İlham Əliyevin çevik və məsuliyyətli idarəçilik mexanizmi

 

Prezident kadr islahatları, yenilik və dəyişikliklər zamanı, ilk növbədə,xalqın maraqlarını nəzərə alır

 

Son illər ölkədə dövlət idarəçiliyi sistemi sürətlə təkmilləşdirilir. Postmüharibə dövründə də bu istiqamətdə islahatlar davam etdirilir.  Bütün islahatlar zamanı Prezident İlham Əliyev, ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafeyini nəzərə alır. Cəmiyyətin islahatlara münasibətinə çox yüksək önəm verir və vətəndaşların proseslərlə bağlı nə düşünməsi, hansı sahələrdə nədən razı və ya narazı olması diqqətdə saxlanılır. Ona görədir ki, ölkə ictimaiyyəti Prezidentin bütün yenilik və dəyişikliklərini müsbət dəyərləndirir.

 

İdarəetmədə səmərəlilik artır

 

Dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində yenilikçi, müasir düşüncəli, intellektual kadrlara yüksək etimadın göstərilməsi xalq tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.

İlham Əliyev hər zaman qeyd edir ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir.

Ümumiyyətlə, Azərbaycanda dövlət idarəçiliyində müasir, kreativ düşüncəli kadrların irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub.

Məhz İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.

Yeni dövlət idarəçiliyinin tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan Prezidentin kadr siyasətinin əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etməkdir.

Sentyabrın 14-də Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən Prezident bir daha bu məsələlərə toxunduöz məsləhətlərini verdi, əvvəlcədən xəbərdarlığını etdi.

İlham Əliyev bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən səsləndirdiyi tövsiyələri bir daha diqqətə çatdırdı: “Heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdurola bilməz...

Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar”.

 

Dövlət məmuru nümunə olmalıdır

 

Prezidentin səsləndirdiyi fikir və tələblər bir daha təsdiq etdi ki, dövlət korrupsiya və rüşvətxorluqla mübarizə prosesində, o cümlədən islahatların davamlılığında qətiyyətli mövqe tutub.

Dövlət başçısı yeni kadrlardan gözləntilərini, onların idarəçilikdə daha çox hansı proseslərə üstünlük verməli olduqlarını da açıqladı: vətəndaşlarla bir yerdə olmaq, daim xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək, vətəndaş məmnunluğunu, həmçinin rayonların inkişafı üçün daxilixarici investisiyaların cəlb edilməsini təmin etmək.

Prezident İlham Əliyevin dediyi kimi, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların rifahı, rahat yaşayışı məmurun fəaliyyətindən asılıdır. Yəni, Prezidentin yerlərdəki nümayəndəsi insanların arasında olmalı, qayğıları ilə yaşamalı və imkan daxilində onlara kömək etməlidir.

Əlbəttə ki, kadr islahatlarının səmərəsini görmək üçün təyin edilən şəxslərin fəaliyyətlərinin nəticələrini müəyyən müddət gözləmək lazımdır. Bu baxımdan indiyədək təyin edilən kadrlarla bağlı problem yoxdur, əksinə, bir çox sahələrdə ciddi uğurlara imza atılıb. Bu da onu deməyə əsas verir ki, Prezidentin yeni kadr təyinatları uğurludur.

Bir sözlə, Prezident növbəti dəfə yeni təyin etdiyi rayon icra hakimiyyəti başçılarını qəbul edərək onlara doğru istiqamət verdi, eyni zamanda məmurlara sərt xəbərdarlığını etdi. Əgər Prezidentin tapşırıqları layiqincə yerinə yetirilərsə, həm dövlət, həm də ölkə vətəndaşları onların fəaliyyətindən razı qalacaq. Yox, əgər bu etimad doğrulmasa, ilk növbədə, cəmiyyətdə məyusluq yaranacaq. Ona görə də yeni təyin edilmiş icra başçıları rayonlarda vəziyyəti təhlil etməli, insanları narahat edən məsələləri ciddi araşdırmalı və onların həlli yolları ilə bağlı təkliflərini hazırlamalıdırlar.

Prezident yeni çağırışların tələbinə uyğun olaraq müasir baxışlı, dünyagörüşlü yanaşmaları özündə təcəssüm etdirən və əvvəlki işində bunu göstərən şəxsləri vəzifəyə təyin edir. Göründüyü kimi, Prezidentin kadr islahatları davam edir. Bu, ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. İlham Əliyev bu prosesləri dəyərləndirərkən vurğulayır ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqi deməkdir. Həqiqətən də dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib.    

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev bu gün kadrstruktur islahatları ilə daha çevik, operativ idarəçilik mexanizmi formalaşdırır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2021.- 16 sentyabr.- S.1; 2.