Paralimpiyaçılarımız tarix yazmaqda davam edirlər

 

Üzgüçümüz qızıl dubla imza atdı

 

Atletlərimiz Yaponiyada keçirilən Paralimpiya Oyunlarında uğurlarını davam etdirirlər. Yarışların növbəti günü Azərbaycan komandasının hesabındakı medal sayı 15-ə çatdı. Onlardan 10-u qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.

Avqustun 31-nə kimi paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olmuşdular. 100 metr məsafəyə üzgüçülük yarışında isə Raman Saleh Paralimpiya çempionu adını qazanmışdır. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri də qızıl medala sahib olmuşdur. Onun uğurunu Elvin Astanov nüvəatma yarışında təkrarlamışdır. Səid Nəcəfzadə uzunluğa tullanmada, Pərvin Məmmədov pauerliftinqdə fəxri kürsünün üçüncü pilləsinə qalxmışlar.

Dünən isə medal hesabımıza daha iki medal əlavə olundu. Üzgüçümüz Raman Saleh sərbəst üsulla 100 metr üzməkdə 1-ci yerə yiyələndi. Finişə 52,69 saniyəyə çatan R.Saleh ən yaxın izləyicisini 0,18 saniyə qabaqlayaraq özünün ikinci qızıl medalını əldə etdi. O, daha öncə 100 m məsafəyə arxası üstə üzməkdə çempionluq sevinci yaşamışdı.

Yarışdan sonra Azərbaycan üzgüçüsü Raman Saleh deyib ki, ona dəstək olan hər kəsə təşəkkür edir: “Qalib gəldiyim üçün çox şadam. Bu, mənim Tokio paralimpiadasında 2-ci qızıl medalımdır. Necə deyərlər, bundan sonra daha böyük mükafat qazanacağıma ümid edirəm”.

Ölkəmizin hesabına gümüş medalı isə Lamiyə Vəliyeva yazdırıb. O, qadınların 100 m məsafəyə qaçışında 11,99 saniyə ilə fərqlənib. Bu həm də Lamiyənin şəxsi rekordu olub.

 

Azərbaycan.- 2021.- 1 sentyabr.- S.7.