“Əsrin müqaviləsi”ndən “Cənub qaz dəhlizi”nədək...
Heydər Əliyevin əsasını qoyduğu
və İlham Əliyevin qlobal
layihələrlə inkişaf etdirdiyi neft-qaz
strategiyası Azərbaycana yeni uğurlar qazandırır
Azərbaycanın yeni neft strategiyasına start verən “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il keçir. Bu gün Azərbaycan neftçiləri həmçinin özlərinin peşə bayramını qeyd edirlər. Sentyabrın 20-si Azərbaycan üçün “Cənub qaz dəhlizi”nin təməlinin qoyulduğu gün kimi də əlamətdardır. Bu tarixi hadisə isə 7 il əvvəl - “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü günü Səngəçal terminalında baş vermişdir.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə gerçəkləşdi. Bu kontrakt miqyasına və əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı.
Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə “Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdi. Zaman göstərdi ki, bu, həqiqətən də, gələcək əsrlərə hesablanmış bir sazişdir. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Onun reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.
Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.
“Əsrin müqaviləsi”
çərçivəsində artıq 24 ildir
neft hasil olunur. Yəni 1997-ci ilin
noyabrında “Çıraq” platformasından ilkin
neft alınıb. Azərbaycan
Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin yanvar-avqust aylarında
AÇG-dən 3 milyard 488,5 milyon dollar gəlir əldə
edib. Qeyd edək ki, 2001-ci ildən etibarən ARDNF-nin
AÇG-dən gəliri 152 milyard 893 milyon dollar olub.
2020-ci ildə
layihə üzrə gəlir 3 milyard 522,7 milyon dollar təşkil edib.
Bu yataqlardan neftlə
bərabər səmt
qazı da hasil edilir ki,
onun da bir
hissəsi təzyiqi saxlamaq üçün yenidən laylara vurulur. Mavi yanacağın böyük
hissəsi isə təmənnasız olaraq Azərbaycan dövlətinə
təhvil verilir, yəni Səngəçaldan
SOCAR-ın “Azəriqaz”
sisteminə ötürülür.
“Əsrin müqaviləsi”nin imzalandığı
vaxtdan bəri Azərbaycanda ən müasir və zəngin neft-qaz infrastrukturu da yaradılıb. Çoxsaylı tikinti-quraşdırma sahələri, terminal və
ixrac kəmərləri,
digər obyektlər “Əsrin müqavilə”sinin
və ondan sonrakı sazişlərin
reallığa çevrilməsində
mühüm rol oynayıb. Bu infrastruktur hələ uzun illər Azərbaycana xidmət edəcək. Mövcud layihələr
bitəndən sonra isə həmin obyektlərin hamısı
mülkiyyət kimi dövlətimizə, sərvət
kimi xalqımıza qalacaq.
Xatırladaq ki, Xəzərin ölkəmizə məxsus
sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən
AÇG dünyanın ən
zəngin neft mənbələrindəndir. Prezident İlham Əliyev bu yataqların ölkəmizin əsas gəlir mənbəyi olduğunu dəfələrlə
vurğulayıb.
1994-cü ilin sentyabr
ayında AÇG üzrə
müqavilə imzalanarkən
tərəfdaşlar bu
yataqların təxmini
ehtiyatlarının 511 milyon
ton olduğunu bildirmişdilər.
Hazırda mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər.
2017-ci il sentyabrın 14-də AÇG-nin
birgə işlənməsi
və hasilatın pay bölgüsü haqqında
dəyişdirilmiş və
yenidən işlənmiş
sazişin imzalanması
da bu amilə
əsaslanır. Yeni müqavilə
2050-ci ilin əvvəlinədək
davam edəcək və qarşıdakı illərdə AÇG-nin ölkəmizə gətirdiyi
iqtisadi mənfəətləri
maksimuma çatdıracaq.
Avropanın enerji xəritəsini dəyişən
“Cənub qaz dəhlizi”nin, “Yeni əsrin müqaviləsi”nin və neçə-neçə digər
layihənin gerçəkləşməsi
Azərbaycanın neft-qaz
strategiyasının Prezident
İlham Əliyev tərəfindən uğurla
davam və getdikcə inkişaf etdirildiyinin aydın nümunəsidir. İlham Əliyev
bu qlobal layihələrlə Azərbaycanın
neft-qaz tarixində yeni mərhələnin əsasını qoydu.
Bu, eyni zamanda ölkənin iqtisadi gücünün çoxalması,
yeni investisiya qoyuluşları, ümumi
daxili məhsulun artması, yeni iş yerlərinin açılması və
əhalinin sosial rifahının daha da yaxşılaşdırılması
deməkdir.
“Əsrin müqaviləsi”nin imzalanmasından keçən
27 il tarix üçün, əlbəttə,
böyük zaman kəsiyi deyil. Həmin illər ərzində Azərbaycanın imza atdığı böyük
uğurlar sırasında
nəhəng neft-qaz və ixrac layihələri
də dayanır.
Bu dövrdə Bakıdan 55 kilometr cənubda dünyanın ən böyük neft-qaz terminallarından biri - Səngəçal terminalı tikilib. Bakıdan Supsaya uzanan Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilib.
Azərbaycandan Avropayadək 3500 kilometr məsafə qət edən, Xəzərin sahilindən
başlayıb Adriatik
dənizinin altından
keçən və İtaliya torpağında
quruya çıxan “Cənub qaz dəhlizi” yaradılıb.
Sentyabrın 20-si həm də qurudakı mədənlərdə,
dənizdəki estakada
və meydançalarda,
özül və platformalarda çalışan
fədakar insanların
bayramıdır. Həmin gün hər il ölkəmizdə
neftçilərin peşə
bayramı qeyd edilir. Azərbaycanda neftçi bütün
zamanlarda hörmətli
peşə sahibi kimi dəyərləndirilib.
Azərbaycan neftçisi “Azəri-Çıraq-Günəşli”
platformalarına qədər
uzun və şərəfli yol keçib. Axı Azərbaycan dünya
neft sənayesinin beşiyidir. Bakıda sənaye
üsulu ilə ilk neft quyusunun qazılmasından iki əsrə yaxın vaxt keçir. Hələ neftin kustar üsulla
çıxarıldığı zamanlarda belə Azərbaycan neftçisi öz hünəri ilə tanınıb.
Bu gün
təbiət ona daha bir şans
verib, ehtiyatları onilliklərə hesablanmış
təbii qaz da hasil edir. “Şahdəniz” bütün
dünyaya səs salıb. Sırada isə növbəti
neft-qaz yataqlarının
kəşfi və işlənməsi dayanır.
Bununla yanaşı, dövlətimiz
köhnə sahələrdə
də hasilatın sabit saxlanılmasını,
onilliklərdir istismar
edilən karbohidrogen yataqlarının imkanlarından
səmərəli istifadə
olunmasını qarşıya
məqsəd qoyub. Neftçilərimiz bu vəzifənin də öhdəsindən
layiqincə gəlirlər.
Prezident İlham Əliyev neftin və qazın ölkə iqtisadiyyatının əsas
potensialı olduğunu
vurğulayır. Azərbaycan neftçisi də
bu potensialı üzə çıxararaq
gücümüzü, sərvətimizi
artırır. Dövlət
başçısı bu
çətin və şərəfli peşə
sahiblərinin əməyini
həmişə yüksək
qiymətləndirir: “Azərbaycan
neftçilərinin əməyini
qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi
həmişə böyük
hörmətə malik
olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin
uğurlu inkişafı
üçün çox
böyük işlər
görürlər, qəhrəmanlıq
göstərirlər”.
Flora SADIQLI
Azərbaycan.- 2021.- 19 sentyabr.- S.1-2.