Kəlbəcərdə bal süfrəsi açıldı

 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 ildən sonra Kəlbəcərdə yetişdirilən ilk nübar baldan daddılar

 

Əslində, o gün tariximizə elə həkk olundu ki, düşmənlərimiz də bunu unutmayacaqlar! Unutmasınlar! Ulu Öndər Heydər Əliyev demişkən, Kəlbəcər Qarabağın qala qapısıdır. O qapı 28 il üzümüzə bağlı qaldı.

Şükürlər olsun ki, artıq bu barədə keçmiş zamanda danışırıq. Bu gün Kəlbəcərdən və oradakı bal kimi söhbətdən söz açmaq istəyirik. Bir neçə aydır ki, Kəlbəcər və orada arıçılıq təsərrüfatı ilə məşğul olan kəlbəcərlilər ən əziz qonaqlarının yolunu gözləyirdilər.

Həmin səfər avqustun 16-da gerçəkləşdi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərin füsunkar gözəlliklərinin şahidinə çevrildilər. O gün sevinən yalnız bu cütlük deyildi, dağlar da öz yenilməz sərkərdəsini, onları düşmən əsarətindən xilas edən Müzəffər Ali Baş Komandanı doğma övladı kimi bağrına basdı. Murovdağın ən uca zirvəsindən - Ömər aşırımından xalqımızı salamlayan Azərbaycan Prezidenti məğrurluğu ilə bir az da zirvələşdi! Gülümsər çöhrəsindən qalib sərkərdəlik süzüldü...

Bu da Kəlbəcər. Dolama yollar əziz qonaqları Kəlbəcərin əsrarəngiz gözəllikləri ilə görüşdürür. Sən demə, onları rayonun Tutquçay ərazisində bu il bal yetişdirən arıçılar da gözləyirmiş. Bu görüşün özgə bir adı vardı: “ bal süfrəsinin qonaqları”...…

Arıçılarla görüşən Azərbaycan Prezidentinə kəlbəcərlilərin adətinə görə bal hədiyyə olunmalı idi. Əgər sac üstündə çörək bişirilsəydi, qonaqlar süfrəyə dəvət edilər və orada isti çörək kəsilərdi. Nə gözəl mənzərə oldu, İlahi! Arıçılarımız cənab Prezidentə arı şanı hədiyyə etmək üçün yeşikləri bir-bir axtardı. Ən yaxşı dolu şan tapmaq üçün bir neçə arı ailəsinə baş çəkildi. Kəlbəcər arılarının onları sancmayacağını da Azərbaycan Prezidenti xüsusi vurğuladı: “Yox, bizə dəyməz, o bilir ki, biz kimik...”

Azərbaycan Prezidentibirinci xanım Mehriban Əliyeva ilə görüşən arıçılardan biri Kəlbəcərdə doğulub-böyüyən, gənclik illəri Qarabağda keçən Sabir Mustafayevdir. Ömrünün yarıdan çoxunu arıçılıqla məşğul olub. 28 ildən sonra Kəlbəcərə dönən arıçı deyir ki, əvvəllər də bu sənətlə məşğul olub. 40 ilik arıçılıq təcrübəsi olan Sabir Mustafayev Kəlbəcərin təbiətinin füsunkarlığını, təbii sərvətlər yatağı olduğunu söyləyir: “...Arıçılıq üçün Kəlbəcər ən əlverişli məkandır: buranın bitki örtüyü zəngin olduğundan balımız çox keyfiyyətlidir. Sovet dövründə Xalq Təsərrüfatları sərgisi keçirilirdi və Kəlbəcər balı mükafata layiq görülürdü. Cənab Prezident bizimlə görüşərək işlərimizlə maraqlandı. Görüş çox səmimi keçdi. Biz Dəlidağın sağ ətəyində Qazıxan yaylağındayıq. Kəlbəcərdə bir süzüm etdik, əla alındı. Ali Baş Komandan ilə görüşdüyümüz yerə köçdüyümüz təxminən bir ay idi. Hazırda həmin bölgədəyik və arılarımız üçüncü süzümə gedir. Qazıxan yaylağında təxminən 8-10 kilo bal çəkəcəyik, çünki getdikcə havalar soyuyur”.

Kəlbəcərə ilk arı köçünü Sabir Mustafayev, sonra isə dörd nəfər aparıb. Əlbəttə, arıçılar işğaldan azad edilmiş ərazilərə getmək üçün rəsmi müraciət ediblər. Sabir Mustafayev deyir ki, təhlükəsizliklə bağlı bizə xəbərdarlıq edilmişdi, şükürlər olsun ki, indiyə kimi hər hansı bir hadisə olmayıb.

Arıçı onu da dedi ki, rayonun ərazisindəki bütün kəndarası yollar və körpülər ermənilər tərəfindən dağıdılıb. Rayon mərkəzinə Daşkəsəndən elektrik çəkilsə də, hələ darmadağın olunmuş kəndlərdə işıq yoxdur: “Ən əsas çətinlik Qazıxan yaylağında telefonun tutmamasıdır. Hələ ki, rayonun ərazisində dükan-bazaryanacaqdoldurma məntəqəsi yoxdur. Çörək almaq üçün Gəncəyə gəlməlisən, məsafə çox uzaqdır. Marketə, yanacaqdoldurma məntəqəsinə çox ehtiyac var”.

Peşəkar arıçı bildirdi ki, Kəlbəcərdə qazandıqları ancaq bal deyil. Arı ailələri də artıb, çoxalıb: “...Bura iki yüz arı ilə gəlmişdim, beçə verməklə, təxminən yüzə qədər arı ailəsi də artıb. Güman edirəm ki, Kəlbəcərə gələn il daha çox arı ailəsi köçürüləcək”.

Kəlbəcərə ilk arıçı kimi qədəm basan Sabir Mustafayev builki quraqlığın dağlardan da yan ötmədiyindən danışdı: “Quraqlıq olması problem yaradır. Sular azalıb, bizim kənddə suyun səviyyəsi təxminən üç dəfəyə qədər aşağı enib. Arıquşları bəzən arıları işləməyə qoymur. Ancaq, bilirik ki, onlar köçəri quşlardır, uçub gedəcəklər. Kəlbəcərdə yaşayış olmadığı üçün meşələrdə ayı çoxalıb. Bizim təsərrüfata ziyan verməyib, ancaq bəzi heyvandarların təsərrüfatına “əl gəzdirib”. Günəş panellərindən istifadə edib elektrik almışıq. Bununla da arıxananı qoruya bilirik...”

Bu bir arıçının illər sonra doğma yurdla bağlı bal kimi söhbətidir. Yolçu yolda gərək. Arıçımız əzəmətli Murovdağdan aşaraq Kəlbəcərə tələsirdi. Xəyalına bilirsiz kimlər və nələr düşür: ölməz şairimiz Ənvər Rzanın vaxtilə yazdığı “Kəlbəcərə gedən yollar”ındakı mənzərə:

 

Yazda əriş-arğac olur

Kəlbəcərə gedən yollar.

Yayda örüş-arxac olur

Kəlbəcərə gedən yollar...…

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2021.- 8 sentyabr.- S.1-2.