Hərbi Qələbənin siyasi qətiyyəti
Azərbaycanın yaratdığı reallıqlar
regionda sülhün yeganə təminatçısıdır
İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişərək tamamilə yeni reallıqlar yaratdı. Ən böyük reallıq isə təbii ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi oldu. Regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanılması da bu reallığın əsas göstəriciləridir.
Zaman həmişə Azərbaycanın xeyrinə işləyəcək
Azərbaycan artıq regionda “Dağlıq Qarabağ münaqişəsi”, “status”, “status-kvo”, “Madrid prinsipləri”, “mərhələli həll”, “5+2” kimi ifadələri siyasi leksikondan birdəfəlik çıxarıb. Bu terminlər artıq tarixə çevrilib. Bunun yerini leksikonda “Şərqi Zəngəzur”, “Zəngəzur dəhlizi”, “10 noyabr Bəyanatı” kimi ifadələr tutub və hər biri 44 günlük müharibənin nəticəsi olaraq yaratdığı yeni reallıqları təcəssüm etdirir.
Müharibənin bitməsindən ötən 10 ayda baş verənlər göstərir ki, Ermənistanın bu reallıqları qəbul etməsindən, 10 noyabr Bəyanatının tələblərini yerinə yetirməsindən başqa yolu yoxdur. Başqa cür desək, şərtləri qalib Azərbaycanın diktə etdiyi hazırkı geostrateji reallıqlar fonunda Ermənistanın konstruktiv mövqe sərgiləməkdən başqa şansı yoxdur. Bu ölkə üçtərəfli Bəyanatın bəndlərinin reallaşmasını sürətləndirməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar konkret işlər görməli, sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır.
Amma Ermənistan bu məsələdə hələ də konkret mövqe - vahid yanaşma ortaya qoymayıb. Bu da məğlub ölkənin siyasi qeyri-müəyyənlik vəziyyətində olduğunu göstərir. Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə hökumətin iclasında bildirib ki, Ermənistan üçün kommunikasiyaların açılması son dərəcə vacibdir və fövqəladə əhəmiyyətə malikdir. Gürcüstana səfəri zamanı isə İrakli Qaribaşvili ilə keçirdiyi birgə brifinqdə N. Paşinyan bu gün regionda yeni imkanların yarandığını və bundan istifadə etmək üçün ciddi səylərin tələb olunduğunu bildirib. Əlbəttə, bütün bunlar söz olaraq qalmamalı, Ermənistan üçtərəfli Bəyanata real işləri ilə əməl etməlidir. Ən əsası bu ölkə keçmişdə buraxdığı səhvlərdən dərs almalıdır. Anlamalıdır ki, zaman bundan sonra Azərbaycanın xeyrinə işləyəcək.
Hər hansı
statusdan söhbət gedə bilməz
Azərbaycanın 44 günlük müharibədə
qazandığı böyük
zəfərin ortaya qoyduğu başqa bir reallıq ATƏT-in
Minsk qrupunun fəaliyyətsizliyi
ilə bağlı oldu. 30 ilə yaxın
bir dövrdə münaqişənin həlli
üçün bir addım belə atılmasına nail ola bilməyən
Minsk qrupunun perspektivsizliyi
təsdiqləndi. Həmsədrlər BMT qətnamələrinin tələblərinə
uyğun olaraq Azərbaycan ərazilərini
işğal edən Ermənistana silahlı qüvvələrini geri çəkmək üçün
təzyiq göstərmək
istəmədilər, qətnamələrin
icrasında israr etmədilər. Minsk qrupu tərəfindən siyasi iradə göstərilmədi, qətnamələrin
icra mexanizmi müəyyən edilmədi.
Prezident İlham
Əliyevin dediyi kimi, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın
üç aparıcı
ölkəsi potensialının
5 faizini Ermənistanı
öz işğalçı
qüvvələrini geri
çəkməyə məcbur
etməyə yönəltsəydi,
müharibə baş
verməzdi.
Bu baxımdan
Azərbaycanın ortaya
qoyduğu reallıqlardan
biri Minsk qrupunun da fəaliyyətinin və ya perspektivsizliyinin
sual altına düşməsidir. Haqlı olaraq belə
bir sual yaranır ki, Azərbaycan torpaqlarını
işğaldan azad etdikdən sonra Minsk qrupu hansı vasitəçilik missiyasını
həyata keçirməlidir.
Bunu Fransa və ABŞ siyasi dairələrində
də anlayırlar.
Amma Fransa və ABŞ tarixin arxivinə atılmış
status məsələsini mütəmadi
olaraq gündəmə
gətirməklə, müxtəlif
cəhdlərlə Minsk qrupunun
mövcudluğunu saxlamaq istəyirlər.
Son olaraq ABŞ-ın Ermənistandakı səfirinin “Dağlıq Qarabağın statusu məsələsinin həll
olunduğunu hesab etmirik. Bu məsələ
Minsk qrupunun gündəliyindədir”
söyləməsi də
buna misaldır.
Mütəmadi olaraq Ermənistanın Azərbaycanla sərhədinə
gələn ABŞ səfirinin
status məsələsini qaldırması
əslində qərəzdən
başqa bir şey deyil. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması
Azərbaycana qarşı
tarixi haqsızlıq idi. 30 ilə
yaxın bir dövrdə münaqişəni
həll etmək istəməyən Minsk qrupunun
həmsədrlərinin müharibədən
sonra status məsələsini
tez-tez gündəmə
gətirmələri isə
bu tarixi haqsızlığın onlar
tərəfindən dəstəklənməsidir.
Məsələ ilə bağlı açıqlama
verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva
deyib: “Bu ərazilər
Azərbaycanın tərkib
hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat
ilə bölgədə
yeni reallıqlar, o cümlədən beynəlxalq
hüquq prinsipləri
əsasında münasibətlərin
normallaşdırılması imkanı yarandığı
bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış
etməsi vəziyyətin
gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız
gözləntilər yaradır.
Hazırda ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti
müzakirə olunduğu
bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə
bir açıqlama ilə çıxış
etməsi məhz Minsk
qrupunun gələcək
fəaliyyətinə xələl
gətirir”.
Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin
olunması üçün
yeni imkanlar yaranıb. Münaqişənin həll edilməsindən
sonra regionun gələcəyi üçün
son dərəcə mühüm
əhəmiyyət kəsb
edən yeni təhlükəsizlik və
əməkdaşlıq konfiqurasiyası
formalaşır. Ermənistan və
regionda maraqları olan bütün dövlətlər bu formatın möhkəmlənməsinə
və inkişaf etdirilməsinə öz töhfəsini verməyə
çalışmalıdır. Çünki bu, xüsusən acınacaqlı
vəziyyətdə olan
erməni xalqının rifahını
təmin edə biləcək yeganə yoldur. Regionda sülhə xələl
gətirmək istəyən
xarici dairələr yeni reallığı qəbul etməli, proseslərə kölgə
salmamalı, sərhədlərin
delimitasiyası və
demarkasiyasının vacibliyini,
sülh müqaviləsinin
imzalanmasının qaçılmaz
olduğunu dərk etməlidir.
Rəşad CƏFƏRLİ
Azərbaycan. - 2021.- 15 sentyabr.- S.1; 3.