Tibdə biganəlik və məsuliyyətsizlik ölümlə nəticələnə bilir

 

Səhiyyə Nazirliyi və TƏBİB pandemiya sınağından hələ ki uğurla çıxa bilmir

 

“Hər yerdə hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir”.

Prezident İlham Əliyevin bu fikirləri ölkə rəhbərinin fəaliyyət prioritetlərini göstərməklə yanaşı, həm də dövlət məmurlarından əsas tələbini, onlar üçün müəyyənləşdirdiyi vəzifə öhdəliklərini nümayiş etdirir. Vətəndaşların dövlət xidmətlərindən məmnunluğu hər zaman Prezident  üçün vacib məsələdir və bu şərt də dövlət qurumlarının fəaliyyətində əsasən ödənilir.

Lakin COVID pandemiyası başlayandan qarşılaşdığımız problemlər onu deməyə əsas verir ki, bəzi məmurlar vətəndaşa Prezident İlham Əliyevin tələb etdiyi səviyyədə qayğıkeşlik, diqqət və məsuliyyətlə yanaşmırlar. Yoxsa insan sağlamlığı ilə bağlı məsələlərin daha həssas olduğu indiki pandemiya dövründə bu yazıda qeyd edəcəyimiz neqativlər ortaya çıxmazdı.

 

Prezident İlham Əliyev: “Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”

 

Pandemiya qlobal bəlaya çevriləndən sonra ona qarşı səmərəli mübarizəyə başlayan ilk ölkələrdən biri də Azərbaycan olub. Prezident İlham Əliyevin birbaşa göstərişi ilə əhalinin bu infeksiyanın törətdiyi fəsadlardan qorunması üçün ən yüksək səviyyədə çevik və sistemli tədbirlər həyata keçirilib. Qısa zamanda çoxsaylı ixtisaslaşmış səhiyyə ocaqları və laboratoriyaların istifadəyə verilməsi,  modul tipli xəstəxanaların quraşdırılması, tibb müəssisələrinin maddi-texniki təchizatının gücləndirilməsi, həkimlərin biliklərinin artırılması məqsədilə təcrübə mübadiləsinin təşkili bu istiqamətdə görülən tədbirlərin qısa siyahısıdır. Bunlardan savayı,  həkimlərin sayının artırılması ilə əlaqədar olan təbii çətinliklərin aradan qaldırılması üçün hətta ölkəmizə xaricdən mütəxəssislər də dəvət edilmişdir. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan, Çindən gələn həkim briqadaları uzun müddət bizim mütəxəssislərlə birgə xəstələrin müalicəsi ilə məşğul olmuşlar. Bütün bunlar sözsüz ki, vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəlmişdir.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə vurğulayan Prezident İlham Əliyev hələ 2020-ci il avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə insan sağlamlığının ən birinci məsələ olduğunu xatırlatmışdır: “Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır... Yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir”.

Həqiqətən, dövlət başçısının birbaşa tapşırığı ilə görülən tədbirlər, koronavirusla mübarizə işinə ayrılan maliyyə vəsaitləri Azərbaycan səhiyyəsinin bu kritik dönəmdən üzüağ, vətəndaşlarının isə sağlam çıxmasına hesablanıb. Çünki bütün tədbirlər ən xırda detalına qədər Azərbaycan vətəndaşının mənafeyi, sağlamlığı nəzərə alınmaqla görülür.

 

Təəssüf ki, dövlətin gördüyü bu tədbirlər bəzən kiminsə şəxsi maraqlarının güdazına gedir

 

Məsələn, hələ keçən il yoluxma sayının getdikcə artdığı bir zamanda xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirdiyi üçün evdə müalicə olunan xəstələrə dövlət tərəfindən müvafiq dərmanların veriləcəyi açıqlanmışdı. Lakin hər birimiz bu dərmanların çox az sayda xəstəyə verildiyinin şahidi olduq. Poliklinikalar gah xəstələrə, ümumiyyətlə, dövlət tərəfindən dərmanın verilmədiyini, gah dərmanların qurtardığını bildirdi, gah da “dərmanı biz vermirik, onu gedib TƏBİB-dən alın” deməklə bu məsuliyyətdən yan qaçdılar.

Bu hələ harasıdır. Yəqin ki, bir müddət əvvəl evdə müalicə olunan xəstələr üçün verilən dərman paketlərinin apteklərdə satışa çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar və fotolar da çoxlarının yadındadır. Rəsmi qurumlar dərmanların satılmasını təkzib etsələr də, fakt odur ki, xəstələr bu dərmanları uzun müddət əldə edə bilmədilər! Ən pisi isə odur ki, belə hallar dalğasının sayını itirdiyimiz indiki viruslu günlərdə də davam edir.

 

Analiz nəticələrinin gec çıxmasının yaratdığı problemlər

 

COVID-19 pandemiyası başlayandan əhaliyə edilən ilk tövsiyə koronavirusa şübhəli əlamətlər hiss edən kimi yaxma nümunəsi verməkdir. Odur ki, koronavirusa yoluxmasından şübhələnən şəxslərin demək olar ki, böyük əksəriyyəti analiz üçün dövlət müəssisələrinə müraciət edir. Lakin analizin götürülməsi ilə bağlı müraciətlərə cavabın gec verilməsi, analizin gec götürülməsi, yaxma nümunəsinin götürüldüyü vaxtla nəticənin açıqlanma vaxtı arasındakı müddətin uzun olması xəstəliyin ilkin mərhələdə, yəni kəskinləşmədən müalicəsinə imkan vermir.

Həkimlər daha ağır fəsadlaşmaların yaranmaması üçün xəstələrə həkim nəzarəti altında müalicə olunmasını tövsiyə etsələr də, cavabın gec açıqlanması özəl klinikanın xidmətlərindən istifadə üçün maddi imkanı yetərli olmayan xəstəni özünümüalicə tədbirlərinə başlamağa məcbur edir. Özünümüalicə tədbirlərinin hansı fəsadlar yaratdığı isə məlumdur. Test cavabının gec açıqlanması müalicə oluna bilməyən xəstənin vəziyyətinin getdikcə ağırlaşmasına səbəb olmaqla yanaşı, yoluxmanın artmasına da gətirib çıxarır. Çünki hələ koronavirusa yoluxub-yoluxmadığını bilməyən şəxslər ictimai yerlərdə olduqları zaman ətrafdakıları da virusa yoluxdururlar.

 

Bir gündə verilən testlərin fərqli cavabları

 

Əhalini çaşdıran və sual qarşısında qoyan hallardan biri də koronavirusa yoluxub-yoluxmadığını dəqiq müəyyən edə bilməsi üçün bir necə tibb müəssisəsində verdiyi yaxma nümunələrinə müxtəlif cavabların verilməsidir. Yəni  fərqli klinikalarda verilən analizlərin nəticələri də fərqli olur.

Məsələn, bu yaxınlarda sosial şəbəkədə Rumiyyə Miraslan adlı bir istifadəçi ona göndərilən rəsmi bildirişləri paylaşaraq yazıb ki, COVID-ə yoluxub sağalmasından sonra - yoluxmanın 15-ci günündə biri dövlət, digəri özəl klinika olmaqla cəmi 10 dəqiqə fərqlə iki COVID analizi verib. Onların birinin nəticəsi neqativ, digəri pozitiv çıxıb. Elə bu vəziyyət də onu çox anlaşılmaz vəziyyətə salıb: “Özəl klinika virusun aşkarlanmadığını açıqlayandan sonra portalda test nəticəmin neqativ, immun sertifikatımın müddətinin fevraladək olduğu qeyd edildi. Analiz veriləndən 6 gün sonra isə dövlət müəssisəsi cavabın pozitiv olduğunu açıqladı, daha sonra portaldakı immun sertifikatımın tarixi silindi. Portala nəzarət edənlər baxmırlar ki, eyni gündə verilən analizlərin cavabı niyə fərqli çıxıb?! İndi mən nə etməliyəm? 28 gün də karantin olar? Zəng etdiyin heç bir qurum problemi həll etmir, biri günahı digərinin üzərinə atır”.

Koronavirusa görə test nəticələrinin fərqli olduğu şəxslərdən biri - Vüqar Həmidli isə deyir ki, avqustun 28-də özündə COVID-19-un əlamətlərini hiss etdiyindən yaxma nümunəsinin götürülməsi üçün “Baku Medical Plaza” özəl klinikasına müraciət edib. Buradan laborator müayinənin nəticəsinin neqativ olduğunu açıqlayıblar. Lakin xəstəliyin əlamətləri davam etdiyindən yenidən Mərkəzi Gömrük Hospitalında analiz verib və bu dəfə isə nəticə pozitiv olub.

Vüqar Həmidli özəl klinikanın analiz nəticəsini onlara dedikləri vaxtdan gec təqdim etməsindən də narazı qalıb. O, klinikanın onlara analizin cavabını dəfələrlə zəng etdikdən sonra “votsapla” göndərdiyini söyləyir.

Ən pisi budur ki, “neqativ” nəticəyə inandığından ailənin digər iki üzvünü də koronavirusa yoluxdurub! Necə deyərlər, həm pulları gedib, həm də canları! Bəs məsuliyyəti kim daşıyır?

 

TƏBİB xəstəxanalarda müalicənin pulsuz, xəstələr isə pullu olduğunu deyirlər

 

Pandemiyadan “faydalanma” halları yalnız dərman təminatı ilə bağlı deyil. Problem həm də virusa yoluxan şəxslərin ixtisaslaşdırılmış xəstəxanalara stasionar müalicə üçün yerləşdirilməsi ilə bağlıdır. Ötən ilin dekabrında koronavirusdan dünyasını dəyişən həmkarımız - “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun da ölümünə gətirib çıxaran əsas səbəb onun xəstəxanada yer tapa bilməməsi olub. Bunu R.Süleymanovun həyat yoldaşı Zümrüd Süleymanova acıqlayıb: “Rəşadın səhhəti hər gün ağırlaşırdı. İki dəfə Rəşadı “Semaşko”ya (Kliniki Tibbi Mərkəzə) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. O, daha sonra evdə vəfat etdi”.

Təbii ki, Rəşad pandemiya dövrünün bu kimi problemlərinin güdazına gedən yeganə xəstə deyil. Xəstələr və onların yaxınlarının dediklərindən məlum olur ki, dövlət ixtisaslaşdırılmış xəstəxanalarını maliyyələşdirməsinə baxmayaraq, bu müəssisələrdə stasionar müalicəyə qəbul üçün yaxınlarının ya kimlərəsə “xahiş” üçün zənglər etməsinə, ya da rüşvət ödəməsinə ehtiyac olur. Xəstələrin müəssisələrə rüşvətlə yerləşdirilməsindən başqa, üstəlik, onların müalicələri də öz vəsaitləri hesabına aparılır.

“Yeni klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun qurumun digər vəzifəli şəxsləri ilə əlbir olaraq hər bir koronavirus xəstəsinin yerləşdirilməsi əvəzində onların yaxınlarından 3000-3500 manat rüşvət tələb etməsi vəzifəli şəxslərin hazırkı şəraitdən faydalanmasını təsdiq edən faktlardan yalnız biridir.

Fövqəladə Hallar Nazirliyinin Bakının Zığ qəsəbəsində yerləşən Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayev və digər vəzifəli şəxslərin də koronavirus xəstələrinin həmin tibb müəssisəsində yerləşdirilməsi, eləcə də müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi təminatla təchiz edilmələri əvəzində müxtəlif məbləğlərdə rüşvət alması da öz təsdiqini tapan faktlardandır.

Xəstələrin tibb müəssisələrinə stasionar müalicə üçün rüşvətlə yerləşdirilməsi ilə bağlı iddiaları qəbul etməyən TƏBİB isə sorğumuza verdiyi cavabında bildirir ki, virusa yoluxmuş şəxslərin stasionar müalicəsi dövlət xəstəxanalarında heç bir ödəniş olmadan həyata keçirilir. Vətəndaşdan rüşvət alınması ilə bağlı fakta əsaslanan şikayət daxil olduqda bu hal onlar tərəfindən araşdırılır. Eyni zamanda hüquq mühafizə orqanları tərəfindən qanunla müəyyən olunmuş cəzalar tətbiq edilir.

Təki TƏBİB söyləyən kimi olaydı. Amma gördüklərimiz, eşitdiklərimiz, bəzən isə yaşadıqlarımız tam əksini deyir axı...

 

“İkili idarəetmə qaldıqca bu problemlər davam edəcək”

 

Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, müalicənin pandemiya xəstəxanalarında vətəndaşın öz hesabına olması işin düzgün qurulmamasının nəticəsidir: “Bu sahədə həqiqətən böyük problem var. Müalicə vətəndaşın öz boynuna qoyulur. Hazırkı şəraitdə vətəndaşı sıxıntıya salacaq addımlar atmaqdan yayınmaq vacibdir. Bir çox hallarda təsadüfi adamlar da xəstələr üçün reseptlər yazaraq vətəndaşdan müəyyən qədər vəsait ödənilməsini tələb edirlər. Bu halda da insanlar bilmədən yanlış müalicənin qurbanına çevrilirlər. Bütün bunlar səhiyyə sisteminin arzuolunan formada təşkil olunmamasının bir göstəricisidir. Türkiyədə adam xəstələnirsə, evində oturur, yeməyi də evinə göndərirlər. Bəs necə olur ki, Azərbaycanın əhalisi daha az olsa da və yoluxma o qədər böyük kütləni əhatə etməsə də, biz bunu edə bilmirik?! Burada problem vətəndaşlarda, həkimlərdə deyil, səhiyyə sisteminin doğru təşkil olunmamasındadır. Əgər bu sistem düzəldilsə, məncə, problemlər aradan qalxar. Bu həm də axı Prezidentin tələbidir”.

Deputatın sözlərinə görə, səhiyyə sistemində əvvəldən qalan elə problemlər var ki, onların həlli mütləq qaydada ikili idarəetmədən uzaqlaşma nəticəsində mümkün ola bilər: “İkili idarəetmə əslində müalicə işinin təşkilinə çox böyük zərbə vurur. Səlahiyyətlər ya Səhiyyə Nazirliyinə, ya da TƏBİB-ə verilməli idi. Bu iki qurum arasındakı ziddiyyətli münasibətlər böyük problemlər yaratdı, pandemiya dövründə bu nöqsanlar daha çox üzə çıxdı. Fəaliyyət yarıtmaz oldu. İkili idarəetmə qaldıqca bu problemlər davam edəcək”.

Fazil Mustafa əlavə edir ki, dövlət müəssisələri tərəfindən götürülmüş testlərin nəticələrinin daha qısa zaman ərzində açıqlana bilməsi üçün alternativ mexanizmlər ortaya qoyulmalıdır: “Təcili tibbi yardımın ünvana vaxtında çatmaması, test cavablarının çox gec açıqlanması narazılıqları getdikcə daha çox artırır. İnsanların səhiyyə sisteminə inamları qırıldıqda müalicədən də yayınmağa başlayırlar, öz həyatlarını taleyin ümidinə buraxırlar. Bu da arzuolunan nəticə deyil. Çox istərdik ki, vəziyyət belə olmasın. Amma indiki şərtlər bu vəziyyətin düzəlməsinə təminat vermir. Vəziyyət düzəlmədikcə yoluxma və ölüm halları da artır. Lakin bütün bunlara görə yalnız vətəndaşı günahlandırmaq olmaz. Məsul qurumların, yüksək vəzifəli səhiyyə məmurlarının öz üzərlərinə düşən işi peşəkarcasına görməsi ölkəmizin pandemiya vəziyyətindən tez çıxmasına imkan verər”.

 

Səhiyyə sistemi insanların ona olan etimadını bərpa etməlidir

 

Pandemiya başlayandan müşahidə edilən vəziyyət, insanların şikayətlərinin məzmunu onu deməyə əsas verir ki, məsul qurumlar üzərlərinə düşən işin öhdəsindən  lazımınca gələ bilmirlər. Xəstələrin böyük əksəriyyəti TƏBİB və Səhiyyə Nazirliyinin onlara laqeyd münasibətindən razı deyillər.

Bu münasibətinsə səbəbi demək olar ki, eynidir - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 24 saat işlədiyi deyilən 1542 nömrəli “Çağrı mərkəzi”nin saatlarla zənglərə cavab verməməsi, bir çox sahə həkimlərinin xəstələrlə maraqlanmaması, götürülən yaxmanın cavabının gecikdirilməsi, eyni şəxsin verdiyi analiz nəticələrinin fərqli olması, dərmanların verilməməsi və s.

Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) birinci vitse-prezidenti, tibb elmləri doktoru, professor Vüqar Məmmədov hesab edir ki, xüsusilə kritik, fövqəladə dövrlərdə belə vəziyyətlərin yaranmaması üçün təşkilati işlərin gücləndirilməsi ilə yanaşı, mütləq şəkildə koordinasiya və kommunikasiya işlərinin aparılması yolu təkmilləşdirilməlidir: “Səhiyyənin məsul rəhbər şəxsləri KİV vasitəsilə insanlara yol göstərməli, doğru idarəetmə ilə bağlı maarifləndirici çıxışlar etməlidirlər. Onlar sosial şəbəkələrdə neqativ ictimai rəyin formalaşmasına yol verməməlidirlər. Şəxsi davranışları, nümunələri ilə cəmiyyətin, vətəndaşın etibarını qazanmalı, insanların həqiqətən qulluğunda durmalıdırlar. Onlar tribuna arxasından yuxarıdan aşağı soyuq sifətlərlə tapşırıqlar verməli deyillər. Türkiyənin səhiyyə naziri Fahrettin Koca pandemiya ilə əlaqədar gecə-gündüz kanalların efirindən düşmür. İnsanlara slaydlarla, şəkillərlə vəziyyəti izah edir, onların yanında olmağa çalışır. Tək Türkiyədə deyil, Azərbaycanda da vətəndaşlarımız onun dediklərinə bizim səhiyyə məmurlarının dediyindən daha çox inanırlar. İnsanların inamını qazanmaq lazımdır”.

 

Analiz nəticələrinə kütləvi inamsızlıq

 

Vüqar Məmmədov pandemiya dövründə vətəndaşların təkrar analiz vermə hallarının xeyli artdığını da nəzərə çatdırdı. Dedi ki, müxtəlif laboratoriyaların Azərbaycanda eyni pasiyentə verdikləri analiz nəticələrinin fərqli olması halları əvvəllər də baş verdiyi üçün bu problemin tək pandemiya şəraitində ortaya çıxdığını söyləmək doğru olmaz: “Ümumiyyətlə, vətəndaş niyə eyni analizə görə müxtəlif laboratoriyalara müraciət etməlidir? Bunu normal hal hesab etmək olarmı? Bu halın özü səhiyyə məmurlarımız üçün bir siqnal olmalıdır, məsələyə geniş baxılmalıdır”.

Vüqar Məmmədov hesab edir ki, bu gün insanlarımızın səhiyyəyə inamı çox azalıb: “Digər klinikalara təkrar müraciətlərin sayının çoxalması ilkin laboratoriyalarda analizin keyfiyyətsiz olmasının göstəricisi olmaqla yanaşı, vətəndaşın səhiyyəyə olan inamsızlığının artmasının göstəricisidir. Səhiyyə qurumları işlərini elə qurmalıdırlar ki, insanlar təkrar analiz verməyə lüzum görməsinlər, səhiyyə sisteminə, onun keyfiyyətinə inansınlar. Səhiyyəyə inamın itməsi dövlətin sosial siyasəti üçün təhlükədir. Ölkədə özəl sektor da daxil olmaqla, səhiyyə sistemində işin doğru qurulmasına və xidmətlərin keyfiyyətinə nəzarətin təmin edilməsini dövlət özü həyata keçirməlidir”.

Ekspertin fikrincə, vətəndaşın dövlətin bu güçünə inamı sarsılmaz olmalıdır. Buna görə də vətəndaşın “analizin cavabları niyə fərqlənir” sualına səhiyyəyə rəhbərlik edən qurumlar konkret cavab verməlidirlər: “Bu kimi sualları cavablandırmaq üçün heç olmasa hansısa bir vahid “pəncərə”, “qaynar xətt” olmalıdır, cəmiyyətlə birbaşa asan işləyən kommunikasiya yaradılmalıdır. Vətəndaş bu “pəncərə”ni döyərək ödədiyi məbləğin əvəzində doğru cavab almaq hüququnu tələb etməli, onu maraqlandıran suallara cavab tapmalıdır. Dediyimiz bu “pəncərə” bu gün haradadır? Bunu bilən yoxdur. Deyəcəklər ki, “Qaynar xətt”imiz var. Lakin “Qaynar xətt” nömrələri səmərəsizdir, ora zəng edən insanlarımızı çox incidirlər. Pandemiya zamanı dəfələrlə özümüz də müraciət etmişik, cavab ala bilməmişik, alsaq da, müraciət qeyd olunur, sonradan heç bir geri dönüş olmur. Müraciətin elə bil quyuya düşür. Yuxarılarda oturan məmurlar isə yenə də eyni sözü - “Qaynar xətt”imizə zəng vurun” deməklə cəmiyyətin hörmətini, inamını itirirlər. Çünki aydın olur ki, səhiyyə sistemində “yuxarı”ların aşağıda baş verənlərdən ya xəbəri yoxdur, ya da ümumiyyətlə, əhalinin problemləri onlar üçün maraqsızdır. Səhiyyə kommunikasiyası ayrıca bir elmdir, bunu öyrənmək lazımdır”.

 

Problem sıravi həkimdədir, yoxsa onların rəhbərlərində?

 

Səhiyyə üzrə ekspert, həkim Aydın Əliyev bildirir ki, dövlət tərəfindən pandemiya ilə mübarizə üçün yetərincə maliyyə vəsaiti ayrılıb. Lakin yüksək vəzifəli tibb məmurları dövlət tərəfindən ayrılan vəsaiti lazımi qaydada istifadə etmirlər. Ekspert bu fikirdədir ki, Azərbaycanda koronavirusla mübarizədə yüksək vəzifəli tibb məmurları neqativ hallara yol verirlər: “Mənim tanışlarımdan biri Bakı Sağlamlıq Mərkəzində koronavirusdan müalicə edilib. Həmin adam orada müalicəsinə 4700 manat xərcləndiyini deyir. Görünür ki, COVID xəstəxanalarında xəstələrə lazımi dərman preparatları yetərincə verilmir. Dövlətin dərmanların, avadanlıqların alınması üçün ayırdığı pullar bəzən bu məqsəd üçün sərf edilmir. Digər tərəfdən, Prezident İlham Əliyev pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə aylıq vəzifə maaşlarının 3-5 misli miqdarında müddətli əlavənin verilməsi ilə bağlı sərəncam imzalayıb. Ancaq tibb işçiləri həmin vəsaitin ondabirini ya alır, ya da almırlar. Tibb işçisinin hər hansı motivasiyası olmadıqda, dövlət başçısının ayırdığı vəsait gəlib çatmayanda onda bir etinasızlıq yaranır. Belə çıxır ki, yuxarı vəzifəli tibb məmurları siravi tibb işçilərini vətəndaşlarla üz-üzə qoyurlar. Vətəndaş təcili tibbi yardım çağırır, amma kiyayət qədər maşın, personal olmadığı üçün təcili yardım briqadası vaxtında ünvana gələ bilmir. İnsanlar belə vəziyyət yarandıqda bunun günahını siravi həkimdə görürlər. Əslində isə, günah yuxarıdakı bəzi məmurlardadır”.

Aydın Əliyev deyir ki, dövlət müəssisələrində yaxma nümunəsi verən insanların analizlərinin cavabı açıqlanana qədər xəstə ya sağalır, ya vəziyyəti ağırlaşır, ya da dünyasını dəyişir: “Xəstə sağalandan sonra ona bildiriş gəlir ki, siz 14 gün müddətində evdən çıxmayın. Bu, test götürən insanların deyil, işi təşkil edən yüksək məmurların səhvidir. Dövlətin ayırdığı pulla yetərincə laboratoriya avadanlıqları alınsaydı, laboratoriyalar üçün kifayət qədər işçi ayrılsaydı, bu problemlər olmazdı. Necə olur ki, özəl sektorda verilən analizin cavabı 2-3 saata bilinir, dövlət xəstəxanalarında isə bu cavab 5-6 günə açıqlanır?!”

 

“Bəzi məmurlar pandemiyadan sui-istifadə etdilər”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dövləti pandemiyanın yaratdığı iqtisadi geriləmənin öhdəsindən gələ bildi. Amma bəzi məmurlar pandemiyadan sui-istifadə etdilər. Vahid Əhmədov qeyd edir ki, pandemiya şəraitində insanların ən çox üz tutduğu dərman bazarında da vəziyyət çox acınacaqlıdır. Deputat koronavirusun müalicəsi üçün lazım olan dərmanların qiymətlərinin yüksəkliyi, ümumən dərman bazarı ilə bağlı onlara çox sayda şikayətlərin edildiyini söyləyir.

Bəzi dərmanların qiymətinin təsəvvür edilməyəcək qədər baha olduğunu açıqlayan V.Əhmədov əlavə edir ki, Türkiyə ilə Azərbaycandakı dərmanların qiymətləri arasında 4-5 dəfə fərq var. Vergi, gömrük xərcləri nəzərə alındıqdan sonra da dərmanların qiymətləri arasında bu qədər fərqin olması real deyil: “Azərbaycan özü dərman istehsalına başlasa da, istehsalın həcmi kifayət qədər deyil. Buna görə Azərbaycan dərmanları daha çox xaricdən idxal edir. Ölkəmizdə dərmanlarla bağlı acınacaqlı vəziyyət var, bu sahədə faktiki olaraq monopoliyadır. İqtisadiyyat Nazirliyi bu sahəyə nəzarət üçün işlər aparır, monitorinqlər həyata keçirir. Amma monopolist şirkətlər yenə də vəziyyətdən istifadə edərək dərmanları yüksək qiymətlə satırlar. Koronavirusdan öz mənfəətləri üçün kifayət qədər istifadə edən insanlar, məmurlar oldu”.

Vahid Əhmədov açıqlayır ki, koronavirusa görə testin edilməsi xidmətindən də kifayət qədər vəsait əldə edənlər var. İqtisadçı deputatın sözlərinə görə, özəl klinikalarda koronavirusun aşkarlanması üçün edilən analizlərin qiymətlərində ciddi fərqlər mövcuddur. Bir koronavirus testinin edilməsi maksimum 10-15 manata başa gələ bildiyi halda, bir klinikada bunu 40-45, digər klinikada 95 manata edirlər: “Kim hansı qiyməti istəyirsə, o qiyməti də tətbiq edir. İnsanlar yüksək qiymətə də olsa, bu testi etməyə və dərmanları almağa məcburdular, çünki sağlamlıqdan vacib heç nə yoxdur. Ancaq bundan həmin şəxslər sui-istifadə etməməlidirlər”.

V.Əhmədov hesab edir ki, bu sahəyə nəzarət mexanizmi çox zəifdir. Onun fikrincə, klinika rəhbərləri pandemiya şəraitində analizlərin edilməsinə olan ehtiyacların artdığını nəzərə alaraq hər kəs üçün əlçatan qiymətlər müəyyən etməlidirlər.

Deputat hesab edir ki, bir tərəfdən dövlət pandemiyaya görə iş yerlərini itirən insanlara, pandemiyadan zərərçəkən sahibkarlara yardım edir, digər tərəfdən qiymət siyasətində ciddi problemlə üzləşir. Buna görə də pandemiyanın müvəqqəti vəziyyət olduğu nəzərə alınaraq, koronavirusla bağlı xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənməlidir.

 

“Əlçatan qiymətlər və xidmətlər üzərində düşünmək lazımdır”

 

Deputat Fazil Mustafa da hesab edir ki, dövlət koronavirus testlərinin qiymətinə müdaxilə etməlidir: “İndi adi dövr deyi, pandemiyadır. Virusa yoluxmuş hər bir şəxs başqalarının həyatı üçün risk yaradır. Buna görə də əlçatan qiymətlər və əlçatan xidmətlər üzərində düşünmək lazımdır. Məsələyə “özəl müəssisə olduğum üçün istədiyim qiyməti qoya bilərəm” formasında yanaşmaq olmaz. Optimal qiymətlər olmalıdır ki, vətəndaş müayinə oluna bilsin və qiymətlərə görə bu müayinələrdən çəkinməsin. Çox insan bu imkansızlığa görə müayinə olunmur və başqalarını xəstəliyə yoluxdurur. Bunun da nəticəsi ortadadır”.

F.Mustafa koronavirusa görə analiz nəticələrinin fərqli olması məsələsinə də toxunaraq bildirir ki, bunun səbəbi ya işi təşkil edənlərin məsuliyyətsizliyi, ya da texniki problemlərdir: “Hesab edirəm ki, bu kimi məsələlərdə daha sistemli bir yanaşma olmaldır. Çünki bu, vətəndaşın həyatı ilə bağlıdır, hər hansı səhv nəticə insan həyatında əhəmiyyətli dəyişiklik, çox böyük problem yarada bilər. Buna görə də aidiyyəti qurumların bu və digər məsələlərə daha həssas və sistemli yanaşmasına ehtiyac var”.

Lakin əfsuslar olsun ki, əlaqədar qurumlar və onların rəhbərləri hazırkı mərhələnin həssas bir dövr olduğunu, hər bir səhvin, diqqətsizliyin, laqeydliyin insan həyatı üçün böyük problemlər yarada biləcəyini yetərincə başa düşmürlər. Əks halda nə ölkədə yuxarıda sadalanan problemlər, nə də bu problemlərə görə haqlı vətəndaş narazılığı olardı.

Bu narazılıqların aradan qaldırılmasının yeganə yolu isə səhiyyə sistemindəki hər bir məmurun öhdəsinə düşən işin mahiyyətini dərk etməsi və yaranan problemləri həll etməsidir. Prezident İlham Əliyevin dövlət məmurlarından əsas tələblərinə əməl olunsa, əlbəttə ki, ortaya da bu qədər problem çıxmaz və qeyd etdiyimiz kimi, bu acı mənzərə yaranmaz.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 7 sentyabr.- S.1, 5.