Qarabağın hava qapısı
Azərbaycan təyyarələri xaricə Qarabağdan da uça biləcəklər
30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızı hərbi qüdrətimiz sayəsində cəmi 44 gün ərzində düşmən tapdağından təmizləyən Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərimizə qayıdış üçün mühüm layihələrin icrasına da qısa zamanda nail olmağı bacarır. Artıq bu torpaqlarımızda ən yeni texnologiyalar əsasında sürətlə bərpa və quruculuq işləri aparılır.
Böyük qayıdışın çox yaxın zamanlarda baş tutacağını göstərən növbəti layihə isə Füzuli Beynəlxalq Hava Limanının çox qısa zaman ərzində istifadəyə verilməsi olacaq. Hava limanının uçuş-enmə zolağında artıq ilk sınaq uçuşları həyata keçirilib, yaxın aylarda isə onun tam açılışa hazır olacağı gözlənilir. Bunu Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı deyib: “Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.
Aeroportun məqsədinin nədən ibarət olduğunu Prezident İlham Əliyev hələ yanvar ayında hava limanının təməlqoyma mərasimində çıxış edərkən açıqlamışdı: “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.
Qeyd edək ki, ən müasir səviyyədə inşa olunan Füzuli Beynəlxalq Hava Limanında sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.
Tarixin qeyri-adi dönüşünün nəticəsidir ki, 11 ay əvvəl Füzuli hava limanının tikildiyi ərazi Azərbaycan igidlərinin döyüş meydanı olduğu halda, bu gün həmin cəsur oğullarımızın sayəsində bura yenidənqurma işlərinin aparıldığı məkana çevrilib. Lakin Füzuli hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına böyük qayıdışı üçün vacib sayılan çox mühüm strateji layihələrdir.
Qarabağın
hava limanları turistlərin daha qısa yolla işğaldan azad olunan ərazilərimizə səfər etməsinə
imkan verəcək
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, Füzuli aeroportu regionda ən qısa zamanda inşa edilən beynəlxalq hava limanlarından biridir. Bu ilin əvvəlində inşasına başlanılan hava limanında artıq yaxın vaxtlarda ilk uçuşları həyata keçirmək mümkün olacaq: “Hava limanına bu ilin may ayında səfər edəndə işlərin intensivliyini müşahidə etmişdik. Bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib. Cəmi 4 aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub.
Deputatın sözlərinə görə, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin cəlbi baxımından olduqca faydalı olacaq. Bu aeroport regionda turizmin canlanması üçün yeni imkanlar yaradacaq. Turistlər bu hava limanı vasitəsilə işğaldan azad olunan ərazilərimizə daha sərfəli və qısa yolla səfər edə biləcəklər: “Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və ümumilikdə ölkəmizə daha çox turistin gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.
Deputat qeyd edir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara çıxarılması baxımından Laçında da yeni aeroportun inşasına ehtiyac var idi. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanı da hərbi, strateji, iqtisadi baxımdan mühüm əhəmiyyətə malik olacaq.
V.Bayramovun
qənaətinə görə, Şərqi Zəngəzurun uzun müddət işğal
altında qalması onun potensialından
istifadə edilməsinə imkan verməyib.
Hazırda sözügedən iqtisadi
rayonun Azərbaycan iqtisadiyyatında
payı cəmi 0.1 faizdir. İşğaldan
azad olunmuş ərazilərimizdə
bərpa və yenidənqurma mərhələsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycan
iqtisadiyyatının ən azı 8 faizini
formalaşdırmaq potensialına malik olacaq. Bu, illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması
anlamına gəlir. Bu isə
yaxın illərdə
Qarabağda 10 minlərlə
yeni iş yerinin açılması
deməkdir.
Düzgün marketinq
qurularsa, Füzuli aeroportunun əhəmiyyəti
daha artıq olar
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq istiqsadiyyat kafedrasının
dosenti Emin Qəribli deyir ki, Füzulidə, Laçında və Zəngilanda aeropotların
olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun regionun mərkəzlərindən birinə
çevrilə bilməsinə
imkan yaradır. Şərqi Zəngəzurda
aeropotun tikilməsi buranın artıq nəqliyyat habına çevrildiyini göstərir.
Əgər gələcəkdə düzgün marketinq qurularsa, buradan digər ölkələrə
uçuşlar daha ucuz qiymətə olarsa, Füzuli aeropotunun dövriyyəsi və əhəmiyyəti
daha artıq olar.
E.Qəribli hesab edir ki, azad
edilmiş ərazilərimizdə
aeroportların tikilməsi
xarici iş adamlarının bu bölgəyə investisiya
yatırmaq imkanlarını
da artırır: “Nəqliyyat kommunikasiyalarının
qurulması regionun və Azərbaycanın iqtisadi inkişafına stimul verəcək bir amildir. Nəqliyyat kommunikasiyaları,
eləcə də aeroportlar həmin bölgənin əhəmiyyətini
artırır, onun dünya iqtisadiyyatına daha güclü inteqrasiyası üçün
yeni imkanlar yaradır. İnkişaf etmiş dövlətlər
- Türkiyə, Almaniya,
İtaliya azad edilmiş ərazilərimizə
investisiya qoymaq istəyirlər. Lakin
bu da faktdır
ki, kommunikasiyanın olmaması böyük
investor üçün müəyyən
çətinliklər yarada
bilər. Aeroportun olması o deməkdir
ki, xarici investorlar artıq buraya problemsiz gələcəklər. Digər tərəfdən,
azad edilmiş ərazilərin smart konsepsiya
əsasında yenidən
qurulması planlaşdırılır.
Bunun icrası üçün
isə əraziyə yeni texnologiyaların gətirilməsi lazımdır.
Əgər biz azad edilmiş
ərazilərimizə yeni
texnologiyalar gətirmək
istəyiriksə, burada
nəqliyyat infrastrukturunun
qurulması vacib şərtdir. Azad edilmiş ərazilərimizdə
kommunikasiyanın bütün
növlərinin tətbiqinə
ehtiyac var. Bu istiqamətdə
işlər görülür
və bundan sonra da görüləcək”.
Emin Qəriblinin fikrincə, nəqliyyat qovşağında
yerləşən Azərbaycan
ərazisindən Avropaya
məhsullar daşınır. Həmin məhsullar
Zəngəzurdan təyyarə
ilə daşınarsa,
bu, bizim iqtisadiyyatın şaxələndirilməsinə,
eyni zamanda məhsulların Avropaya daha qısa zamanda çatdırılmasına
imkan verəcək.
Aeroportlar Azərbaycana əlavə
dividendlər qazandıracaq
Emin Qəribli hesab edir ki, nəqliyyat
infrastrukturunun inkişaf
etdirilməsi gələcəkdə
ölkəmizin inkişafının
dayanıqlığını təmin edən amillərdən biri olacaq. Aeroportların inşası
layihələri Azərbaycana
yalnız əlavə
dividendlər qazandıracaq:
“Elə dövlətlər
var ki, kifayət
qədər böyük
olsalar da, yetərincə maliyyə resursuna malik deyillər, buna görə də onların investisiya yatırmaq imkanları məhdud olur. Amma dövlətimiz bu baxımdan yetərincə
resursa malikdir. O,
topladığı maliyyə
resurslarını gələcəyə
istiqamətlənmiş layihələrin
icrası üçün
sərf edir. Bu layihələr gələcəkdə bizim
iqtisadi qaynaqlarımızı
təmin edəcək”.
İqtisadçı alim qeyd edir
ki, beynəlxalq nəqliyyat kommunikasiya imkanları genişləndikcə
ölkənin beynəlxalq
iqtisadi reytinqdəki mövqeyi də yaxşılaşır. Bu baxımdan
aeroportların tikilməsinin
xüsusi əhəmiyyəti
var: “Azərbaycanda qısa zaman ərzində həyata keçirilən beynəlxalq
nəqliyyat layihələrini
beynəlxalq qurumlar da yüksək qiymətləndirirlər. Həmin layihələrin
icrası Azərbaycanın
beynəlxalq reytinqdəki
mövqeyini daha da irəli aparacaq.
Bu da Azərbaycana
investisiya axınını
artıracaq və iqtisadi inkişaf üçün geniş zəmin yaradacaq”.
Emin Qəribli aeroportların inşasını turizmin inkişafı baxımından
da olduqca yüksək dəyərləndirir. Onun sözlərinə görə,
aeroportlar sağlamlıq
turizm imkanlarına
sahib olan Qarabağa müalicə məqsədilə
üz tutan turistlərin sayının
artmasına, bu isə öz növbəsində ölkəyə
əlavə valyutanın
daxil olmasına imkan verər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
gercəkləşən bütün
layihələr indiyədək
çox uğurla həyata keçirildiyi üçün kommunikasiyaların
qurulması layihələrinin
də ölkəmiz,
o cümlədən region üçün
xeyirli olacağını
əminliklə söyləyə
bilərik. Bu gün
yeni aeroportlar azad edilmiş torpaqlarımızda reallaşan
ilk əhəmiyyətli layihələrdən
biri olsa da, onlar həmin
ərazilərimizi dirçəldəcək
yeganə layihələr
olmayacaq. Erməni vandalizminin
ən acı üzünü görən
torpaqlarımız onlara
verdiyimiz yeni nəfəs sayəsində
yenidən doğulacaqlar.
Güclü iqtisadiyyata malik
olan Azərbaycan yeni-yeni inkişaf layihələri gercəkləşdirməklə
bu bölgəni regionun inkişaf etmiş ən mühüm mərkəzlərindən
birinə çevirəcək.
Ərazilərdə aparılan yenidənqurma
işlərinin sürəti
və miqyası da onu deməyə
imkan verir ki, həmin vaxt çox da gec olmayacaq. İşğal altında olan
torpaqlarımızda apardığı
döyüş əməliyyatları
ilə dünya hərb tarixini yeniləyən Azərbaycan
qısa müddətə
yenidənqurma işlərinə
görə də dünya ölkələri
üçün istinad
mənbəyi olacaq.
İlhamə İSABALAYEVA,
Azərbaycan.- 2021.- 4 sentyabr.- S.1; 5.