Bitmək bilməyən pandemiyadan çıxış yolu peyvəndlənmədir

 

Vaksinasiyanın sürətlənməsi normal həyata daha tez dönməyimizə səbəb ola bilər

 

Ölkədə hələ karantin qaydaları yumşaldılmamışdan əvvəl mütəxəssislər tərəfindən sərt məhdudiyyətlər götürüldükdən sonra koronavirusa yoluxma sayının yenidən artacağı xəbərdarlığı edilmişdi.

Azərbaycanda iyulun sonlarından başlayaraq yoluxanların sayının tədricən artması və gündəlik yoluxma sayının artıq 4 mini ötməsi bu xəbərdarlığın özünü doğrultduğunu deməyə əsas verir. Lakin yoluxma sayındakı artım demək olar ki, bütün ölkələrdə müşahidə edilir.

Son günlər ərzində ABŞ-da, Avropa ölkələrində, Rusiyada, Türkiyədə, İranda və digər ölkələrdə yoluxma sayında yenidən artım qeydə alınır. COVID-19 pandemiyasının başlanmasından bir il yarıma yaxın vaxt keçməsinə baxmayaraq, ölkələr, hətta inkişaf etmiş dövlətlər müəyyən preventiv tədbirlər hesabına yoluxma sayını azaltmağa nail olsalar da, onun yayılmasının qarşısını ala bilmirlər. Hazırda COVID-19-a yoluxma hallarının artmasının əsas səbəbi daha çox karantin qaydalarının yumşaldılması və bununla əlaqədar insanlarda rahatlanmanın yaranması, eyni zamandaDelta” ştammının yayılması ilə əlaqələndirilir. “Delta” ştammı hazırda ABŞ-da, Rusiyada, Britaniyada və digər ölkələrdə dominant növə çevrilib.

Azərbaycanda da mütəxəssislər son günlər ərzində virusa yoluxma sayının artmasının əsas səbəbi kimiDelta” ştammını göstərir. “Delta”nın digər növlərdən əsas fərqi onun yoluxduruculuq qabiliyyətinin yüksəkliyi və çox qısa zamanda yayılma arealını genişləndirə bilməsidir. “Delta” COVID-19-un orijinal növündən iki dəfə, digər variantlardan isə təxminən 50 faiz daha yoluxucudur. Bu isə ölkələrdə sabit olmayan epidemioloji vəziyyəti daha da gərginləşdirir.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı da ölkədəki vəziyyəti qiymətləndirərkən son bir ayda yoluxma sayında sürətli artımın müşahidə olunduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanda son bir ayda COVID-19-a gündəlik yeni yoluxma hallarının və aparılan testlər arasında pozitiv nəticələrin sayı dəfələrlə çoxalıb. Yalnız 23 iyuldan 12 avqustadək gündəlik yoluxmaların sayında təxminən 7, ölümlərin sayı və gündəlik testlər arasındakı müsbət testlərin faiz dərəcəsində təxminən 5 dəfə artım baş verib.

ÜST nümayəndəsi xəbərdarlıq edir ki, əgər tədbir görülməzsə, sentyabrdan gündəlik olaraq, daha yüksək rəqəmlərin qeydə alınmasının şahidi ola bilərik.

Azərbaycanın məsul rəsmiləri hələlik epidemioloji vəziyyətə nəzarət edilmənin mümkünlüyünü bildirirlər. Amma o da inkar edilmir ki, son günlərdə qeydə alınan artım tendendiyası koronavirusla bağlı mövcud vəziyyətin dəyişməsinə, səhiyyə müəssisələrinin yükünün artmasına səbəb ola bilər. Oxşar vəziyyət Azərbaycanda ötən ilin sonu, bu ilin əvvəlində müşahidə edildiyi üçün hər birimiz səhiyyə müəssisələrinin yükünün artmasının hansı fəsadlar verə biləcəyini gözümüzün önünə təkrarən gətirə bilərik.

Azərbaycanda yoluxma sayında artım tempinin müşahidə olunmasına baxmayaraq, hökumət hələlik onun qarşısının alınması üçün sərt tədbirlər görmək niyyətində deyil.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirdiyi brifinqində hər hansı əlavə məhdudiyyətlərin tətbiqinə ehtiyacın olmadığını açıqlayıb. Lakin bunu da qeyd edib ki, əgər xəstəxanaların dolma əmsalı çox yüksək olarsa, Operativ Qərargahda növbəti mərhələlərdə məhdudiyyətlərin tətbiqi məsələsi müzakirə oluna bilər. O, peyvəndləmənin bu gün ən effektiv yol olduğunu vurğulayıb.

Azərbaycan pandemiya ilə mübarizədə peyvəndlənmənin ən səmərəli yol olduğu qəbul və bunu tətbiq edən ilk ölkələrdəndir. Bunun üçün ölkədə sistemli şəkildə Milli Peyvənd Strategiyası da həyata keçirilir. Avqustun 31-nə olan məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 6805740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4113716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2692024 təşkil edir. Lakin müəyyən dövr üçün kollektiv immunitetin yaranmasından ötrü əhalinin təxminən 70-80 faizinin peyvənd olunması vacib hesab edilir. Virusun ötən 1,5 il ərzində yeni-yeni ştammlarının ortaya çıxması onu göstərir ki, bu gün pandemiya ilə mübarizədə vaksinləşdirmədən başqa alternativ yol yoxdur. Buna görə kütləvi vaksinasiyanın qısa zaman ərzində sürətlə həyata keçirilməsi pandemiya ilə daha tez vidalaşmağımıza, normal həyata dönməyimizə səbəb ola bilər.

Delta” ştammının yayıldığı hazırkı dövrdə peyvəndin vurulmasının olduqca önəmli olduğunu ÜST bir daha xatırladır. ÜST yeni sübutlara əsasən bəyan edir ki, insan COVID-19-a əvvəllər yoluxsa belə, “Delta” ilə yenidən yoluxma riski daha çoxdur. “Delta” variantına yoluxmuş insanlarda xəstəxanaya yerləşdirməyə səbəb olan ağır simptomların meydana çıxma riski daha yüksəkdir. Təsdiq olunmuş peyvəndlər isə COVID-19-un növlərinə qarşı effektlidir. Müvafiq doza qəbul edən şəxslərin ağır xəstələnməsi və ölmək ehtimalı daha azdır.

Bunu da qeyd edək ki, vaksinləşdirmə yeni başladığı zamanlarda əhalinin müəyyən qismi arasında peyvəndə qarşı inamsızlıq olduğu üçün onu vurdurmaqdan çəkinən insanlar var idi. İnsanların bəziləri vaksinin vurulmasından sonra orqanizmin buna verdiyi cavabı düzgün qəbul etməyərək cəmiyyətdə onun təhlükəli olması barədə yanlış məlumatlar yayır, peyvəndin zərərli olması mifini yaradırdılar. Artıq yaxşı haldır ki, bu gün insanlar özləri vaksinin əhəmiyyətini və təhlükəsiz olmasını başa düşərək onu vurdurmağa maraq göstərirlər. Tibb məntəqələrində yaranan növbələr və vaksin vurduran insanların getdikcə artan sayı ona qarşı artan marağın bir göstəricisidir.

Hələliksə Azərbaycanda vaksinləşdirmə əhalinin daha çox hissəsini əhatə etmədiyi üçün müəyyən profilaktik tədbirlərin görülməsi zəruri sayılır. Ölkəmizdə yoluxmanın qarşısının alınması məqsədilə gözlənilən əsas yeni tədbirlərdən biri sentyabrın 1-dən yaşı 18-dən çox olan şəxslərin qapalı məkanlara daxil olması üçün onlardan COVID-19 pasportu tələb edilməsi olacaq. Belə ki, həmin müddətdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Məhdudiyyətlərin sərtləşdirilməsini insanlar istəmədiyi kimi dövlət də istəmir. Yeni qapanmalar, məhdudiyyətlər heç kəs üçün arzuolunan deyil. Lakin bunun olmaması üçün insanlar pandemiyanı bitmiş kimi hesab etməli deyillər. Unutmaq lazım deyil ki, virus hələ də bizimlədir, o, yayılır və pandemiyanın bitməsinə imkan vermir.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 1 sentyabr.- S.1, 6.