Paralimpiyamızı zəfərə səfərbər edən Prezidentin idmana verdiyi dəstəkdir

 

Xəbər verildiyi kimi, milli Paralimpiya komandamız Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarını 14-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla 19 medalla başa vurmuşdur. Azərbaycan 163 ölkənin qatıldığı bu oyunlarda qazanılan nəticələrə əsasən 10-cu pillədə  qərarlaşmışdır. Paralimpiyamız bununla öz tarixində görünməmiş böyük qələbələrə, tarixi rekorda imza atmış və Azərbaycan Paralimpiyası idmanın ən yüksək zirvələrini fəth etmək gücünü dünyaya göstərmişdir.

Bu qələbələr Azərbaycanın həm də paralimpiyanın inkişaf etdiyi ölkə olduğunu bir daha dünyaya göstərdi. Eyni zamanda ölkəmizdə  paralimpiyanın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinin və bu dəstəyə qarşılıq idmançılarımızın yenilməz mübarizə əzminin məntiqi nəticəsi oldu.

Sentyabrın 6-da Prezident İlham Əliyevin Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi, eləcə də milli Paralimpiya komandamızın üzvlərinin təltif olunmasına dair sərəncamlar imzalaması da paralimpiyaçılara göstərilən yüksək diqqətin, onların qələbələrinə verilən böyük dəyərin bir təzahürüdür.

Hələ ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə formalaşan milli paralimpiya hərəkatı elə ilk vaxtlardan dövlət qayğısı ilə əhatə olunub. Bu qayğıkeşlik, idmanımızı, paralimpiyamızı zəfər yoluna səfərbər edən dövlət siyasəti  Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilib. Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, əlilliyi olan şəxslərin idmana marağının artırılması, idmana cəlbi və paralimpiyanın inkişafı sahəsində ardıcıl və kompleks tədbirlər görülüb və görülməkdə davam edir.

Belə mühüm tədbirlərdən biri kimi 2008-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində MDB məkanında ilk dəfə beynəlxalq standartlara uyğun Paralimpiya İdman Kompleksinin açılışı olub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən bu kompleks paralimpiyaçılarımızın böyük qələbələrə nail olmaları üçün yüksək səviyyədə təlim-məşq prosesi keçmələrində mühüm rola malikdir. Tokioda Yay Paralimpiya Oyunlarında parlaq qələbələr qazanan idmançılarımızın böyük əksəriyyəti də bu kompleksdə hazırlıq prosesi keçib.

Dövlət başçısı paralimpiyaçılarımızı daim diqqət mərkəzində saxlayaraq onlarla tez-tez görüşür, paralimpiyadada yüksək nailiyyətlər əldə etmələri üçün hər bir qayğıkeşlik göstərir. XVI Yay Paralimpiya Oyunları zamanı da bunun bir daha şahidi olduq: Tokioda  qələbə qazanan idmançılarımızı Prezident

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər dəfə təbrik edirdilər ki, bu da paralimpiyaçılarımızı növbəti və daha böyük zəfərlərə ruhlandıran  güclü mənəvi dəstək olurdu.

Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər arasında idmanın təbliğinə, onların idmana aktiv şəkildə cəlb edilməsinə yönələn tədbirlər həyata keçirilməklə yanaşı,  Milli Paralimpiya Komitəsinə illik əsasda maliyyə dəstəyi də ayrılır. Son 3 ildə bu vəsaitin məbləği 2 dəfə artırılaraq 2,2 milyon manatı ötüb.

Qeyd edək ki, bundan əvvəlki 6 Yay Paralimpiya oyununda (Atlanta, Sidney, Afina, Pekin, London, Rio de Janeyro) milli komandamız cəmi 9 qızıl medal qazanmışdısa və 7 nəfər Paralimpiya çempionu olmuşdusa, Tokio Paralimpiya Oyunlarında qazandığı qızıl medalların sayı 14 oldu. Digər tərəfdən Azərbaycan yığması  yeni dünyaparalimpiya rekordu müəyyən etdi, 2 idmançı dünya rekordunu, 1 idmançı isə paralimpiya rekordunu təzələdi. İlk dəfə olaraq bir idmançımız üçqat Paralimpiya çempionu kimi adını tarixə yazdı.

Maraqlı və həm də fərəhli məqamlardan biri də Azərbaycan paralimpiya yığmasının cüdoçularının bu idman növünün vətəni sayılan Yaponiyada bütün rəqiblərini üstələyərək qələbə qazanmaları oldu. Həmçinin Azərbaycan “Tokio-2020” Paralimpiya Oyunlarını qızıl medalların sayına görə 10-cu pillədə başa vurdu ki, bu da indiyədək ölkəmizin bu oyunlarda tutduğu yerlərdən (Atlantada yer tutmayıb, Sidneydə 60-cı, Afinada 45-ci, Pekində 38-ci, Londonda 27-ci, Rio de Janeyroda 47-ci yer) əhəmiyyətli dərəcədə yüksəkdir.

 

Azərbaycan.- 2021.- 8 sentyabr.- S.1.