Şuşanın işıqları Xankəndinin gözünü qamaşdırır
Ermənistanda isə yeni bahalaşma dalğası başlanır
Ermənistanda ağır sosial-iqtisadi vəziyyət yeni inflyasiya göstəricilərinin fonunda özünü daha qabarıq büruzə verməyə başlayıb. “İrates” qəzeti son günlər mağazalarda ərzaq məhsullarının qiymətinin qalxdığını qeyd edir. Bunu Ermənistanın Milli Statistika Xidmətinin məlumatları da təsdiqləyir.
Qurumun bildirdiyinə görə, iyulda ölkədə inflyasiya illik hesablama üzrə 8,2 faiz təşkil edib. Bu halda ərzaq məhsulları üzrə qiymətlərin artımı cari il ilk dəfə ikirəqəmli olub və 13,9 faizə çatıb. Qeyd edilir ki, ölkədə qida məhsulları qrupunda düyü (13,4 faiz), çörək (8,6 faiz), donuz əti (32,2 faiz) və toyuq əti (24,3 faiz) bahalaşıb. İl ərzində qiymətlərdə ən böyük artım (51,3 faiz) yumurtada müşahidə olunub. Amma bu o demək deyil ki, başqa ərzaq məhsulları az bahalaşıb. Məsələn, iyul ayında kartofun orta qiyməti 38,4, tərəvəz qrupu üçün 53,1 faiz artıb. Kərə yağı isə il ərzində 15,9 faiz bahalaşıb.
Bahalaşma qeyri-ərzaq məhsulları qrupunda müşahidə olunub. Belə ki, təkcə texniki malların (soyuducular, paltaryuyan maşınlar, qaz sobaları və digərlərinin) qiymətləri 13,2 faiz bahalaşıb. Siyahını davam etmək mümkündür, çünki demək olar bütün mallar və xidmətlərin qiymətlərində bahalaşma qeydə alınıb.
Ermənistanın Milli Statistika Xidməti bildirir ki, bahalaşma ailə büdcəsi məhdud olan bir çox evlərin həyat səviyyəsinin ciddi şəkildə pisləşdiyini və ölkədə yoxsulluğun miqyasının artdığını göstərir. İqtisadçı Suren Parsyan isə vəziyyətin daha da ağırlaşacağını qeyd edir. Onun sözlərinə görə, Mərkəzi Bank inflyasiyanı idarə edə bilmir və yeni qiymət artımları gözlənilir: “Ötən ay Ermənistan Mərkəzi Bankı bu il dördüncü dəfə yenidən maliyyələşdirmə faizini 7 faizə qaldırdı. Yenidən maliyyələşdirmə faizinə növbəti dəfə baxılmasının səbəbi inflyasiyanın gündən-günə artmasıdır”. O həmçinin bildirir ki, Ermənistan Mərkəzi Bankının əsas vəzifəsi qiymət sabitliyini təmin etməkdir: “2020-ci il ərzində Ermənistan Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini 5 dəfə dəyişib. Mərkəzi Bank işgüzar aktivliyi stimullaşdırmaq üçün yenidən maliyyələşdirmə faizini aşağı saldı, lakin praktikada bu, kredit faizlərinin azalmasına səbəb olmadı. İqtisadi və siyasi risklər üzündən kredit faizləri artmağa davam etdi. Aydındır ki, uğursuz pul siyasəti alətləri ilə Mərkəzi Bank qiymət sabitliyini təmin edə bilməz. Dağ-mədən sənayesinin və tikintinin aktivliyi və real sektora investisiya qoyulmadığı bir şəraitdə Ermənistanda malların qiymətləri artmaqda davam edəcək. Dramın məzənnəsinin müvəqqəti qalxması belə, malların bahalaşmasının qarşısını almayacaq. Dünya bazarında ərzaq məhsullarının bahalaşması da Ermənistanda yeni inflyasiyaya səbəb olacaq”.
Artıq İrəvanda büdcənin, ölkədəki sosial durumun Qarabağ müharibəsinə görə ikiqat zərbə alması aşkar şəkildə etiraf edilir. Erməni iqtisadçı Hakop Koçaryan Ermənistanda qiymətlərin yenə də yüksək olmasını və hələ yüksəlməyə davam etdiyini vurğulayır: “Yeni tarif ili yaxınlaşdıqca, kommunal xidmətlərin tariflərinə yenidən baxılması prosesi gözlənilir. Bu istiqamətdə bəzi şirkətlər satış qiymətinin dəqiqləşdirilməsi və növbəti il üçün qiymətlərin müəyyənləşdirilməsinə görə Tarif Şurasına müraciət edib. Bağlanılan müqaviləyə əsasən şirkətlər hər il belə bir təşəbbüslə çıxış etmək hüququna malikdir və bundan yararlanırlar”.
Bu arada Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan “Facebook” hesabında yazıb ki, Ermənistan prezidenti Armen Sarkisyan ölkəyə qayıtmaq istəmir: “Prezidentin ofisi Armen Sarkisyanın 9 avqust 2021-ci ildə tətilə getdiyini açıqlayıb. 22 gün keçib, amma xaricdə istirahət edən prezident hələ də Ermənistana qayıtmır. Bu müddət ərzində onun adından fərmanlar, təbriklər və başsağlığı verilib, ancaq fiziki olaraq iştirak etdiyi görüşlər qeydə alınmayıb”. O da qeyd olunur ki, xarici səyahətləri sevən prezident hələ də Ermənistanda özünü rahat hiss etmir, bu ölkədən qaçmaq və geri dönməmək üçün daim fürsət axtarır.
Ermənistanda davam edən siyasi, sosial-iqtisadi fəlakətin fonunda isə “Hraparak” qəzeti gündəmdən kənara çıxaraq Azərbaycanın Şuşa şəhərində genişmiqyaslı tikinti-abadlıq işləri həyata keçirdiyindən yazıb. Nəşr indi Şuşanın işıqlarının gecələr hətta Xankəndidən göründüyünü qeyd edir: “Yol və tuneldən əlavə yüksək gərginlikli elektrik stansiyası da tikilib. Şuşaya aparan yolda, hələ sovet illərində tikilmiş və Şuşanı qidalandıran yarımstansiyanın bir neçə metrliyində cəmi bir neçə ay ərzində yeni yarımstansiya tikilib, indi bu yarımstansiya Şuşanı elektriklə qidalandırır və şəhəri işıqlandırır. Azərbaycan işıqları ilə möhtəşəm şəkildə işıqlandırılmış Şuşa şəhəri indi hətta Xankəndidən görünür. Ruslar isə Azərbaycan hərbçilərinin baxışları altında Xankəndinə keçib gedənlərin pasportlarını yoxlayır”.
Göründüyü kimi, artıq Ermənistan vətəndaşları sabaha ümidsiz baxırlar. Bu isə o deməkdir ki, ölkəni yeni xaos gözləyir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2021.- 2 sentyabr.- S.1; 7.