Müstəqil dövlətçiliyin möhkəm bünövrəsi

 

Ulu Öndər Heydər Əliyev 30 il əvvəl - 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri vəzifəsinə seçilmişdir

 

Böyük tarixi şəxsiyyətlərin həyatı və fəaliyyətinin bütün gedişləri və tarixi məqamları mənsub olduğu xalqın və ölkənin, hətta geniş mənada beynəlxalq münasibətlərin dəyişməsi və inkişaf etdirilməsi, yenidən qurulması ilə üzvi surətdə bağlı olur.

Dünya şöhrəti qazanmış, keçmiş SSRİ miqyasında və Azərbaycan Respublikasında çoxcəhətli rəhbərlik fəaliyyəti ilə böyük dövlət xadimi kimi qəbul olunmuş, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, XX əsrin doxsanıncı illərinin başlanğıcında Heydər Əliyev kimi zəngin dövlətçilik təcrübəsi və yüksək idarəetmə səriştəsi olan görkəmli dövlət xadiminin yenidən hakimiyyətə, böyük siyasətə qayıdışı Azərbaycan xalqının taleyi ilə bağlı olan tarixi hadisə kimi mühüm əhəmiyyət kəsb edir. Hadisəyə XX əsrin səksəninci illərinin sonu və doxsanıncı illərin başlanğıcı dövrünün ictimai-siyasi proseslərinin müstəvisindən baxsaq, xalqımızın və ölkəmizin taleyi üçün tanınmış, təcrübəli və səriştəli Siyasi Liderin nə dərəcədə əhəmiyyətli olduğu qabarıq şəkildə nəzərə çarpar. Keçən əsrin səksəninci illərinin ortalarından sonuna qədərki dövrün bir-birini tez-tez əvəz edən kommunist rəhbərləri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyindən sonrakı dövrün boşluğunu doldurmaq gücündə ola bilməmişdilər.

Doxsanıncı illərin əvvəllərində zamanın dalğasında yeni simalar kimi görünən AXC-Müsavat iqtidarının nümayəndələrinin isə nə siyasi təcrübəsi və səriştəsi, nə də normal idarəçilik qabiliyyətləri var idi. Sözün böyük mənasında Azərbaycan ölkəsinin geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan güclü dövlət xadiminə ciddi ehtiyacı var idi. Nə kommunist rəhbərlərin arasında, nə də AXC və Müsavat sıralarında mövcud tarixi şəraitdə ölkəyə rəhbərlik edə biləcək, Sovet İttifaqının dağılması ilə əlaqədar xalqı düşdüyü ağır vəziyyətdən çıxaracaq, ölkəni irəli apara biləcək əhəmiyyətli siyasi fiqur görünmürdü. Vəziyyət isə çox mürəkkəb idi. Sovet dövlətinin dağılması nəticəsində digər keçmiş müttəfiq respublikalar kimi, bəzilərindən isə daha çox Azərbaycan Respublikası çoxcəhətli böhranın dərinləşməsi dövrünü yaşamaqda davam edirdi. Xalqda ölkənin gələcəyinə böyük ümidsizlik yaranmışdı. Ara-sıra Azərbaycanın parçalanacağı, regionların müxtəlif ölkələr arasında bölüşdürüləcəyi barədə mülahizələr səslənməkdə idi. Üstəlik də çətin blokada şəraiti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında vəziyyəti daha da çətinləşdirmişdi.

Bütün bunlar az imiş ki, keçən əsrin səksəninci illərinin axırlarından etibarən Azərbaycan iqtidarındakı sol və sağ təmayüllü rəhbərlərin demək olar ki, mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasına ögey münasibət bəsləyirdi. Onlardan bəziləri Naxçıvanı “acı bağırsaq kimi kəsib atmaq”, bəziləri isə muxtariyyət statusunu ləğv etmək barədə bəyanatlarla çıxış edirdilər. Yaranmış boşluqdan istifadə edən Ermənistan tərəfdən də siyasi-hərbi təzyiqlər qüvvətlənməkdə davam edirdi. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, ərazi bütövlüyünü qorumaq üçün əsl mərdliklə lazımi fədakarlıqları, dirənişi nümayiş etdirirdi. Hətta xalq kütlələrinin tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 19 yanvar 1990- cı il tarixdə “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələ müzakirə edərək muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə dair radikal addım atmalı olmuşdur. Bu, Sovet İttifaqının monolitliyi, dağılmazlığı haqqındakı süni mifləri sındıran ilk böyük hadisə kimi beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdu.

Bundan əvvəl 30-31 dekabr 1989-cu ildə isə muxtar respublikanın əhalisi Ordubaddan Sədərək kəndinədək olan 150 kilometrdən çox ərazidə Sovet-İran sərhəddindəki dirəkləri sökmək və tikanlı məftilləri dağıtmaqla Sovet İttifaqı adlanan dövlətə gözlənilməz ağır zərbə vurmuşdu. Bunların qarşılığında həm mərkəzi hökumət, həm də mərkəzin diktəsi ilə Azərbaycanın yerli hakimiyyət orqanları Naxçıvan camaatına və muxtar respublikanın hakimiyyət orqanlarına sərt təzyiqlər göstərirdi. Kreml rəhbərliyi Ermənistan ordusuna dəstək verməklə Naxçıvana qarşı həmlələri genişləndirirdi. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda Heydər Əliyev kimi böyük və zəngin həyat və siyasət məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, taleyin hökmü ilə 22 iyul 1990-cı ildə Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə və Mirzə Fətəli Axundzadə adına Naxçıvan şəhər seçki dairəsindən muxtar respublikanın Ali Məclisinə deputat seçilməsi geniş mənada xalq arasında ölkənin gələcəyinə ümid qığılcımları yaratmışdı. Doğrudur, Heydər Əliyev Bakıda rəsmi dairələr tərəfindən arzuolunmaz şəxs kimi qəbul edilmiş və o, çətin dövrdə Naxçıvandakı ata-baba ocağına üz tutmağa məcbur olmuşdu. Azərbaycanın hər tərəfindən Heydər Əliyevin Naxçıvan şəhərindəki ortabab səviyyəyə malik, təmirsiz ata ocağına ölkə vətəndaşlarının axını, bu böyük tarixi şəxsiyyətlə olan qeyri-adi, isti, doğma münasibəti ifadə edən görüşlər, ünvanına ölkənin müxtəlif regionlarından göndərilən ümid dolu məktublar və teleqramlar Ulu Öndərə bəslənilən ümumxalq sevgisini və inamını qabarıq şəkildə ifadə edirdi.

Bu mənada Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Artıq xalqımız əmin idi ki, ən azı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra daha heç vaxt düşmən caynağına keçə bilməz. Bu hadisə Dağlıq Qarabağ ətrafında torpaqların itirilməsi prosesinin tez-tez müşahidə olunduğu ağır bir vaxtda xalqda ölkənin ərazi bütövlüyünün bərpa olunacağına da ümid yaratmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclaslarında ölkənin müxtəlif bölgələrindən gəlmiş rəsmi qurumların nümayəndələrinin, haqları tapdanmış sadə, zəhmətkeş insanların iştirak edib, özlərinin mövcud vəziyyətləri barəsində dəqiq məlumatlar verərək çıxış yolları barədə məsləhətlər almaları, dəstək görmələri Ali Məclisi Azərbaycan xalqının ümid qapısına çevirmişdi. Bütövlükdə isə görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın ümid çırağı idi. Naxçıvanda yaşayıb-işlədiyi illərdə Heydər Əliyevin iş otağında yanan sadə çıraqdan bütün Azərbaycana işıq düşürdü.

Bəs Ali Məclisin 1991-ci il sentyabrın 3-də fövqəladə sessiyasının çağrılması zərurəti haradan, nədən doğmuşdu? Əvvəla, 1991-ci ilin avqust ayında SSRİ hökumətində Mixail Qorbaçov iqtidarına qarşı dövlət çevrilişi cəhdi baş vermişdi. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi Sovetlər İttifaqında özünü müvəqqəti, yaxud keçid hökuməti kimi elan etmiş qısamüddətli Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin fəaliyyətinə müsbət münasibət ifadə etdikdən az sonra həmin qurumun dağılması ilə mürəkkəb vəziyyətə düşmüşdü. Bundan başqa, Sovet İttifaqı Kommunist Partiyasının dağılmasına baxmayaraq, Azərbaycanda hələ də bu partiyanı saxlamaq üçün edilən cəhdlər, atılan addımlar ölkə miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında birmənalı qarşılanmırdı. Çünki Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hələ 1991-ci ilin 14 yanvarında keçirilən sessiyasında Azərbaycan rəhbərliyinin iradəsindən kənarda və ondan asılı olmayaraq Mixail Qorbaçov tərəfindən elan olunmuş yeni ittifaq müqaviləsinin qəbul edilməsinin yolverilməzliyi haqqında qərar qəbul etmişdi. Bundan başqa, xalq deputatı Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində Ali Məclisin 26 avqust 1991-ci il tarixli sessiyasında Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Təşkilatını buraxmaq məsələləri də müzakirəyə çıxarılaraq müsbət rəy qazanmışdır.

Faktiki olaraq 1991-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyəti idarəçiliyi yox kimi idi. Bir qədər əvvəl Naxçıvan MR Ali Məclisinin görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırılmasını qərarlaşdırmışdı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, özünün siyasi idarəçilik sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi, əslində tam mənası və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən çıxmaq, ən azı isə bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi. Bundan başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan dövlət bayrağı Ali Məclisin binası üzərində dalğalanmağa başlamışdı.

Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, dönməz azərbaycançılıq idealının, qeyri-adi cəsarətinin və uzaqgörənliyinin sayəsində həyata keçirilmişdi. SSRİ adlanan dövlətin bütün müttəfiq qurumlarında demokratik islahatlar adı altında dağılma prosesi getsə də, o dövrə qədər Sovetlər İttifaqının heç bir respublikasında Naxçıvanda atılan addımlara bənzər və ya yaxın bir hadisə baş verməmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli sessiyasında qəbul edilmiş siyasi qərarlar sovet dövlətinin dağılmasının birinci parolu idi! Bu, otuz beş il dövlət hakimiyyətində olmuş böyük siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı böyük tarixi xidmətidir! Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın müstəqil dövlətçiliyinin əfsanəsidir. Naxçıvan MR Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli sessiyasına sədrlik etmək  Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizəyə rəhbərlik etmək demək idi. Görkəmli dövlət xadimi Heydər Əliyev yeni epoxada Azərbaycanın milli istiqlalının rəhbəri missiyasını şərəflə həyata keçirmiş tarixi şəxsiyyətdir.

Azərbaycan Respublikasının Ali Sovetinə və Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmiş seçkilərin nəticələri, daha doğrusu, arzu edilmədiyi halda görkəmli dövlət xadimi Heydər Əliyevin seçicilərin iradəsi ilə deputat seçilməsi Sovetlər İttifaqı və respublika rəhbərlərini narahat etmişdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli iclasında qəbul edilmiş ciddi və mühüm siyasi qərarlardan sonra isə Azərbaycan Sovet Respublikasının rəhbərliyinin təzyiqi ilə muxtar respublikada siyasi rəhbərliyi həyata keçirən əsas qurum olan Naxçıvan Vilayət Partiya Komitəsi Ali Məclisin sessiyalarının keçirilməsinə mane olmağa çalışmış, təzyiqlər göstərmişdir. Bunun nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi bir müddətdən sonra, 1991-ci ilin avqust ayına qədər fəaliyyətini dayandırmalı olmuşdur. Avqust ayının 26-da çağırılmış sessiya isə yarımçıq qalmışdı. Muxtar respublikada yeganə ali siyasi qurum kimi mövcud olan Vilayət Partiya Komitəsi isə xalq arasında nüfuzunu itirmiş bir təşkilata çevrilmişdi. Xüsusən 20 yanvar 1990-cı il faciəsindən sonra bütün ölkədə olduğu kimi, Naxçıvanda da kommunist partiyası da, onun təşkilati orqanları da siyasi nüfuz dairəsindən kənarda qalmışdı. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikasında rəhbərlik iflic vəziyyətinə düşmüşdü. Blokadanın yaratdığı xüsusi çətinliklər və Ermənistan tərəfinin muxtar respublikanın sərhədlərində yaratdığı gərginlik şəraiti Azərbaycanın ayrılmaz üzvü, tərkib hissəsi olan Naxçıvanda rəhbərlik məsələsinin mütləq həll edilməsi zərurətini meydana qoymuşdu. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasının çağırılması qaçılmaz bir zərurətə çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının gündəliyinə geniş mənada həmin tarixi mərhələnin ən aktual məsələləri, xüsusən də ölkə miqyaslı və o cümlədən Naxçıvan Muxtar Respublikası ilə əlaqədar zəruri məsələlər daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Çünki həmin dövrdəki şəraitdə antidemokratik şəkildə alternativsiz əsasda Prezident seçkilərinin keçirilməsi mərkəzin diktəsi ilə ölkədə gedən demokratik proseslərin ləngidilməsinə, müstəqillik uğrunda mübarizənin boğulmasına hesablanmış tədbir idi. Bu, doğrudan da siyasi münasibət tələb edən məsələ idi. Eyni zamanda gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Hətta gündəlikdə öz əksini tapmış Naxçıvan vilayət partiya təşkilatının əmlakının inventarlaşdırılmasının aparılması üçün komissiyanın yaradılması məsələsinin həllini arzu etməyən qüvvələr də var idi. Gündəlikdə nəzərdə tutulan məsələlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarət və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.

Naxçıvan Muxtar Respublikasının bütün əhalisi Ali Məclisin Sədri vəzifəsinə görkəmli dövlət xadimi, xalqının sədaqətli rəhbəri Heydər Əliyevin seçilməsini qətiyyətlə tələb edirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin muxtar respublikanın ali qanunverici orqanının rəhbəri vəzifəsinə seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin deputat kimi də ictimai-siyasi proseslərdə obyektiv sözünü demiş, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün xalqın birliyinə nail olmuş, zəngin dövlətçilik fəaliyyətinə malik olan Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını dəfələrlə bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək, namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdir. Heydər Əliyev haqqındakı kitablarda və məqalələrdə bu məsələ barədə dəfələrlə yazılmasına baxmayaraq, görkəmli dövlət xadiminin həmin iclasda namizədliyinin səsə qoyulmaması üçün etdiyi çıxışların mətni mətbuatda öz əksini tapmamışdır. “Şərq qapısı” qəzetinin 5 sentyabr 1991-ci il tarixli sayında getmiş Naxçıvan MR Ali Məclisinin sessiyası barədə rəsmi məlumatdakı Heydər Əliyevin dörd dəfə çıxış etməsinə dair aşağıdakı iki cümlədən ibarət informasiya sonrakı dövrün elmi-publisist materiallarında olduğu kimi təkrar edilmişdir: “H.Ə.Əliyev 4 dəfə çıxış edərək namizədliyini irəli sürənlərə dərin minnətdarlığını bildirdi və təkidlə xahiş etdi ki, onun namizədliyini səsə qoymasınlar. O, təklif etdi ki, deputat Q.Məmmədovun namizədliyini səsə qoysunlar”.

Yalnız aradan on səkkiz il keçəndən sonra, 2009-cu ildə təcrübəli jurnalist Mirşahin Ağayevin ssenarisi və təşkilatçılığı ilə çəkilmiş “Görünməmiş Əliyev” adlı sənədli filmdə Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrünə aid bir sıra naməlum materiallar, o cümlədən Ulu Öndərin 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin sessiyasındakı çıxışlarının videolenti ilk dəfə ictimaiyyətə təqdim edilmişdir. Ulu Öndər tərəfindən səsləndirilən və mühüm tarixi əhəmiyyətə malik olan həmin tarixi çıxışlar Heydər Əliyev dühasını daha dərindən anlamaq, bu görkəmli şəxsiyyətin böyüklüyünün miqyasını bütün aydınlığı ilə, əyani şəkildə dərk etmək üçün mühüm siyasi əhəmiyyətə malikdir. Vaxtilə Naxçıvanda fotoqraf kimi fəaliyyət göstərmiş və dövrün ictimai-siyasi proseslərində iştirak etmiş Oqtay Daşoğuzun şəxsi videokamerası ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında lentə alınmış bu məqamlar nadir tarixi materialdır. Bu qiymətli videolent Heydər Əliyevin tərcümeyi-halının və siyasi baxışlarının bir çox məqamlarını yenidən öyrənib dəyərləndirməyə imkan verir.

Əvvəla, həmin nadir videolent bir daha təsdiq edir ki, Heydər Əliyev Kremlin təzyiqləri və təqiblərindən qurtararaq, Azərbaycana gələrkən həqiqətən də hakimiyyətə qayıtmaq məqsədində olmamışdır. Ümummilli Lider Heydər Əliyev çoxsaylı çıxışlarında bu barədə dönə-dönə rəsmi açıqlamalar versə də, mövcud iqtidarlar buna inamsız yanaşma mövqeyi nümayiş etdirmişlər. Buna görə də Heydər Əliyev Moskvada olduğu kimi, bir müddət öz ölkəsində də müəyyən dairələrin təzyiqləri və təqibləri ilə üzləşməli olmuşdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli çıxışı göstərdi ki, o zaman Heydər Əliyevin hakimiyyətə gəlmək üçün Azərbaycana qayıtdığını düşünən rəsmi qüvvələr nə qədər böyük səhv edirmişlər. Vaxtilə Heydər Əliyev bu məsələyə aydınlıq gətirmək üçün çıxışlarından birində demişdi: “Mən hələ keçən il (yəni  1990-cı ildə - İ.H.) Moskvadan Azərbaycana gələrkən jurnalistlərə verdiyim müsahibələrdə və görüşlərdə, bu ilin əvvəlində Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərkən və nəhayət, son sessiyada bildirmişdim ki, Azərbaycana hakimiyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, mən xalqımın hər bir tapşırığını yerinə yetirməyə hazıram”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 2011-ci il tarixli sessiyasındakı qısa, lakin mühüm tarixi əhəmiyyətə malik çıxışları Heydər Əliyevin həyatının yenidən siyasi hakimiyyətə qayıtmaqla bağlı məqamları haqqındakı fərziyyələrə aydınlıq gətirir. İndiyədək heç bir mənbədə çap olunmayan Heydər Əliyevin çıxışlarının mətnləri tarixi faktlar kimi gerçəkliyi müəyyən etməyə imkan verən sənəddir. Bu çıxışların mətnləri Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdarkən heç də rəsmi dairələrin düşündükləri kimi hər hansı bir vəzifəyə sahib olmaq üçün yox, çətin vəziyyətdə yaşayan doğma xalqına kömək etmək, onunla bir yerdə olmaq niyyətini tam sübut edir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasında Ali Məclisin Sədri vəzifəsinə namizədliyi irəli sürüldükdə etdiyi çıxışların mətnləri aşağıdakı kimi olmuşdur:

Birinci çıxış: “Heç bir hakimiyyətə mən gəlmək istəmirəm. Blok təklif eliyib ki, Qafar Məmmədov seçilsin. Mən də təklif edirəm ki, o, seçilsin”.

İkinci çıxış: “Mən öz prinsiplərimə sadiq qalıram. Mən heç bir vəzifə daşımaq istəmirəm. Ona görə xahiş edirəm, mənim namizədliyimi müzakirəyə qoymayasınız. Demokratik blokdan hazırlanmış namizəd vardır. Qafar müəllim... Mən o namizədi, Qafar müəllimin namizədliyini müdafiə edirəm”.

Üçüncü çıxış: “Hörmətli millət vəkilləri! Mən üçüncü dəfə çıxış edirəm. Xahiş edirəm, məni düzgün başa düşəsiniz. Və bilin ki, bu, mənim tərəfimdən tamamilə qətiyyətlə deyilən sözdür. Mən necə bir azərbaycanlı kimi, necə bir Naxçıvan əhli kimi çiynimə avtomat salıb, bax, bu dağlarda gedib Naxçıvan torpağını qorumağa hazıram. Naxçıvan Ali Məclisinin hər bir tapşırığını yerinə yetirməyə hazıram. Azərbaycan xalqının yolunda, onun azadlığı yolunda, Naxçıvanın gələcək inkişafı yolunda canımı qurban verməyə hazıram. Ancaq mən vəzifə tutmaq istəmirəm. Xahiş edirəm, bunu düzgün başa düşəsiniz. Mənim üzərimə başqa nə vəzifə, tapşırıq verəcəksinizsə, mən hamısına hazıram.

Yenə də deyirəm, mən buradan çıxıb, avtomatı çiynimə salıb, gedib dağlarda Naxçıvanı qorumağa hazıram. Buna təcrübəm də var, hələ ki, gücüm də var. Ancaq xahiş edirəm ki, bu sözlərimi səmimi söz kimi qəbul edəsiniz, məni başa düşəsiniz və xahiş edirəm ki, bu məsələni müzakirə etməyəsiniz”.

Nəhayət, Heydər Əliyev dördüncü dəfə rəsmi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kürsüsündən bəyan edir: “Mən Sizin hamınıza minnətdaram. Və bir daha xahiş edirəm, fikirləşin, tarixi məsələdir, fikirləşin, fikirləşin, bir də tənəffüs edin, fikirləşin, bir də götür-qoy eləyin. Mən xahiş edirəm, mənim xahişimi siz ödəyəsiniz. Mən xahiş edirəm, mən xahiş edirəm, məni düzgün başa düşün. Mən sizin hamınıza minnətdaram, çox böyük ehtiram göstərirəm. Məni bağışlayın. Ancaq bir də xahiş edirəm...”

İCLAS ZALINDAN SƏS: “Yetmiş nəfər deputata qarşı çıxış edirsiniz”.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi üzvlərindən bəzi iştirakçıların həyatda yaşadığı, bəzilərinin isə hətta vəzifədə olduğu tanınmış şəxslərin iştirakı ilə baş vermiş bu tarixi hadisə bir daha göstərir ki, Heydər Əliyevin milli dövlətçilik idealları onun üçün hər hansı rəsmi dövlət vəzifəsi tutmaqdan qat-qat üstün olmuşdur. Beləliklə, xalqın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının təkidi ilə, Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verməli olmuşdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilərkən verdiyi bəyanatdan aydın olur ki, onun namizədliyi səsə qoyulub yekdilliklə qəbul edildikdən sonra da Heydər Əliyev çıxış edərək məsələyə yenidən baxılmasını xahiş etmişdir. Buna baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının salındığı ağır ictimai-siyasi şəraiti, çətin hərbi vəziyyəti və nəhayət, xalqın təkidli tələblərini nəzərə alaraq, Ali Məclisin qəbul etdiyi qərarla razılaşmışdır.

Fövqəladə sessiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bütün tarixi ərzində keçirilmiş ən uzunmüddətli sessiya idi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyasının iclasları 4 sentyabrdan sonra 5 gün ərzində davam etdirilmiş, iclaslarda ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan mühüm məsələlər geniş müzakirə edilərək tarixi əhəmiyyətə malik olan müvafiq qərarlar qəbul olunmuşdur. Gündəlikdə duran məsələlərə uyğun olaraq Naxçıvan MR Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etmişdir. Eyni zamanda Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il sessiyası “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edərək, Azərbaycan Respublikasının Ali Sovetindən xahiş edilmişdir ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumun fəaliyyəti dayandırılsın. Bundan başqa, sessiyada Naxçıvan MR-də partiya təşkilatlarının əmlakının milliləşdirilməsini təmin etmək üçün deputat komissiyasının yaradılmasına da qərar verilmişdir. Bunlar Azərbaycanda tarixi gedişatın axarının, istiqamətinin dəyişdirilməsinə, müstəqil dövlətçilik uğrunda mübarizə hərəkatına böyük təkan verən tarixi qərarlardır. Bu qərarların mətninin sonunda görkəmli dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevin imzasının olması sadəcə həmin tarixi günün faktı olaraq qalmır. İlk növbədə 3 sentyabr 1991-ci il xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Bu, Azərbaycanda siyasi-tarixi gedişatın əsaslı dönüş məqamı idi. Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməmişdən 46 gün əvvəl, yəni 19 iyul 1991-ci ildə Kreml rəhbərliyinə rəsmi müraciəti əsasında Sovet İttifaqı Kommunist Partiyasının sıralarından öz iradəsi ilə çıxmış Heydər Əliyev SSRİ tarixində ilk dəfə olaraq bitərəf, partiyasız, müstəqil deputat kimi ali hakimiyyət orqanının rəhbəri vəzifəsinə seçilmişdir.

Dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin sədrlik etməsinə və dövlətçilik baxımından müzakirə edilən mühüm məsələlərin miqyasına və çıxarılan qərarların siyasi əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyası nəinki Azərbaycan Respublikasının, Sovetlər İttifaqının Ali Soveti ilə müqayisə oluna bilər. Əgər SSRİ-nin dağılması ərəfəsində Azərbaycan Ali Sovetinin və Sovet İttifaqı Ali Sovetinin hələ də batmaqda olan gəmini xilas etmək kimi artıq vaxtı keçmiş məsələlərlə məşğul olduğunu nəzərə alsaq, onda Heydər Əliyevin sədrliyi kommunist partiyasının fəaliyyətinə xitam verilməsi, mülkiyyətinin milliləşdirilməsi məsələlərini müzakirəyə çıxaran və dövlət müstəqilliyinə doğru istiqamətləndirən qərarlar qəbul edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli Fövqəladə sessiyasını SSRİ miqyasında nadir siyasi-tarixi hadisə adlandırmaq lazımdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Sədri olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin timsalında XX əsr ərzində Azərbaycanın ovaxtaqədərki tarixində birinci dəfə idi ki, üzərində Kommunist Partiyasının nəzarəti olmayan ali dövlət qurumu fəaliyyətə başlamışdı. Siyasi gedişatın dönüşünü şərtləndirən bu tarixi məqamlar ölkəmizi müstəqil dövlətçiliyə aparan çətin və keşməkeşli yollara işıq salan, ümummilli prosesin hərəkətverici qüvvəsinə çevrilən mühüm hadisələrdir.

Buna baxmayaraq, Azərbaycan Sovet Respublikasının siyasi rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə qəbul edilmiş qərarlarının həyata keçirilməsinə mane olmaq üçün bütün vasitələrdən istifadə etmişdir. Həmin dövrün əsas tədqiqatçısı akademik İsmayıl Hacıyev yazır ki, bu məqsədlə “30 mart 1991-ci ildə bir qrup naxçıvanlının “Kommunist” qəzetində “Naxçıvan Muxtar Respublikasının əhalisinə” müraciəti verilmişdi... Parlament deputatlarından və zabitlərdən ibarət böyük bir dəstə Naxçıvana göndərildi ki, yerli hakimiyyət orqanlarını qərarı dəyişməyə məcbur etsin. Lakin Ali Məclisin Sədri Heydər Əliyev yerli televiziya ilə bəyanat verib xəbərdarlıq etdi ki, Naxçıvana təzyiq üçün gələn qüvvələr buranı tərk etməlidirlər. əks təqdirdə bütün əhali ayağa qalxacaqdır. İqtidar geri çəkilməyə məcbur oldu.

Bununla belə, Azərbaycanda siyasi rəhbərlik dəyişilsə də, Naxçıvan Muxtar Respublikasına münasibət uzun müddət dəyişməz olaraq qalmışdı. Hətta Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevə qarşı Azərbaycan Xalq Cəbhəsi tərəfindən mərkəzdən idarə olunan çevriliş cəhdi də göstərmişdilər. Lakin bütün təzyiqlərə baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyətini dönmədən həyata keçirirərək, bu regionda ölkənin ərazi bütövlüyünü qoruyub saxlamış, muxtar respublikanı işğaldan xilas etmiş, regionda sosial-iqtisadi vəziyyəti böhran həddindən çıxarmış, çətin və mürəkkəb şəraitdə inkişafa nail olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Ali Məclisin qəbul etdiyi qərarlar təkcə region üçün deyil, geniş mənada ölkə üçün mühüm əhəmiyyət kəsb edən məsələləri əhatə etmişdir. Məsələn, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü hərbi-siyasi tədbirlər və qəbul etdiyi qərarlar sayəsində sovet ordusunun hissələri dinc yolla muxtar respublikanın ərazisindən çıxarılmışdır. Ölkənin bu regionunun xarici ölkələrlə olan sərhədlərini ilk dəfə olaraq Naxçıvanda yaradılmış milli ordunun əsgərləri qorumaq şərəfi qazandılar. Həmin dövrdə Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı müdafiə tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikası xaricdən böyük dəstək alan Ermənistanın işğalından xilas edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət səviyyəsində qeyd edilməsi haqqındakı 16 dekabr 1991-ci il tarixli dərin məzmunlu qərara da Heydər Əliyev imza atmışdır. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına tarixi səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynamışdır. Azərbaycanda ilk dəfə olaraq sosialist təsərrüfat sistemi ləğv edilmiş, torpaq islahatları və özəlləşdirmə tədbirləri həyata keçirilmişdir. Azərbaycanla Türkiyə Cümhuriyyətini əlaqələndirən Naxçıvan Muxtar Respublikası ərazisindəki Sədərək-Dilucu - “Ümid körpüsü”nün 28 may 1992-ci ildə istifadəyə verilməsi ilə ölkələr arasında çoxcəhətli əlaqələrin yeni mərhələsi başlanmış, blokada şəraiti yumşaldılmışdır. Naxçıvan Muxtar Respublikası üçün mühüm həyati əhəmiyyət kəsb edən Naxçıvan aeroportunun imkanlarının genişləndirilməsi və yenidən qurulması sahəsində tədbirlər həyata keçirilmiş, torpaq islahatlarına start verilmişdir.

Ulu Öndər Heydər Əliyev Naxçıvanda ikən 21 noyabr 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası ölkənin sonrakı inkişafında mühüm rol oynamışdır. Çətin blokada şəraiti olmasına baxmayaraq, 12 noyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyinin muxtar respublika səviyyəsində keçirilməsi, Ali Məclisin Sədri kimi Heydər Əliyevin yubiley mərasimində axıradək iştirak etməsi və dərin məzmunlu nitq söyləməsi Ulu Öndərin həyatının bütün məqamlarında ziyalı faktoruna xüsusi diqqət göstərməsinin bariz nümunəsidir.

Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda dövlət müstəqilliyinin formalaşdırılmasının böyük məktəbinə çevrilmişdir. Məhz Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindəki yorulmaz və səmərəli fəaliyyəti ilə çətin və mürəkkəb şəraitdə muxtar respublikanın qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bərabər, həm də Azərbaycan miqyasında müstəqillik uğrunda mübarizənin qüvvətləndirilməsinə, demokratik proseslərin inkişaf etdirilməsinə böyük təkan verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Qayıdış” kitabına yazdığı ön sözdə haqlı olaraq deyildiyi kimi, “Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının xalq deputatı kimi fəaliyyət göstərən Heydər Əliyev Naxçıvan parlamentində təkcə muxtar respublika üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, siyasi həyatın demokratikləşdirilməsi prosesinə güclü təkan verən qərarların qəbul edilməsinə nail olmuşdur”.

Heydər Əliyevin xalqın təkidli tələbləri ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi və ölkə rəhbəri kimi fəaliyyət göstərdiyi tarixi mərhələ (1993-2003) ölkəmizdə dövlət müstəqilliyinin yaradılması, möhkəmləndirilməsi və gələcək inkişafın böyük təməllərinin formalaşdırılması epoxasıdır. Heydər Əliyev epoxası - Azərbaycanın xilası və inkişafı dövrünün tarixi epoxasıdır! Heydər Əliyev yolu - Azərbaycanı böyük gələcəyə aparan möhtəşəm magistraldır. Bu, Böyük Qayıdışdan Milli Qurtuluşa və müasir inkişafa doğru dönməz şəkildə istiqamət alan müqəddəs və əbədi yolun möhkəm bünövrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə Heydər Əliyev milli dövlətçilik təlimini yaradıcı şəkildə inkişaf etdirməklə və Dağlıq Qarabağda erməni işğalına son qoyaraq Azərbaycana misilsiz tarixi Zəfər qazandırmaqla xalqımızın və dövlətimizin tarixində yeni bir epoxa yaratmağa nail olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövrdən sonrakı tarixi mərhələdə Naxçıvan Muxtar Respublikasının keçdiyi çətin və şərəfli mübarizə yolu, əldə edilmiş böyük nailiyyətlər müstəqil ölkəmizdə Heydər Əliyev - İlham Əliyev siyasətinin parlaq və canlı reallıqlarını əks etdirən böyük bir hesabatdır. Prezident İlham Əliyevin qayğısı ilə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun çoxcəhətli yorulmaz fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasında qazanılmış tarixi müvəffəqiyyətlər və gerçəkləşdirilən möhtəşəm müasir inkişaf ölkəmizdə Heydər Əliyev ideallarının təntənəsidir.

Dünya şöhrətli dövlət xadimi və böyük siyasətçi Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü müstəqil dövlətçiliyimizin möhkəm bünövrəsinin yaradılması mərhələsi kimi mühüm tarixi əhəmiyyətə malikdir.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

 

Azərbaycan.- 2021.- 3 sentyabr.- S.1; 4.