Ermənistan “olum və ölüm” arasında
Regional əməkdaşlıq istəyi ərazi iddiası ilə
bir araya
sığmır
Ermənistanın bugünkü rəhbərliyi, nəhayət, anlayır ki, müharibə çıxış yolu deyil və ölkəsinin inkişafı üçün sülhə təzim etmək yeganə çıxış yoludur. Bu barədə rəsmi çıxışlarında Paşinyan bir neçə dəfə deyib və Azərbaycan hakimiyyətinə mesajlar da göndərib. Təəssüf ki, bu niyyətlərin ardınca hələ ki, atılan real addımları sezmək mümkün deyil.
Əksinə, işğalçı dövlət yenidən silahlanır. Siyasi partiyaların da böyük əksəriyyəti müharibə ritorikasından əl çəkmir. Görünür hərb maşınının, silah və sursatlarının, hərbi texnikalarının məhv edilməsinə, qalanınınsa qənimət götürülməsinə baxmayaraq, Ermənistan yenə özünə gəlməyib, yaxud gəlməyə qoymurlar. Reallıqların bu ölkəni iqtisadi bataqlıqların dərinliklərinə sürükləməsi, siyasi rəhbərliyin hərb və sülh arasında dingildəməsi beynəlxalq reytinq agentlikərinin də diqqətini çəkir. Məsələn, Moody's Beynəlxalq Reytinq Agentliyi Ermənistanın gələcək inkişafını qonşularla gərginliyin azalmasında görür.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş təhlilçisi, iqtisad üzrə fəlsəfə doktoru Günay Quliyeva “Moody's” reytinq agentliyinin Ermənistanla bağlı son hesabatını şərh edərək bildirir ki, ölkənin kredit reytinqi Ba3 səviyyəsində qalır. Müqayisə üçün qeyd edək ki, 2021-ci il aprelin 6-da “Moody's”un Azərbaycanla bağlı proqnozlarında Ermənistandan fərqli olaraq ölkəmizin emitent və üstün hüquqa malik təmin edilməyən borc üzrə uzunmüddətli reytinqləri Ba2 səviyyəsinə qaldırılmışdır.
Ermənistanda daxili siyasi gərginliyin və mübarizələrin tarıma çəkilməsi, müharibə ritorikasının körüklənməsi, ordunun yenidən qurulması və nəhayət, ötənilki məğlubiyyətin nəticələri bu ölkənin iqtisadiyyatında ciddi risklərin meydana gəlməsinə zəmin yaratmışdır. İİTKM-in araşdırmaçı alimi də beynəlxalq reytinq agentliyinin hesabatında Asiya və Qafqaz bölgəsindəki suveren ölkələr arasında ən ciddi tənəzzülə 2020-ci ildə ÜDM-in 7,6 faiz azalması ilə Ermənistanın məruz qaldığını bildirir: “Ermənistanın büdcə kəsiri ÜDM-in 5 faizindən yuxarıdır. Hökumət borcu isə 2019-cu illə müqayisədə 50,1 faizdən 2020-ci ildə ÜDM-in 63,5 faiz həddinə yüksəlmişdir”.
G.Quliyeva qeyd edir ki, digər tərəfdən, iqtisadi bərpanın əsas şərti olan vaksinasiya prosesi də Ermənistanda çox zəif aparılır. Ölkə üçün mənfi risklərin, yeni koronavirus infeksiyası dalğalarının olması və ÜDM-də əhəmiyyətli paya malik turizm sektorunda sürətli bərpa perspektivlərinin mümkünsüzlüyü acı reallıqları əks edir: “Avqustun sonuna olan məlumata görə, Ermənistan əhalisinin yalnız 5 faizi ən azı bir dəfə peyvənd alıb ki, bu da gələcəkdə infeksiyaların artmasına səbəb ola bilər”.
İİTKM-in təhlilçisi daha sonra yazır: “Bütün bunlar təbii ki, Ermənistana sərmayə qoymaq istəyən rasional düşüncəli investorlar üçün də ciddi təhdiddir. Ermənistanın kredit reytinqlərinin hətta postkonflikt dövründə belə, artmaması beynəlxalq reytinq agentliklərinin də Ermənistan iqtisadiyyatının iqtisadi inkişaf perspektivlərini dumanlı görmələrinin göstəricisidir. “Dünya investisiya hesabatı 2020”nin məlumatına əsasən, son 6 il ərzində Ermənistana cəmi 1,6 milyard ABŞ dolları həcmində BXİ yatırılıb. Müqayisə üçün bildirək ki, Azərbaycan üzrə bu məbləğ 19 milyard dollardır. Konfliktdən əvvəlki dövrdə Ermənistana yatırılmayan investisiyanın postkonflikt dövründə və kredit reytinqlərinin yaxşılaşmadığı vəziyyətdə yatırılması mümkün deyil”.
Araşdırmada qeyd olunur ki, Ermənistana yatırılan investisiyaların böyük bir hissəsi beynəlxalq maliyyə qurumlarından ayrılan kreditlərdir və bu, Ermənistanın ümumi dövlət borcunun 63,5 faiz nisbətindədir: “Belə bir vəziyyətdə maliyyə hesabatları açıq və şəffaf olan heç bir maliyyə institutu öz vəsaitlərini riskə atmaz. Dövlət borcunun kritik həddən yuxarı olması gələcəkdə Ermənistanı defolt vəziyyətə gətirib çıxara bilər. Yaxın keçmişdə belə çətin duruma düşən Yunanıstan ağır nəticələrlə üzləşərək hətta öz torpaqlarını əcnəbilərə satırdı. Bu gün Ermənistanın isə əcnəbilərə satacaq nəinki torpağı, hətta icarəyə verəcək təbii resurs mənbələri çox məhdud saydadır. Həmin kontekstdən beynəlxalq maliyyə qurumları və ayrı-ayrı təşkilatlar Ermənistana yardım ayırmazdan əvvəl ölkənin mövcud durumu ilə bağlı geniş təhlil aparmalı və yalnız bundan sonra öz vəsaitlərini riskə atmalıdırlar”.
Onu da qeyd edək ki, “Moody's” hesabatında Ermənistan hökumətinin qarşıdakı 5 il ərzində bu göstəricini 60 faizə endirmək siyasətinin əhəmiyyətini vurğulayır. Amma reytinq agentliyi qısa müddətdə ümumi borcun ÜDM-ə nisbətinin əhəmiyyətli azalacağına ümid etmir.
Bununla belə, “Moody's” Ermənistanın bu çətin vəziyyətdən çıxış yolunu da göstərir. Beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının inkişaf perspektivlərini qonşu ölkələrlə gərginliyi aradan qaldırmaqda görür. Bir daha Azərbaycanla sülh müqaviləsi, sərhədlərin demarkasiya və delimitasiyası, regionda kommunikasiya xətlərinin açılması, o cümlədən regionun bütün ölkələri üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin reallaşması Ermənistanın iqtisadi inkişafı üçün əsas şərtdir. Dayanıqlı sülhün olması bir tərəfdən region ölkələri arasında inteqrasiyanı bərpa edərək iqtisadi inkişafı sürətləndirəcək, digər tərəfdən reinteqrasiya nəticəsində əldə olunmuş iqtisadi inkişaf dayanıqlı sülh üçün zəmin yaradacaq.
Lakin Ermənistan sülh və inkişaf istəyirmi? İndi bu sualın cavabı Ermənistanın taleyini həll edəcək qədər aktualdır.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2021.- 12 sentyabr.- S.1; 3.