Böyük zəfərin tarixi zəmini
Şuşa Bəyannaməsi zirvəsindən Qars
müqaviləsinə baxış
2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsində iki dost və qardaş ölkə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Şuşa Bəyannaməsi tarixi varisliyi göstərməklə Qars müqaviləsinin həyatiliyini bir daha təmin etdi.
Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qarsda imzalanmış müqavilənin 100 illiyi bu il tamam olur. İmzasının olmasına baxmayaraq, Ermənistanda və xarici ölkələrdə Qars müqaviləsinə qarşı çıxan və onu dəyişdirmək istəyən erməni qrupları hələ də fəaliyyət göstərirlər. Uydurma erməni iddialarının əsassızlığını və cəfəngiyyat olmasını bir daha sübut etməkdən ötrü bəzi suallara cavab vermək lazımdır: Qars konfransında Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistan ilə arasında ərazi-sərhəd məsələlərinin müzakirəsi necə keçirilib? Müqavilənin imzalanmasına münasibət necə olub? Ratifikasiya prosesi necə icra edilib və Azərbaycan hansı rolu oynayıb?
Məqalədə yalnız ərazi-sərhəd məsələlərinə dair suallara Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan arxivlərinin ən mötəbər mənbələri əsasında cavab verilir.
Qars konfransında ərazi-sərhəd məsələlərinin
müzakirəsi
1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsinə uyğun olaraq Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Qars konfransı şəhər valiliyinin binasında həmin ilin sentyabrın 26-da açıldı və oktyabrın 13-dək davam etdi. Konfransda Azərbaycan hökumətini xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud Şahtaxtinski, Ermənistan hökumətini xalq xarici işlər komissarı Askanaz Mravyan, xalq daxili işlər komissarı Poqos Makinisyan, Gürcüstan hökumətini xalq hərbi və dəniz işləri komissarı Şalva Eliava, xalq xarici işlər və maliyyə komissarı Aleksandr Svanidze, Türkiyə hökumətini Böyük Millət Məclisinin Ədirnəpoldan olan deputatı Kazım Qarabəkir Paşa, deputat Vəli, keçmiş ictimai işlər naziri Muxtar, Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Memduh Şövkət Esendal, vasitəçi kimi Rusiyanın Latviyadakı səlahiyyətli nümayəndəsi Yakov (Yakub) Qanetski təmsil edirdilər.
Konfransın məqsədi Türkiyə və Cənubi Qafqaz respublikaları arasında münasibətləri tənzimləmək və Moskva müqaviləsinin onlar tərəfindən qəbul edilməsi idi.
Açılış nitqində konfransın ümumi işinə uğurlar arzulayan Kazım Qarabəkir Paşadan sonra çıxış edən Yakov Qanetski Moskva müqaviləsini nəzərdə tutaraq Qarsa gəlməkdə məqsədin böyük işi başa çatdırmaq olduğunu belə ifadə etdi: “Siz buraya gəlmisiniz ki, dinc dostluq müqaviləsi bağlayasınız və bütün dünyaya göstərəsiniz ki, Zaqafqaziya respublikalarının xalq kütlələri və qəhrəman türk xalqı öz maraqlarını başa düşərək bütün xarici düşmən qüvvələrin səylərinə baxmayaraq, qardaşlıq, sülh və dostluq şəraitində yaşamaq istəyirlər”.
O, daha sonra bildirdi: “Burada çox
böyük bir hadisə baş verir. Qüdrətli
türk və erməni xalqları sözdə deyil, işdə
aralarındakı düşmənçilikdən əbədi
olaraq imtina edəcəklərini bütün dünyaya
sübut edəcəklər. Onlar bir-birinə
sıyrılmış qılıncla deyil, hərarətli
qardaşlıq sevgisi ilə gəlirlər. Milli nifaq deyil, xalqlar dostluğu mübarizə aparan
xalqları möhkəmləndirə, bütün dünyaya
xoşbəxtlik gətirə bilər. Yalnız
bu şüar altında biz qalib gələ bilərik”.
Yakov Qanetskidən sonra Azərbaycan,
Gürcüstan və Ermənistan adından
çıxış edən Askanaz Mravyan “qardaş türk
xalqının imperializmə və zorakılığa
qarşı mübarizədə qalib gəlməsini Cənubi
Qafqaz xalqlarının arzuladıqlarının konfransda qeyd
edilməsini və möhkəmləndirilməsini” vacib hesab
etdi. Bildirdi ki, buraya düşmənçilik
hissləri ilə deyil, burjua-millətçi hökumətlərin
qoyub getdikləri və həll edilməyən mirası,
mübahisəli, lənətə gəlmiş məsələləri
aradan qaldırmaq üçün gəliblər. Əlavə etdi ki, onları bu məsələlər
və düşmənçilik hissləri deyil, öz ölkəsinin
azadlığı uğrunda mübarizə aparan zəhmətkeş
türk xalqının mübarizəsi qarşısında rəğbət
düşündürür, bu hisslər onları həyəcanlandırır
və öz ölkəsinin müdafiəsinə qalxan
xalqın qalib gələcəyi və düşmənin məğlub
olacağı hissi düşündürür.
Konfransın Cənubi Qafqaz xalqlarının qardaş türk
xalqına münasibətdə bu hisslərini möhkəmləndirəcəyini
qeyd edən Askanaz Mravyan daha sonra dedi ki, bu konfransa qalib və məğlub
kimi gəlməyiblər. O, ümid etdiyini bildirdi ki, rus
xalqının inqilabi mübarizəsi türk xalqı
üçün Qərb imperializminə qalib gəlməkdə,
Anadolu çöllərində Antantanın nökərlərinə
qarşı apardığı mübarizədə bir
nümunə olacaqdır. Daha sonra Cənubi
Qafqaz xalqları adından belə bir əminlik ifadə etdi
ki, konfrans türk xalqı ilə dostluq və qardaşlıq
müqaviləsinin möhkəm əsaslarını yaradacaq,
bu müqavilənin əsasında irəlidə bütün
mübahisəli məsələlər daha asan və tezliklə
həll olunacaqdır.
Konfransın işini sürətləndirmək
üçün Yakov Qanetski iki komissiyanın
yaradılmasını təklif etdi. Bunlardan biri sərhəd,
digəri isə iqtisadi məsələlərlə məşğul
olmalı idi. Komissiya müəyyənləşdirilməsi
nəzərdə tutulan sərhədə baxacaqdı. Onlar sentyabrın 27-də səhər işə
başlasaydılar, günün ikinci yarısında işlərinin
nəticələri haqqında məruzə edə bilərdilər.
Sərhəd
komissiyasının tərkibində yalnız ekspertlərin
olmasına dair Yakov Qanetskinin təklifi ilə Kazım Qarabəkir
Paşa razılaşdı. Yakov Qanetski bu komissiyaya
B.Kuznetsovun sədr təyin edildiyini bildirdi. Çoxlu komissiyanın yaradılması problemlər
doğura biləcəyindən Yakov Qanetski nümunə kimi
Rusiya ilə Polşa arasında sərhədin daha
böyük olduğunu, müəyyənləşdirilərkən
bir komissiyanın işlədiyini söylədi. Kazım Qarabəkir Paşa bir komissiyanın
yaradılması təklifi ilə razılaşdı. Yakov Qanetski Ani şəhəri məsələsini
qaldıraraq bildirdi ki, bu şəhər və sərhəd
haqqında yaxın zamanlarda qərar qəbul olunacağına
ümid edir. Kazım Qarabəkir Paşa bu
barədə Ankaradan cavab alınan kimi söyləyəcəklərini
bildirdi. Əgər cavab olmasaydı,
müqavilə layihəsindəki maddə dəyişdirilməyəcəkdi.
Yakov Qanetski bu fikirləri diqqətə aldığını
və sərhədə dair maddə ilə məsələnin
başa çatmış olduğunu dedi. Kazım
Qarabəkir Paşa da sərhəd haqqında məsələnin
həll edildiyini bildirdi.
Konfransın sentyabrın 27-də
keçirilən ikinci iclasındakı
çıxışında Kazım Qarabəkir Paşa
birinci iclas protokoluna belə bir əlavə etdi ki, türk
xalqı ona zorla qəbul etdirilən Sevr müqaviləsini qəbul
etməyib. O,
həmçinin protokolların məzmunu ilə tanış olmağı, hər bir şəxsin
oxumasını və sonra hər bir protokolu hamının
imzalamasını təklif etdi.
Yakov Qanetski bütün sovet
nümayəndələri adından təklif etdi ki, sərhəd
komissiyası məruzə təqdim etsin və sərhəd
haqqında məsələnin həllinə
başlanılsın. O, konfransın işini sürətləndirmək
üçün komissiyanın yalnız həll edilməyən
məsələlərə dair məlumat verməsini,
razılaşdırılan məsələlərə dair
müzakirə açmamağı təklif etdi. Komissiyanın hər bir üzvü bu sənədə
imza atmalı idi. Məsələ barəsində
türk nümayəndə heyətinin fərqli bir fikri yox
idi, yalnız detallar barəsində fikir
ayrılığı ola bilərdi. Bu məsələlər
iki başlıca qrupa bölüşdürülə bilərdi:
məsələlərin bir qismini nümayəndələr
yerində həll edə bilməzdilər. Məsələn,
türk heyəti Ani şəhərinin xarabalıqları (Ani
şəhəri 1319-cu ildə baş vermiş güclü zəlzələ
nəticəsində dağılmışdı - M.Q.)
haqqında hökumətinin rəyini soruşmuşdu. İkinci qrup məsələlər xırda sərhəd
məsələləri idi, onları yerində həll etmək
olardı. Həmin komissiyanın tərkibində
tərəflərdən nümayəndələr daxil edildi.
Sərhəd məsələsinə münasibətdə
türk nümayəndə heyəti öz hökumətindən
ta-mamilə aydın direktiv almışdı: sərhədlər
Moskva konfransında müəyyənləşdirildiyi kimi təyin
edilməli idi. Yalnız Ani şəhərinin
xarabalıqlarına dair məsələ barədə türk
nümayəndə heyəti hökumətinin cavabını
gözləyirdi.
Komissiya üçün
şübhəli olan məsələlərin müzakirəsinə
başlamağı təklif edən Yakov Qanetski onların barəsində
qərara gələ biləcəklərini söylədi, Ani
şəhəri haqqında türk nümayəndə heyətinin
hökumətinin rəyini öyrənmək istəyini
xeyirxahlıq kimi qiymətləndirərək, bu yerə dair qərarı
gözləyəcəklərini bildirdi.
Sərhədin qəti olaraq
Arpaçaydan müəyyənləşdirilməsini təklif
edən Kazım Qarabəkir Paşa Ani şəhərinin
güzəştə gedilməsinin yalnız ayrı maddə
ilə Türkiyənin Ermənistana rəğbət bəsləməsi
formasında ola biləcəyini dedi. Onun fikrincə, təfərrüatları konfransda
müzakirə etmək lazım idi. Bütün
bu məsələlərə ortaq komissiya və hərbçilər
tərəfindən yerində baxıla, lakin əgər konfrans
israr etsəydi, müzakirə edilə bilərdi.
Yakov Qanetski bildirdi ki, türk
nümayəndə heyətinin dediyi kimi, əgər sərhədlər
Moskva müqaviləsinə əsasən müəyyənləşdiriləcəksə,
onda Ani şəhəri Türkiyə tərəfində
qalacaqdır, ayrıca maddə olardısa, onda Ani şəhəri
Ermənistana keçirdi və iki maddə bir-biri ilə
uyğun gəlmirdi. Türk nümayəndə heyətinin
mövqeyinin işi sürətləndirmədiyini bildirən
Yakov Qanetski bu məsələni açıq saxlamağı
təklif edərək dedi ki, əgər qənaətbəxş
cavab olarsa, onda Ani şəhərinin Ermənistana keçdiyi
və Türkiyənin Ani şəhərini Ermənistana
güzəştə getdiyi müvafiq bəyannamədə
yazıla bilər.
Kazım Qarabəkir Paşa söylədi
ki, sərhədlər Moskva konfransında qəti olaraq qəbul
edildiyi və rus hökuməti tərəfindən sanksiya
aldığı, prinsipcə Qafqaz respublikaları tərəfindən
qəbul edildiyi üçün indiki zamanda hər hansı
bir dəyişiklik müharibə aparan türk xalq kütlələrində
xoşagəlməz təəssürat, həmçinin
Avropada da müvafiq rəy yaradar. Ona görə
də Moskva konfransında müəyyənləşdirilən
sərhədlərin yenidən cızılmasını
mümkünsüz hesab edən türk nümayəndə heyəti
erməni nümayəndə heyətinin Ani şəhərinin
xarabalıqlarına dair mövqeyinə tərəfdar
çıxaraq, Ankara hökuməti ilə əlaqəyə
girmək və bu şəhərin xarabalıqları
haqqında ayrıca maddəni müqaviləyə daxil etmək
istəyini bildirdi. Lakin bunun Moskva
müqaviləsi ilə müəyyənləşdirilən sərhədlərin
dəyişdirilməsi anlamına gəlmədiyini bildirən
türk nümayəndə heyəti ona görə də
müqaviləyə ayrıca maddə daxil edilməsini istəyirdi.
Bu məsələdə
kiçik bir anlaşılmazlığın olduğunu deyən
Yakov Qanetski bildirdi ki, nümayəndə heyəti Ani şəhərinin
Ermənistana keçməsinə dair siyasi əhəmiyyət
daşıyan ayrıca maddənin olmasına etiraz etmir. Əgər
belə bir maddə olacaqsa, onda sərhədlə bağlı
bir maddə digərini ləğv edir. O, türk nümayəndə
heyətinin təklifinin doğru olmadığını bildirərək
dedi ki, türk nümayəndə heyəti və hökuməti
hazırda Cənubi Qafqazda, başlıcası isə Ermənistanda
olan şəraiti bilir. Əgər türk heyəti
Ani şəhərini güzəştə getmək istəyirsə,
onda mənim təklifimi rədd etməməlidir. Bu, Avropada da yaxşı qarşılanar.
Kazım Qarabəkir Paşa sərhədlərin
dəyişdirilməsinə razı olmadıqlarını,
eyni zamanda erməni nümayəndə heyəti
üçün xoş bir şey etmək, Ani şəhərinin
xarabalıqlarını güzəştə getmək istədiklərini
dedi. Lakin türk nümayəndə heyətinin
əvvəlki bəyanatından belə
çıxırdı ki, sərhəd göstərilmədən,
Ani şəhəri daxil edilmədən gedir, Arpaçaydan
keçir, sonra isə ayrıca maddə ilə Ani şəhərinin
Ermənistana verildiyi yazılırdı. Moskva müqaviləsi
ilə müəyyənləşdirilmiş sərhədlərin
dəyişdirilməsinin az məlumatlı
türk əhalisində pis, Ankara hökumətinin çox
güzəştə getməsi barədə təəssürat
yaradacağını bildirən Kazım Qarabəkir Paşa təklifinin
mahiyyətini belə izah etdi: sərhəd Arpaçaydan
keçir, sonra isə ayrıca maddədə Türkiyənin
Ani şəhərinin xarabalıqlarını Ermənistana
güzəştə getdiyi yazılır. Türk heyəti
Moskva müqaviləsinin A əlavəsini qəbul
etməyi və sonda Ani şəhərinin
xarabalıqlarının Ermənistana güzəştə
gedilməsini yazmağı təklif etdi.
Burada ziddiyyət
yarandığını deyən Yakov Qanetski bildirdi ki, sərhədi
indi dəyişməklə onu qəti olaraq çəkmək
olmaz, dəmiryolu boyunca olan zonalar göstərilib. İkinci maddədə
isə belə şərh olunurdu ki, türk hökuməti
orada məlum istehkamlar qurmayacaqdır. Onun
fikrincə, bunun sərhədlərlə heç bir əlaqəsi
yox idi. Yakov Qanetski dedi ki, biz təkcə Ermənistan
deyil, həmçinin Cənubi Qafqaz üçün əsaslı
olan məsələni qaldırırıq, Türkiyə
nümayəndə heyəti və Türkiyə hökuməti
bizim təkliflə razılaşsaydı, bütün Cənubi
Qafqaz respublikaları fövqəladə dərəcədə
məmnun olardılar. O, daha sonra maddəni oxudu, sərhədin
Arpaçaydan keçdiyini bildirdi. Maddənin
sonunda Ani şəhərinin Ermənistana güzəştə
gedilməsinə dair ayrıca maddə olacağı qeyd
edildi. Kazım Qarabəkir Paşa Yakov
Qanetskinin təklifini qəbul etdi. Ankaradan
cavab alınanadək Ani şəhəri ilə bağlı məsələ
açıq saxlanıldı.
Yakov Qanetski sərhəd
komissiyasının sərhədin Moskva müqaviləsi ilə
təyin olunmasını qəbul etdiyini və cəmi dörd
bəndin açıq qaldığını deyərək,
sözü komissiyanın sədri B.Kuznetsova verdi.
Sədr komissiyada sərhəd məsələsinə
baxılarkən Yeni Qızıldaş və Vartanlı kəndlərinin
kimə məxsus olduğunun açıq
qaldığını dedi. Kazım Qarabəkir
Paşa bütün dörd bəndin birlikdə
oxunmasını xahiş etdi. B.Kuznetsov
bildirdi ki, ikinci bənd Kavtareti kəndi,
üçüncü bənd Sabaur kəndi,
dördüncü bənd isə Sarp kəndinin kimə məxsus
olması barədədir.
Sərhədlərin çəkilməsinə
dair məlum qaydanın olduğunu deyən Kazım Qarabəkir
Paşa bildirdi ki, əgər konfrans onu qəbul edərsə,
çətinliklər aradan qalxar. Əlavə etdi ki, sərhədləri
çəkərkən kənd kimi təsadüfi məntəqələr
əsas götürülməməlidir. Kəndlər
dağıla, yana və məhv edilə
bilər. Sərhədlər çəkilərkən
təbii sərhədlər, məsələn, çaylar əsas
götürülür. Çayın bir
sahilində olan kənd digər tərəfdə, digəri isə
başqa tərəfdə qalır. Əgər
kənd əhalisi razı olmasa, istədiyi tərəfə
keçə bilər. Kazım Qarabəkir
Paşa təbii sərhədlərin çəkilməsini təklif
etdi. Yakov Qanetski həmin təkliflə
razılaşdı. Moskva konfransında
Rusiya və Türkiyə məhz bu prinsipi seçmişdilər.
Türk heyəti sərhədin yerində müəyyənləşdirilməsini
təklif etdi. Bu işi ortaq komissiya yerinə
yetirməli idi. Komissiya bəzən
etnoqrafik prinsipi əsas götürmüşdü. Moskva müqaviləsində sərhədin
Vartanlı, Qızıldaş və Kavtareti kəndlərindən
keçməsi müəyyənləşdirilmişdi. Sərhəd Sarp kəndindən
başlayırdı. Kəndin Qafqaz tərəfində
qalan hissəsinin Türkiyə tərəfinə keçməsinə
etiraz edilmədi. Kazım Qarabəkir
Paşa mövcud vəziyyətdə sərhədin təbii sərhəddən
- Sarp kəndindəki çaydan başlamasını təklif
etdi. Moskva müqaviləsi
görünür, bu çayı nəzərdə
tutmuşdu. Kazım Qarabəkir Paşa
uzaqdan xəritə üzərində bu və ya digər məntəqədə
sərhədin cızılmasının
mümkünsüzlüyünü bildirərək, ortaq
komissiyanın yerlərə göndərilməsini təklif
etdi. Komissiya coğrafi, iqtisadi və digər
amilin üstünlüyünü yerində öyrənməli
idi. Türk nümayəndə heyətinin
sərhədə dair Moskva müqaviləsinin tam mətnini
saxlamaq və ortaq komissiyanın bunu yerində təyin etməsi
təklifi ilə Yakov Qanetski razılaşdı.
Sentyabrın 28-də
keçirilən növbəti iclasda etdiyi
çıxışında Kazım Qarabəkir Paşa
komissiyanın sərhədlərə dair ümumi formulu
artıq müəyyənləşdirdiyini və əgər
etiraz olmazdısa, müzakirələrə
başlamağı təklif etdi. Yakov Qanetski bildirdi ki,
sərhədlərə dair maddəni burada rus dilinə
çevirməyəcəklər, çünki maddə
çoxlu adlar olan sırf texniki xarakter
daşıyırdı. Müqavilə
fransız dilində tərtib ediləcəyindən o,
komissiyanın bu maddənin son mətnini fransız dilində təqdim
olunmasını təklif etdi. Burada texniki
anlaşılmazlıqlar ola bilməzdi.
Yakov Qanetski komissiyanın sərhəd
məsələsində yekun qərara gəldiyini bildirdi. Komissiya hər
iki hissənin tərcüməsində Moskva müqaviləsinin
mətninə riayət etməyə
çalışmışdı. Ona
görə də hər iki hissəni bir maddədə birləşdirməyi
təklif edən Yakov Qanetski əlavə etdi ki, bu zaman Moskva
müqaviləsinin mətni ilə heç bir
anlaşılmazlıq olmayacaqdır. Bundan
sonra birinci paraqraf qəbul edildi və digər paraqrafların
müzakirəsinə başlanıldı. Yakov Qanetski bütün coğrafi adların rus dilində
oxunmasına ehtiyac olmadığını bildirdi. Çünki komissiyada bu adlara toxunulmuşdu.
Lakin maddədə iki yerin izahata ehtiyacı olduğunu dedi. Maddənin Cənubi Qafqaza aid hissəsinin mətnində
komissiyanın paritet əsasda formalaşdırılması barədə
yazılmışdı. Kazım Qarabəkir Paşa
müqavilənin türk mətnində nələrin
yazıldığını dedi. Cənubi Qafqaza aid hissənin
mətni oxunarkən Kazım Qarabəkir Paşa burada
yazılmış “dövlətlərin sərhədləri”
ifadəsini eşitdikdə onu dayandırıb belə bir sual
verdi: “Dövlətlərin sərhədləri nə deməkdir?”
Yakov Qanetski bunun iki dövlət arasında sərhəd
olduğunu dedi.
Sentyabrın 30-da keçirilən
iclasda Yakov Qanetski təqdim olunan müqavilə layihəsinin
bütün Cənubi Qafqaz respublikalarının nümayəndələri
tərəfindən imzalanması təklifini irəli
sürdü.
Kazım Qarabəkir Paşa bütün
ümumi maddələri şərh etməyi və bu
respublikalara aid olan maddələri ardıcıl düzməyi,
sərhədlər haqqında maddəni hər bir respublika ilə
ayrı maddədə bağlamağı təklif etdi. Onun fikrincə, əvvəlcə bütün
respublikalara, sonra isə hər bir respublikaya aid olan maddələr
verilməli idi. Məsələn, Ermənistana aid maddələr
sərhəddən başlayaraq, sonra Ermənistana aid
bütün məsələlər, sonra Gürcüstana aid məsələlər,
sərhədə dair maddələrdən başlayaraq, bu
respublikaya dair olan bütün məsələlərə aid
maddələr, sonra Azərbaycana dair maddələr, sərhədə
dair başlayan maddələr, sonra isə Azərbaycana dair
olan bütün məsələlərə dair maddələr.
O, təklif etdi ki, birinci maddə sərhədlər
haqqında olsun, bütün bu maddələrin məcmusu hər
bir respublikanın səlahiyyətli nümayəndəsi tərəfindən
imzalanan bir ümumi traktatda tərtib edilsin.
Müqavilə layihəsi ilə
bütün Cənubi Qafqaz respublikalarının nümayəndələrinin
tanış olub-olmaması məsələsi
ilə maraqlanan Kazım Qarabəkir Paşa bildirdi ki, əgər
məqbul cavab olarsa, onda işi davam etdirəcəklər.
Bütün nümayəndələrin layihə ilə tanış olduqlarını, yekdilliklə onu
qəbul etdiklərini, Cənubi Qafqaz respublikalarının bir
ümumi siyasi mərkəz yaratdıqlarını və həmin
mərkəz vasitəsi ilə respublikaların siyasi və
iqtisadi məsələlərini həll etdiklərini bildirən
Yakov Qanetski dedi ki, bu respublikalar daxildə müstəqildirlər,
lakin sürətli inqilabi fəaliyyət üçün birləşməyə
qərar vermişlər. Yakov Qanetski türk
nümayəndə heyətinin təklifini qəbul etməyərək,
vahid bir müqavilənin bağlanmasında israr etdikdə,
Kazım Qarabəkir Paşa iclasa 20 dəqiqəlik fasilə
verilməsini xahiş etdi.
Axşam saat 8-də yenidən
öz işinə başlayan iclasda çıxış edən
Kazım Qarabəkir Paşa Cənubi Qafqaz
respublikalarının hökumətləri arasında
mövcud olan siyasi və iqtisadi birlikdən məmnunluğunu
bildirdi. Şərqdə
həmin birləşməni mövcud halda Türkiyə
üçün bir qüvvə hesab edərək dedi ki,
Moskva danışıqları zamanı bu barədə
heç bir şey məlum deyildi, Qars konfransına dəvət
zamanı Cənubi Qafqaz respublikalarının hökumətləri
ayrıca nümayəndələr göndərməyi təklif
etmiş və ayrıca müqavilələrin
bağlanacağına güman edirdilər. Türk
nümayəndə heyətinin Qafqaz respublikalarına hər
cür güzəştə getdiyini bildirən Yakov Qanetski bu
məsələdə də razılığa gəlinəcəyinə
ümid ifadə etdi.
Hər bir respublika ilə ayrıca
müqavilə bağlamağı təklif edən Kazım
Qarabəkir Paşa dedi: “Hökumətimiz hər bir respublika
ilə ayrıca müqavilə bağlamaq haqqında bizə
göstəriş vermişdir”.
O, daha sonra bildirdi: “Moskva sovet
hökuməti Güney Qafqaz respublikalarını müstəqil
tanıdığını bildirir. Ona görə
də biz onların hər biri ilə müstəqil dövlətlər
kimi ayrıca müqavilə bağlamaq istəyirik. Bu barədə bizə Mustafa Kamal Paşa göstəriş
vermişdir”.
Üç respublika ilə birlikdə
vahid bir müqavilə bağlamağı təklif edən
Yakov Qanetski mövqeyini aşağıdakı dəlillərlə
əsaslandırdı: işi yüngülləşdirmək
və sürətləndirmək lazımdır;
ayrılıqda bağlana biləcək müqavilədə
bir respublika digər respublikanın işinə qarışa
bilər; burada bütün nümayəndə heyətləri
iştirak edir; onlar məsələləri birlikdə həll
edirlər; vahid bir müqavilənin imzalanması respublikalar
üçün əlverişlidir; Moskva müqaviləsi
imzalandıqdan sonra Cənubi Qafqazda vəziyyət dəyişmişdir;
üç qardaş xalq birləşməyə doğru
gedir; bu müddət ərzində sıx siyasi mərkəz
yaradıblar; üç xalq Türkiyə ilə müqavilə
bağlamağa getməyi sevinclə qarşılayıb;
üç respublika birlikdə vahid müqavilə
imzalanmasına Türkiyə ilə sıx ittifaq kimi baxır;
vahid bir müqavilənin imzalanması Cənubi Qafqaz və
türk xalqlarının ümumi düşməninə
qarşı mübarizədə yeni imkanlar açır.
Məsələyə aydınlıq
gətirən Azərbaycan nümayəndəsi Behbud
Şahtaxtinski dedi: “İnqilabi zərurət bizi vahid
müqavilə bağlamağa məcbur edir. Bu
vahid müqavilədə Cənubi Qafqaz respublikaları
üçün məqsədəuyğunluq və fayda,
Türkiyə üçün isə bizim ümumi
düşmənimizə qarşı nümayiş
görürük. Qeyd etməliyəm ki,
bu respublikalar artıq iqtisadi, siyasi və hərbi cəhətdən
birləşmişlər. Bizim aramızda ən
ciddi ərazi müəyyənləşdirilməsi vardır.
Bu respublikalardan hər biri müstəqil vahid
kimi çıxış edir. Bütün
bu vahid müqaviləyə baxmayaraq, hər bir respublikaya aid
ayrıca fəsillərin olmasında ümumi işimizə
fayda deyil, ziyan görürük. Bizi
respublikamızda, evimizdə kütlələr başqa cür
başa düşərlər. Buna görə
də mən Azərbaycan Respublikası adından müqavilənin
vahid olmasını və bu müqavilədə hər bir
respublikaya aid ayrıca fəsillərin olmamasını israr
edirəm. Azərbaycan inanır ki, Cənubi
Qafqaz respublikalarının simasında Türkiyə və
Rusiya vahid cəbhədirlər”.
Behbud Şahtaxtinskinin
çıxışından sonra Kazım Qarabəkir Paşa
bildirdi ki, türk nümayəndə heyəti göndərdiyi
teleqramın cavabında aldığı təlimata uyğun
olaraq məlumat vermişdir və bu məsələ türk
nümayəndə heyətinin səlahiyyəti xaricindədir. O, yenidən öz hökumətinə
məlumat verəcəyini dedi. Yakov Qanetski
türk nümayəndə heyətinin etdiyi təkliflə əlaqədar
olaraq cari məsələlərlə məşğul
olmağı irəli sürdü. Kazım
Qarabəkir Paşa yekun bazanı müəyyənləşdirmək
üçün layihəni oxumağı təklif etdi. Onun fikrincə, müqavilənin forması
haqqında qərar yalnız Cənubi Qafqaz respublikaları və
TBMM hökuməti arasında müvafiq münasibətlər
qurulduqdan sonra qəbul ediləcəkdi. Bu
qaydaya etiraz etməyən Yakov Qanetski onu doğru bildiklərini,
lakin “bu respublikaların Türkiyə hökuməti ilə
münasibətləri” ifadəsini başa düşmədiyini
söylədi. Kazım Qarabəkir Paşa dedi ki, məsələ
ondan ibarətdir, bu, diplomatik yolla TBMM hökumətinə və
xarici nümayəndəliklərə
çatdırılmalıdır.
Yakov Qanetski layihədə dəqiq
razılaşmanın vacibliyini, çoxlu
anlaşılmazlığın olduğunu qeyd edərək,
xarici təmsilçilik barədə
razılığını bildirdi. Konfrans haqqında məsələlərə
gəlincə isə respublikaların səlahiyyətli
nümayəndələrinə mandat verərək göndərdiyini
dedi. Əgər bu nümayəndə heyətlərinin
özlərinin həll edə bilməyəcəyi hər
hansı bir məsələ olardısa, onu hökumətlərindən
soruşa bilər, konfrans həll edə bilmədiyi məsələni
hökumətlərin icrasına verə bilərdi. Türk nümayəndə heyətinin yenidən
öz hökuməti ilə əlaqə yaratmaq istəyini
başa düşmədiklərini bildirən Yakov Qanetski hər
bir nümayəndə heyətinin səlahiyyəti olduğunu
və türk nümayəndə heyətinin bununla
razılaşmasını, müvafiq maddələrin
müzakirəsinə başlamağı xahiş etdi. O,
müqavilənin maddələrini müzakirə etməyi,
formasını isə türk nümayəndə heyətinin
öz hökumətindən cavab almasına qədər
açıq saxlamağı təklif etdi.
Kazım Qarabəkir Paşa
anlaşılmazlığın olmaması üçün
türk nümayəndə heyətinin mövqeyini redaktə
etməyi vacib hesab edərək bildirdi ki, Cənubi Qafqaz
respublikalarının müqavilənin imzalanmasına dair təklifini
qəbul edə bilmərik, bu barədə hökumətimizdən
soruşduq, hökumətimiz də bizə növbəti fəaliyyət
üçün ümumi müqavilə bağlamaq göstərişini
verdi. Bildirdi ki, Cənubi Qafqaz respublikalarına
aid olan bütün məsələlər ümumi, sonra isə
hər bir respublikaya aid olan məsələlər ayrı
verilsin. Türk nümayəndə heyəti etiraf etdi ki,
müqavilənin Cənubi Qafqaz respublikalarının təklif
etdiyi formada imzalanmasını, yəni bütün məsələlərin
ümumi maddələrə yerləşdirilməsini, iqtisadi,
siyasi və hərbi ittifaq barədə məlumatı öz
hökumətinin diqqətinə çatdırmalıdır.
Cənubi Qafqaz respublikaları
arasındakı münasibətlər barədə hökumətinə
məlumat verməyi lazım bilən Kazım Qarabəkir
Paşa öz hökumətinin yalnız bu məlumat ilə
kifayətlənməyəcəyini, onun iki formada qəbul
edilməsinin mümkünlüyünü bildirdi: birincisi, məsələ
hökumətlər arasında həll edilən kimi hər bir
müqavilə onların razılığı ilə
imzalanacaqdır; ikincisi, türk nümayəndə heyətinin
istəyinə uyğun olaraq hər bir ölkəyə aid
olan maddələr xüsusi qayda ilə ayrıca bir rubrikada
veriləcəkdir. Hər iki halı türk
nümayəndə heyəti zəruri hesab edirdi.
Bu məsələnin
aydınlaşdırılması üçün türk
nümayəndə heyətinin güzəştə getməsini
xahiş edən Yakov Qanetski bildirdi ki, ümumi qəbul
olunmuş beynəlxalq qaydaya görə əgər beynəlxalq
konfranslarda hər hansı bir nümayəndə heyəti
ölkəsinin hökumətinin mövqeyini öyrənib bəyan
edirsə, bu, rəsmi mövqe olur. Əgər
türk nümayəndə heyəti etiraz etməsəydi, hər
bir nümayəndə heyəti ayrılıqda ölkəsinin
mövqeyini TBMM hökumətinə çatdırmaq
üçün təqdim edərdi. Respublikaların
xarici siyasət nümayəndələrinin ya həmin
gün, imkan olmasa o biri gün TBMM xarici işlər
komissarına müvafiq məlumatı çatdırması qərara
alındı. Türk nümayəndə
heyətinin rəhbəri onu lazımi yerə
çatdırmalı idi.
Bəyannamənin TBMM xarici
işlər komissarına
çatdırılacağını deyən Kazım Qarabəkir
Paşa əlavə etdi ki, respublikaların nümayəndələrinin
bəyanatı, bəyannaməsi qaneedicidir, lakin bu formanın
diplomatik yollarla müəyyənləşdirilməsi vacibdir. Bildirdi ki, əgər
son ana qədər burada iştirak edən bütün
nümayəndələr ayrı-ayrı dövlətləri
təmsil edirdilərsə, bu dövlətlərin siyasi ittifaq
təşkil etdikləri sonradan aydın olsa, təbii olaraq
hüquqi baxımdan türk nümayəndə heyəti
onların bəyannaməsini qəbul edə bilməz. Lakin sülh müqaviləsinin imzalanması
üçün danışıqları ölkələri
adından aparan bu nümayəndələr, əlbəttə,
bəyannamələrini ayrılıqda Ankaraya təqdim edə
bilərdilər. Bəyannaməni türk nümayəndə
heyətinin adına deyil, Ankaraya göndərməyi
xahiş edən türk nümayəndə heyəti həmin
sənədi ünvanına çatdıra bilərdi.
Cənubi Qafqaz respublikaları
arasında olan məsələlərin daxili məsələ
olduğunu deyən Yakov Qanetski bəyannamənin TBMM hökumətinə
göndərilməsi məsələsində türk
nümayəndə heyətinin arzuladığı
formallığı gözləyəcəklərini dedi. Hər
bir respublikanın xalq xarici işlər komissarı TBMM
hökumətinin adına müvafiq bəyannamə
göndərəcəkdi. Beləliklə, Azərbaycan,
Gürcüstan və Ermənistanın bəyannaməsi TBMM
hökumətinə təqdim edilmək üçün
türk nümayəndə heyətinin rəhbərinə
çatdırmaq xahişi ilə veriləcəkdi. Yakov
Qanetski dedi ki, Azərbaycan adından bu bəyannamədə
xalq xarici işlər komissarının deyil, Azərbaycan Xalq
Komissarları Soveti sədrinin müavininin imzası
olacaqdır. Bu zaman Kazım Qarabəkir Paşa
Rusiya hökumətinin də öz tərəfindən Cənubi
Qafqaz respublikaları arasında ittifaq haqqında məlumat
verməsinin zəruri olduğunu bildirdi.
Bu barədə hökumətinə
təcili məlumat verəcəyini deyən Yakov Qanetski eyni
zamanda təəccüb edərək, bu tələbin konfrans
ilə heç bir ümumi əlaqəsinin və türk
nümayəndə heyətinin bəyanatının başa
düşülən olmadığını bildirdi. Kazım Qarabəkir
Paşa Rusiya nümayəndə heyətindən bu xahişin
edilməsini yubanmaların və ləngimələrin aradan
qaldırılması zərurəti ilə əlaqələndirdi.
Yakov Qanetski dedi ki, əgər söhbət Rusiya hökumətinin
mövqeyinin öyrənilməsindən gedirsə, onun bəyanatı
hökumətinin rəsmi mövqeyi olduğundan bu, kifayətdir.
O, Cənubi Qafqaz respublikaları ilə Türkiyə
arasında münasibətləri Moskva müqaviləsi əsasında
formalaşdırmaq üçün buraya gəldiklərini
deyərək, türk nümayəndə heyəti tərəfindən
qaldırılan çoxlu formallıqları başa
düşmədiyini, müvafiq formallıqların respublikalar
tərəfindən ediləcəyini bildirdi.
Yakov Qanetski konfransın gedişində
yuxarıda göstərilən məsələ ətrafında
mübahisələrə dair xalq xarici işlər
komissarı Georgi Çiçerinə göndərdiyi 3
oktyabr tarixli teleqramında səhər iclasında sovet tərəfinin
təqdim etdiyi müqavilə layihəsinin müzakirə
edildiyi barədə məlumat verərək yazırdı ki,
türklər hər bir Cənubi Qafqaz respublikasının
ayrıca paraqrafda göstərilməsini təklif edirlər. Bununla razılaşmadığını yazan Yakov
Qanetski qeyd edirdi ki, onlar bu barədə Ankaradan
soruşmağa qərar veriblər. Türklər
Türkiyə ilə Cənubi Qafqaz respublikalarının ərazisinə
aid əvvəllər imzalanmış müqavilələrin ləğvini
istəmişdilər və bu təklif qəbul edilmişdi.
İkinci maddədə türklər Milli
Aktı tanımağı təklif etmiş-dilər, bu təklif
də qəbul edilmişdi.
Konfransda Naxçıvan və
Batum məsələsində qızğın mübahisələr
getmişdi. Türklər bu maddələrin hər birinə aid
həmin vilayətlərin muxtariyyətinə dair ümumi əsasları
dəqiq müəyyənləşdirən əlavənin
olmasını və konfransda müvafiq respublikalarla türklərin
birgə müəyyənləşdirilməsini israr
etmişdilər. Batum limanından türklərin
istifadəsinə dair məsələ barədə mübahisələr
dörd saat davam etmişdi. Onlar öz bəyannamələrini
təqdim edəcək və bu da müqaviləyə əlavə
ediləcəkdi. Yakov Qanetski həmin əlavələr
təklifi ilə razılaşdığını və
döyüşün ağır keçdiyini yazırdı.
Konfransda Kazım Qarabəkir Paşa bir neçə
dəfə bildirmişdi ki, xarici işlər naziri Yusuf Kamal
Moskva müqaviləsinin dəqiq mənasına istinad edərək,
onların tələbini bəyənir. Türklər
üç dəfə demişdilər ki, onlar Ankaradan
soruşacaqlar. Yakov Qanetski bu barədə
güzəştə getdiklərini və nəhayət,
türklərin razılaşdığını
yazırdı. Başqa bir təklifə
görə, Azərbaycan, Gürcüstan və Ermənistan
Türkiyəyə köçmək istəyən müsəlmanlara
mane olmamalı idi. Bu, Yakov Qanetski tərəfindən
rədd edilmişdi.
Yakov Qanetskinin qeydləri ilə
tanış olan Georgi Çiçerin elə həmin gün,
oktyabrın 3-də TBMM-in xarici işlər naziri Yusuf Kamala
göndərdiyi notada yazırdı: “...Cənubi Qafqaz
respublikaları arasında qarşılıqlı münasibətlər
haqqında Qars konfransında türk nümayəndə heyətinin
qaldırdığı məsələ ilə əlaqədar
olaraq izah etməyi özümə şərəf bilirəm
ki, ... bu respublikaların arasında sıx siyasi və iqtisadi
ittifaq vardır, onlara aid olan siyasi və iqtisadi məsələləri
birlikdə həll edirlər”.
Behbud Şahtaxtinski isə xalq xarici
işlər komissarı Mirzədavud Hüseynova yazırdı
ki, konfrans heç bir ixtilaf olmadan keçir, yaxın günlərdə
Cənubi Qafqaz respublikaları və Türkiyə arasında
müqavilə qəti olaraq bağlanacaqdır.
Bu zaman bəzi qüvvələr
rus-türk yaxınlaşmasını pozmaq üçün cəhdlər
edirdilər.
Konfransda yaranmış vəziyyət Rusiyanın Ankaradakı
səlahiyyətli nümayəndəsi Sergey Naçarenusu
narahat etdiyindən, o, oktyabrın 11-də Georgi
Çiçerinə göndərdiyi teleqramında yazırdı
ki, fransız nümayəndəsi Franklin Buyon ilə əldə
olunmuş ilkin razılığa əsasən Türkiyə tərəfi
Moskva müqaviləsini pozmaq üçün vasitələr
axtarır və həmçinin Qafqazda keçmiş
hökumətlərin bərpasına yardım etməyi
öhdəsinə götürür. Əgər
bu öhdəliyi yerinə yetirməyi Türkiyə həqiqətən
qəbul edərsə, onda maksimum ehtiyatlı olmalıyıq,
münasibətləri pozmaq üçün heç bir əsas
verməməliyik. O, xahiş edirdi ki, qafqazlı
yoldaşlar, xüsusən Gürcüstan və Ermənistan
bunu diqqətə almalı, sərhəd məsələlərində
xeyli ehtiyatlı olmalıdırlar. Bu öhdəlik
götürülərdisə, kiçik bir
ehtiyatsızlıq müqavilənin pozulması
üçün rəsmi əsas ola bilərdi.
O, Georgi Çiçerindən yardım göstərməyi
xahiş edir, “hərarətli qafqazlı yoldaşlara
müvafiq təlimat verməyi vacib hesab edir, əks təqdirdə
çətin düzələn ağır bir zərbə
vuracaqlarını” bildirirdi.
Qars müqaviləsinin şərtlərinin
gələcəkdə mübahisələr
doğurmamasından ötrü türk diplomatiyasının
irəli sürdüyü təkliflər
aşağıdakı kimi həll edildi: birincisi, Türkiyənin
düzgün mövqeyini müdafiə edən Rusiya Moskva
müqaviləsinin pozulmasının qəti şəkildə
əleyhinə çıxdı, yəni Ani şəhəri
Türkiyədə saxlanıldı; ikincisi, Qars konfransında
iştirak edən Azərbaycan, Gürcüstan və Ermənistan
nümayəndə heyətlərinin müqaviləyə dair
hökumətlərindən aldıqları rəsmi dövlət
cavabları Türkiyə hökumətinə diplomatik yollarla
təqdim edildi, yəni bu respublikalar imzaları ilə
müqavilənin imzalanmasına əvvəlcədən
dövlət səviyyəsində razılıqlarını
bildirdilər; üçüncüsü, Cənubi Qafqaz
respublikalarının Ankarada nümayəndəliklərinin
mövcud olması da müqavilənin dövlətlərarası
səviyyəsini göstərirdi.
Beləliklə, Qars müqaviləsi imzalanmağa hazır idi.
(ardı
var)
Musa QASIMLI,
Milli Məclisin
deputatı, AMEA-nın müxbir üzvü, professor
Azərbaycan.- 2021.-14 sentyabr.- S.1; 5.