Şuşalıların işğaldan
azad olunmuş doğma yurdlarına növbəti səfəri
təşkil edilib
Sentyabrın 12-də şuşalıların işğaldan azad olunmuş dədə-baba torpaqlarına növbəti səfəri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan səfər çərçivəsində 130 şuşalı doğma şəhərlərinə gəliblər.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şuşalıları salamlayaraq bildirib ki, Azərbaycanın qədim diyarı Şuşanın sakinləri 30 ilə yaxındır doğma şəhərə gəlmək həsrəti ilə yaşayırdılar. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşa işğaldan azad edildi və bu həsrətə son qoyuldu: “Şuşa şəhərində sakinlərin layiqli, gözəl həyat yaşamaları üçün hər bir şərait yaradılacaq. Şuşa tezliklə dirçələcək və inkişaf edəcək. Böyük qayıdış başlayır, nəhəng quruculuq işləri sürətlə davam edir. Şuşalılar bundan sonra doğma şəhərlərində əbədi yaşayacaqlar”.
Daha sonra Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər.
Səfər zamanı Şuşadakı evlərinə də baş çəkən sakinlər təəssüratlarını AZƏRTAC ilə bölüşüblər.
Şəhər sakini Südabə İsmayılova uzun ayrılıqdan sonra ilk dəfə Şuşanı ziyarət etdiyini bildirib: “Çox qarışıq hisslər keçiririk. Şuşamızın bu vəziyyətini görəndə bir tərəfdən kədərləniriksə, digər tərəfdən ona qovuşduğumuz üçün sevincimizin həddi-hüdudu yoxdur. Şuşa ilə görüşə oğlumla gəlmişəm. Nəvələrim də doğma Şuşamıza gəlməyə can atırlar”.
Şuşa sakini Nüşabə Həsənova Şuşaya köçəcəyi günü səbirsizliklə gözlədiyini deyib: “Şuşadan 33 yaşında ayrılmışdım. Qızımın 5, oğlumun 13 yaşı var idi. Hazırda övladlarım ali təhsillidirlər, ailəlidirlər. Şuşaya 9 nəvəmlə qayıdacağım günü səbirsizliklə gözləyirəm”.
54 yaşlı Rasim İsmayılov isə doğma şəhərini 24 yaşında tərk etdiyini bildirib: “Şuşanı bir gün olsa belə unutmadıq. Evimizi tərk edəndə 24 yaşım var idi. İnanırdım ki, bir gün olacaq dədə-baba torpaqlarımıza qayıdacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz Şuşanı işğaldan azad etdi. Çox sevinirik”.
Şuşa şəhərinə səfər edən Şahmar Hüseynov Şuşaya qədəm basanda göz yaşlarına hakim ola bilmədiyini vurğulayıb: “Söz vermişdim ki, ağlamayacağam. Amma Şuşaya qədəm basanda göz yaşlarıma hakim kəsilə bilmədim. Doğma Şuşa bizə qucaq açıb. Mən əminəm ki, doğulub boya-başa çatdığım Şırlan kəndinə də bir gün gedə biləcəyəm”.
Qeyd edək ki, Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.
Azərbaycan.- 2021.- 14 sentyabr.- S.1; 6.