Şuşanın Bülbül nişanı

 

Heydər Əliyevin yaratdığı ev-muzeyə İlham Əliyev Zəfəri ilə yeni həyat bəxş etdi

 

Yuxarı Gövhər ağa məscidindən Şuşanın “Çuxurməhlə” səmtinə doğru düşürük. Yenə də hər tərəfdə erməni vandallığının və vəhşiliyinin izi görünür

Qulaqbatırıcı sükutun içərisində uzaqdan musiqi səsi gəlir. Yaxınlaşdıqca avaz daha aydın eşidilir:

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz…

Oxuyan Bülbül idi

Uçuq hasarı dönən kimi qarşımıza xarabalıqların arasında bərq vuran bir mülk çıxır. Ünvanı yanılmamışdıq…

 

Murtuzanı Bülbülə “çevirən” 150 yaşlı tut ağacı…

 

Şuşaya səfərimiz zamanı Bülbülün ev-muzeyinə getmək planımızda yox idi, ona görə də bu məhəlləyə xəbərsiz gəlmişdik.

Dahi sənətkarın uşaqlıq və yeniyetməlik illərinin keçdiyi bu məhəllədə, həm də onun adını daşıyan  küçədə Şirinbəylilər, Kavalerlər və digər şuşalı ailələrə məxsus evlər də erməni vəhşiliyinin qurbanıdır.  Hələlik bu küçənin və bütün məhəllənin bərpa olunan yeganə ünvanı Azərbaycan peşəkar vokal sənətinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti, professorictimai xadim Bülbülün dünyaya göz açdığı evdir...

Darvazanı aralayıb həyətə daxil olduq. İki nəfər bir tərəfdə palçıq qarışdırırdı. Bülbülün avazı altında zümzümə edən həmin şəxslərdən birini dərhal tanıdıq: keçmiş həmkarımız, indi isə muzeyə rəhbərlik edən Fəxrəddin Hacıbəyli idi. Muzeyə ziyarətçilərin gəldiyini görüb əllərini sildi və bizə yaxınlaşdı. Zarafatla “deyəsən, muzeyin həm direktoru, həm də fəhləsisiz” deyirik. O isə gülərək, amma ciddi şəkildə “Nəinki Bülbülün ev-muzeyinin, bütün Şuşanın fəhləsi, süpürgəçisi və qurucusuyuq. İllərlə bunu arzu etməmişik?”  - deyir.

Sentyabr ayından Bülbülün ev-muzeyinə direktor təyin olunan Fəxrəddin Hacıbəyli Azərbaycanın mədəniyyət tarixini və Şuşanın mədəni irsini dərindən bilir. Fəxrəddin Hacıbəyli həm də vaxtilə Ağdamın Abdal-Gülablı kəndində Qurban Pirimovun ev-muzeyinin qurucusudur. Bülbülün ev-muzeyi barədə məlumatları, onun tarixitaleyi ilə bağlı bildiklərini də həvəslə bizimlə bölüşdü.

Öyrənirik ki, Bülbülün dünyaya göz açdığı ev 1787-1788-ci illərdə onun ulu babası Kərbəlayı Yusif tərəfindən inşa olunub. 1897-ci il iyunun 22-də dünyaya gələn gələcəyin böyük sənətkarı - Murtuza Məşədi Rza oğlu Məmmədov bu evdə 8 nəfərlik ailəsi ilə yaşayıb. Ailədə 6 uşaq olublar. Uşaqların  5-i müxtəlif xəstəliklərdən dünyasını dəyişib.

Murtuza kiçik yaşlarında həyətdəki tut ağacına çıxarmış və bülbülləri təqlid edərmiş, daha doğrusu bülbül kimi cəh-cəh vurarmış. Bunu eşidən qonum-qonşu tədricən onu məlahətli və gözəl səsinə görə “Bülbül” deyə çağırmağa başlayır. Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran böyük sənətkar Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbülkimi tanınıb.

Bülbül həyətlərindəki bu tut ağacına çox bağlı olub. 1871-ci ildə əkilən həmin ağacın bu il 150 yaşı tamam olur. Həyətdə isə yanaşı üç tut ağacı olub. Maraqlıdır ki, vandal düşmən yalnız onlardan birini kəsib və Bülbülün uşaq vaxtı çıxıb oxuduğu ağaca  toxunmayıb.

 

234 yaşlı mülkün muzey taleyi

 

Özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan, milli musiqi irsimizin incilərinin qorunub saxlanılmasında və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan Bülbülə və  eləcə də onun ailəsinə hər zaman Ulu Öndər Heydər Əliyevin, ailə üzvlərinin xüsusi diqqəti, himayəsi və rəğbəti olub. Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Bülbülün möhtəşəm ifaçılığını nəinki keçmiş SSRİ məkanında, bütün dünyada tərənnüm etdirib. Onu Azərbaycan mədəniyyətinin və ifaçılıq sənətinin rəmzi kimi tanıtdırıb.

Məhz Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən 1982-ci il avqustun 31-də Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Ev-muzeyinin binası 1982-1983-cü illərdə təmir olunub, ekspozisiyası qurulub və fəaliyyətə başlayıb. Həmin vaxt həyətdə Bülbülün büstüqoyulub. 1976-cı ildə Şuşada, 1982-ci ildə isə Bakıda Bülbülün memorial muzeyi açılıb.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Heydər Əliyev Bülbülün irsinin yaşadılmasına və təbliğinə diqqətlə yanaşıb. 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə Bülbülün 100 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunub. “Bülbül, onun yaradıcılığı Azərbaycan mədəniyyətinin tarixində nadir, parlaq bir hadisədir. Azərbaycanın gözəl guşələrindən biri olan, canımız qədər istədiyimiz Qarabağ torpağında, müqəddəs Şuşa şəhərində dünyaya gəlmiş Bülbül öz fitri istedadı ilə, fədakarlığı ilə Azərbaycan mədəniyyətinin parlaq ulduzuna çevrilmişbizim milli iftixarımızdır. Bülbülün sənətinin əsasını təşkil edən onun təkraredilməz səsi, fitri istedadı, fədakarlığı və böyük yaradıcılıq yoludur. Bülbül Azərbaycan xalqının həyatında yeni bir bəşəri mədəniyyət nümunəsinin yaranmasının banisi olaraq, eyni zamanda, xalqımıza bu sahədə çox uğurlu yollar açmışdır”, - deyə Ulu Öndər həmin tədbirdə bildirib.

Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gələn vokalçılar qatılırlar.

Dahi sənətkarın irsinin yaşadılması Prezident İlham Əliyevin də daim xüsusi diqqətindədir.  Prezident İlham Əliyevin sərəncamları ilə Bülbülün 110 və 120 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad etdiyi Şuşada ilk həyat bəxş etdiyi ünvanlardan biriBülbülün ev-muzeyidir.

 

Bərpa zamanı evin və həyətin orijinallığı qorunub saxlanılıb

 

Fəxrəddin Hacıbəylinin sözlərinə görə, muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı.

Prezident İlham Əliyev Vətən müharibəsindəki qələbədən sonra Şuşaya bu ilin yanvar ayında etdiyi ilk səfərində birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Bülbülün dağıdılmış ev-muzeyinə də baxmış, bərpası ilə bağlı tapşırıq və tövsiyələrini vermişdi.

Həmin səfər zamanı İlham Əliyev özü ilə Şuşaya Bülbülün büstünü də gətirmişdi. Xatırladaq ki, ermənilər Bülbülün, Xurşidbanu Natəvanın və Üzeyir bəy Hacıbəylinin büstlərinə qarşı  vandallıq edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. O zaman Polad Bülbüloğlu bundan xəbər tutmuşUlu Öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən pulla alınaraq Bakıya gətirilmişdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 29-da Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Fəxrəddin Hacıbəylinin bildirdiyinə görə, işğal dövründə muzey tamamilə dağıdılıb, evdən və həyətdəki inzibati binadan isə başqa məqsədlər üçün istifadə olunub. Düşmən inzibati binanı kazarmaya  çeviribmiş. Muzeyin otaqlarından birinə odun yığılırmış, digər otaqda isə erməni zabitləri yaşayırmış. İşğal  zamanı ev yararsız hala salınmış, divarlarında çatlar əmələ gəlmişdi.

Bərpa barədə danışarkən əvvəlcə ev-muzeyin həyətyanı sahəsində görülən işlərdən söz açan Fəxrəddin Hacıbəyli dedi ki, həyətin ilkin görkəmi və quruluşu saxlanılıb. Evin qarşısında Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Evin özünə gəldikdə, bərpa zamanı bütün divarların bünövrəsi möhkəmləndirilib, çat olan hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmi qorunmaqla yenisi ilə əvəz edilib.

Bərpa işləri zamanı evin eyvana tərəf olan divarlarında suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bu qədim təsvirlərin sovet dövründə də üstü suvanmış olduğu üçün onların aşkar olunaraq nümayiş etdirilməsi  ev-muzey üçün yenilikdir.  Əlavə edək ki, bu ev tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir. Otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.

Bütövlükdə, ev-muzeyin xarici görkəmi 1992-ci ilə qədər necə olmuşdusa, o cür də bərpa edilib. Heç nə dəyişməyib. Foto və lentlərə baxaraq təmir zamanı binanın və həyətin orijinallığı qorunub saxlanılıb. Onu da öyrənirik ki, ev-muzeyin bərpası zamanı istifadə olunan daşlarrasta” adlanır və Şuşanın özünəməxsus arxitekturasının əsas tikinti elementlərindəndir.

Həyətdəki ikimərtəbəli inzibati binanın birinci mərtəbəsi ev-muzeyin əməkdaşlarının fəaliyyəti üçündür. Hazırda ev-muzeyin 6 əməkdaşı var. İkinci mərtəbə isə Bülbülün övladı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun otağıdır. Fəxrəddin Hacıbəyli deyir ki, Polad Bülbüloğlunun da uşaqlığı bu həyətdə keçibonun istedadının üzə çıxmasında Şuşa mühitinin çox böyük rolu olub.

 

Bülbülünruhu sevinir

 

Ev-muzeyə daxil olaraq Bülbülün yeni qurulmuş muzey ekspozisiyası ilə tanış oluruq. Otaqlardan birində Bülbülün həyat və yaradıcılığına dair bir neçə guşə yaradılıb. Bu guşələrdən birində Bülbülün görkəmli şəxsiyyətlər - Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Sidqi Ruhulla, Cövdət Hacıyev, Niyazi, Rəşid Behbudov, Fikrət Əmirov, Azərbaycanda neft kimyasının əsasını qoymuş böyük alim Yusif Məmmədəliyevlə şəkilləri yer alıb.

Muzeydə Ulu Öndər Heydər Əliyevin və Zərifə Əliyevanın Bülbülə və onun həyat yoldaşı Adelaida Məmmədovaya öz xətləri ilə yazdıqları məktublar nümayiş olunur. Muzeydə dahi şəxsiyyətlərin Bülbül haqqında söylədiyi fikirlər də yer alıb.

Bülbüllə bağlı maraqlı bir faktla da rastlaşdıq. Sən demə, dahi sənətkar Böyük Vətən müharibəsi zamanı öz adından cəbhəyə 100 min, həyat yoldaşının adından isə 20 min rubl yardım göstərib və İ.Stalinə məktub yazaraq xahiş edib ki, göndərdiyi vəsaitlə düşmənə qarşı döyüşmək üçün tank istehsal edilsin.  İ.Stalin buna görə Bülbülə iki dəfə təşəkkür teleqramı göndərib. Həmin teleqramlar da muzeydə nümayiş olunur.

Bülbül professional opera sənətinin banisi olmaqla yanaşı, həm ictimai xadim idi. Onun xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biri tanınmış muğam ustadlarının səslərinin qramafon vallarına yazılması olub. Qurban Pirimov, Cabbar Qaryağdıoğlu kimi sənətkarların səslərinin bu günümüzə qədər gəlib çatmasında Bülbülün böyük xidmətləri var. Muzeydə onların səslərinin yazılması prosesindən çəkilən şəkilləri də görmək olur.

Muzeyin təsirli guşəsi isə Bülbülün evin həyətində, eyvanında, tut ağacının yanında çəkilmiş şəkilləridir. 1961-ci ildə, ömrünün sonlarına yaxın haqqında çəkilmiş filmdən götürülən bu şəkillərdə o narahat görünür, sanki vidalaşmağa gəlib. Sanki hiss edir ki, bu onun Şuşaya, doğma evinə son gəlişidir...

 Binanın digər otağında Bülbülün uşaqlıq dövründə Şuşa məişətini əks etdirən eksponatlar - soba, beşik, sandıq, habelə böyük sənətkarın 17 yaşında aldığı ilk pasportu, özünə aid sənədlərini saxladığı sandıqça, şəxsi qavalı s. nümayiş olunur. Bu otağın ən maraqlı  eksponatlarından biri Bülbülün 12-13 yaşına aid maketidir.

Muzeydə bütün Azərbaycan muzeyləri içərisində yeganə olan xüsusi monitor da quraşdırılıb. Hələlik iki dildə olan bu monitorda Bülbülün həyatı yaradıcılığı ilə elektron formada əhatəli şəkildə tanış olmaq mümkündür. Yaxın vaxtlarda monitor vasitəsilə Bülbül barədə məlumatlar beş dildə təqdim olunacaq.

Bülbülün yurdundan xoş təəssüratlarla ayrıldıq. Bu ev-muzey Prezident İlham Əliyevin himayəsi ilə böyük sənətkarın adına layiq şəkildə bərpa edilib milli musiqi irsimizi dünyaya təbliğ edən ünvan kimi fəaliyyətini yenidən davam etdirir. Ona görə Bülbülün ruhu da şaddır. Bülbülün ruhu həm ona görə şaddır ki, doğma Şuşası artıq işğal altında deyil.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2021.- 30 oktyabr.- S.1; 5.