Təhsil eyni, geyim fərqli …

 

Dövlət liseylərində geyimlər yalnız görünüşünə görə deyil, qiyməti ilə də adi məktəb formalarından fərqli və bahadır

 

Azərbaycanda dövlət ümumtəhsil məktəblərində, lisey  gimnaziyalarda fərqli məktəbli formaları tətbiq edilir.

Özəl liseylər kimi dövlət lisey və gimnaziyaları da geyim formasının dizaynını özü müəyyən edərək onun istehsalının təşkili məsələsi ilə də məşğul olur.

Lakin orta məktəblə liseylərin və gimnaziyaların geyim forması arasındakı fərqlilik yalnız onların görünüşündə deyil, həm də satış qiymətlərində də görsənir. Orta məktəblərin bir dəst geyim forması 40-46 manata satıldığı halda, lisey və gimnaziyaların geyimləri 75-100 manata satılır.

Əgər orta büdcəli Azərbaycan ailəsində 2 və daha çox şagird liseydə oxuyarsa, bu, həmin ailənin aylıq gəlirinin heçaz olmayan hissəsinin bu geyimlərin alınmasına sərf edilməsi deməkdir.

Ölkədə təqribən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziyanın olduğu nəzərə alınarsa, geyim forması ilə bağlı bu məsələnin heçaz ailəyə aid olmadığı aydın olar. Ancaq valideynləri narazı salan təkcə geyimlərin qiyməti deyil, həm də onların məhdud ünvanda satılmasıdır. Valideynlər bunun çətinlik yaratdığını söyləyirlər.

Təhsil Nazirliyindən sorğumuza verilən cavabda bildirilir ki, birbaşa onların tabeliyində olan liseylərin şagirdləri üçün geyim formasını hər bir liseyin özü sərbəst şəkildə müəyyən edir. Təhsil Nazirliyi bu məsələyə müdaxilə etmir.

Bakıdakı T.İsmayılov adına 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucovanın sözlərinə görə, məktəbli formasını təxminən 10 il əvvəl yuxarı sinif şagirdləri və valideynlər arasında aparılan sorğu və keçirdikləri müsabiqə əsasında müəyyən ediblər. Məktəbli forması hazırlanarkən onun rahatlığı, keyfiyyətli materialdan hazırlanması kimi meyarlar əsas götürülüb. Məktəbli formasının hazırlanması üçün parça seçilərkən valideyn komitəsinin sədrlərinin, müəllimlərin birgə iştirakı ilə müzakirələr aparılıb. Bu məktəbin ətək və ya şalvardan, köynəkdən, jaketdən ibarət bir dəst formasının qiyməti 75 manat müəyyən edilib. Geyimlərin tikilməsi üçün müəssisənin necə seçilməsinə gəldikdə, direktor qeyd etdi ki, onların geyimlərini tikən müəssisə yalnız 6 saylı məktəb-liseyin deyil, Bakının bir neçə liseyinin sifarişini həyata keçirir: “Elə bir neçə lisey üçün geyimlər tikdiyindən həmin müəssisəyə müraciət etdik. Bizim geyimlər həmin müəssisənin öz mağazasında satılır. Biz valideynləri həmin ünvana yönəldirik, valideynlər də həmin ünvandan   geyimləri əldə edirlər”.

Təhsilin idarəolunması üzrə ekspert Qoşqar Məhərrəmov bu fikirdədir ki, məktəblərdə vahid geyim forması tətbiq edildikdə sosial bərabərsizlik özünü göstərmir. Şagirdlər özlərini daha rahat hiss edirlər, geyimlərini maddi imkanlarının göstəricisi olaraq nümayiş etdirmirlər. Ekspert deyir ki, məktəblərə öz geyimlərini hazırlamaq imkanının verilməsi prosesi bazara və ticarət məsələsinə çevirməməlidir. “Təhsil Nazirliyinin tabeliyində olan liseylərin geyimləri müxtəlif mağazalardan alına biləcək formalar olmalıdır. Hər hansı bir dükanla anlaşma artıq prosesi ticarətə çevirir. Formaların satışı ilə bağlı təhsil müəssisəsi və ticarət obyekti arasında əldə edilən anlaşma sayəsində məktəb geyimlərinin satışından əlavə gəlir əldə edilir. Bu əlavə gəlir də valideynlərin ciblərindən çıxır. Məsələn, 10 manata olan mal 12 manata satılır. Buna görə də geyimlərin satışı bir müəssisəyə həvalə edilməməlidir. Valideynlərin formaları ala biləcəkləri ünvanların seçimi məsələsində sərbəst olmaq daha düzgün yoldur. Geyimin satışı elə olmalıdır ki, valideyn onu “Sədərək” Ticarət Mərkəzindən də, hansısa birmalldan da ala bilsin. Yəni istərsə, ən bahalısını, istərsə də ən ucuzunu ala bilsin. Bu seçim valideynin öhdəsinə buraxılmalıdır. Nəzərə alaq ki, liseylərdə aylıq gəliri 500 manat olan ailənin uşağı da təhsil alır. Ona görə də hamının maddi vəziyyəti nəzərə alınmalıdır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev liseylərin şagirdlərinin geyimlərinin adi ümumtəhsil müəssisələrinin şagirdlərinin geyimlərindən fərqləndirilməsini vacib sayır. Amma hesab edir ki, geyim formasının dizaynı dövlət tərəfindən müəyyən edilməli, bu formalar dövlətin sifarişi ilə istehsal olunmalı və satılmaq üçün mağazaya verilməlidir. Geyimlərin satışı üçün xüsusi mağazalar müəyyən olunmalıdır: “Məktəb geyimlərinin satışından yalnız sui-istifadə halları deyil, hətta monopoliya halları da ola bilər. Bunun olmaması üçün dövlət, Təhsil Nazirliyi özü bu geyimləri sifariş verməlidir”.

İqtisadçı alim bu fikirdədir ki, dövlət məktəbli formalarının qiymətlərinin formalaşmasında iştirak etməlidir. Bunu sosial ədalətin təmin edilməsi baxımından vacib sayan Ə.Əlirzayev hesab edir ki, məktəbli geyiminin qiymətlərinə dövlət nəzarəti olmalıdır: “Məktəblərin geyim formaları dizayn baxımından bir-birindən fərqlənə bilsə də, hamısı ümumi bir standartlara uyğun olmalıdır. Geyimlərin ölçülərindən asılı olaraq, onların qiymətləri fərqlənə bilər. Amma yaxşı olar ki, geyimlər fərqli ünvanlarda fərqli qiymətə deyil, hər yerdə eyni qiymətə satılsın. Qiymətlərin üzərində dövlət nəzarətinin olması vacibdır”.

Məktəbə hər kəsin eyni geyim formasında gəlməsi uğurla sınaqdan çıxarılmış bir təcrübədir. Vahid məktəbli forması insanlar arasındakı sosial bərabərsizliyi nümayiş etdirmədiyindən şagirdlərin daha rahat təhsil şəraitində oxumasına imkan yaratmaqla, dolayı yollarla təhsilin keyfiyyət göstəricilərinin də yüksəlməsinə səbəb olur. Bu formanın tətbiqinin müsbət tərəflərini qiymətləndirən mütəxəssislər onun hazırkı dövrdə də tətbiqinin tərəfdarıdırlar. Nəinki mütəxəssislər hətta valideynlər də məktəblərdə vahid geyimdən istifadənin tərəfdarıdırlar. Hesab edirlər ki, dövlət lisey və gimnaziyalarının geyimlərinin istehsalı və satışının təşkilinə dövlətin, Təhsil Nazirliyinin nəzarəti olmalıdır. Bu nəzarətin təmin edilməsi bu sahədəki müəyyən boşluqların aradan qaldırılmasına təsir göstərər.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 22 sentyabr.- S.1; 7.