Çıxış
yolu vaksinasiya və məsuliyyətdir
Dünyada yeni növ koronavirusa
yoluxanların sayı 219 milyonu, bu səbəbdən həyatını itirənlərin
sayı isə 4 milyon yarımı ötüb.
Təhlükəli infeksiya hər gün yeni fəsadlar törətməkdə davam edir. Dünyanın
COVID-19 mənzərəsi hələ də təşviş
yaradır. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox
ölüm hallarının qeydə
alındığı ölkələr Rusiya,
İran və Türkiyədir.
Qonşu Gürcüstanda isə bu
virusla bağlı vəziyyət
acınacaqlı olaraq qalır.
Azərbaycanda da son günlər koronavirusa yoluxma və bu xəstəlikdən həyatını itirənlərin
sayında azalma müşahidə edilmir.
Koronavirusa qarşı mübarizə davam edir...
Dünyanın
ayrı-ayrı ölkələrində mütəxəssislər
araşdırmalarını davam etdirir, bu qlobal
bəladan xilas yolları arayırlar.
Türkiyənin Bilkent Universiteti
Milli Nanotexnologiya
Araşdırma Mərkəzində (UNAM) hazırlanan yeni “Diagnovir” adlı anticisim testi ilə 10 saniyə
ərzində 99 faiz dəqiqliklə koronavirus aşkarlanır.
Türkiyə
mətbuatının yazdığına görə, bu testi digər PCR testindən
fərqləndirən üstünlük odur ki, ağız və burnun dərin hissələrindən yaxma nümunələri əvəzinə
ağızdan tüpürcək götürülür. “Diagnovir”in rekord
müddətdə nəticə verən dünyanın ən
sürətli testi olduğu
bildirilib.
Təəssüf
ki, mütəxəssislərin səylə
araşdırmalar apardığı bir vaxtda koronavirus dondan-dona girərək, yeni
ştamlar, yeni adlarla yayılır. Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı
hərf sıralamasına uyğun olaraq Dominikan
Respublikasında rast gəlinən koronavirusun yeni
ştammını (B.1.621) “Mu”
adlandırıb. Bu barədə ölkənin
Səhiyyə Nazirliyi məlumat verib.
Domikanın böyük şəhəri olan
Santo Dominqoda, eləcə
də ölkənin cənubunda yerləşən Bahoruko, Barahona və Asua şəhərlərində may ayından etibarən “Mu”
ştammına yoluxma halları
aşkarlanıb.
Böyük
Britaniyada koronavirusun yeni “mü” ştammına
48 yoluxma faktı qeydə
alındığı barədə “The Mirror” qəzeti məlumat verib.
Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə, “mü” (Mu) və ya B.1.621
ştammı hazırda 39 ölkədə yayılıb. Qeyd edək ki, “mü” ştammı ilin əvvəlində
Kolumbiyada aşkarlanıb. Alimlər bu mutasiyanın COVID-19 vaksinlərinə
qarşı daha davamlı olduğunu
təxmin edirlər.
Koronavirusa yoluxma və ölüm
hallarının artdığı bir vaxtda vaksinasiya prosesi daha böyük
əhəmiyyət kəsb edir. Artıq
sentyabrın 1-dən etibarən iri ticarət
mərkəzlərinə, mehmanxanalara,
kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün
vətəndaşlardan mütləq qaydada
COVID-19 pasportu tələb olunur.
Azərbaycan Respublikası Prezidentinin
köməkçisi - Prezident
Administrasiyasının İqtisadi məsələlər
və innovativ inkişaf
siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər. Şahmar Mövsümov deyib
ki, Nazirlər Kabineti
yanında Operativ Qərargahın qərarına
əsasən, oktyabrın 1-dən etibarən isə yalnız
hər iki vaksin dozasını
qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinin,
mehmanxanaların, kafelərin, restoranların və digər ictimai iaşə obyektlərinin xidmətlərindən
yararlana biləcəklər.
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən,
1 oktyabr tarixinədək “CheckApp”
mobil tətbiqi üzərindən həyata
keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş
vətəndaşlarla yanaşı, immunitet
sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza
vaksin sertifikatı
olan vətəndaşlar da
ictimai iaşə müəssisələrinə,
mehmanxanalara və iri
ticarət mərkəzlərinə girə bilərlər.
Məktəblər
açılacaqmı?
Bu gün hər kəsi maraqlandıran məsələlərdən
biri də yeni tədris
ilində dərslərin hansı qaydada
keçirilməsi ilə bağlıdır. Bu
barədə ÜST və UNICEF-in Azərbaycandakı
Nümayəndəliklərinin birgə məlumatında məktəblərin
açılması tövsiyə edilib. ÜST-ün
Azərbaycandakı nümayəndəsi Hande
Harmancı bildirib ki,
peyvəndlənmə, “Delta” variantı da daxil olmaqla,
virusdan ən yaxşı və sürətli
qorunma üsullarından biridir,
müəllimlər və digər məktəb işçilərinin
peyvəndlənməsi bu il
mövcud olan bir üstünlükdür
ki, bunun sayəsində
məktəblər daha təhlükəsiz
məkan olacaq. Hande
Harmancı deyib: “İki
ilə yaxındır ki, COVID-19
pandemiyası ilə yaşayırıq və məktəblərin
təhlükəsiz şəkildə yenidən
açılması ümdə prioritetə çevrilib.
Məktəblərin qapanması uzun
müddətli dövrdə böyük mənfi
təsirlərə səbəb olur və
buna bəraət qazandırmaq çətindir.
Hamımız uşaqlarımızın gələcəyini
qorumaq naminə məktəblərin təhlükəsiz
şəkildə yenidən açılması üçün
çalışmalıyıq. Ümumdünya
Səhiyyə Təşkilatı, Azərbaycan da
daxil olmaqla, ölkələrə
COVID-19 riski və virusun
fərqli variantlarının yayılmasını minimuma endirmək üçün
tədbirlər görərkən məktəbləri
açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən
açılmasında mühüm rol oynayan milli
vaksinasiya strategiyasının həyata
keçirilməsində yerli tərəfdaşlarımızı
dəstəkləyirik”.
UNICEF-in
Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd
etdi ki, pandemiya məktəblərin qapanmasının
uşaqlar üçün
böyük mənfi təsirlər
göstərdiyini nümayiş etdirməklə
yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından
da əhəmiyyətli rol
oynadığını sübuta yetirdi: “Uşaqlar və gənclər
təhsillərinə bir il
də fasilə verilməsi riski ilə
üzləşməməlidir. Sentyabrın 15-də
məktəblərin təhlükəsiz şəkildə
açılmasını təmin etmək və
uşaqların məktəbin təqdim etdiyi
imkanları əldən verməmələri üçün
UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi
ilə sıx əməkdaşlıq edir”.
Qeyd edək
ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın
avqustun 20-də keçirilən brifinqində
ölkəmizdə məktəblərin sentyabrın 15-də
açılmasının nəzərdə tutulduğu
bildirilib. Daxili İşlər Nazirliyinin Mətbuat
xidmətinin şöbə rəisi Elşad
Hacıyev deyib ki,
monitorinqlər təhsil müəssisələrində də
aparılacaq: “Əyani tədrisə cəlb olunan
18 yaşdan yuxarı tələbələrin
COVID pasportu olmasa, həmin
təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət
daşıyacaq. Monitorinq
qruplarına cəlb olunan polis
əməkdaşları həm də mülki
geyimdə xidmət həyata keçirəcək”.
Məktəblərin
açılması, həyatımızın tədricən normala dönməsi üçün
çıxış yolumuz isə məsuliyyətdən
keçir. Vətəndaş məsuliyyəti
ilə qaydalara riayət etməklə
gözəgörünməz düşməni zəiflədə
bilərik.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2021.- 3 sentyabr.-
S.1, 6.