Dahi bəstəkar Üzeyir bəy
Xalqın qələbəsini simvollaşdıran konkret tarixi anlar olur. Qərinələr, əsrlər keçsə də, həmin anlar hər zaman xatırlanır və qələbəni xatırladır. 44 günlük Vətən müharibəsini də tarixiləşdirən belə anlar çox oldu. Rəşadətli ordumuzun gücü ilə torpaqlarımızı erməni işğalçılarından təmizləyən Azərbaycan Respublikası Prezidentinin qətiyyətli çıxışları, azad edilmiş yurdlarımızda üçrəngli bayrağımızın ucaldılması, insanlarımızın qələbə coşqusu. Bakıda keçirilən Zəfər paradı, gözəl Şuşamızda böyük təntənə ilə baş tutan “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”... Bunların hər biri bizim üçün xoş və unudulmaz anlar, məqamlardır.
Bu günlər isə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin xatirəsinə ehtiram nümunəsi kimi azad Şuşamızda, Cıdır düzündə Milli Musiqi bayramı qeyd edilir. Qüdrətli sənətkar Üzeyir bəyin xatirəsi sevgi ilə anılır. Onun əbədi irsi ən qiymətli mənəvi yadigarımız kimi nəsillərdən-nəsillərə ötürülür.
Builki musiqi gününün hüsnü isə bir başqadır. Üzeyir bəyin boya-başa çatdığı, musiqinin sehrinə düşdüyü, yaradıcı ruhunun göylərə yüksəldiyi Şuşa şəhəri azaddır. Unudulmaz bəstəkarımızın erməni vandallarının güllələri ilə yaralanmış büstü artıq əvvəlki yerində - Şuşadadır. Xan qızı Natəvanla, Bülbüllə yanaşı, Şuşanın azad günlərinə sevinir. Onların illərlə Qafqazın musiqi beşiyinin səmasında dolaşan nigaran ruhları artıq rahatdır. Bu gözəl məkandan eşidilən Azərbaycan musiqiləri böyük şəxsiyyətlərin ruhlarını şad edir. Azad Şuşada azad musiqi sədaları bütün dünyaya səs salır, tarixin yaddaşına yeni səhifələr yazır. Bütün bunlar 2021-ci ilin Milli Musiqi Gününə dəyər qatan möhtəşəm faktlardır.
İşıqlı səhifələr
Bütün dövrlərdə dahi sənətkarların həyatı və yaradıcılığı, zəngin irsi insanların daim diqqət mərkəzində olur, onların ölməz əsərləri müasirlərini düşündürür, ictimaiyyət arasında müxtəlif fikirlər oyadır və bu diqqəti, bu marağı zəmanənin heç bir axarı nə poza, nə də dəyişə bilir. Bu baxımdan dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Azərbaycan incəsənəti və mədəniyyəti tarixində nadir simalardandır. O, müasir Azərbaycan professional musiqi sənətinin və operasının banisidir. 45 ildən artıq bir müddətdə yorulmadan milli musiqimizi inkişaf etdirmiş, onun nəzəri əsaslarını yaratmış, müasir ruhlu kadrlar yetişdirmiş, həm də bunu böyük vüsət və parlaqlıqla etmişdir. Onun yaşam tərzi, yaratdıqları indinin özündə də hamını valeh edir.
Üzeyir bəy illərin sərt sınağından, sosial sinfi ziddiyyətlərin kəskinləşdiyi dövrlərdən, ictimai-siyasi maneələrdən keçərək əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdəndir. Sənətin bir çox sahələrində silinməz izlər qoyan dahi bəstəkarın yaradıcılığı nəinki zamanın ruhunu, fikri mübarizəsini, eyni vaxtda estetik tələblərini, zövqünü, bədii düşüncəsini əks etdirir. Onun sənətinin dərinliyi, dolğunluğu isə bitkin bədii üslubda ifadə olunur. Bu üslub isə insanların mənəvi ehtiyaclarına cavab verir, onları təsiri altına alır, irəli aparır, daim ucaldır, yüksəldir... Ona görə də Üzeyir bəyin zəngin irsi Azərbaycan xalqının mədəni sərvətinə çevrilib. Əsərləri dünya musiqi incisinin nümunələri hesab olunur. O, Azərbaycanın himninin müəllifi, ilk milli operanın yaradıcısıdır.
“Leyli və Məcnun”
1908-ci ilin yanvarında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası bütün müsəlman Şərqində opera sənətinin bünövrəsinə çevrilir. Özü xatirələrində qeyd edirdi ki, uşaqlıq dövründə, XIX əsrin sonlarında Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada təşkil edilmiş “Məcnun Leylinin məzarı üzərində” tamaşası onda böyük təəssürat yaradır. Tamaşada Məcnun rolunu o zaman məşhur xanəndə Cabbar Qaryağdı ifa edir, on üç yaşlı Üzeyir isə xanəndəni müşayiət edən oğlanlar xorunda çıxış edir. Əsas personajların partiyaları Füzuli poemasının müvafiq hissələrindən olan mətnlərlə oxunan muğam improvizasiyalarından ibarət idi, hadisələr isə qısa xor fraqmentləri, yəni həmin muğamlardan təsniflər vasitəsiylə şərh edilirdi. Ü.Hacıbəyli xatirələrində bildirirdi ki, şuşalıların tamaşası, onun ilk Azərbaycan operasını yaratmaq qərarını verməsində ciddi rol oynayır. O yazır: “Təxminən 1897-1898-ci illərdə... mən doğma şəhərim olan Şuşadakı həvəskar tamaşada “Məcnun Leylinin məzarı üzərində” səhnəsini gördüm və bu səhnə məni o qədər dərindən həyəcanlandırdı ki, ... opera yazmağa qərar verdim”.
Klassik Azərbaycan ədəbiyyatının mövzularından və musiqi motivlərindən istifadə etməklə opera yazmaq ideyası Üzeyiri hələ Qori Seminariyasında oxuduğu vaxtlardan düşündürürdü. Tiflisdə gördüyü italyan operası - Coakkino Rossininin “Sevilya bərbəri” əsəri onu bu işə daha da həvəsləndirir.
1907-ci ildə Üzeyir bəy “Leyli və Məcnun” operasını yazır. Onun librettosu bəstəkarın özü və qardaşı Ceyhun bəy Hacıbəyli tərəfindən qələmə alınır. Məşqlər əvvəlcə Üzeyir bəy Hacıbəylinin evi və “İsmailiyyə” mehmanxanasında keçirilir. Sonra 1907-ci ilin axırıncı günlərindən etibarən Muxtarov, 115 ünvanında (keçmiş Persidskaya, 135) yerləşən Qasımovların böyük evinin üçüncü mərtəbəsindəki geniş zalda təşkil edilir.
“Leyli və
Məcnun” operasının “Nicat” müsəlman maarif dərnəyi
tərəfindən təşkil olunmuş ilk tamaşası
1908-ci ildə, H.Z.Tağıyevin Bakıda inşa etdirdiyi
teatr binasında baş tutur. İlk səhnələşdirmənin
rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim
bəy Haqverdiyev olur. Rollarda Hüseynqulu Sarabski (Məcnun),
Əbdürrəhman Fərəcov (Leyli), C.Dağıstani
(İbn Salam), Mirmahmud Kazımov (Məcnunun anası), Mirzə
Muxtar (Əbülqeys, Məcnunun atası) və
başqaları çıxış edirlər. Tarda solo partiyalar
Qurban Pirimov və Şirin Axundov tərəfindən ifa olunur. İlk
tamaşanın xoreoqrafı Bəhram Vəzirov, suflyoru
A.Rzayev, məsul idarəçi isə Balabəy Aşurbəyov
(Sara Aşurbəylinin atası) olur. Üzeyir
bəy Hacıbəyov özü isə orkestrdə skripka
partiyasını ifa edir.
Çox təəssüf
ki, premyera problemsiz ötüşmür. Tamaşanın
başlamasına iki saat qalmış skripkaçılardan
ikisi gəlməyəcəyini xəbər verir. Hacıbəyli skripka musiqisinin bir hissəsini təcili
dəyişməli olur, həmçinin bu alətdə ifa etmək
üçün şəxsən orkestrə qoşulur. Dahi bəstəkarın operasına qarşı
çıxanlar da olur. Bunlar, əsasən,
yerli mollalar və konservativ ruhlu avtoritetlər - qoçular
idi. Bəzi məlumatlara görə,
premyeradan sonra H.Sarabskiyə hücum olunur. Sonradan 1930-cu
ildə nəşr edilmiş xatirələrində Sarabski
yazır ki, bu tamaşadan sonra çoxları məni Məcnun
adlandırmağa başladılar:
“Mən bu ada yüksək dəyər verir və onunla fəxr
edirdim. Əvvəl mənə küçədə lağ
edən xalq, indi hörmət və sevgi ilə qəbul
edirdi...”
Operanın ilk səhnələşdirilməsində
iştirak edənlər arasında çoxlu sayda qeyri-peşəkarlar
var idi. Problem qadın rollarının ifaçıları
ilə bağlı idi. Leyli rolunun
ifaçısını tapmaq isə daha çətin məsələyə
çevrilmişdi. O zaman şəriət qanunlarına
görə, müsəlman qadınlara səhnədə ifa
etməyə icazə verilmirdi. Ü.Hacıbəyli
səhnəyə rus qadın ifaçı da çıxara
bilməzdi, çünki bu zaman muğam partiyalarında
problem yaranardı.
Üzeyir bəy ilk dəfə
Əbdürrəhman Fərəcovu çayxanada görür
və ifasını eşidir, bundan sonra onu teatra dəvət
edir, Leyli rolunu ona tapşırır. Sarabski
özünün “Qədim Bakı” kitabında Fərəcovu
Leyli rolunun ifasına razılaşdırmağın nə qədər
çətin olduğundan bəhs edərək yazır ki, ona
qrimdən sonra heç kimin tanımayacağını söz
verirlər. Lakin teatra qarşı
olanların təhdidlərinə görə, ikinci tamaşada
Ə. Fərəcov çıxışdan imtina edir. O
zaman, Üzeyir bəyin qohumu və həmin illərdə Məcnun
rolunu ifa edən Balabəy Bədəlbəyli, öz
qardaşı Əhməd Ağdamskini Leyli rolunu ifa etmək
üçün razı salır. Sonradan Ağdamski
böyük bəstəkarın digər əsərlərində
Əsli (“Əsli və Kərəm”), Gülnaz (“O olmasın,
bu olsun”), Gülçöhrə (“Arşın mal alan”), Minnət xanım (“Ər və arvad”), Təhminə
(“Rüstəm və Söhrab”), Xurşidbanu (“Şah Abbas və
Xurşidbanu”) kimi qadın rollarını da canlandırır.
Leyli rolunu ifa edən ilk qadınlar isə səhnəyə
yalnız 1920-ci illərin ortalarında çıxırlar.
“Leyli və
Məcnun”dan sonra - 1909-1915-ci illərdə bəstəkar
“Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas
və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və
Leyla” operalarını yazır.
“Koroğlu”
1937-ci il aprelin
30-da Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu”
operası Üzeyir bəy Hacıbəyli
yaradıcılığının zirvəsinə
çevrilir. Bu opera həqiqətən Azərbaycan
opera sənətinin nadir incilərindən olur. Burada bəstəkar ilk dəfə olaraq klassik opera
formasına riayət etməklə yanaşı, bütün
ariyalar, kütləvi xor səhnələri, müxtəlif
ansambllar, balet nömrələri və s.
yaratmışdır. “Koroğlu”da yeniliklər
çox idi. Bəstəkar simfonik orkestrin
tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək
ayrı-ayrı parçaların, ariyaların rəngarəng
səslənməsinə nail olmuşdur.
“Koroğlu” ilə
Ü.Hacıbəyli Azərbaycan musiqisində köklü
dönüş yaratmış bir bəstəkar olduğunu
sübut etdi.
Bu bir həqiqətdir ki, XIX əsrin əvvəllərinədək
şifahi xalq musiqi sənəti şəklində mövcud
olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq
məktəblərinin nailiyyətləri, forma və
janrları ilə zənginləşdirdi. Bununla
da o, Azərbaycan və ümumiyyətlə, Şərq
musiqisinin gələcək inkişaf perspektivlərini, estetik
prinsiplərini müəyyənləşdirdi.
1938-ci ildə Moskvada
keçirilən Azərbaycan incəsənəti
ongünlüyündə “Arşın mal alan” və
“Koroğlu” böyük marağa səbəb olur. SSRİ-nin rəhbəri
İ.V.Stalin hər iki əsərə tamaşa edir və
onlara yüksək qiymət verir. O, “Koroğlu”nu
vaxtında yaradılmış opera kimi dəyərləndirir
və Üzeyir bəyə deyir: “Bir yox, iki belə opera
yaratmaq lazımdır”.
Stalinin göstərişi ilə
Azərbaycandan gələn nümayəndə heyətinin
şərəfinə ziyafət təşkil edilir. Həmin məclisdə
Üzeyir bəy Hacıbəyliyə yuxarı başda Stalinlə
Mircəfər Bağırovun yanında yer göstərilir.
Stalin Üzeyir bəylə xeyli söhbət edir və
“Arşın mal alan”a hələ
Gürcüstanda olarkən baxdığını bildirir. Hətta bu əsərdən parçalar oxuyur.
“Koroğlu”dan sonra Üzeyir bəy Azərbaycan SSR-in Xalq artisti
fəxri adına layiq görülür.
Ü.Hacıbəylinin
üç şedevr musiqili komediyası var ki, onlara onilliklər
boyu sevilə-sevilə tamaşa edilir, həmişə yadda
qalır.
Bunlar “Ər və arvad”, “O olmasın, bu olsun” və
“Arşın mal alan”dır.
“Arşın mal alan”ın
uzunömürlülüyünü və şöhrətini
sübut etmək üçün bir neçə faktı
göstərmək kifayətdir. Bu operetta 70-ə yaxın
xarici dilə tərcümə olunub, 100-dən çox
teatrın səhnəsində oynanılıb, beş
dəfə ekranlaşdırılıb.
Üzeyir bəyin
komediyalarında, xüsusilə musiqili komediyalarında obrazların
bədii təsir prinsipi əsas yer tutur. Bu
komediyaların ədəbi mətninin bəstəkarın
özü tərəfindən yazılması da onun
böyük istedadını təsdiqləyən faktdır.
Həmin əsərlərdə müəllif
olduqca canlı səhnələr, yaddaqalan obrazlar, dildən-dilə
düşüb söylənilən komik vəziyyətlər
yaradır. Üzeyir bəyin
komediyalarında süni heç nə yoxdur, ən kiçik
epizodlar da həyatın bir parçasıdır.
Üzeyir bəy
hamar ömür yolu yaşamamışdır
Yaradıcılığının
ilk addımlarından əsərlərinin üslubu,
xüsusiyyətləri ətrafında mübahisələr
getmişdir, hətta onu ittiham da etmişlər. Bir dəstə adam bəstəkarı xalqın mənəviyyatına,
ruhuna zidd mövqe tutmaqda, ondan uzaqlaşmaqda
günahlandırırdı. Digərləri isə
tutduğu istiqamətin onu məhdudluğa
apardığına, folklor dairəsindən çıxa bilmədiyinə,
musiqinin primitiv və müasirlikdən uzaq olduğuna görə
qınayırdılar. Lakin istər əsl
mütəxəssislərin fikrinə, istərsə də
zamanın təsdiqlədiyi gerçəkliyə görə
bu baxışların hər ikisi yanlış idi.
Təkcə musiqili səhnə
tamaşalarının tərəfdarı
olmadığını vurğulayan Üzeyir bəyin fikrincə,
“ictimai tərbiyə üçün faciə də, dram da,
komediya da, opera da, operetta da lazımdır!”,
deyirdi. Görkəmli yazıçı Mirzə İbrahimov
“Xalq sənətkarı” məqaləsində yazırdı:
“1916-cı ildə “Ölülər” müvəffəqiyyətlə
tamaşaya qoyulanda Üzeyir bəy Hacıbəyli bu hadisəni
Azərbaycan dramaturgiyası və teatr tarixində bir bayram
kimi qarşılayanlardan idi”. Bütün bunlar
onu göstərirdi ki, Üzeyir bəy münaqişələr
və mübahisələr dövründə
yazdığı məqalələrdə böyük sənət
uğrunda çarpışırdı, Azərbaycan musiqisini
və xüsusən opera sənətini görünməmiş
zirvəyə qaldırmaq üçün vuruşurdu.
Digər tərəfdən,
Üzeyir bəy qəlbi və ruhu ilə xalqına
bağlı bir insan, sənətkar və şəxsiyyət
idi. Bu, həm onun tərbiyəsindən,
böyüyüb boya-başa çatdığı mühitdən
irəli gəlir, həm mənəviyyatından
qaynaqlanır, həm də xalqın tarixini, mədəniyyətini
dərindən bilməsinə söykənirdi.
Üzeyir bəyi istəməyənlər
arasında bədxah qonşularımız - ermənilər
üstünlük təşkil edirdi. 1918-ci ildə ermənilərin
Azərbaycanda törətdiyi mart qırğınları
zamanı daşnaklar Üzeyir bəyin evini güllə atəşinə
tutmuşlar. Hər vasitə ilə bu
böyük bəstəkarın məhvinə
çalışmışlar. Ona görə
də bu mənfur millətin nümayəndələri - erməni
millətçiləri Ü.Hacıbəyliyə zərbə
vurmağa həmişə fürsət axtarırdılar.
1939-cu ildə Moskvada ittifaq miqyasında milli
musiqi alətləri ifaçılarının müsabiqəsi
keçirilir və Stalinin göstərişinə əsasən,
münsiflər heyətinə Ü.Hacıbəyli
başçılıq edir. Bakı erməniləri
bundan qıcıqlanaraq “yuxarı”ya məktub yazırlar ki,
guya Hacıbəyli qeyri-millətlərin nümayəndələrinin
müsabiqədə iştirakına mane olur. 1930-cu illər üçün bu, ən ağır
ittiham idi. Üzeyir bəyin yaxın qohumu Ramazan Xəlilov
xatirələrində yazırdı ki, Molotov ona ünvanlanan
bu məktuba dərkənar qoyaraq bəstəkara göndərir:
“Özünüz həll edin”. Bu böhtan bəstəkarı
özündən çıxarır və o, böyük
stres keçirir və əsəbdən şəkər xəstəliyinə
tutulur.
Ü.Hacıbəyli
yaradıcılığının çiçəkləndiyi
bir dövrdə dünyasını dəyişir. 23 noyabr 1948-ci
ildə, 63 yaşında vəfat edir. O, həyatının
sonunda “Firuzə” operası üzərində işləyir. Bu yarımçıq əsərdən qalan təkcə
Firuzənin ariyası olur. Kim bilir, o, hələ
neçə belə əsər yaradacaqmış?!
Üzeyir bəy haqqında
çox deyilib, çox yazılıb. Bundan sonra da
yazılacaq. Bütün deyilənlərə və gələcəkdə
deyiləcəklərə Ulu Öndər Heydər Əliyevin
sözlərini başlıq kimi götürsək,
böyük bəstəkarımıza əsl qiymətini
vermiş olarıq: “Üzeyir Hacıbəyli fövqəladə
fitri istedadı, böyük fədakarlığı, mükəmməl
təhsili, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti
ilə xalqımızın böyük şəxsiyyətlərindən
biri, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı
təmsil edən görkəmli şəxsiyyət
olmuşdur”.
İradə ƏLİYEVA
Azərbaycan.- 2021.- 22 sentyabr.- S.1; 6.