İlham Əliyev Zəfərinin Şuşa
təntənəsi
Mədəniyyət paytaxtımız əvvəlki
şöhrətini özünə qaytarır
“Əziz
Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!”
8 noyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin iftixar və qürur hissi ilə Azərbaycan xalqına verdiyi bu şad xəbər ürəklərimizdə illərdir daş kimi asılıb qalan Qarabağ dərdini bir andaca əritmiş, eyni zamanda qəlblərimizin şah taxtında yer tutan Şuşanın azadlığının yaratdığı sevinc hissindən kövrəlmişdik...
Bu, bütün Qarabağın, işğal altında qalan torpaqlarımızın azadlığının müjdəsi idi. Qəlblərimizin müqəddəs qibləsinin, mədəniyyət beşiyimizin xilasının şadlığı idi...
Yaradan bu füsunkar diyarda elə bir möhtəşəm qəsr ucaldıb ki, sütunları sıldırım qayalardan, tağları əzəmətli dağlardan yonulub. Tanrı Şuşaya zümzüməli bulaqlar, çağlayan şəlalər, zümrüd meşələr, sevgi simvolu xarıbülbüllər ərməğan edərək, bu büllur sarayı sanki Yer üzünün cənnəti kimi var edib.
Bu qədim və qüdrətli şəhər tarixi, yerləşdiyi ərazi, mədəni arxitekturası, incəsənəti, maddi-mənəvi irsi, yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə dünya şəhərləri içərisində təkrarolunmaz məkandır.
Elə buna görədir ki, tarixboyu düşmənlərin gözdağına çevrilib, daim ona sahib olmaq istəyənlərin sayı çox olub. Amma bu qədim və qəhrəman şəhər Qacar zülmünü də diz altına gətirib, 1905-ci il erməni daşnaklarının azğınlığının da qarşısını alıb. 2020-ci ilin 8 noyabrında isə müzəffər sərkərdə İlham Əliyevin “dəmir yumruğ”una çevrilən qəhrəman Azərbaycan oğullarının qətiyyəti və hünəri sayəsində mənfur düşməni diz çökdürüb, qarşısında baş əyməyə məcbur edib.
Bir daha başa salıb ki, Pənahəli xanın, Mehdiqulu xanın, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Firudin bəy Köçərlinin, Əhməd Ağaoğlunun və daha sadalamadığımız minlərlə dahi xadimin yoğrulduğu bu müqəddəs torpaqda qorxaq, məkrli, işğalçı erməni at oynada bilməz!
Qarabağ da, Şuşa da hər zaman Azərbaycanın olub və bundan sonra min illər keçsə də, belə olacaq...
Abidələr şəhəri
Şuşa həm də tarixi irsimizin daş yaddaşını özündə yaşadan şəhər olub. Vaxtilə Ulu Öndər Heydər Əliyevin abidələr şəhəri adlandırdığı bu qədim qalada 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları olub. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasının səbəbidir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, hündür minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.
Bu bənzərsiz xanzadə şəhərin həm də adına yaraşan yaşam tərzi olub. Şuşa təkcə təbii gözəlliyi ilə deyil, kübar cəmiyyəti, mədəni mühiti, yüksək təhsilli ziyalıların olması ilə də fərqlənirdi. XIX əsrin əvvəllərində Qarabağın ən qədim məktəbinin təməli məhz Şuşada qoyulmuşdu.
Gözəl ənənələr bərpa edildi
Şuşa həm də mədəni mühitimizin, musiqi, poeziya festivallarının baş ünvanı idi. Lakin 30 ilə yaxın bir zaman idi ki, Şuşanın o çal-çağırlı günləri də sovulub getmişdi. Amma bu 2020-ci ilin 8 noyabrına qədər çəkdi...
Şanlı qələbədən çox qısa zaman sonra, 2021-ci ilin 14 yanvarında isə Şuşa işğaldan azad olunandan sonra ikinci bayramını yaşadı və “Zəfər yolu” ilə gələn əzizlərinə sevinclə qucaq açdı...
Həmin tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya qalibiyyət səfəri etməsi və məhz bu doğma diyara Şuşanın əbədi sakinləri - qələbəmizin rəmzi Natəvanın, Üzeyir bəyin və Bülbülün büstləri ilə qayıtması Şuşanın bayram günlərinin başlanğıcı oldu.
Bu il mayın 7-də Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyev düz 5 gündən sonra Şuşaya səfər etdi və möhtəşəm “Xarıbülbül” festivalından bütün Azərbaycan xalqını salamladı. Bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirən Prezident çıxışı zamanı vurğuladı ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq: “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” Musiqi Festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.
“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək” - söyləyən İlham Əliyev xüsusilə vurğuladı ki, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər: “Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi”.
İlk dəfə Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.
Həmin ilin mayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə Cıdır düzündə keçirilən festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları iştirak edib.
Şuşada füsunkar gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında keçirilən “Xarıbülbül” Musiqi Festivalı əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında belə möhtəşəm mədəniyyət tədbirlərindən biri sayılırdı.
Artıq Şuşada başlayan yeni həyatla birlikdə, bu məşhur tarixi festival da əvvəlki təntənəsinə qovuşdu. İllərdən sonra Şuşa şəhərində 2021-ci il mayın 12-si və 13-də ilk dəfə “Xarıbülbül” festivalı düzənləndi. Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət proqram təqdim olundu.
“Xarıbülbül” festivalında Azərbaycan xalqı bir daha bütün dünyaya öz birliyini nümayiş etdirdi.
“Demişdim ki,
Şuşanı biz dirçəldəcəyik”
Şuşa həm də tarixən ədəbi simaların xatirə gecələrinə, poeziya günlərinə evsahibliyi edib. Bu möhtəşəm tarixi günlərdən biri isə, ilk dəfə Ulu Öndərin təşəbbüsü ilə gerçəkləşdirilən “Vaqif Poeziya Günləri” olub.
1982-ci ilin 14 yanvarında Ulu Öndər Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılışını etmiş, eyni zamanda, “Vaqif Poeziya Günləri”nin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada “Vaqif Poeziya Günləri” keçirilmişdi.
Bu sənət bayramı həmin vaxtdan 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilərdi.
İllərdən sonra qürurlu Qarabağ Zəfərimiz Şuşada ənənəvi şeir bayramımız olan “Vaqif Poeziya Günləri”nin də bərpasına rəvac verərək sənətsevərlərin, ümumilikdə Azərbaycan xalqının sevincinə səbəb olub.
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və mənfur erməni qəsbkarlarının işğalçılıq siyasəti nəticəsində yarımçıq qalan mədəni tədbirlərimizdən olan “Vaqif Poeziya Günləri” 2021-ci ilin 30 avqustunda yenidən Şuşada keçirildi.
Azərbaycan Prezidenti Şuşada Vaqifin bərpa edilmiş məqbərəsi önündə qeyd olunan poeziya günündə çıxışı zamanı bir daha vurğuladı ki, noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir: “Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik...”
Şuşanın dağlarından bütün
Qarabağa, Azərbaycana, dünyaya
yayılan səda...
Azərbaycan musiqisinin beşiyi, konservatoriyası da elə Şuşadır. Bu şəhərdə böyüyüb, boya-başa çatan çox az adam tapılar ki, musiqinin hansısa bir sahəsi ilə məşğul olmasın. Bu diyar çox görkəmli bəstəkarlar, tarzənlər, muğam ifaçıları yetişdirib. Şuşa, həm də Azərbaycan professional musiqisinin, milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, eləcə də mədəniyyət tariximizin qızıl səhifələrini təşkil edən bir çox ilklərin müəllifi Üzeyir bəy Hacıbəylinin doğma vətənidir. Dahi bəstəkarın doğum günü - 18 sentyabr ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.
1995-ci il sentyabrın 18-də dahi bəstəkarın anadan olmasının 110-cu ildönümündə Ulu Öndər Heydər Əliyev bu musiqi bayramı (“Üzeyir Musiqi Günü”) haqqında fərman imzalayıb, 2009-cu ildə isə dahi bəstəkarın adına Beynəlxalq Musiqi Festivalının əsası qoyulub. Bu festival hər il sentyabrın 18-də müxtəlif ölkələrdən musiqi kollektivlərini, ifaçıları, dirijorları, musiqişünasları bir araya gətirərək əsl musiqi bayramı kimi qeyd olunub.
2021-ci ilin 18 sentyabrında isə, Milli Musiqi Günü Üzeyir bəyin doğma şəhərində - Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada, elə dahi bəstəkarın heykəlinin yerləşdiyi parkda təntənəli şəkildə qeyd olundu. Bu tədbirdə Üzeyir bəyin düz 85 il əvvəl yaratdığı Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı da çıxış etdi. Ölkənin aparıcı sənətkarları, xalq və əməkdar artistləri, tanınmış ifaçıları bu musiqi bayramında Üzeyir bəyin yazıb yaratdığı və milli musiqimizin xəzinəsi sayılan əsərlərini ifa etdilər.
Şuşadan, Üzeyir bəy nəfəsindən, ruhundan qanadlanan möhtəşəm əsərlərin sədası Şuşanın dağlarından bütün Qarabağa, Azərbaycana, dünyaya yayıldı...
Bəli, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Qarabağda tarixi ənənənlərimizin, mədəni tədbirlərimizin də bərpasına rəvac verib. Bu gün bütün Qarabağ quruculuq meydanına, Şuşa isə mədəniyyətimizin mərkəzinə çevrilib...
Qarşıda isə Şuşada bizi daha bir möhtəşəm bayram gözləyir: gələn il biz Qarabağın büllur qəsri Şuşanın 270 illiyini böyük zəfər coşqusu, təntənə ilə qeyd edəcəyik...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2021.- 22 sentyabr.- S.1; 6.