Türkiyə-Azərbaycan tərəfdaşlığı
sülhə xidmət edir
Müasir beynəlxalq münasibətlər sistemini Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Demokratik dəyərlərə söykənən və türk millətinin böyük əzmkarlığı sayəsində iqtisadi tərəqqi yolu ilə inamla irəliləyən Türkiyə Cümhuriyyəti hər il özünün quruluş gününü yeni uğurlarla bayram edir və yeni-yeni irimiqyaslı layihələrə imza atır.
Son illər dünyada gedən siyasi, iqtisadi və mədəni proseslərdə özünəməxsus yer tutan Türkiyə sürətlə inkişaf edən ölkələr sırasında yer alır. Hazırda Türkiyə iqtisadi inkişaf sürətinə görə dünya liderlərindən biridir.
Türkiyənin ümumi daxili məhsulu 2020-ci ildə pandemiyanın təsiri altında azalsa da, onun mənfi nəticələrinə baxmayaraq, 1,8 faiz artaraq iqtisadçıların gözləntilərini üstələdi. İqtisadçılar Türkiyədə keçənilki ümumi daxili məhsulun artım sürətinin 2021-ci ildə də davam edəcəyini və hətta intensivləşəcəyini gözləyirlər.
Onların fikrincə, 2021-ci ilin birinci rübündə Türkiyə ixracatının ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artaraq 50,023 milyard dollara yüksəlməsi ölkənin ümumi daxili məhsulunun miqdarını artırmağa kömək edəcək.
2021-ci ilin ikinci kvartalında onun miqdarı 21,7 faiz artmışdır. Bu artım 1999-cu ildə Türkiyənin dünyanın 20 böyük iqtisadiyyatı arasına daxil olmasından sonra əldə etdiyi rekord göstəricidir. Belə ki, 765 milyard dollar dəyərində qiymətləndirilən iqtisadiyyat “Böyük iyirmilik”dən olan ölkələrin əksəriyyətini geridə qoydu. Ölkədə ixracat 59,9 faiz, idxalat isə 19,2 faiz artdı. Ölkədə iqtisadi artıma ən çox töhfə verən sahələr sənaye və xidmət bölmələridir.
Uzun zaman ərzində Türkiyə iqtisadiyyatının sahə strukturunun əsas xüsusiyyəti iri aqrar bölmənin olması idi. Hazırda Türkiyə dünya ticarət sisteminə getdikcə daha böyük dərəcədə cəlb olunur ki, bu da ölkənin daxili və xarici siyasətinə xeyli təsir göstərir. Ankaranın fəal ticarət apardığı Almaniya, Fransa və Hollandiya kimi Aİ ölkələrinin iqtisadiyyatları aşağı düşdüyü halda, Türkiyə artıma nail olub. Yaxın və Orta Şərq ölkələri və həmçinin Afrika dövlətləri ilə viza rejiminin fəal surətdə sadələşdirilməsi, adıçəkilən regionlarla ticarət əlaqələrinin artmasına kömək edir.
Region üzrə qonşu ölkələrin iqtisadiyyatına xeyli miqdarda kapital qoyan türk müəssisələrinin sayının ildən-ilə artması müşahidə olunur. Əsasən Bolqarıstan, Gürcüstan, Rumıniya və Rusiyanın, həmçinin Yaxın və Orta Şərqin bəzi ölkələrinin iqtisadiyyatına bu olduqca müsbət təsir göstərir.
Bu cəhətdən Türkiyənin onlarca əməkdaşlığı təkcə ticarət sahəsi ilə məhdudlaşmır. Türk investisiyaları regionda iş yerlərinin yaradılmasına və istehsalın artmasına kömək edir. Hazırda xidmət sahəsi ölkə iqtisadiyyatının 66,5 faizini təşkil edir.
Türkiyə ərazisində nadir tarixi abidələrin zənginliyi, Aralıq dənizi çimərliklərinin son dərəcə gözəlliyi, əlverişli iqlim şəraiti turizm biznesi üçün geniş imkanlar açır. Hər il ölkəyə təxminən 80 ölkədən 35-40 milyon turist gəlir. Lakin bu ilin yay fəslində ölkədə və bütövlükdə dünyada tüğyan edən meşə yanğınları bu sahəyə ziyan vurdu. Hazırda meşə sahələrinin bərpası üzrə geniş tədbirlər həyata keçirilir.
Türkiyə Cümhuriyyəti dünyanın 18-ci, Avropanın isə 6-cı ən böyük iqtisadiyyatı olmaqla yanaşı, inkişaf etməkdə olan ölkələr arasında ÜDM-ə görə də liderlərdən biridir.
Son illər ərzində Türkiyənin əsas iqtisadi göstəriciləri sübut edir ki, bu ölkənin iqtisadiyyatında sabit artım və xarici investisiyaların çoxalması müşahidə olunur. Qeyd etmək lazımdır ki, dövlət Türkiyəyə xarici kapitalın cəlb edilməsi üzrə məqsədyönlü siyasət həyata keçirir. Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarının əsas hissəsi Avropa İttifaqından gəlir. İran körfəzi zonası ölkələrindən gələn sərmayələrin də həcmi artır, ancaq onların həyata keçirilməsi prosesində qiymətli təcrübənin ötürülməsi baş vermir. Türkiyəyə gələn xarici investisiyaların müəyyən hissəsi Türkiyənin Aİ ilə Gömrük ittifaqının olması və onun Aİ-yə daxil olması perspektivi ilə əlaqədardır.
Son illər ərzində Avropa Komissiyasının dərc etdiyi məruzədə Türkiyədə həyata keçirilmiş islahatlar nəticəsində əldə olunmuş tərəqqi qeyd olunmaqla yanaşı bildirilmişdi ki, Türkiyə iqtisadiyyatı qlobal iqtisadi sarsıntılar şəraitində duruş gətirməyə qabil olan iqtisadiyyat kimi xarakterizə olunmuşdur.
Türkiyə uğurlu maliyyə siyasəti və islahatlar sayəsində dövlət borclarının səviyyəsini tədricən aşağı salmaqla yanaşı, iqtisadi böhranlara davam gətirmiş və dünya arenasında öz yerini möhkəmləndirmişdir.
Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi planı tərtib olunmuşdur. Bu plana şərti olaraq “Vision 2023” adı verilmişdir. Bu sənəddə qarşıya olduqca ciddi vəzifələr qoyulmuşdur. Plana uyğun olaraq 2023-cü ilədək Türkiyə özünün ümumi daxili məhsulunu 2 dəfədən çox artıraraq 2 trilyon dollara, ixracat isə üç dəfə artırılaraq 500 milyard dollara çatdırılmalıdır.
Türkiyə hökuməti gələn il istehsalın milliləşdirilməsi səviyyəsindən tutmuş məşğulluğa qədər bir çox göstəricilər üzrə müdafiə və aerokosmik sənayedə əhəmiyyətli irəliləyişlər əldə edəcəyini gözləyir. Belə ki, 2022-ci ildə müdafiə və aerokosmik məhsulların ixracının 8,9 milyard dollar, ticarət dövriyyəsinin 23,1 milyard dollar, işçilərin sayının isə 74,8 min nəfər olacağı proqnozlaşdırılır.
Çağdaş Türkiyə dövləti Ulu Öndər Atatürkün “Yurdda sülh, cahanda sülh!” vəsiyyətinə əməl edərək üzərinə düşən bu şərəfli missiyanı dünyanın müxtəlif qitələrində qətiyyətlə yerinə yetirməkdədir. Əgər bu gün Qətər ərazisində türk hərbi kontingenti yerləşibsə, bu həmin dövlətin istəyinə uyğun olaraq gerçəkləşdirilib və bu regionda sülh işinə xidmət edir. Təsadüfi deyil ki, Türkiyənin son illər xarici siyasəti “strateji dərinlik” anlayışının iki prinsipi - “qonşularla problemlərin sıfır səviyyəsi” və “Türkiyə ətrafında sabitlik və təhlükəsizlik zonasının yaradılması” prinsipi üzərində qurulub.
İki müstəqil qardaş dövlət kimi Türkiyə ilə Azərbaycan arasında siyasi münasibətlər hələ XX əsrin 20-ci illərində qurulmuşdur. O zaman Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini bəyan edəndən sonra Türkiyə ilə bütün sahələrdə əlaqələr yaradıldı. Mustafa Kamal Paşa qeyd etmişdi ki, “Azərbaycan türklərinin dərdi bizim dərdimiz, sevinci bizim sevincimiz olduğu üçün onların arzularına çatması, azad və müstəqil yaşaması bizi çox sevindirir”.
Azərbaycana olan sevgisinin nəticəsi idi ki, Ankarada Azərbaycan diplomatik nümayəndəliyinin rəsmi açılışı zamanı Atatürk özü şəxsən Azərbaycanın milli bayrağını dirəyə bağlamışdır. Hətta sonralar vəfat etmiş Azərbaycan diplomatik nümayəndəliyinin başçısı İbrahim Əbilovun cənazəsini böyük sayğı və sevgi əlaməti olaraq bir ton yarım balın içində Bakıya yola salınmışdı (Xatırladaq ki, Hindistan yürüşü zamanı vəfat etmiş Makedoniyalı İskəndərin də cənazəsi bu şəkildə vətəninə yola salınmışdı).
Təsadüfi deyil ki, 70 ildən sonra böyük Atatürkün arzuları çin oldu. Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət oldu. Az sonra, 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında protokol imzalandı.
İki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini belə bir fakt bir daha sübut edir ki, hər iki ölkənin prezidentləri ilk rəsmi səfərlərini bir-birinin ölkəsinə etmişlər. Hər il təşkil olunan yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları ikitərəfli, regional və qlobal sahədə bir çox məsələlərə dair fikir mübadiləsi aparılmasına imkan yaratmışdır. Bu şura həmçinin iki ölkə arasında hüquqi-müqavilə bazasını möhkəmləndirən bir çox sənədlərin imzalanmasına və əlaqələrin daha da dərinləşməsinə zəmin yaratmışdır.
Bu ilin ən mühüm hadisələrindən biri iki qardaş ölkənin liderlərinin imzaladığı Şuşa Bəyannaməsi oldu. Bu günlərdə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qarabağın qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi, imzalanmış sənədlər və səsləndirilən fikirlər bir daha dünya ölkələrinə ciddi mesaj oldu ki, xalqların firavan və dinc yaşayışı iqtisadi əməkdaşlıq və tərəqqi yolu ilə mümkündür və bunun alternativi yoxdur. Hansı qüvvə bu inkişaf və əməkdaşlığa qarşı çıxarsa, öz layiqli dərsini alacaqdır.
Türkiyə və Azərbaycan liderləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular. Oktyabrın 26-da Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.
Qarşılıqlı iqtisadi münasibətlərdə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (BTC) və Bakı-Tbilisi-Ərzrum təbii qaz boru kəməri (BTE) Azərbaycan-Türkiyə əməkdaşlığının ən böyük uğurlarından biridir. Təkcə 2021-ci ilin birinci yarısında Azərbaycan Türkiyəyə 8,7 milyard kubmetr qaz ixrac edib. Yanvar-avqust aylarında Trans-Anadolu qaz kəməri ilə “Şahdəniz” yatağından Türkiyəyə yanacaq tədarükü 3 milyard kubmetrə yaxınlaşıb.
Bu layihələrin məntiqi davamı olan və “Cənub qaz dəhlizi”nin (CQD) əsasını təşkil edən, XXI əsrin layihəsi olaraq dəyərləndirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) nəzərdə tutulan plana uyğun olaraq irəliləyir. Trans-Adriatik təbii qaz boru kəmərinin (TAP) başa çatdırılması ilə Xəzər təbii qazının Anadolu üzərindən Avropaya daşınması da böyük iqtisadi tərəqqi vəd edir.
Fəaliyyətdə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti də üç qonşu ölkə - Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı regional əməkdaşlığa bariz nümunədir. Bu layihə nəqliyyat sahəsinə töhfə verməklə yanaşı, ticarət fəaliyyətinin və humanitar əlaqələrin də sürətlə artması ilə nəticələnəcək.
Tarixi İpək yolunu yenidən canlandıracaq bu layihə ilə Azərbaycan və Türkiyə üzərindən Pekin ilə London arasında müntəzəm dəmir yolu daşınmaları təmin ediləcəkdir. İlkin gücü ildə bir milyon sərnişin və 6,5 milyon ton yük olacaq bu layihə reallaşandan sonra onun imkanları 2034-cü ildə 3 milyon sərnişinə və 17 milyon ton yükə çatdırılacaqdır.
Türkiyəli sahibkarlar Qarabağa investisiya qoymaqda maraqlıdırlar. Bununla əlaqədar olaraq Bakıda 500-ü Türkiyədən olmaqla bir sıra ölkələrdən mindən çox iş adamı və investorun iştirakı ilə XXV Beynəlxalq Biznes Forumu (IBF - Beynəlxalq Biznes Forumu) keçiriləcək.
Bu gün türk şirkətlərinin Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların həcmi 9 milyard dollara çatmışdır. Əsasən telekommunikasiya, bank, sığorta, nəqliyyat, ərzaq məhsulları, toxuculuq məmulatları, mebel, inşaat avadanlıqları kimi sahələrdə fəaliyyət göstərən 2665 türk şirkəti Azərbaycanda 25 mindən artıq insanın məşğulluğunu təmin edir. Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 4 milyard dolları ötüb keçmişdir.
Azərbaycan qardaş Türkiyə ilə hərbi və müdafiə sənayesi sahələrində də sıx əməkdaşlıq edir. Təkcə hərbi əməkdaşlıq sahəsində imzalanmış sazişlərin sayı 80-dən çoxdur. Azərbaycanın 7 mindən artıq gənc zabiti Türkiyə hərbi məktəblərinin məzunu olmuşdur.
Mədəniyyət və təhsil sahəsində əlaqələr güclənməkdədir. Hazırda Azərbaycanın universitetlərində və digər təhsil ocaqlarında 1900 türkiyəli tələbə təhsil alır. Ölkə ərazisində isə 15 minə yaxın türkiyəli mütəxəssis çalışmaqdadır. Müvafiq olaraq Türkiyədə 11 min Azərbaycanlı tələbə, çox sayda vətəndaş yaşayır, işləyir.
Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümləri həmişə türk dünyasında, xüsusilə də qardaş Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qeyd olunur, qarşılıqlı münasibətlərdə əldə edilmiş yaddaqalan uğurlarla xarakterizə olunur. İnamla demək olar ki, tarixin sınağından şərəflə çıxmış Türkiyə-Azərbaycan tərəfdaşlığı türk dünyasının tərəqqisi ilə yanaşı, Cənubi Qafqazda və bütövlükdə dünyada sülh və əmin-amanlıq işinə xidmət edəcəkdir.
Atamoğlan MƏMMƏDLİ,
Azərbaycan.- 2021.- 29
oktyabr. S. 1; 6.