Azərbaycan müasir
hava nəqliyyatı infrastrukturuna malikdir
Yaxın vaxtlarda
hava limanlarımızın
siyahısına yeniləri
əlavə olunacaq
İstənilən ölkənin iqtisadiyyatının
davamlı inkişafı
üçün mükəmməl
hava nəqliyyatı infrastrukturunun da olması vacib şərtdir. İstər beynəlxalq əlaqələrin
genişlənməsində, istərsə də ölkə daxilində sərnişin və yüklərin daşınmasında
hava limanları mühüm əhəmiyyət
daşıyır.
Ölkəmiz Qafqazın ən böyük aeroportu olan Heydər Əliyev Beynəlxalq Hava Limanına malikdir. Bu aeroport sahələri 60 min və
65 min kvadratmetr olan iki terminaldan ibarətdir. Aeroport 2018-ci ildə “Skytrax World Airport Awards”ın maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür.
2017-2020-ci illərdə isə ardıcıl olaraq MDB ölkələrinin
hava limanları sırasında ən yaxşısı kimi qiymətləndirilmişdir. Aeroportda logistika qovşağının
yaradılması isə
ticarət həcminin artırılmasına, tranzit
ticarətdən daha yüksək nəticələrin
əldə edilməsinə
səbəb olmuşdur.
İndi bura bütün növ təyyarələr
və vertolyotlar eniş edə bilərlər.
İkinci böyük və əhəmiyyətli aeroportumuz
Gəncə hava limanıdır. Sovet dövründə əsasən hərbi aerodrom kimi istifadə
olunan bu limanda yenidənqurma işlərinə 2005-ci ildən
başlanılmışdır. Bərpa başa çatdıqdan sonra isə ilk dəfə beynəlxalq uçuş 2007-ci ildə
Honkonq-Budapeşt marşrutu
ilə həyata keçirilmişdir. Belə ki,
liman beynəlxalq marşrutla uçan ilk təyyarəni qəbul etmişdir. Gəncə hava limanı
əsasən tranzit uçuşlar zamanı istifadə olunur. Avropa və Asiyaya tranzitli uçuşlarda hava gəmilərinin bu aeroporta enişi
məqsədəuyğun hesab
edilir. Pandemiya səbəbindən hava limanında uçuşlar ötən
ilin mart ayından dayandırılmışdır. Lakin 2021-ci ilin may ayından pandemiya qaydaları nəzərə
alınmaqla Türkiyə
və Rusiya istiqamətində uçuşlar
həyata keçirilir.
Onu da qeyd edək
ki, əvvəlki adı Kod adı
“KVD” (Kirovabad) olan hava
limanı artıq uçuşları “GNJ” (Gəncə)
adı ilə həyata keçirir.
Azərbaycanın cənub bölgəsində
fəaliyyət göstərən
Lənkəran Beynəlxalq
Hava Limanında da yenidənqurma işlərinə 2005-ci ildən
başlanılmışdır. 2008-ci ildə başa çatan bərpadan sonra o, beynəlxalq hava limanı statusunu qazanmışdır.
Hava limanının uçuş-enmə
zolağının uzunluğu
3300, eni 45 metr, ümumi sahəsi isə 325 hektardır. Aeroportdan
Bakı, Moskva,
Novosibirsk və s. istiqamətlərə
uçuşlar həyata
keçirilir.
Qəbələ Beynəlxalq Hava Limanı 17 noyabr 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən açılmışdır. İlk beynəlxalq
uçuş 2012-ci ildə
Moskva-Qəbələ marşrutu
üzrə olmuşdur.
Hava limanının uçuş-enmə
zolağının uzunluğu
3600 metrdir.
Sovet dövründə fəaliyyət
göstərən digər
bir aeroportun - Yevlax Hava Limanının
bərpadan sonra açılışı 2013-cü ildə olmuşdur. Beynəlxalq standartlara
cavab verən hava limanı uzunluğu 2520, eni 40 metr olan uçuş-enmə
zolağı ilə təchiz edilmişdir.
Uçuş-enmə zolağı, yönəldici
yol və perrona xaricdə istehsal olunan işıq-siqnal sistemləri
quraşdırılmışdır.
Burada sərnişinlərin uçuşa
gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və
hava limanının işçiləri üçün
ofis otaqları mövcuddur.
Zaqatala Beynəlxalq Hava Limanının yenidən qurulması isə 2008-ci ildə başa çatmışdır. 2012-ci ildə rayonda baş vermiş zəlzələ nəticəsində
müəyyən avadanlıqlar
sıradan çıxsa
da, əsaslı yenidənqurmadan sonra
2017-ci ildə aeroport yenidən istifadəyə
verilmişdir. Yenidənqurma prosesində ən müasir texnologiyalar tətbiq edilmişdir.
Hava limanına açılış günü
ilk dəfə olaraq dünyanın ən böyük sərnişin
təyyarələrindən biri olan “Airbus A340-500” təyyarəsi enmişdir.
Aeroportun
ümumi sahəsi 31
min kvadratmetr, uçuş-enmə
zolağının uzunluğu
3000, eni isə 60 metrdir.
Daxili uçuşlarda daha çox aktivliyin müşahidə olunduğu
Naxçıvan Beynəlxalq
Hava Limanı torpaqlarımızın işğalı
dönəmində muxtar
respublikaya gedib-gəlmək
üçün yeganə
vasitə idi. Bu aeroportun əsası
1976-cı ildə qoyulmuşdur.
O zaman uçuşlar
yalnız Bakı istiqamətində həyata
keçirilirdi. 2002-2004-cü
illər ərzində
rekonstruksiya olunan aeroport beynəlxalq hava limanı statusunu qazanmışdır.
Məlum olduğu kimi, indi işğaldan azad edilmiş ərazilərimizdə hərtərəfli
bərpa-quruculuq işləri
gedir. Bu işlərin
aparıldığı sahələrdən
biri də hava limanlarının inşasıdır. Cari
il yanvarın
14-də Prezident İlham
Əliyevin iştirakı
ilə Füzuli Beynəlxalq Hava Limanının təməli
qoyulmuşdur. Dövlət başçısı çıxışında
bildirmişdir ki, hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.
Burada təyyarələrin qəbulu
və yola salınması, sərnişinlərin
rahatlığı üçün
hər cür şərait yaradılacaq.
Bu ilin sonunda,
yaxud gələn ilin əvvəlində hava limanının istismara veriləcəyi gözlənilir.
Sonrakı hava limanının təməlqoyma mərasimi
aprelin 26-da Zəngilanda
keçirilmişdir. Prezident İlham
Əliyev bildirmişdir
ki, aeroport bütün növ, eləcə də ağır yük təyyarələrini qəbul
edə biləcək.
Üçüncü - Laçın Beynəlxalq
Hava Limanının təməli isə avqustun 16-da qoyulmuşdur. Dövlət başçısı qeyd
etmişdir ki, dağlıq ərazidə
tikiləcək bu aeroport bəlkə də dünya tarixində bir ilkdir. Hər 3 aeroportda uçuş-enmə zolağının
uzunluğu 3000 metr olacaq. Ümumilikdə, Qarabağ zonasında
tikilən hava limanlarının məhz bu üç ərazidə olması həmin bölgənin coğrafi strateji əhəmiyyəti ilə
birbaşa bağlıdır.
İşğaldan azad olunan ərazilərdə
hava limanlarının
tikintisi turizmin inkişafı üçün
vacib addımlardandır. Bundan əlavə,
hava limanlarının
inşası ümumən
həmin bölgənin
iqtisadiyyatına, ən
başlıcası isə
müdafiəsinin etibarlı
təmin olunmasına xidmət edəcək.
Aydan XƏLİLOVA
Azərbaycan.- 2021.- 12 sentyabr.- S.1; 3.