Asiyadan Avropaya yol Zəngəzur dəhlizindən
keçəcək
Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik Azərbaycan bu gün artıq özünü qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanıtmış, coğrafi üstünlüyündən faydalanaraq şərqlə qərbi, şimalla cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrilmişdir.
Ölkənin əlverişli geostrateji mövqeyi keçən 20 ilə yaxın dövr ərzində irimiqyaslı layihələrin həyata keçirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatmasına imkan vermişdir.
Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yükdaşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. Azərbaycan Böyük İpək Yolu regionunun, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TANAP və TAP qaz boru kəmərlərinin qurulmasında fəal iştirakçılardan olmuş, “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponenti təmin edilmişdir.
Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycanın ərazisindən keçən “Şərq-Qərb” nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhəddindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir.
Marşrutun ölkəmiz üçün üstünlüklərinə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycanın tranzit potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək üçün mühüm addımdır. Dəhlizin ölkə ərazisindən keçməsi tranzit yüklərin həcminin artması ilə müşahidə edilməkdədir. Belə ki, 2021-ci ilin birinci yarısında dəhliz vasitəsilə Azərbaycan ərazisindən 4,7 milyon ton tranzit yük daşınmışdır ki, bu da daşınmış yüklərin 22,9 faizini təşkil etmişdir.
Trans-Xəzər Şərq-Qərb Orta Koridor və ya qısaca Orta koridor Çin-Azərbaycan münasibətlərinin inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında da özünü göstərməkdədir. Bunun nəticəsidir ki, bu gün Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir.
Orta koridor həmçinin Türkiyə və Rusiya üçün də böyük tranzit imkanlar açmış oldu. Rusiyadan Türkiyəyə yükdaşımaların böyük hissəsi dəniz, bir qismi isə avtomobil yolları ilə həyata keçirilirdi ki, bu da həm xərc, həm də müddət baxımından əlverişlidir.
“Şərq-Qərb” nəqliyyat dəhlizi layihəsinin aktuallaşmasını şərtləndirən bir sıra amillər var. Dünyanın ən mühüm su yollarından biri, dünya ticarət yüklərinin 12 faizindən çoxunun daşınması Süveyş kanalının payına düşür. Son zamanlar kanalın darlığı səbəbindən böyük gəmilərin kanalda ilişib qalması yolun bağlanmasına, bu da, öz növbəsində, qlobal ticarətdə ciddi pozulmalara gətirib çıxarır ki, bu da enerji əmtəələrinin qiymət artımına və qlobal inflyasiyaya səbəb olur. Ötən ilin mart ayında kanalda baş vermiş bu tipli hadisə dünyanın bu marşruta etibar etməsi risklərini artırdı ki, bu da, öz növbəsində, alternativ marşrutların inkişaf etdirilməsi məsələsini gündəmə gətirdi.
Orta koridor bu alternativlərdən biridir. Orta koridor həm
böyük İpək
yolunun bərpası prosesinin sürətlənməsi
istiqamətində atılmış
mühüm addımdır,
həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə
malikdir. Məsələn, Çindən birbaşa Avropa ölkələrinə
əsas yükdaşıma
Rusiya ərazisindən
keçməklə Trans-Sibir
tranzit xətti ilə həyata keçirilir. Trans-Sibir Dəmiryolu ilə müqayisədə
Orta Koridor 2000 km daha qısadır və daha əlverişli
coğrafi-iqlimə malik
ərazilərdən keçir.
5400 km-lik “Şərq-Qərb”
nəqliyyat dəhlizi
boyunca orta tranzit müddəti 15 gündür. Ənənəvi
dəniz yolu ilə müqayisədə
isə bu marşurtla yükləri Çindən Avropaya 3 dəfə daha az müddətə
çatdırmaq mümkündür.
Bir sözlə, “Şərq-Qərb”
nəqliyyat dəhlizi
Çin və Avropa arasında ən qısa marşrutdur.
Azərbaycanın tranzit sahəsində potensialının reallaşdırılması
baxımından Çinin
“Kəmər və yol” təşəbbüsü
də ölkəmiz üçün mühüm
əhəmiyyət kəsb
edir. Azərbaycan bu strategiyanı
dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycanın məqsədi Trans-Xəzər tranzit dəhlizini “Kəmər və yol” layihəsinə
inteqrasiya etmək və bütün iştirakçı ölkələrin
ümumi iqtisadi maraqlarına uyğun fayda əldə etməkdir. Bu təşəbbüs eyni
zamanda Azərbaycanın
qeyri-neft sektorunun inkişafı və qeyri-neft məhsullarının
ixracı üçün
geniş bazarların açılmasında əhəmiyyətli
addımdır.
Trans-Xəzər boru
kəməri Azərbaycan
və Türkmənistanı
yaxınlaşdıran və
Türkmənistan qazını
Avropaya çatdıracaq
ən mühüm xətdir. Bu kəmər
Türkmənistana geniş
qaz ehtiyatlarını
ilk dəfə olaraq Azərbaycan üzərindən
Avropa bazarına çıxarmaq imkanı verəcək. Türkmənistan indiyədək təbii ehtiyatlarını əsasən
Çin və Rusiyaya ixrac edirdi. Trans-Xəzər
boru kəməri Türkmənistan bazarını
əhəmiyyətli dərəcədə
genişləndirməyə və hazırkı tərəfdaşlarından daha
az asılılığa
imkan verəcəkdir.
Həmçinin boru kəməri
gələcəkdə Türkmənistan
qazının Avropa istiqamətində asanlıqla
şaxələndirilməsini təmin etmək imkanı verir.
“Şərq-Qərb” beynəlxalq
nəqliyyat dəhlizində
yüklərin 50 faizi
dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Bu koridor
vasitəsilə yüklər
Avropaya iki istiqamət üzrə nəql edilir: Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə və Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən
qısa və etibarlı yoldur. Uzunluğu təxminən 850 kilometr olan yolun 504 kilometri Azərbaycan ərazisindən keçir.
Bu da Azərbaycanın
dəmir yolu nəqliyyatının təkmilləşdirilməsi
və inkişafı sahəsində mühüm
rol oynamaqdadır.
Aparılan təhlillərə əsasən
Azərbaycanda nəqliyyat
sektorunda yük daşınması son 20 ildə
hər il
müntəzəm olaraq
artmışdır. 2006-cı
ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin
istifadəyə verilməsi
həmin dövrdə
boru kəməri ilə daşınmaları
kəskin artırmış
və bu da onun cəmi
yükdaşımalarda payını
2007-ci ildə əvvəlki
illə müqayisədə
10 faiz bəndi artırmışdır. 2020-ci
ildə COVID-19 pandemiyasının
neqativ təsirləri
nəqliyyat sektorunda da yükdaşımaların
həcminin azalmasına
səbəb olmuş,
buna baxmayaraq boru kəməri ilə yükdaşımaların
payı cəmi yükdaşımalarda artmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra bu sahədə əhəmiyyətli canlanma
müşahidə edilməkdədir. Təkcə Şərq
istiqamətindən deyil,
həmçinin, Rusiya
və Azərbaycan ərazisindən Türkiyə
və Avropa istiqamətinə yüklərin
daşınmasında əhəmiyyətli
artım müşahidə
olunur və ildən-ilə bu yüklərin həcmi daha da artacaqdır.
Beləliklə, açıq dənizlərə
birbaşa çıxışı
olmadığına baxmayaraq,
hazırda ölkəmiz
beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən
birinə çevrilmişdir.
Dünyanın qlobal ekoloji problemlərlə üzləşdiyi
bir dövrdə iri infrastruktur layihələri həyata keçirərkən ətraf
mühit məsələlərini
də diqqətdə saxlamaq lazımdır. Bu baxımdan İstər
Trans-Xəzər, istər
Bakı-Tbilisi-Qars, istərsə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və istifadəsi zamanı bu layihələrin ekoloji təsirləri qaçılmazdır.
Hələ bir neçə
il əvvəl
Trans-Xəzər layihəsi
çərçivəsində aparılan danışıqlara
üçüncü dövlətlər
ekoloji problemləri əsas gətirərək
mane olmağa çalışırdılar.
Şübhəsiz ki, Trans-Xəzər
nəqliyyat dəhlizi
ilə daşınmaların
həcminin artması eyni zamanda Xəzər
dənizinin çirklənməsinin
da artması ilə nəticələnə
bilər. Odur ki, bu kimi ekoloji
problemlərin qarşısının
alınması üçün
də addımlar atılıb. Belə
ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisində “yaşıl
liman” konsepsiyasının
tələblərinə uyğun
olaraq tikinti zamanı ən yüksək ekoloji tələblər nəzərə
alınıb, çirkab
suların təmizlənməsi
üçün qurğular
inşa olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizindəki
Avropa Dəniz Limanları Təşkilatının
(ESPO) Liman Ətraf Mühitə Nəzarət
Sistemi (PERS) -EcoPorts sertifikatına layiq görülən ilk liman olmuşdur.
Eyni zamanda limana daxil olan
yüklərin buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə qərb və şərq istiqamətinə
nəqlini təmin edən səmərəli
və dayanıqlı
logistik zəncirin formalaşdırılması üçün
zəmin yaranmışdır. Liman ərazisində
və ətraf ərazilərdə azad iqtisadi zonanın və ya sənaye
məhəllələrinin mövcudluğu məsələləri
vardır ki, bu da mühüm
nəqliyyat qovşağı
kimi limanın və həmçinin qeyd edilmiş dəmiryolu xəttinin daha geniş tranzit və daşıma imkanlarının
yaranmasına səbəb
olacaq. Bu isə, öz növbəsində, ətraf
mühit məsələlərini
bundan sonra da aktuallaşdıracaq.
Transmilli
layihənin icrası zamanı ekoloji tarazılığın və
ətraf mühitin qorunması bizim üçün xüsusi
əhəmiyyət daşıyır.
Bir məqamı da qeyd etmək
istərdim ki, “Şərq-Qərb” nəqliyyat
dəhlizi ilə yüklərin daşınması
prosesində 4-cü Sənaye
inqilabının imkanlarını
nəzərə almaqla,
rəqəmsal texnologiya
və rəqəmsal iqtisadiyyatın tətbiqi,
eyni zamanda tranzit və yükdaşıma xətlərinin
qısaldılması ümumilikdə
dünya ekologiyası
üçün bir töhfədir.
Sonda onu da qeyd etmək yerinə düşər ki, Vətən müharibəsindəki qələbədən sonra Zəngəzur nəqliyyat dəhlizi layihəsi də aktuallaşdı. Zəngəzur nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən “Şərq-Qərb” dəhlizinin bir hissəsinə çevriləcək Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir nöqtədir. Zəngəzur dəhlizinin aktuallaşması üzrə fəal işlər aparılır, nəqliyyat-kommunikasiya layihələri nəzərdən keçirilir. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
Azərbaycanın apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti ölkənin tranzit mövqeyinin möhkəmləndirilməsindən və ölkənin geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Həm Orta koridor, həm də haqqında danışdığımız digər tranzit marşrutlar arasında sinergiya yaradılması ilə gələcəkdə yükdaşımaların diversifikasiyası təmin oluna bilər. Bu da, öz növbəsində, dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşması, ticarət əlaqələrinin genişlənməsinə, yükdaşımalarla əlaqəli infrastruktur sahələrin daha da inkişafına fayda qatacaqdır. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcəkdir. Çox sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra qısa bir zamanda “Şərq-Qərb” dəhlizinə öz müsbət töhfəsini verməkdə davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.
Ümumiyyətlə, Füzuli hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına Böyük qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələrdir, eyni zamanda “Şərq-Qərb” dəhlizinə öz müsbət töhfəsini verəcəkdir.
Sadiq
QURBANOV,
Azərbaycan.- 2021.- 29
oktyabr. S. 5.