsində qazandı. Əgər cənab İlham Əliyev kimi Ali Baş Komandanımız olmasaydı, bəlkə də bu gün Qarabağ işğal altında idi və bundan sonra da neçə illər düşmən tapdağında qalacaqdı”.
Hüseyn Zeynalov döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Gənc zabit bu gün Şuşada xidmət etməyi həyatının ən qürurlu, şərəfli anı hesab edir. Onun kimi şəhərin müdafiə və mühafizəsini təşkil edən hər bir əsgər üzərinə düşən tapşırığı uğurla yerinə yetirir: “Hər birimiz anlayırıq ki, bu gün həm Azərbaycan xalqının, həm də Ali Baş Komandan İlham Əliyevin qarşısında böyük məsuliyyət daşıyırıq. Ona görə də üzərimizə düşən vəzifəni yüksək vətənpərvərlik ruhunda uğurla icra edirik. Tabeliyimdə olan əsgərlərin döyüş ruhu çox yüksəkdir. Ancaq buna baxmayaraq savaş görmüş zabit kimi onlara hər an baş verə biləcək təhlükəyə hazır olmağı, ayıq-sayıq xidmət aparmağı və verilən əmrləri vaxtında yerinə yetirməyi dönə-dönə tapşırıram”.
Döyüş ruhlu, məğrur və qalib Azərbaycan əsgəri
Gecə-gündüz gözünü qırpmadan əldə silah Şuşanın keşiyində duran əsgərlərin məğrur duruşu, hərəkətləri və söhbətimiz əsnasında səsləndirdikləri fikirlər bizi daha da qürurlandırır.
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Təhmasib Qulubəyli deyir ki, Şuşada xidmət etmək hərbçi həyatının ən şərəfli anıdır. Düzdür, bundan sonra hərbi xidmətdə olacaq gənclərin böyük əksəriyyəti Şuşada xidmət keçəcək. Amma məhz Şuşanın ilk müdafiəçilərindən olmaq, burada görülən işləri görmək tamam ayrı bir xoş hisslərdir.
Əsgər Fərhad Rəhimli 10 aydır hərbi xidmətdədir. Ali təhsillidir. Azərbaycan Texniki Universitetinin məzunu olan Fərhad deyir ki, iki aydan sonra tərxis olunacaq və mülki həyatda Şuşada xidmətindən, burada gördüyü əzəmətli işlərdən ağızdolusu, fərəhlə, yorulmadan danışacaq: “Biz Şuşanın müdafiəsini təşkil edən ilk hərbçilərik. Azərbaycanın igid oğulları canları bahasına qədim şəhərimizi azad edərək bizlərə təhvil veriblər. Ona görə də Şuşa elə qorunmalıdır ki, gözümüzdən göydə uçan quş belə yayınmamalıdır. Hər an ayıq-sayıq xidmətdəyik. İstənilən bir hadisə baş verən kimi dərhal komandirlərə məruzə edirik. Biz Şuşanı göz bəbəyimiz kimi qoruyuruq”.
Şuşada xidmət edənlərdən ən gənci əsgər Təbriz Bəylərovdur. O, 4 aydır xidmətdədir. Amma çox cəsur və qorxmazdır. Deyir ki, seçim zamanı öz xahişi ilə Şuşada xidmət etmək istədiyini bildirib: “Karantin müddəti bitdikdən sonra bölgü aparılırdı. Xahiş etdim ki, məni Şuşaya göndərsinlər. Səbəbi də bəllidir. Bura Azərbaycanın baş tacıdır. Şuşanın düşməndən necə azad edildiyini bilirəm. Gəldim ki, bütün hər şeyi gözlərimlə görüm və burada nümunəvi xidmət aparım. Biz artıq özümüzü mübariz əsgər kimi hiss edirik. Axı qalib ordunun əsgərləriyik. Hər cür təminatımız var. Bizim komandirlərimiz Vətən müharibəsində iştirak etmiş canlı qəhrəmanlardır. Onların hər cümləsi, hər fikri bizim üçün çox dəyərlidir. Ona görə də elə xidmət etməliyik ki, bizdən sonra gələnlər də o ənənəni davam etdirsinlər”.
Yüksək mənəvi-psixoloji ovqat
Əsgərlərlə söhbətləşdikdən sonra yenidən onlar üçün yaradılan şəraitlə tanış oluruq. Nahar vaxtına hələ vaxt qalsa da, yeməkxanaya daxil olub əsgərin qida rasionu ilə maraqlanırıq.
Yeməkxanada səliqə-sahmana və təmizliyə tam riayət edilir. Hər cür avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.
Şəxsi heyət üçün hazırlanan gündəlik yeməyin çeşidi də zəngindir. Səhər qida rasionunda kərə yağı, pendir, meyvə cemi, yumurta, şirin çay mütləqdir. Bundan başqa, müxtəlif günlərdə səhərlər düyü, vermişel sıyığı, çəkilmiş mal əti ilə qarabaşaq verilir. Nahar rasionu da çoxçeşidlidir. Həftənin müxtəlif günlərində çeşidi dəyişməklə sulu yeməklərdən mərci, lobya, noxud şorbası, borş, küftə hazırlanır. Bununla yanaşı, qovrulmuş ətlə makaron, vermişel və düyü bişirilir.
Şam yeməyində isə balıq konservi, kartof pürəsi, bulğur və düyü sıyığı olur. Həmçinin hərbçilər mövsümi tərəvəz salatları və şirələrlə təmin edilirlər.
Əlbəttə ki, burada yaradılmış şərait şəxsi heyətin yüksək mənəvi-psixoloji ovqata köklənməsinə, döyüş və mübarizə əzminə də müsbət təsir göstərir.
Şuşadakı hərbi hissədə şahidlik etdiyimiz real mənzərə bizi çox qürurlandırdı. Azərbaycan əsgərinin mənəvi-psixoloji durumu, hərbi və maddi-texniki təchizatı, döyüş hazırlığı, bir sözlə, ümumi vəziyyəti ilə əyani surətdə tanış olmaq, qazanılan uğurların canlı şahidlərinə çevrilmək yalnız böyük qürur və sevinc hissi doğurur. Bu xoş təəssüratla da hərbi hissəni tərk edirik.
Bir daha əmin olduq ki, Azərbaycan əsgəri Şuşanı göz bəbəyi kimi qoruyur. Yanvar ayında burada hərbçilərlə görüşən Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırıqlar uğurla icra edilir.
Müzəffər Ali Baş Komandanın dediyi kimi, qəhrəman Azərbaycan övladlarının mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirib azad etdikləri Şuşada görülən bütün işlər düşmənə gözdağıdır.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2021.- 29
oktyabr. S. 1;3.